Məhkəmə qərarları › İş №2(103)-8613/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8613/2021

25.08.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8613/2021 25.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(002)-2183/2021 saylı qərardadından ərizəçi İddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri 8 saylı Notariat Ofisinə qarşı miras əmlakın qəbul edilməsi müddətinin bərpası tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(0002)-2183/2021 saylı qərardadı ilə İddiaçı Bakı şəhəri 8 saylı Notariat Ofisinə qarşı miras əmlakın qəbul edilməsi müddətin bərpası tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilmişdir. İddiaçı Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(0002)-2183/2021 saylı qərardadından verdiyi şikayət həmin məhkəmənin 26 iyul 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayətini müdafiə etdi, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. Cavabdeh 8 saylı Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndə məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(0002)-2183/2021 saylı qərardadı ləğv edilməli, mülki iş aidiyyətı üzrə baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından da göründüyü kimi, mübahisəli miras əmlak Bakı Şəhəri, Qaradağ rayonu ərazisində yerləşir. İddiaçının formal qeydiyyatı Bakı şəhəri, Xətai rayonu, İnzibati bina, E.Əliyev küçəsi ev 4 olsa da, özünün qeyd etdiyi kimi miras əmlakda yaşayır. Digər tərəfdən cavabdehin ünvanı Bakı şəhəri, Qaradağ rayonu ərazisidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra MPM) 35.1 -ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 37-ci maddəsinə istinad edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytararkən düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə mübahisəyə Qaradağ rayon Məhkəməsində baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.2, 399, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(0002)- 2183/2021 saylı qərardadı ləğv edilsin, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar