Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8601/2021 25.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X2, vəkili Vəkil3, Cavabdeh Azərbaycan Respublikası Filialınin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2(002)-641/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh Azərbaycan Respublikası Filialına qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilmiş k-143 saylı 26.12.2019-cu il tarixli əmrin ləğv edilməsi, onun işə bərpa olunmasına və məcburi iş buraxılmasına görə orta aylıq əmək haqqının hesablanmaqla, kompensasiya ödənilməklə cavabdeh təşkilatdan mənəvi ziyana görə iddiaçının xeyrinə 50000(əlli min) manat pul tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2(002)-641/2020 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini, eləcə də saxtakarlığa yol vermiş Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri barədə xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin onunla əsaslandırmışdır ki, 03.10.2016-cı il tarixdən Cavabdeh şirkətində Quyu tamamlanması üzrə texniki məsləhətçi vəzifəsinə təyin edilmişdir. Əmək münasibətlərində olduğu müddətdə yalnız bir dəfə əmək müqaviləsinə əlavə olunmuş, lakin heç bir halda onun vəzifəsi dəyişdirilməmişdir. Onunla əmək müqaviləsinə xitam verilməsi barədə 26.12.2019-cu il tarixli, k-143 saylı əmrdə isə “baş icraçı nümayəndə, biznes inkişafı (R505-ESG) vəzifəsi üzrə əmək müqavləsinə xitam verildiyi göstərilmişdir. Yəni, o, əmək müqaviləsində olmayan vəzifəsi üzrə əmək müqaviləsi ləğv edilmişdir. Bundan başqa, işçilərin sayı azadılarkən və ya ştatların sayı ixtisar edilərkən cavabdeh şirkət Əmək Məcəlləsinin 71.1-ci maddəsinə əsasən müvafiq tədbirlər görməmiş, bu sahədə onu digər uyğun işlə təmin etməmişdir. Bundan başqa, əmr Əmək Məcəlləsinin 71.3-cü maddəsinin tələblərinə uyğun verilməmiş, hansı ştatların ixtisar olunacağı göstərilməmişdir. Bundan başqa, əmrin verilməsinə əsas kimi əmrdə İddiaçı ərizəsinin olması göstərilmişdir. Halbuki, belə bir ərizə olmamışdır. Məhkəmə bu halı texniki səhv kimi qiymətləndirərək həmin qanunsuzluğu belə əsaslandırmışdır ki, elektron portalda əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verildiyi göstərilmişdir. Hakimin “texniki səhv” kimi qiymətləndirdiyi nəticəsi səhv olmuşdur. Belə ki, Əmək Məcəlləsinin 70 və 84-cü maddələrinə əsasən işçi ilə bağlanmış əmək müqaviləsinin ləğv olunması əsas və yeganə sənəd bu barədə verilmiş əmrdir. Elektron portal isə işçi ilə bağlanmış əmək müqaviləsini ləğv etmir və ya bərpa etmir, bu portal sadəcə olaraq işə qəbul və ya əmək müqaviləsinin xitamını dövlət qeydiyyatına alır. Əmək Məcəlləsinin 84-cü maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Göründüyü kimi, əmr qanunsuz olmaqla, Əmək Məcəlləsinin 59, 43.3, 43.4, 70, 73 və 84-cü maddələrinin tələbləri pozulmuşdur. Bundan başqa, əmək müqaviləsinə xitam verilməsi barədə əmri elektron portalda qeydiyyatdan keçirən, 2017-ci ildən keçirən, 2017-ci ildən cavabdeh müəssisədə işləməyən, həmin tarixdən Bakı və Azərbaycanda yaşamayan və heç bir səlahiyyəti olmayan Randall Gilchristin tərəfindən qanunsuz olaraq həyata keçirilmişdir. Bu hal isə şirkətin rəhbəri barədə xüsusi qərardad çıxarılması üçün əsasdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı iddiası qismən təmin edilmiş, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Filialının (nümayəndələyinin) İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair K-143 nömrəli, 26 dekabr 2019-cu il tarixli əmrin ləğv edilməsi, İddiaçı Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Filialında (nümayəndələyində) iş yerinə (vəzifəsinə) bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün ona işə bərpa olunduğu günə qədər əmək haqqı ödənilməsi qət olunmuş, iddia tələbi qalan hissələrdə rədd edilmişdir. X1 Limited» Azərbaycan Respublikası Filialı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2(102)-2997/21 saylı qərarı ilə İddiaçı və Cavabdeh Azərbaycan Respublikası Filialının kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6651/2020 nömrəli iş üzrə 22 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv olunaraq, iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2(102)-2997/21 saylı qərarında qeyd edilmişdir ki, İddiaçı 03.10.2016-cı il tarixdə Cavabdeh şirkətində “Quyu tamamlanması üzrə texniki məsləhətçi” vəzifəsinə qəbul edilmiş, 03.10.2017-ci il tarixdən həmin şirkətdə baş icraçı nümayəndə, biznes inkişafı vəzifəsində çalışmış, Cavabdeh şirkətinin 27.11.2019-cu il tarixli N K-128/2 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi əsaslarından biridir. Həmin əsas işçilərin sayı və ya ştatlarının ixtisar edilməsi ilə bağıdır. Qanunvericilik qeyd olunan əsaslarla işçinin ixtisar edilməsinin qaydalarını müəyənləşdirmişdir. Beləki, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalı (70-ci maddənin 3-cü bəndi.), müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılmalı, işçinin peşəkarlıq səviyəsini müəyyənləşdirməli (Maddə 78. 1-ci bənd), işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq rəsmi xəbərdarlıq etməlidir (Maddə 77. 1-ci bənd.). İşə 1-ci instansiya məhkəməsində baxılarkən qeyd olunan qanuni prosedurlara əməl edilməsi halları araşdırılaraq onlara hüquqi qiymət verilmişdir. Apelyasiya Məhkəməsinin qətnaməsindən belə qənaət hasil olur ki, həmin məhkəmə işçinin ixtisarla bağlı işdən azad olunması prosedurlarına riayət edilməsinə dair 1-ci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Çünki, qətnaməsində həmin qaydaların pozulmasına dair qiymətləndirmə aparmamışdır. Apelyasiya Məhkəməsi 1-ci instansiya məhkəməsinin qətnaməsini tamamilə fərqli əsaslarla ləğv edərək iddianı başqa əsaslarla təmin etmişdir. İddiaçı özü də Apelyasiya Məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq (işə bərpa olunması əsasları ilə) qətnamənin həmin hissəsindən kassasiya şikayəti verməmiş, ancaq mənəvi ziyan tələbinin rədd edilməsi ilə bağlı qətnamədən kassasiya şikayəti vermişdir. Apelyasiya Məhkəməsi iddiaçının iddiasını iki əsasla təmin etmişdir. 1-ci əsas, işdən çıxma barədə əmrdə əsas kimi işçinin ərizəsinin yazılması, 2-ci əsas, iddiaçının çıxarıldığı vəzifə ilə bağlı onunla əmək müqaviləsi bağlanmaması. Məhkəmə kollegiyası hər iki əsasla bağlı aşağıdakı qaydada dəyərləndirmə aparmaqla hesab edir ki, Apelyasiya Məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlməmişdir. İddiaçının işdən azad olunmasına dair 26.12.2019-cu il tarixli K-143 nömrəli əmrdə deyilir: 2017-ci il sentyabr ayında başlanan və 2019-cu il noyabr ayında yekunlaşan “Total” layihəsinə təhkim olunan İddiaçı baş icraçı Nümayəndə, Biznes İnkişafı (R505ESG) əmək müqaviləsinə 26 dekabr 2019-cu tarixindən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı ixtisar edildikdə) əsasən xitam verilsin. Həmin əmrin altında əsas kimi işçinin ərizəsi barədə qeyd var. Apelyasiya Məhkəməsi həmin qeydi əsas tutaraq hesab etmişdir ki, verilmiş əmr Əmək Məcəlləsinin 84-cü maddəsinə uyğun deyil. Apelyasiya Məhkəməsi qeyd olunan normanı düzgün tətbiq etməmişdir. Beləki, Əmək Məcəlləsinin 84-cü maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. İddiaçının barəsində çıxarılmış əmrdə qeyd olunan normanın məzmununa aid olan bütün məlumatlar yer almışdır. O cümlədən, müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il göstərilməlidir. İşçinin işdən azad olunması əsasları özü onu ehtiva edir ki, (70-ci maddənin “b” bəndi) belə hallarda işçi işəgötürən tərəfindən (onun təşəbbüsü ilə) işdən azad olunur. Əmrdə Qanunun maddəsindən və bəndindən başqa mötərizə içərisində onun açıqlaması da verilmişdir ki, işçi işçilərin sayının ixtisar edilməsi əsası ilə işdən azad olunur. Bu əsasla işçinin işdən azad olunmasına işçinin ərizəsi əsas ola bilməz və buna zərurət yoxdur. Əks təqdirdə işəgötürən işçini bu barədə əvvəlcədən xəbərdar etməzdi. Əmrin altında yazılmış qeydin texniki səhv olması açıq-aşkardır və bunun hüquqi nəticələri ola bilməz. Bundan başqa, məhkəmələr maddi hüquq normasını təfsir edərkən qanunun güddüyü məqsədə uyğun şərh verməlidirlər. Əmək Məcəlləsinin 84-cü maddəsinin güddüyü məqsəd ondan ibarətdir ki, işçi işəgötürənin təşəbbüsü ilə işdən azad olunanda onun barəsində verilmiş əmrdə zəruri olan bütün məlumatları ala bilsin. İşçi kim tərəfindən, hansı əsasla, hansı maddəyə əsasən, hansı vaxtdan işdən azad olunduğunu bilsin. İddiaçının həmin məsələ ilə bağlı problemi olmamışdır. Beləki, iddia ərizəsində iddiaçı hansı əsasla, hansı vəzifədən və hansı vaxtdan işdən azad olunmasını bildiyini təsdiq etmişdir. Əmək Məcəlləsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Apelyasiya Məhkəməsinin öz qətnaməsində qeyd olunan normaya (84-cü maddənin 2-ci bəndinə) istinad etməsi də əsaslı sayıla bilməz. Çünki yuxarıda şərh olunduğu kimi iddiaçının barəsində verilmiş əmrdə 84-cü maddədə nəzərdə tutulan bütün zəruri məlumatlar yer almışdır. İddiaçının işə bərpa olunması əsası kimi götürülmüş 2-ci əsas iddiaçının çıxarıldığı vəzifə ilə bağlı onunla ümumiyyətlə əmək müqaviləsi bağlanmaması əsasıdır. Məhkəmə kollegiyası həmin məsələ ilə əlaqədar Apellyasiya Məhkəməsinin dəyərləndirməsi ilə razılaşmır. Əvvəla, iddiaçı iddia ərizəsində özü təsdiq edir ki, (mülki iş səhifə 3.) 03.10.2017-ci il tarixdən həmin şirkətdə baş icraçı nümayəndə, biznes inkişafı vəzifəsində işləmişdir. İddiaçının əmək kitabçasında bununla bağlı qeydlər aparılmışdır(mülki iş səhifə 16). Qeyddə iddiaçının özünün təsdiq etdiyi kimi 03.10.2017-ci il tarixdən baş icraçı nümayəndə, biznes inkişafı vəzifəsinə keçirilmişdir. İşçi 755%li əmək müqaviləsinə 2 saylı əlavə ilə həmin işə keçirilmişdir. Əmək kitabçasında istinad olunan əmək müqaviləsi işçi ilə 03.10.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsidir(səhifə14-25). Cavabdeh tərəf iddiaçı ilə bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişini məhkəməyə təqdim etmiş, 1-ci instansiya həmin sənədləri tədqiq etmişdir(mülki iş, səhifə130). Həmin bildirişdə 03.10.2016-cı il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi göstərilmiş, iş yeri barədə məlumatlar qrafasında işçinin vəzifəsinin dəyişdirilməsi ilə bağlı qeydlər əlavə edilmiş, əmək müqaviləsi üzrə baş icraçı nümayəndə, biznes inkişafı vəzifəsi barədə qeydlər aparılmışdır. Keçən müddət ərzində iddiaçı ona aid olmayan vəzifədə işləməsi ilə bağlı mübahisə açmamış, iddia ərizəsində hansı vəzifəyə keçirilməsini, işdən azad olunan tarixədək həmin vəzifədə işləməsini təsdiq etmiş, həmin məsələ mübahisə predmeti olmamış, işə apelyasiya icraatında baxılarkən məhkəmə işin müəyyən edilən hallarına düzgün hüquqi qiymət verməməsi səbəbindən qeyd olunan əsasla əmrin ləğv edilməsi qənaətinə gəlmiş və nəticədə ziddiyyətli qətnamə qəbul etmişdir. Məhkəmənin qənaəti belə olmuşdur ki, iddiaçının baş icraçı nümayəndə, biznes inkişafı vəzifəsinə keçirilməsi ilə bağlı onunla əmək müqaviləsi bağlanmamış və onun həmin işdən çıxarılması qanunsuzdur. Lakin, məhkəmə öz qətnaməsində iddiaçının hansı işə bərpa olunmasını göstərməməklə ziddiyyətə yol vermiş, gəldiyi nəticəni şübhə altına almışdır. İddiaçı iki il həmin vəzifədə işləmiş, əmək haqqı almış, işdən azad olunduqdan sonra həmin vəzifə üzrə son haq-hesab hesablanaraq ona ödənilmiş, həmin vəsaiti qəbul etmişdir. Məhkəmənin çıxardığı qərar əsasında iddiaçının hansı işə bərpa olunacağı naməlum qalmışdır. Qətnamədə qeyd edilmişdir ki, İddiaçı Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı Filialında (nümayəndələyində) iş yerinə (vəzifəsinə) bərpa edilsin. İddiaçının iş yeri baş icraçı nümayəndə, biznes inkişafı vəzifəsi idi və məhkəmə həmin vəzifəni qanuni iş yeri kimi tanımadığı təqdirdə iddiaçının hansı vəzifəyə bərpa olunmasını göstərməliydi. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti qismən təmin olunmalı, iş üzrə apelyasiya icraatı məhkəməsinin qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün qaytarılmalıdır. Eyni zamanda iddiaçının kassasiya şikayəti də qismən təmin edilməlidir. İddiaçının şikayəti ona görə təmin edilməlidir ki, iddiaçı onun əsas tələbinin təmin olunduğunu, belə olan təqdirdə mənəvi ziyan tələbinin də təmin olunmasının labüd olmasına istinad edərək qətnaməni həmin hissədə mübahisələndirmişdir. İşə baxan məhkəmə iddiaçının işdən qanunsuz və əsassız olaraq çıxarılması qənaətinə gəlmişdirsə, onda, mənəvi ziyanın tutulması ilə bağlı ağlabatan dəyərləndirmə aparmalıydı. Lakin, Apelyasiya Məhkəməsi həmin tələblə bağlı ümumiyyətlə dəyərləndirmə aparmamış, həmin tələbi hansı əsasla rədd etməsini əsaslandırmamışdır. Hazırkı qərarın 27-ci bəndindəki qərarda təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Eyni zamanda həmin qərarda göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Hazırkı qərarın 28-ci bəndindəki məhkəmə qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». 29-cu bənddə qeyd olunan normaya görə ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılmalıdır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Apelyasiya Məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, buda qətnamənin ləğv olunması üçün əsasdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə etdi, eyni məzmunlu izahat verdi, o cümlədən bidirdi ki, hazırki məsələ onun fəaliyyətilə əlaqədar yaranan problemdir. İxtisar iddiaçının vəzifəsinə uyğun aparılmayıb. Vəsatət qaldırmağına baxmayaraq ixtisarla bağlı onlara məlumat təqdim edilmir. Yəni, onlar bilmirlər ki, iddiaçının vəzifəsi ixtisar olunub ya yox, buna görə də şikayətin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil3 da apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, bildiriş çox güman ki, sonradan tərtib olunub. Çünki, vaxtında tərtib edilsəydi, iddiaçının onun barəsində məlumatı olardı və həmin bildiriş portala yerləşdirilərdi. Müqavilə də, bildiriş də portala yerləşdirilməyib. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, qarşı tərəfin iddia etdiyi portalda əvvəlki tarixdə hansısa hərəkət etmək mümkün deyil, çünki sistem bunu qəbul etmir. Digər tərəfdən, hazırki işin iddiaçının ərinin işi ilə heç bir aidiyyəti yoxdur. Təmsil etdiyi şirkət indi də “SOCAR”la işləyir. İxtisarla bağlı məsələlər təmsil etdiyi şirkətin baş ofisi tərəfindən müəyyən edilir. Baş ofis isə xaricdə yerləşir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. İddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmuşdur. Əvvəla, iddiaçı əmək münasibətlərində olduğu müddətdə yalnız bir dəfə əmək müqaviləsinə əlavə olunduğunu, lakin heç bir halda onun vəzifəsi dəyişdirilmədiyini, onunla əmək müqaviləsinə xitam verilməsi barədə 26.12.2019-cu il tarixli, k-143 saylı əmrdə isə “baş icraçı nümayəndə, biznes inkişafı (R505-ESG) vəzifəsi üzrə əmək müqavləsinə xitam verildiyi göstərildiyi, yəni, o, əmək müqaviləsində olmayan vəzifəsi üzrə əmək müqaviləsi ləğv edildiyini göstərsə də bu dəlillər iş materialları ilə təkzib olunur. İddiaçı iddia ərizəsində özü göstərir ki, 03.10.2017-ci il tarixdən həmin şirkətdə baş icraçı nümayəndə, biznes inkişafı vəzifəsində işləmişdir. İddiaçının əmək kitabçasında bununla bağlı qeydlər aparılmışdır. Qeyddə iddiaçının özünün təsdiq etdiyi kimi 03.10.2017-ci il tarixdən baş icraçı nümayəndə, biznes inkişafı vəzifəsinə keçirilmişdir. Əmək kitabçasında istinad olunan əmək müqaviləsi işçi ilə 03.10.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsidir və cavabdeh tərəf iddiaçı ilə bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişini məhkəməyə təqdim etmiş, birinci instansiya məhkəməsi də həmin sənədləri tədqiq etmişdir. Həmin bildirişdə 03.10.2016-cı il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi göstərilmiş, iş yeri barədə məlumatlar qrafasında işçinin vəzifəsinin dəyişdirilməsi ilə bağlı qeydlər əlavə edilmiş, əmək müqaviləsi üzrə baş icraçı nümayəndə, biznes inkişafı vəzifəsi barədə qeydlər aparılmışdır. Göründüyü kimi, iddiaçının gətirdiyi bu dəlil iş materialları ilə tam təkzib olunur. İkincisi, iddiaçı ona aid olmayan vəzifədə işləməsi ilə bağlı mübahisə açmamış, iddia ərizəsində hansı vəzifəyə keçirilməsini, işdən azad olunan tarixədək həmin vəzifədə işləməsini təsdiq etmiş, həmin məsələ mübahisə predmeti olmamışdır. İşçilərin sayı azadılarkən və ya ştatların sayı ixtisar edilərkən cavabdeh şirkət Əmək Məcəlləsinin 71.1ci maddəsinə əsasən müvafiq tədbirlər görmədiyini, bu sahədə onu digər uyğun işlə təmin etmədiyi dəlili də əsaslı ola bilməz. Çünki, həmin sahədə digər uyğun işin olması da təsdiq olunmalıdır. Üçüncüsü, əmrin verilməsinə əsas kimi əmrdə İddiaçı ərizəsinin olmasının göstərilməsi iddianın əsaslı və təmin olunmalı olmasına dəlalət etmir. Çünki,iddia texniki səhvə görə yox, əsaslılığına və qanuniliyinə görə təmin oluna bilər. Ancaq hazırki iddia əsaslı olmamışdır. Dördüncüsü, iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsinin əsaslılığı o zaman əhəmiyyət kəsb edə bilərdi ki, tələbin əsas hissəsi təmin edilmiş olsun. Ancaq tələbin əsas hissəsi təmin olunmadığından ondan doğan törəmə tələb də təmin edilə bilməz. Çünki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkətlər və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Lakin bu hallar hansısa mötəbər sübutlarla təsdiq edilmir. Buna görə də iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi də inandırıcı deyildir. Mülki Prosessual Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə nəticə etibarı ilə düzgün olduğundan yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2(002)-641/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8601/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8601/2021
25.10.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver