Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8618/2021 21.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vəfaddin Ələm oğlu İbayevdən ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1241/2021 saylı, 18 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, vurulmuş maddi ziyana görə 40.000 manat, mənəvi zərərin əvəzi kimi isə 50.000 manat nəbləğində pulun Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutularaq ona ödənilməsi, onun qanunsuz həbsində günahkar olan orqanların ondan yazılı surətdə üzr istəməsinin təmin edilməsi, 20 ay müddətində qanunsuz həbsdə olmağı ilə əlaqədar müddəti onun əmək stajına daxil edilməsi, ona qarşı cinayət etmiş X4, X6, X2, X5, X1 AR MPM-nin 265.4-cü maddəsində nəzərdə tutulmuş qaydada xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir . İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, BMCMİ-si tərəfindən 11.10.2018-ci il tarixdə yaşadığı Ağdaş rayon, Babək küçəsi 10 ünvanda yerləşən mənzilindən qanunsuz olaraq tutularaq həbs edilmişdir. Barəsində 10 ay müddətində istintaq, 10 ay da məhkəmə araşdırılması aparılmış, nəticədə Şəki Ağır Cinayətlər Məhkəməsinin 01.06.2020-ci il tarixli hökmünə əsasən barəsində bəraət hökmü çıxarılmışdır. Həbsdə olduğu 20 ay müddətində ona külli miqdarda maddi zərər dəymiş və mənəvi əzablara düçar olmaqla mənəvi ziyan çəkmişdir. O, ticarətlə məşğul olmaq üçün yaşadığı Ağdaş rayon, Babək küçəsi 10 ünvanda yerləşən mənzili "xxxx" ASC-yə girova qoymaqla kredit götürmüşdür. Onun haqsız və qanunsuz yerə həbs edilməsi həmin kreditin ödənilməsini mümkünsüz etmişdir. Nəticədə bank tərəfindən həbsdə olduğu müddətdə məhkəmədə ona qarşı iddia qaldıraraq kredit borcunun ödənilməsi üçün yaşadığı mənzilin hərrac vasitəsilə satılaraq borcun ödənilməsini iddia edir. Hazırda banka olan borc 14.757 ABŞ dolları təşkil edir ki, bunun da böyük hissəsi həbsdə olaraq hər ay ödəyə bilmədiyi məbləğlər olmuşdur. Bundan əlavə məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, o, ailədə tək işləyən və gəlir gətirən şəxs olmuşdur. Həyat yoldaşı evdar qadın olmuş və 1 azyaşlı övladı onun himayəsində olmuşdur. O, hər ay məcburi ödəmələrdən (banka olan kredit borcu) əlavə ailənin maddi və təsərrüfat xərcləri üçün hər ay minimum 500 manat məbləğində vəsait sərf etmişdir. Bura həm kommunal ödənişlər, həm də ailənin digər zəruri etiyacları daxildir. Nəzərə alınsa ki, 20 ay müddətində həbsdə olmuşdur, ailəsi və o bu gəlirlərdən məhrum olmuşdur ki, bu da minimum 10.000 manat məbləğində maddi ziyan kimi qiymətləndirilməlidir. Bundan əlavə həbs olunduğu 11.10.2018-ci il tarixdən 10 ay müddətində Bakı şəhərində istintaqı aparılan cinayət işində iştirak etmək üçün Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Ramil Məmmədzadə tərəfindən dəfələrlə tərəfindən xərcləri ödənilməklə Bakı şəhərinə gəlinmiş, o cümlədən Şəki Ağır Cinayətlər məhkəməsində barəsində aparılan 20 baxışdan artıq məhkəmə araşdırmalarında iştirak etmişdir. Bu 20 aylıq müddət üçün tərəfindən vəkil xərcləri olaraq 2.000 manatdan artıq pul vəsaiti xərclənmişdir ki, bu da ona vurulmuş maddi ziyanın tərkibinə daxil olmuşdur. Bundan əlavə o, həbsdə olduğu müddət ərzində səhhətində ciddi narahatçılıqlar və xəstəliklər yaranmış və bununla əlaqədar istintaq təcridxanasının tibb məntəqəsində qalmışdır. Həmin dövrlərdə həbsxanaya dərman pereparatlarının ötürülməsinin mümkünsüzlüyü və tibb məntəqəsində isə müəlicəsi üçün əlverişli şərait olmadığından keyfiyyətli tibbi yardım almaq hüququndan məhrum olmuşdur və bu gün də səhhəti ilə bağlı müalicələrini ambulator qaydada davam etdirir. Bu onun səhhətinə vurulmuş ziyan kimi qiymətləndirilməlidir və bunun da maddi həcmini minimum 3000 manat olmaqla dəyərləndirir və ona vurulmuş maddi ziyana daxil edilməsini tələb edir. Eyni zamanda həbsdə olduğu müddət ərzində o ciddi mənəvi-psixoloji iztirablara da məruz qalmışdır. Ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 50.000 manat məbləğində kompensasiya ödənilməsini qanuni və ədalətli hesab edir. Çünki, həbsdə olduğu 20 ay müddət ərzində ailəsinin və azyaşlı övladının qayğısız və tək tənha qorxu içində yaşamaları, yaşadıqları evin bank tərəfindən iddia qaldırılaraq boşaldılması tələbi, ailəsinin ağır maddi durumda qalması kimi hallar onun ağır mənəvi psixoloji vəziyyətlərə düşməsinə səbəb olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1241/2021 saylı, 18 mart 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən mənəvi zərərə görə 3.000 (üç min) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi, iddianın digər hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Maliyyə Nazirinin müavini X8 tərəfindən ayrı-ayrılıqda apelyasiya şikayətləri verilmişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1241/2021 saylı, 18 mart 2021-ci il tarixli qətnaməsi qismən iddianın təmin edilməyən hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə qətnaməsini əsaslandırarkən, maddi hüquq norması kimi “Təhqiqat ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətli nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” qanununa istinad etməsinə baxmayaraq, həmin qanunun 5-ci maddəsində nəzərdə tutulmuş halları düzgün nəzərə almamışdır. Belə ki, qeyd edilən maddənin dispozisiyasna görə, hər bir şəxs məhrum olduğu əmək haqqını, ödənilmiş məhkəmə və istintaq xərcləri və hüqu yardım xərclərini düzgün müəyyən etməmişdir. Məhkəmə tələbin bu hissəsini sadəcə sübuta yetirilmədi kimi qeyd etməklə kifayətlənmişdir. Məhkəmə yekun qənaətə gələrkən nəzərə almamışdır ki, o ailədə yeganə qazanc gətirən şəxs olmuş və əmək haqqının olubolmamasından aslı olmayaraq, ailəsini fərdi fəaliyyətlə məşğul olmaqla dolandırmış, bu xərclər hər ay üçün minimum 500 manat olmuşdur. Qanunsuz həbsə alındıqdan sonra bu gəlirlərdən azad olmuş və ailəsi ağır maddi çətinliklərlə üzləşmişdir. Məhkəmə tərəfindən hətta gəlirlərinin stabil olmadığı halda belə minimum yaşayış meyarı nəzərə almaqla ailə üzvlərinin sayna uyğun olaraq vurulmuş ziyanın ödənilməsini təmin etməli olduğu halda bunu etməmişdir. Bundan əlavə məhkəmə qeyd edilən maddənin dispozisiyasna görə ödənilməli olan məhkəmə və istintaq xərcləri və hüquqi yardam xərclərini düzgün müəyyən etməmişdir. Məhkəmə qətnaməsini əsaslandırarkən CPM-nin 57.1. maddəsinə istinad etsə də, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş pozulmuş mənzil hüquqları bərpa edilməsi hissəsini nəzərə almamışdır. Bununla da məhkəmə ona qarşı qərəzli mövqedə olmaqla ədalətsiz bir qətnamə qəbul etmişdir. Məhkəmə qətnaməsini əsaslandırarkən də maddi hüquq norması kimi iddia ərizəsində istinad edilən normalara istinad etmiş və bu normalara düzgün hüquqi qiymət verməyərək iddia tələbini rədd edərkən tətbiq etmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1241/2021 saylı, 18 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Maliyyə Nazirinin müavini Azər Bayramov apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1241/2021 saylı, 18 mart 2021-ci il tarixli qətnaməsi maddi və prossesual hüquq normalarının pozulması nəticəsində qəbul edildiyindən aşağıda göstərilən hallar nəzərə alınmaqla ləğv olunmalıdır. Qətnamənin nəticə hissəsindən məlum olur ki, məhkəmə mənəvi ziyana cörə 3000 manat kompensasiya müəyyən etmişdir. Lakin məhkəmə bununla bağlı hər hansı təsdiqedici sənədlərə istinad etməmiş və iş materiallarında iddiaçıya hər hansı mənəvi zərər dəyməsi faktı da sübut olunmur. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarını nəzərə almayıb. Bundsn başqa mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respubhkası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş zyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. Ona qarşı xüsusilə ağır cinayət törədildikdə - 330 manat, ona qarşı ağır cinayət törədildikdə - 165 manat, ona qarşı az ağır cinayət törədildikdə - 55 manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə - 11 manat. Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildildyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. Cinayət-Prcsessual Məcəlləsinin yuxarıda sadalanan normaları kontekstində iddiaçıya 3000 manat məbləğində kompensasiya hesablanması tamamilə əsassızdır. Göründüyü kimi məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı qətnamə qəbul edilərkən pul vəsaitinin dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilmiş, lakin həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1241/2021 saylı, 18 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsinin iştirаkı оlmаdаn mülki işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi apelyasiya şikayətlərində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldıqlarını bildirərək qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişlər. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apelyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin apelyasiya şikayətlərinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-7/2020 saylı, 01.06.2020-ci il tarixli hökmünün surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən və əməlində cinayət tərkibi olmadığından ona bəraət verilmiş və barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək dərhal məhkəmə iclas zalından azad edilmişdir. Eyni zamanda yuxarıda qeyd olunan hökmdən görünür ki, İddiaçı 19 (on doqquz) ay 20 (iyirmi) gün (11.10.2018-ci il tarixdən 01.06.2020ci il tarixədək) müddətində həbsdə saxlanılmışdır. İş materiallarında olan, Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin Vergi ödəyicisinin dövriyyəsi haqqında 26.10.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı 9 saylı Ərazi Vergilər İdarəsində 28.01.2013-cu ildə ********** nömrəli VÖEN-lə ixtisaslaşdırılmış mağazalarda digər ərzaq məhsullarının pərakəndə satışı fəaliyyət növü üzrə qeydiyyata alınmış və 01.01.2013-cu il tarixdən 01.01.2015-ci il tarixədək təqdim etdiyi sadələşdirilmiş vergi bəyannamələrinə əsasən 14.200,00 (on dörd min iki yüz manat) manat dövriyyə göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə görə zərərin əvəzinin öədənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllnin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakndan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllnin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllnin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını təhlil edərək hesab edir ki, iddia, iddia tələbində qeyd edilən maddi hüquq normaları baxımından sübut ediləcəyi təqdirdə əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Lakin İddiaçı 40.000 manat maddi ziyanın cavabdehdən alınaraq ona ödənilməsini tələb etsə də, ona vurulmuş maddi ziyanla bağlı (əmək haqqı, pensiya, başqa gəlirlərin itirilməsi, xərclər və sair) hər hansı sübutu məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Həmçinin məhkəmə baxışı zamanı onun əmlakının müsadirə edilməsi, götürülməsi və ya üzərinə həbs qoyulması, hökmün icrası zamanı cərimə ödənilməsi halları müəyyən edilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini bu hissədə əsassız hesab etməkdə və təmin edilməməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Odur ki, maddi zərər hissəsində məhkəmə kollegiyası birinci inistansiya məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab edir. İddia tələbinin mənəvi zərərlə bağlı hissəsi ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 (zərərin əvəzinin ödənilməsi) və 23 maddələrinin (şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmçinin göstərilir ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununun 3 noyabr 2008-ci il tarixli 7 N-li qərarına əsasən mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlər) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Məhkəmə kollegiyası mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin təhlükəlilik dərəcəsini (yəni hüquqa zidd əməlin inzibati xəta sayılmasını), bunun nəticəsində iddiaçının keçirdiyi mənəvi sarsıntının xarakterini, cavabdehin təqsirini, yəni iddiaçının qanunsuz həbsdə qalmasını, cavabdehin əmlak vəziyyətini və iddiaçının fərdi xüsusiyyətlərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mənəvi zərərin əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə 3.000 (üç min) manat məbləğində pul tutulması ağlabatan və ədalətlidir. Məhkəmə kollegiyası vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçının izahatından və təqdim olunmuş sənədlərdən aydın oldu ki, iddiaçı əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması və həbsdə saxlanılması nəticəsində mənəvi sarsıntı və iztirablar keçirmişdir. Belə ki, qanunsuz məhkum olunması nəticəsində o, fəal ictimai həyat tərzindən məhrum edilmiş, onun azadlıq və digər bir sıra hüquqları məhdudlaşdırılmış, sağlamlığına zərər dəymişdir. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir, 3.000 manat məbləğində təmin olunması ədalətli və ağlabatandır. Eyni zamanda birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, məhkəmə iddianın “iddiaçının qanunsuz həbsində günahkar olan orqanların ondan yazılı surətdə üzr istəməsinin təmin edilməsi” tələbi ilə əlaqədar hesab edir ki, mənəvi zərərə görə cavavabdehdən 3000 manat məbləğində pulun tutulması iddiaçının pozulmuş hüququnun bərpa edilməsi kimi qəbul edilməli olduğundan iş üzrə cavabdeh qismində cəlb edilməyən şəxslərin üzərinə əlavə vəzifələrin qoyulmasına zərurət qalmamışdır. Odur ki, həmin hissədə də məhkəmə kollegiyası birinci inistansiya məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 7-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllnin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslıdır. Bundan başqa İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirinin müavini Azər Bayramov apelyasiya şikayətlərində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsələr də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazlarını əsaslandıra bilməmişlər, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Məhkəmə kоllegiyası həmçinin apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Odur ki, məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətlərində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirinin müavini Azər Bayramovun apelyasiya şikayətlərində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətlərində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1241/2021 saylı, 18 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə verilmiş apelyasiya şikayətləri təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1241/2021 saylı, 18 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-8618/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8618/2021
21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver