Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8613/2020 23.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Nümayəndə Rüfət oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “icarə hüquq münasibətlərinə xitam verilməsi, icarə obyektinin boşaldılması və təhvil verilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(004)-4944/2020 saylı qərardadından cavabdeh şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, X1 Naxçıvani küçəsi 22 ünvanında yerləşən icarə obyektinin boşaldılması və təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu, X1 Naxçıvani küçəsi 22 ünvanında 1-ci mərtəbədə yerləşən 193,24 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinin mülki işin məhkəmədə baxılıb qurtarana qədər cavabdeh tərəfindən istifadəsi və istismarının qadağan olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(004)- 4944/2020 saylı qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, X1 Naxçıvani küçəsi 22 ünvanında 1-ci mərtəbədə yerləşən 193,24 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsininmülki işin məhkəmədə baxılıb qurtarana qədər Cavabdeh tərəfindən istifadəsi və istismarının qadağan olunması qərara alınmışdır. Qərardaddan cavabdeh tərəfin verdiyi şikayət məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh şikayətində qərardadın ləğv olunmasını xahiş edərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən prosessual pozuntuya yol vermişdir. Belə ki, icarə əsasında təmir edib işlətdiyi Bakı şəhəri, Yasamal rayonu, X1 Naxçıvani küçəsi 22 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə onun istifadəsinə qadağa qoyulması sahibkarlıq fəaliyyəti ilə bağlı olan hüquqlarını pozmuşdur. Kollegiyanın iclasında iştirak edən iddiaçı və nümayəndəsi-vəkili şikayətin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəməyə gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmadan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nın 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Kollegiya qeyd edir ki, iddianı təmin etmə tədbirləri iddianı qabaqcadan həll etməyib, müvəqqəti xarakter daşıyır. Bu, iddianın təmin ediləcəyi təqdirdə iddia tələblərinin realizə edilməsinə təminat verməyə yönəlmiş məhkəmə tərəfindən tətbiq olunan tədbirlər institudur. Bu tədbirlər fiziki və hüquqi şəxslərin hüquqlarının əsas təminatçısı olmaqla, mülki hüquq pozuntusu nəticəsində onların pozulmuş hüquqlarının bərpasına xidmət etməyə yönəlmişdir. Bu institutun əhəmiyyəti ondan ibarətdir ki, onunla cavabdehin vicdansız davranışı halı üçün iddiaçının qanuni maraqları müdafiə olunur və ya iddianı təmin etmə tədbirlərinin görülməməsi gələcəkdə qətnamənin icrasını mümkünsüz edilməsi ilə nəticələnə bilər. Bununla belə, nəzərə almaq lazımdır ki, iddianı təmin etmək üçün görülmüş tədbirlər işdə iştirak edən cavabdehin maraqlarına da xələl gətirməməli, iddianın həcminə adekvat olmalıdır. MPM-nin 158.1.2-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək tədbiri görülə bilər. Kollegiya qeyd edir ki, cavabdehin şikayətinin dəlilləri əsassızdır və qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, iddianın məzmunu cavabdehlə iddiaçı arasında mövcud olan icarə hüquq münasibətlərinə xitam verilməsi, habelə icarə obyektinin boşaldılaraq təhvil verilməsi təşkil edir. Mübahisə predmeti isə bilavasitə Bakı şəhəri, Yasamal rayonu, X1 Naxçıvani küçəsi 22 ünvanında 1-ci mərtəbədə yerləşən 193,24 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsidir. Belə olan halda həmin qeyri-yaşayış sahəsi ilə bağlı hər hansı hərəkətin edilməsi, iddianın təmin ediləcəyi halda qətnamənin icrasını çətinləşdirə bilər. Odur ki, birinci instansiya məhkəməsi iddiaçının ərizəsini təmin etməkdə haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 401 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(004)- 4944/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə biməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-8613/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8613/2020
23.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver