Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8609/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1362/2021 saylı, 06 may 2021ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı icra tədbirlərinin qeyri-qanuni hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5777/2017 saylı, 20.06.2018-ci tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh tərəfindən tələbin onun yeganə yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və üzərində yerləşən evə yönəldilməsi və həmin torpaq sahəsi barəsində həyata keçirilmiş icra tədbirlərinin qeyri-qanuni hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5777/2017 saylı, 20.06.2018-ci il tarixli icra sənədinə əsasən İddiaçı tələbkar X2 xeyrinə 8200 manat məbləğində pul tutulmalıdır. Həmin icra sənədi Cavabdeh icra məmuru Gülarə Mustafayevanın icraatındadır. Göstərilən icra sənədinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh icra məmuru Gülarə Mustafayeva İddiaçı yeganə yaşayış yeri olan ünvan 1 ünvanda yerləşən torpaq sahəsini hərraca çıxarmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli 89 saylı qərarı ilə təsdiq olunmuş fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısının 1-ci bəndində göstərilir ki, borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onun altında olan həyətyani torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. Lakin icra məmuru qanunvericiliyin tələbinə zidd olaraq tələbi İddiaçı məxsus yeganə evə (torpaq sahəsinə) yönəldərək, evi və altındakı torpaq sahəsini satmaq istəyir. Bununla bağlı iddiaçı dəfələrlə Cavabdehnə Şifahi müraciətlər etsə də, icra məmuru buna heç bir məhəl qoymamış və müraciətlərin nəticəsi olmamışdır. Daha sonra icra məmuru telefonla iddiaçıya zəng edərək torpaq sahəsini qiymətləndirdiyini bildirmiş və satılması üçün artıq Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə göndərmişdir. İddiaçı hesab edir ki, icra məmurunun bu hərəkətləri qanunsuzdur və ona məxsus torpağın üzərində olan ev yeganə yaşayış sahəsi olduğundan hərraca çıxarılıb satıla bilməz Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Səmədov, iş № 2(008)-1362/21) iddia təmin edilməmişdir. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsi ilə eyni məzmun daşıyan apellyasiya şikayətini əlavə olaraq onunla əsaslandırmışdır ki, mübahisəsi aparılan torpaq sahəsi və üzərində yerləşən ev onun yeganə yaşayış yeri olmaqla ailəsi ilə onun birgə yaşayışını təmin edir. Həmin evə hər hansı hüquqmüəyyənedici sənədin olması tələbi qanunvericilikdə qeyd edilməmişdir. Yalnız birgə yaşam məqsədi ilə istifadə olunan evlərə borc tələbinin yönəldilə bilməyəcəyi qeyd edilmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası işin hallarına dair sədrlik edənin məruzəsini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.5-ci maddəsinin tələbinə əsasən tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. Həmin Qanunun 26-cı maddəsinə görə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Məhkəmə kollegiyası qeyd edir ki, “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətindən və hərəkətsizliyindən şikayət verilməsi qaydasını müəyyən etmişdir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası qeyd olunanları rəhbər tutmaqla hesab edir ki, icra hərəkətləri həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun bu qərarından şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. Hazırkı şikayət iddia icraatı çərçivəsində deyil, məhkəmə qətnamələrinin (qərarlarının) icrası qaydasında, icra məmurunun hərəkətindən (qərarından) şikayət proseduru çərçivəsində baxılmalı olduğundan mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası izah edir ki, icra icraatının gedişində icra məmurunun qərar və hərəkətindən (hərəkətsizliyindən) narazı qalan tərəf sözügedən halları bu barədə ayrıca iddia qaldırmaqla deyil, şikayət verməklə mübahisələndirə bilər. Müvafiq olaraq belə şikayətlərə əsas işin davamı kimi baxılmalı, şikayətlə bağlı materiallar və ona dair qəbul edilmiş məhkəmə aktları ayrıca icraatda toplanılmamalı, məhz həmin əsas işin tərkibində olmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 391, 400, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə 06 may 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-8609/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8609/2021
03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver