Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8622/2021 25.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı əmlak bölgüsü və s. tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 5285/2021 saylı, 16 iyul 2021-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölgüsü və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-5285/2021 saylı, 16.07.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan ərizəçinin verdiyi şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işə baxan hakim qərardadını onunla əsaslandırmışdır ki, «...Müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1ci maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Məhkəmənin diqqətinə çatdırıram ki, iddiaçı məhkəmədən, həm birgə nikah dövründə əldə edilmiş yuxanda qeyd olunan əmlaklar üzərində 1/2 hissədə pay hüququnun müəyyən edilməsini, həm də azyaşlı övladları ilə birlikdə birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospektində yerləşən 78 nömrəli evin 19 saylı mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Lakin işə baxan hakim qərardadında iddia tələbinin yalnız birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi hissəsinə qiymət vermiş və həmin tələbə cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsində baxılmasını əsas gətirərək iddia ərizəsini geri qaytarmışdır. Halbuki, evə köçürülmə tələbinə dair iddialar müstəsna aidiyyət qaydasında əmlakın olduğu yerə görə verilir. Belə ki, iddiaçının köçürülməsini tələb etdiyi əmlak cavabdehlə birgə nikah dövründə əldə edildiyindən onların ümumi birgə mülkiyyəti hesab olunur, sonuncu iddiaçıya həmin mənzildə yaşamağa imkan verməməklə, onu mülkiyyət hüququndan məhrum etməsə də, qanuni sahib kimi hüquqlarını pozur və iddiaçı da həmin hüququnun pozulmasının aradan qaldırılması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər səbəbləri barədə məlumat vermədən məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilərək qərardad ləğv edilməli və iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinin həlli üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Qeyd edilən maddələrdə mülki məhkəmə icraatının ərazi aidiyyəti ilə bağlı əsas prinsipləri əks olunmuşdur. Belə ki, iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin və ya hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilməli olduğu təsbit edilmişdir. Müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. İddiaçının iddia tələbindən görünür ki, iddiaçının tələbi yalnız birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsindən deyil, həmçinin mənzilə köçürülmə tələbindən ibarət olmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytarmaqda haqlı olmamışdır. Kollegiya qeyd edri ki, əgər birinci instansiya məhkəməsi tələbin bir hissəsi ilə bağlı aidiyyəti üzrə başqa məhkəmədə baxılmalı olması qənaətinə gəlirsə tələbləri ayrıca icraata ayıra bilər. Belə ki, Mülki Prosessual Məcəllənin 169.2-ci maddəsinə əsasən bir neçə iddiaçı iddia verərsə və ya bir neçə cavabdehə qarşı iddia verilərsə, hakim tələblərə ayrıca baxılmasını məqsədə müvafiq hesab edərsə, bir və ya bir neçə tələbi ayrıca icraata ayırmağa haqlıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 395, 397, 398.0.2 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qərara aldı: Şikayət təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 5285/2021 saylı, 16 iyul 2021-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş, iddia ərizəsi üzrə məhkəmə icraatının başlanılmasının mümkünlüyü məsələsinin həlli üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-8622/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8622/2021
25.08.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver