Məhkəmə qərarları › İş №2(103)-861/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-861/2021

10.03.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-861/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs X3 Xidmətin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2144/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qiyabi qətnaməsindən üçüncü şəxs X3 Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun arasında xx.xx.2019-cu il tarixdə müddətsiz bağlanmış əmək müqaviləsinə xitam verilməsi və xitam verilmənin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması üçün əsas olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2144/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilərək, iddiaçı ilə işəgötürən Cavabdeh” MMC arasında əmək müqaviləsinə (xx.xx.2019-cu il tarixli, xxxxxxx000200 nömrəli əmək müqaviləsi bildirişi) xitam verilmiş, əmək müqaviləsinə xitam verilməsinin qeydə alınması və elektron informasiya sistemində elektron qaydada müvafiq qeydlər aparılması vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2144/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qiyabi qətnaməsindən üçüncü şəxs X3 Xidməti tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Üçüncü şəxs X3 Xidməti apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri kimi qeyd etmişdir ki, rəsmi dövlət qurumudur, ünvan və əlaqə vasitələrinə sahib olmasına baxmayaraq, məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmamışlar, həmçinin, birinci instansiya məhkəməsi mübahisəyə baxılması zamanı məhkəmə aidiyyəti qaydalarına əməl etməmiş, əsassız olaraq onların üzərinə onlara aid olmayan vəzifə qoymuşdur ki, bu səbəbdən də apellyasiya şikayətinin təmin edilməsi, qiyabi qətnamənin ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X3 Xidmətin nümayəndəsi Ə.Əsədullayev apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, məhkəmə iclasının yeri və vaxtı barəsində X3 Xidmətinə lazımi qaydada məlumat verilməmiş və işə qiyabi icraat qaydasında baxılaraq qiyabi qətnamə qəbul edilmişdir. Həmçinin, onların vətəndaşın hüquqlarını pozmadıqlarını, birinci instansiya məhkəməsinin iddia tələbindən kənara çıxaraq X3 Xidmətinin üzərinə öhdəlik qoyulması tam qanunsuz olmuşdur, bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsi, qiyabi qətnamənin ləğv edilərək, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq bildirdi ki, bu məsələ həll edilməli və onun adı sistemdən çıxarılmalıdır, belə ki, o, hazırda əmək müqaviləsi bağlaya bilmir. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməməsini, qiyabi qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onun iştirakları olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2019-cu il tarixli, xxxxxxx000200 nömrəli əmək müqaviləsi bildirişinə əsasən İddiaçı Cavabdeh MMC-nin rəhbəri X4 tərəfindən xx.xx.2019-cu il tarixdən müddətsiz olaraq, vaxtamuzd, hər ay 210 manat əmək haqqı ödənilməklə Cavabdeh MMC-də marketinq mütəxəssisi vəzifəsinə işə qəbul edilmişdir. İddiaçının ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.2019-cu il tarixdə, 09/2019 nömrəli əmrlə müddətsiz müqavilə əsasında Cavabdeh MMC-də Marketinq mütəxəssisi vəzifəsinə işə qəbul edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin xx.xx.2019-cu tarixli, **********1 nömrəli məktubuna əsasən iddiaçının müraciətinə cavab olaraq, araşdırma zamanı “Cavabdeh" MMC-yə **********3 saylı, xx.xx.2019-cu il tarixli bildiriş göndərilməsinə baxmayaraq, hazırki tarixədək heç bir cavab verilmədiyi və iddiaçıya məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda şikayətdə qətnamənin ləğv olunması istənildiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini üçüncü şəxsin şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası üçüncü şəxsin nümayəndəsinin və iddiaçının izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qiyabi qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a“ bəndinə görə, tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 69.1-cu maddəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur (69.2.). Həmin Məcəllənin 69.5-cü maddəsinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Həmin Məcəllənin 5-1-ci maddəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanmasının, ona dəyişikliklər edilməsinin və ya xitam edilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra-elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilən elektron sənəddir. Həmin Məcəllənin 12.1-ci maddəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan respublikasının Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 183 saylı qərarı ilə təsdiq edilmiş Qaydaların 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Məhkəmə Kollegiyası bununla bağlı qeyd edir ki, hazırkı halda qanunvericiliyin tələblərinə əsasən iddiaçı cavabdehlə olan əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam edilməsi imkanından istifadə etmək istəsə də, cavabdehin təqsiri ucbatından onunla əmək müqaviləsinə xitam verilməmişdir. Həmçinin, əmək müqaviləsinə xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınmasından ötrü əmək müqaviləsi bildirişinin cavabdeh (işəgötürən) tərəfindən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməlidir. Aparılmış araşdırmalarla müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən əmək qanunvericiliyi ilə işəgötürən kimi onun üzərinə düşən həmin öhdəliklər(vəzifələr) icra edilməmişdir. Bununla da müəyyən olunur ki, rayon məhkəməsi tərəfindən hazırkı halda əmək müqaviləsinə xitam verilməsi ilə bağlı düzgün nəticəyə gəlinməsinə baxmayaraq, müvafiq bidirişin elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması öhdəliyinin üçüncü şəxs X3 Xidmətinin üzərinə qoyulması aşkar əsassız olmuşdur. Yuxarıda istinad olunan maddi hüquq normalarının tələblərindən də aydın olur ki, həmin vəzifənin icrası yalnız işəgötütən tərəfindən həyata keçirilə bilər. Rayon məhkəməsi MPM-nin 218.3-cü maddəsinin tələblərini də pozmuşdur. Belə ki, iddia ərizəsində X3 Xidmətinin cavabdeh göstərilmədiyi və onun üzərinə hər hansı vəzifənin qoyulması ilə bağlı tələb olmadığı halda, məhkəmə, həm də onu işdə iştirak etməyə cəlb etmədən, X3 Xidmətinin üzərinə vəzifə qoymuş, bununla da onun hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Rayon məhkəməsi hazırkı işə baxarkən başqa bir prosessual pozuntuya da yol vermişdir. Mülki Prosessual Məcəllənin 240.1.1-ci maddəsinə əsasən gəlməmiş tərəf bu Məcəllə ilə müəyyən olunmuş qaydada xəbərdar edilməmişsə, işə qiyabi icraat qaydasında baxılmasına yol verilmir. Mülki işin materiallarında cavabdehin qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmasına dair sübut yoxdur. Demək ki, belə olan halda işə qiyabi icraat qaydasında baxılması düzgün olmamışdır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məcəllənin 387.2-ci maddəsi şikayətin dəllilərindən asılı olmayaraq rayon məhkəməsinin qətnaməsinin ləğvinin əsaslarını təsbit etmişdir. Onlardan biri də işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquqlarının pozulması ilə nəticələnmiş onların hüquq və vəzifələrinə dair məsələnin həll edilməsidir (maddə 387.2.4.). Beləliklə, rayon məhkəməsi tərəfindən hazırkı mülki iş üzrə üçüncü şəxsi işdə iştirak etməyə cəlb etmədən, məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmadan, iddia tələblərindən kənara çıxaraq və iş üzrə icraata düzgün olmadan qiyabi qaydada baxılması ilə bağlı prosessual pozuntuya yol verilmişdir. Nəticə: Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə prosessual hüquq normaları pozulduğundan apellyasiya şikayəti təmin edilməli, qiyabi qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməklə, əmək müqaviləsinə xitam verilməli və müvafiq bildirişinin elektron informasiya sisteminə gücləndirlimiş elektron imza vasitəsilə daxil edilməsi öhdəliyi Cavabdeh MMC-yə həvalə edilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri tərəflərə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1.-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Üçüncü şəxs X3 Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2144/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qiyabi qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbi təmin edilsin. İddiaçı ilə işəgötürən Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixdə müddətsiz bağlanmış əmək müqaviləsinə (xx.xx.2019-cu il tarixli, xxxxxxx000200 nömrəli əmək müqaviləsi bildirişi) xitam verilsin. Əmək müqaviləsinə xitam verilməsinə dair əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil etmək öhdəliyi Cavabdeh MMC-yə həvalə edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar