Məhkəmə qərarları › İş №2(103)-8603/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8603/2021

18.10.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8603/2021 18.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şükürlü Ləman İmanverdi qızının katibliyi, İddiaçı1, onun vəkili X6, iddiaçı İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət X1rşı «əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi və onunla maddi məsuliyyət müqaviləsinin bağlanması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 iyun 2019-cu il tarixli, 2(005)-2098/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, həmçinin, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət X1rşı «əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 avqust 2019-cu il tarixli, 2(005)-3426/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət X1rşı «əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi və onunla maddi məsuliyyət müqaviləsinin bağlanması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehin 24.05.2016-cı il tarixli 45 saylı əmrinin ləğv edilməli, işinə bərpa edilməsi, 16.10.2014-cü il tarixdən hazırki dövrə qədər almadığı orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi, xidmət haqqı kimi ödənilmiş 18.000 manatın, işıq puluna ödənilmiş 4.700 manatın, su puluna ödənilmiş 315 manatın cavabdeh tərəfindən qaytarılması, həmçinin maddi zərərə görə 40.000 manat və mənəvi zərərə görə 10.000 manat ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı yenidən iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi, həmçinin onunla maddi məsuliyyət müqaviləsinin bağlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun mərhum atası X7 (23.12.2013-cü il tarixdə ölmüşdür) 1959-cı ildən vəfat etdiyi vaxtadək, yəni ümumilikdə 54 il Azərbaycan məişətinə xidmət göstərmiş, 1989-cu ilin avqust-sentyabr ayında ünvan 1 ünvanı Tağızadə 27A) yerləşən, 7 saylı paltarların fərdi tikilişi və təmiri atelyesini faktiki almışdır. Lakin atası həmin dövrdə 2 saylı paltarların fərdi tikilişi və təmiri fabrikində baş mühəndis işlədiyi üçün 7 saylı atelyeyə «Leyla» adlı xanımı müdir təyin etmişdir. 1993-cü ildən isə atası öldüyü günə qədər 7 saylı atelyenin müdiri işləmişdir. Ümumiyyətlə 7 saylı atelye Məişət Nazirliyinin balansında olmuşdur. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinın yaradılmasından sonra isə 7 saylı atelye Komitənin balansına verilmişdir. O, 2000-ci ildən atasının yanında, yəni 7 saylı atelyedə atasına köməklik etmişdir. Yuxanda göstərdiyi faktları Əmlak Komitəsinin rəhbər işçiləri yaxşı bildikləri üçün atası 29.12.2013cü ildə vəfat etdikdən sonra Əmlak Komitəsinin özəlləşmə şöbəsinin müdiri Sadiq Məmmədov onu və qardaşı Nadir Abbasovu komitəyə yanına çağırtdırıb onlara bildirmişdir ki, «bütün komitədə atelyenin sizin atanıza məxsuz olduğunu hamı bilir, elə isə gedin iki qardaş atelyedə problemsiz fəaliyyət göstərin, nədə çətinliyiniz olsa mən sizin qulluğunuzdayam». 2014-cü ildə Azərbaycan Respublikası ƏMDK-nın İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin işçisi olan «Kamran» adlı şəxs faktiki olaraq fəaliyyətdə olan 7 saylı atelyeyə gələrək ondan və digər işçi Rövşən Mahmudovdan işə qəbulla bağlı ərizələr istəmiş və bu zaman bildirmişdir ki, «sizdən eyni vaxtda iki ərizə alınacaq, yəni tarix qoymadan işə qəbul və işdən öz xahişinizlə azad olma ərizələrinizi təqdim etməlisiniz». Əlavə olaraq onunla 7 saylı atelye üzrə maddi-məsul şəxs olması haqqında müqavilə bağlanacağını bildirmişdir. Sonra «Kamran» adlı həmin şəxs atelyedə idarədə əvvəlcədən hazırlanmış müqavilələri onlara təqdim edərək bildirmişdir ki, bu şərtlərlə razılaşmayan şəxslər atelyedə işləyə bilməz. O və Rövşən məcburiyyət qarşısında qalıb atelyedə onlara təqdim edilmiş ərizələrə imza edərək «Kamran» adlı şəxsə vermişlər. Onun ilk iş yeri olduğu üçün əmək kitabçasını Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşları özləri açmalı idi. Lakin sonradan ona məlum olmuşdur ki, baş verənlər onların ailəsinə qarşı komitə ilə idarə razılaşdırılmış, məkrli niyyətlərini həyata keçirilməsinə yönəlmiş bir addım idi. Atası işlədiyi dövrdə atelyenin xidmət haqqı, bütün kommunal, texniki və məişət xərclərini ödəmiş, o cümlədən atelyenin təmiri atası tərəfindən edilmişdir. 2014-cü ildən hazırki dövrə qədər atelyenin xidmət haqqı, bütün kommunal, texniki və məişət xərcləri onun tərəfindən ödənilmiş, o cümlədən atelyenin (1960-ci iliərdə tikilmiş binadı) təmiri onun tərəfindən edilmişdir. İdarə tərəfindən yalnız ərizələr götürülmüşdür. Lakin o, 2014-cü ildən hər hazırkı dövrə qədər, hər ay idarəyə 200-405 manat xidmət haqqı ödəmişdir. Bununla yanaşı xidmət haqqı ödəməsinə baxmayaraq idarə tərəfindən hazırki vaxta qədər heç bir maaş almamış və məzuniyyətə çıxmamışdır. Onda olan məlumata görə onun üçün pensiya fonduna heç bir ödəniş edilməmişdir. O, 2014-cü ildən hər ayın 10-da xidmət haqqını idarədə ödəmiş və hər ayın axırlarında ödəniş çekini idarənin jurnalına qol çəkərək kassir İlqar Qarayevdən almışdır. Bəzi hallarda isə onun hər ay ödəniş etməsinə baxmayaraq iki ayı birləşdirib çek vermişlər. Yəqin ki, ödənilən pullar başqa məqsədlə xərclənmişdir. 2019-cu ilin fevral ayının 11-də idarənin əməkdaşları olan «Nazir» və «Məmmədəli» adlı şəxslər atelyeyə gələrək onun orada olmamasından istifadə edərək sexdə işləyən qadınlara hədə qorxu gələrək 18 fevralda atelyeni boşaltmağı tələb etmişlər. Fevral ayının 18-də yenə də həmin şəxslər, eləcə də adlarını bilmədiyi daha iki nəfər və Bakı şəhəri Nəsimi rayon özəlləşdirmə idarəsinin işçisi «Abdulla» adlı şəxs atelyeyə gələrək heç bir əsas göstərmədən işçilərə qarşı kobud və təhqiredici ifadələr işlədərək atelyeni boşaltmağı əmr etmişlər. Yalnız bu zaman ona məlum olmuşdur ki, onu işdən çıxarmışlar. Lakin o, bu şəxslərə inanmamış və idarəyə ərizə ilə müraciət etmişdir. Cavabdehin bununla bağlı qeyri-qanuni hərəkətləri hazırki, iddianın predmeti olmasa da, qanunun tələbinə əsasən cavabdeh özəlləşdirmə ilə bağlı ona və əmək kollektivinə satınalmada üstünlük hüququ ilə bağlı yazılı formada bildiriş göndərməkdə borclu olduqları halda bunu etməmişlər və bununla bağlı hər hansı bir rəsmi sənəd mövcud deyildir. İdarə 26.02.2019-cu il tarixdə ona verdiyi arayışa qoşma kimi işdən çıxma əmrinin surətini əlavə etmişdir. Həmin arayış onun idarəyə verdiyi sorğuya əsasən ona elə həmin tarixdə rəsmi qaydada təqdim edilmişdir. Çünki vəzifədən azad olduğu barədə əmrlə bağlı onda heç bir məlumat olmamışdır. İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi 24.05.2016-cı il tarixdə 45 saylı əmrlə əmək müqaviləsini ləğv etmişdir. İdarənin təqdim etdiyi arayışda göstərilir ki, 7 saylı atelye 08.11.2016-cı il tarixdə açıq hərraca çıxarılmış və 29.01.2019-cu il tarixdə 17-ci dəfə keçirilmiş açıq hərracda satılmışdır. Burdan aydın olunur ki, idarənin onun xəbəri olmadan işdən çıxarılmasının əsas səbəbi faktiki olaraq onların ailəsinə aid olan 7 saylı atelyeni onlardan qeyri-qanuni alınaraq digər şəxslərə özəlləşdirməkdən ibarət olmuşdur. 11.03.2019-cu il tarixdə onunla idarə arasında bağlanmış əmək və xidmət müqaviləsinin surətlərinin verilməsi haqqında idarəyə sorğu göndərmiş, lakin idarə 12.03.2019-cu il tarixdə ona ilk dəfə əmək müqaviləsinin surətini təqdim etmişdir. Əmək müqaviləsinin 2.1-ci bəndində göstərilir ki, əmək müqaviləsi 1 ay müddətinə bağlanmışdır. 16.10.2014-cü il tarixli 178 saylı əmək müqaviləsi 1 ay müddətinə bağlanmışdırsa, niyə idarə həmin vaxt bitəndən sonra deyil, məhz 24.05.2016cı il tarixdə əmək müqaviləsinə xitam vermişdir. Deməli, o, nəinki həmin müddətdə, hətta bu vaxta qədər faktiki cəhətdən məsul vəzifəli şəxs qismində iştirak etmiş və bütün xərclər (texniki, kommunal, təmir, məişət və s.) onun tərəfindən öz vəsaiti hesabına ödənilmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 iyun 2019-cu il tarixli, 2(005)2098/2019 saylı qətnaməsi ilə (hakim Ramin Quliyev) iddia təmin olunmamışdır. İddiaçı məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddiasının təmin olunması barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Həmçinin, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət X1rşı «əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən saxta üsulla hazırlanmış 24.05.2016cı il tarixli işdən çıxma ərizəsinin və eyni tarixli 45 nömrəli əmrin ləğv edilməsi, işə bərpa, 16.10.2014-cü il tarixdən başlayaraq məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsini İddiaçı1 iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 avqust 2019-cu il tarixli, 2(005)3426/2019 saylı qətnaməsi ilə (hakim Kəmalə Əmirxanova) iddia təmin olunmamışdır. İddiaçı məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddiasının təmin olunması barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya icraatı zamanı hər iki mülki işin bir icraatda birləşdirilərək birlikdə baxılması qərara alınmışdır. İddiaçılar apellyasiya şikayətini - iddia ərizələrində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, əlavə olaraq birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, işin obyektiv araşdırılmamasını, sübutlara düzgün hüquqi qiymət verilməməsini, işdən çıxma barədə ərizələrin onların iradəsinə uyğun yazılmamasını, əmək hüquqlarının pozulmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-468/2020 saylı 10.09.2020-ci il tarixli qətnaməsi ilə apellyasi şikayətlərinin qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 iyun 2019-cu il tarixli, 2(005)2098/2019 saylı və 23 avqust 2019-cu il tarixli, 2(005)-3426/2019 saylı qətnamələrinin ləğv edilməsi, iddiaların qismən təmin olunması barədə yeni qətnamə qəbul edilməsi, cavabdehin iddiaçılarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi barədə 24.05.2016-cı il tarixli 45 saylı əmri qanunsuz olduğundan ləğv edilməsi, iddiaçıların əvvəlki vəzifələrinə bərpa olunası və onlara məcburi işburaxma günlərinə görə əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, iddiaların qalan hissələrdə təmin olunmaması qət edilmişdir. Həmin qətnamədən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi kassasiya şikayəti vermişdir. Azərbaycan RespublikasıAli Məhkəməsi Mülki kollegiyasının 2(102)-3834/2021 saylı 07.07.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətlərini müdafiə edərək, şikayətdə göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verilmiş izahatlarına uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətlərinin dəlillərini qəbul etməyərək, birinci instansiya məhkəməsində verilmiş izahata oxşar, eyni məzmunlu izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPMin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, işdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi ilə ilə İddiaçı1 arasında bağlanmış 16.10.2014-cü il tarixli, 178 nömrəli əmək müqaviləsindən görünür ki, İddiaçı1 16.10.2014-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonunda yerləşən 7 saylı atelyeyə dərzi vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsi 1 (bir) ay müddətinə bağlanmışdır. İşdə olan İddiaçı1 tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin baş direktoru M.İmanova ünvanlanmış ərizədən görünür ki, İddiaçı1 öz xahişi ilə işdən azad edilməsini xahiş etmiş, özəlləşmə payına dair iddiasının olmadığını göstərmişdir. İşdə olan 24.05.2016-cı il tarixli, 45M nömrəli əmrdən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə uyğun olaraq və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 6.3-cü bəndi rəhbər tutularaq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin Bakı şəhəri, Nəsimi rayonunda yerləşən 7 saylı atelyesinin dərzisi X7 ilə bağlanmış əmək müqaviləsinin tərəflərin razılığı əsasında ləğv edilməsi və 24.05.2016-cı il tarixdən işdən azad edilməsi əmr edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 12.03.2019-cu il tarixli, **********96 nömrəli məktubundan görünür ki, İddiaçı1 tərəfindən 7 saylı atelyenin fəaliyyəti ilə əlaqədar yaranan xərclərin ödənilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə 04.02.2015-ci il, 27.02.2015-ci il, 29.03.2015-ci il və 29.05.2015-ci il tarixlərdə müvafiq olaraq 405 manat məbləğində xidmət haqqı ödənilmişdir. İşdə olan İddiaçı2 tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin direktoru F.Məlikova ünvanlanmış ərizədən görünür ki, o, ünvan 2 qəbul edilməsini xahiş edir. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin baş direktoru X9 ilə İddiaçı2 arasında bağlanmış 16.10.2014-cü il tarixli, 177 nömrəli əmək müqaviləsindən görünür ki, İddiaçı2 16.10.2014-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonunda yerləşən 7 saylı atelyeyə dərzi vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsi 1 (bir) ay müddətinə bağlanmışdır. İşdə olan İddiaçı2 tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin baş direktoru M.İmanova ünvanlanmış ərizədən görünür ki, İddiaçı2 öz xahişi ilə işdən azad edilməsini xahiş etmiş, özəlləşmə payına dair iddiasının olmadığını bildirmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 09.04.2019-cu il tarixli, **********30 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 27A ünvanında yerləşən 7 saylı paltarların fərdi tikilişi və təmiri atelyesində dərzi işləmiş İddiaçı1 işlədiyi 16.04.2014-cü il tarixdən 24.05.2016-cı il tarixədək dövrdə işdən azad olunmağı ilə əlaqədar son haqq hesab da daxil olmaqla hesablanmış 2057,76 manat məbləğində əmək haqqı alınmadığına görə deponent edilmişdir. İddiaçı müvafiq bankların birində hesab açaraq Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə bildirəcəyi təqdirdə, göstərilən məbləğin hesabına köçürülməsi təmin ediləcəkdir. İşdə olan RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 27A ünvanında yerləşən qeyriyaşayış sahəsi (7 saylı atelye) 07.02.2019-cu il tarixdən xüsusi mülkiyyət kimi X4 məxsusdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 11.02.2019-cu il tarixli, 16 nömrəli əmrindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 27A ünvanında yerləşən qeyri-yaşayış sahəsi (7 saylı atelye) – Mərkəzin dislokasiyasında «atelye №7» kimi göstərilmiş (07.02.2019-cu il tarixli, ******* nömrəli çıxarış) mülkiyyətçinin dəyişilməsi ilə əlaqədar özəlləşdirilməsini təsdiq edən sənədlər verildiyi tarixdən İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin tabeliyindən və dövlət reyestrindən çıxarılmış və əmlakları balansdan silinmiş hesab edilməsi əmr edilmişdir. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 02 oktyabr 2019-cu il tarixli, 2(103)-11427/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı1 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə və X5 qarşı «hərracın nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi» tələbinə dair iddiası təmin olunmuş, ünvan 3 ünvanı Tağızadə 27A) yerləşən İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 7 saylı atelyesinə dair keçirilmiş hərrac üzrə 29 yanvar 2019-cu il tarixli, 04/01 saylı hərrac protokolunun və onun əsasında X8 ilə bağlanmış əqdin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən X3 adına 07 fevral 2019-cu il tarixdə qeydə alınmış ******* seriyalı çıxarışın ləğv edilməsi qət olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29.05.2019-cu il tarixli, 11443 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş mülki işin materiallarına olan İddiaçı1 adından olan 24.05.2016-cı il tarixli ərizədə «imza» qrafasındakı imza İddiaçı1 tərəfindən icra olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 122 manat təşkil edir. Birinci instansiya məhkəmələri iddiaların təmin olunmaması nəticəsinə gələrkən, əmək müqavilələrinə iddiaçıların öz təşəbbüsünə əsasən xitam verilməsinə (öz xahişləri ilə ərizə yazmalarına) və bu barədə qanunun formal tələblərinə istinad etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası kollegiyasının 2(102)- 3834/2021 saylı 07.07.2021-ci il tarixli qərarında hüquqi mövqeyini aşağıdarı kimi ifadə etmişdir: “İddiaçılar cavabdeh müəssisə ilə aralarında bağlanmış əmək müqaviləsinə qanuni əsaslar olmadan xitam verildiyinə istinad edərək, həmin əmrlərin qanunsuz hesab edilməklə ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair iddia ilə məhkəməyə müraciət etmişlər. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ilə İddiaçı1 arasında icarə münasibətlərinin mövcud olması müəyyən edilmişdir. İddiaçı1 tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə 2013-cü ildən 2019-cu ilin aprel ayınadək xidmət haqqı ödənilmişdir. Həmin məhkəmə qətnaməsində göstərilmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinin (Bakı şəhəri, Nəsimi rayonunda yerləşən 7 saylı atelye) özəlləşdirilməsi ilkin olaraq İddiaçı1 təklif edilmədən, onun əmlakı almağa razılığının olub-olmadığı aydınlaşdırılmadan əmlak hərraca çıxarılmışdır, bu isə, qeyri-yaşayış sahəsinə dair keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəlləsinin sübut etməkdən azad olmaq üçün əsasları müəyyən edən 82-ci maddəsinin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Deməli, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hal, yəni tərəflər arasında icarə münasibətlərinin olması hazırki iş üzrə preyudisial əhəmiyyət daşıyır. Mülki Məcəllənin icarə müqaviləsinin əsaslarını müəyyən edən 700-cü maddəsinin tələblərinə görə, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Yuxarıda qeyd edildiyi kimi, hazırki mübahisənin maddi hüquqi əsasını isə iddiaçıların pozulmuş əmək hüquqlarının bərpası təçkil edir. Əmək Məcəlləsinin 3-cü maddəsində isə təsbit edilmişdir ki, əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Məhkəmə kollegiyası hesab edir ki, eyni bir predmet barəsində eyni tərəflər arasında öhdəlik hüquq münasibətləri mövcud olduğu halda, tərəflər arasında həm də eyni fəaliyyətlə bağlı əmək münasibətlərinin olması istisna edilir. Başqa sözlə, icarəyə götürənin xidmət haqqı ödəməklə icarəyə götürdüyü obyektdə icarəyə verənlə həm də əmək münasibətlərində olmasına istinad edərək pozulmuş əmək hüquqlarının bərpasını tələb etməsi özü-özlüyündə ümumi hüquqi prinsiplərinə ziddir. Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında da göstərilmişdir ki, hüquqi müəyyənliyin tərkib hissəsi olan “resjudicata” prinsipi baxımından artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyi və davamlılığı ədalət mühakiməsi sistemində əhəmiyyətli konstitusiya şərti hesab edilir. Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesinin səmərəsizliyini yaradır. Məhkəmə təcrübəsində iddia vermək hüququndan sui-istifadə halları qanunvericiliyin tələblərindən yayınmağa xidmət edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Brumaresku Rumıniyaya qarşı iş üzrə 28 oktyabr 1999-cu il tarixli Qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. Məhkəmə kollegiyası Avropa Məhkəməsinin və eləcə də Konstitusiya Məhkəməsinin qərarlarında əks edilmiş hüquqi mövqeyə əsaslanaraq hesab edir ki, iddiaçıların Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş məhkəməyə müraciət etmək hüququ qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə qət edilmiş nəticənin başqa məhkəmə posesində mübahisələndirilməklə fərqli nəticə əldə edilməsinə əsas vermir. Məhkəmə təcrübəsində bu cür hallar hüquqi müəyyənlik prinsipinə xələl gətirərək sonda məhkəmə aktlarının icrasını mümkünsüz edir Apellyasiya məhkəməsi qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hazırki mübahisə üzrə preyudusial xarakter daşıyan və həlledici əhəmiyyət kəsb edən hallara ümumiyyətlə hüquqi qiymət vermədən, həmin hallarla ziddiyyət təşkil edən nəticəyə gəlməklə, hüquqi müəyyənliyin pozulmasına səbəb olan, iş üzrə qanuni və əsaslı hesab edilməyən qətnamə qəbul etmişdir” Məhkəmə kollegiyası iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3834/2021 saylı 07.07.2021-ci il tarixli qərarında hüquqi mövqeyi ilə razılaşır. Hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 iyun 2019-cu il tarixli, 2(005)2098/2019 saylı və 23 avqust 2019cu il tarixli, 2(005)-3426/2019 saylı qətnamələri dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 19 iyun 2019-cu il tarixli, 2(005)2098/2019 saylı və 23 avqust 2019-cu il tarixli, 2(005)-3426/2019 saylı qətnamələri dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vəfaddin İbayev Hakimlər: Rəşad Həsənov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar