Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8607/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı, Cavabdeh X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı yaşayış sahəsinə köçürmə tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli 2(008)-1824/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, X3 və X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Albalılıq-1 ünvanında yerləşən nömrəsiz yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 onun qaynatası, cavabdeh X6 onun qaynanası, cavabdeh X11 isə qaynıdır. Onun X2 25 aprel 2020-ci il tarixdə öldükdən sonra cavabdehlər onun mərhum əri ilə birgə inşa etdiyi evə göz dikmiş, onu həmin evdən uzaqlaşdırıb evi ələ keçirmək istəmiş, bu səbəbdən öz evində rahat yaşamağa imkan verməmiş, nəticədə onun öz yaşayış yerindən məhrum edilməsinə səbəb olmuşlar. Halhazırda isə cavabdehlər onu öz evinə buraxmır, ona evində yaşamağa imkan vermirlər. Belə ki, o, X12 ilə 2004-cü ildə faktiki nikaha daxil olaraq ailə qurmuş, 23 oktyabr 2008-ci ildə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 12 yanvar 2006-cı il təvəllüdlü X7, 29 yanvar 2008-ci il təvəllüdlü X13 və 11 sentyabr 2012-ci il təvəllüdlü X8 adlı övladları anadan olmuşdur. O, X12 ilə faktiki nikaha daxil olaraq ailə qurduqları dövrdə Lətifin evi olmamış, o, Lətifgilin qonşuluğunda yerləşən evə gəlin köçmüşdür. O, Albalılıq bağ massivində cavabdehlərin qonşusunun evində 9 il yaşamışdır. Orada yaşadığı dövrdə həmin evin yaxınlığında olan zibillik sahəni təmizləyib ağaclar əkmiş, sonra isə həmin sahəni hasarlayıb özlərinə həyət etmişlər. Bundan sonra onlar həmin torpaq sahəsində özləri üçün bir otaq tikməyə başlamışlar. Həmin vaxtlarda o heç yerdə işləmirdi. Məcbur olub yayda ərazidə olan əncir ağaclarından əncir dərib satmaqla pul yığır, pulu tikintiyə xərcləyib, özlərinə ev tikirdilər. Onlar bir otağı 4 il ərzində tikib qurtarmış, bundan sonra 2014-cü ildə tikdikləri yaşayış sahəsinə köçmüşlər. Həmin torpaq sahəsi və tikili üçün rəsmi icazələri olmasa da, bələdiyyə və icra orqanları onların ora köçüb yaşamalarına etiraz etməmişlər. Hətta həmin sahəyə sonradan onun üçün qaz xətti də çəkilmişdir. O öz ailəsi ilə həmin evə köçüb yaşamış, əri ilə münasibətləri çox mükəmməl olmasa da, uşaqlarının xətrinə ailəsini qoruyub saxlamış, birgə təsərrüfat aparmışlar. Əslində isə onun əri ilə münasibətləri qaynanasının onların ailəsinə müdaxilə etməsi nəticəsində kəskinləşmişdir. X2 25 aprel 2020-ci il tarixdə öldükdən sonra isə qaynanası onu hər gün narahat etməyə başlamış, yaşadığı evi o biri oğlu üçün onun əlindən almağa çalışmışdır. Qaynanasının ona məxsus evi əlindən alacağını görüb, həmin yaşayış sahəsinə sənəd düzəltdikdən sonra evi satıb oradan köçmək qərarına gəlmişdir. Bununla əlaqədar o müvafiq orqanlara müraciət edib, torpaq sahəsinə dair sənəd almaq istədikdə, həmin yaşayış sahəsini sənədsiz almaq istəyən biri ilə razılığa gəlmişdir. Həmin şəxs evi ondan aldıqdan sonra sənədlərini özü düzəldəcəkdi. Buna görə o, evi boşaltmış, əşyalarının bir qismini evdən aparıb özünə kirayə ev tutmuş, lakin cavabdehlərin müdaxiləsi nəticəsində onların razılaşması baş tutmamış, bundan sonra o öz evinə köçüb yaşamaq qərarına gəlmişdir. Lakin o öz evinə köçmək istədikdə cavabdehlər buna imkan verməmiş, bu üzdən o, evinə köçmək üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehlər ona məxsus yaşayış sahəsinin həyətinin bir qisminin hasarını söküb öz həyətlərinə qatmış, hətta ona təsir göstərmək üçün öz həyət qapılarını da söküb ona məxsus həyətin qapısının yanında tikmiş, bununla da ona təzyiq etməyə və öz həyətinə girməyə maneçilik törətməyə çalışmışlar. Hal-hazırda cavabdehlər ona məxsus evdə yaşamasalar da onu öz evinə buraxmırlar. Qeyd edilən yaşayış evinə dair hər hansı bir hüquqmüəyyənedici sənəd olmasa da, ev onların yaşayış yeri kimi Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində qeydə alınmış, hətta evə mühəndiskommunikasiya təminatı sistemləri çəkilən zamanda da ailə tərkibi barədə arayışlar Maştağa qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmişdir. Ona görə də belə hesab edir ki, onun özünə məxsus yaşayış evinə köçüb yaşamaq hüququ vardır. Yaşayış evi qanunsuz tikili olsa da həmin ev yaşayış sahəsi olduğuna, həmin evin tikintisi birgə nikahda olduqları dövrdə həyata keçirildiyinə və onun öz ailəsi ilə yaşamağı üçün nəzərdə tutulduğuna görə həmin evdə yaşamaq hüququ vardır. Buna görə də məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli 2(008)- 1824/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmununa uyğundur. Məhkəmə kollegiyasının iclasında İddiaçı məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, cavabdeh X6 isə şikayətin təmin edilməməsini xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 və X11 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. Mübahisələndirilən qətnamədən görünür ki, birinci instansiya məhkəməsi mübahisə predmeti olan Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Albalılıq-1 ünvanında yerləşən evin heç bir hüquqmüəyyənedici sənədi və İddiaçı həmin ev üzərində mülkiyyət hüququ olmadığına görə iddiaçının da həmin evə dair hər hansı subyektiv hüququ yaranmadığına istinad etməklə iddia tələbini rədd etmişdir. İş materiallarından görünür ki, X12 ilə X9 əvvəlcə faktiki nikaha, 23 oktyabr 2008-ci ildə isə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 2006-cı il təvəllüdlü Ləman, 2008-ci il təvəllüdlü Lalə və 2012-ci il təvəllüdlü Mələk adlı uşaqları doğulmuşdur. Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin 01 iyul 2020-ci il tarixli 1117 saylı arayışından görünür ki, İddiaçı azyaşlı uşaqları ilə birlikdə Maştağa qəsəbəsi Albalılıq-1 ünvanında qeydiyyatsız yaşayır. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 25 aprel 2020-ci ildə ölmüşdür. Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Albalılıq-1 ünvanında yerləşən evin heç bir hüquqmüəyyənedici sənədi mövcud deyil və İddiaçı həmin ev üzərində mülkiyyət hüququ yoxdur. Sabunçu RİH başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 18.11.2021-ci il tarixli 385 saylı arayıçdan görünür ki, Maştağa qəsəbəsi Albalılıq-1 ünvanında yerləşən yaşayış sahəsinin kim tərəfindən inşa edilməsi barədə icra nümayəndəliyində heç bir məlumat yoxdur. Maştağa Bələdiyyəsi də məhkəmənin sorğusuna 24 noyabr 2021-ci il tarixli 205 saylı məktubla eyni məzmunlu cavab vermişdir. Bundan əlavə iddiaçının izahatından da göründüyü kimi, o, ikinci dəfə nikaha daxil olaraq yenidən ailə həyatı qurmuş və hal-hazırda uşaqları ilə birlikdə indiki əri ilə birlikdə kirayə evdə yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüquqlarını öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur (180.2). İş materiallarından görünür ki, İddiaçı uşaqları ilə birlikdə köçmək istədiyi Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Albalılıq-1 ünvanında yerləşən nömrəsiz yaşayış evi özbaşına tikili olmaqla hər hansı şəxsin adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Evə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, dövlət faktiki olaraq həmin evin mövcudluğunu tanımışdır. Qüvvədə olan mənzil qanunvericiliyində özbaşına tikilidən istifadə hüququ ilə bağlı hər hansı norma yoxdur. Bununla belə, respublikamızda özbaşına tikililərin mövcudluğu reallıq kimi qəbul edildiyindən, özbaşına tikiliyə köçürülmə barədə iddiaların təmin olunmaması sosial ədalət prinsiplərinə cavab verməmiş olardı. Apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş X10 izahatında bildirmişdir ki, mübahisələndirilən yaşayış evində usta kimi çalışmışdır. Yaşayış sahəsinin təmir edilməsi üçün onu iddiaçının mərhum X2 çağırmış və gördüyü işlərin haqqını da ona sonuncu ödəmişdir. Cavabdeh Atlaz Məmmədova da izahatında İddiaçı əvvəllər ailəsi ilə birlikdə həmin evdə yaşadığını, əri öldükdən sonra Məlahətin uşaqları da götürərək çıxıb evdən getdiyini, onun ikinci dəfə ailə həyatı qurduğunu, bu hadisənin ona pis təsir etdiyini, buna görə də Məlahəti həmin evə buraxmaq istəmədiyini bildirmişdir. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, İddiaçı X12 ilə rəsmi nikaha daxil olaraq ailə qurduqdan bir neçə il sonra mübahisəli evi tikdirərək köçüb həmin evdə cavabdehlə birlikdə yaşadığından və ümumi təsərrüfat apardığından, iddia tələbi əsaslıdır və İddiaçı azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Albalılıq-1 ünvanında yerləşən nömrəsiz yaşayış evinə köçürülməsi barədə tələb təmin olunmalıdır. Birinci instansiya məhkəməsi işə baxarkən mübahisəyə aidiyyəti olmayan maddi hüquq normalarına istinad etmiş, işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Bundan əlavə, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır ki, bu da MPM-in 385.1.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsinə əsas verir. Nəticə etibarilə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli 2(008)- 1824/2021 saylı qətnaməsi ləğv olunmalı və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 119.6-cı maddəsinə əsasən, yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunduğundan və iddia təmin olunduğundan, iddiaçı tərəfindən iddia ərizəsi verilərkən ödənilmiş 10 manat və apellyasiya şikayəti verilərkən ödənilmiş 5 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli 2(008)- 1824/2021 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı İddiaçı iddia tələbi təmin edilsin. İddiaçı azyaşlı uşaqları---12 yanvar 2006-cı il təvəllüdlü X7, 29 yanvar 2008-ci il təvəllüdlü X13 və 11 sentyabr 2012-ci il təvəllüdlü X8 ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Albalılıq-1 ünvanında yerləşən nömrəsiz yaşayış evinə köçürülsün. İddia ərizəsi verilərkən ödənilmiş 10 manat və apellyasiya şikayəti verilərkən ödənilmiş 5 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-8607/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8607/2021
01.12.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver