Məhkəmə qərarları › İş №2(103)-8628/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8628/2020

02.12.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8628/2020 02.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Küdroğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili X5, Cavabdeh “X2 LLC” MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3526/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “X2 LLC” MMC-yə qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə cavabdeh “Cavabdeh" MMC arasında xx.xx.2011 nömrəli müddətli əmək müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı xx.xx.2011-ci il tarixdən etibarən “xxxx” MMC-nin hüquq şöbəsinin müdiri vəzifəsində işləyib. Müqavilənin müddəti xx xxxxxx 2011-ci il tarixədək müəyyən edilmişdir.xx xxxxxx 2012-ci il tarixli yeni müddətli əmək müqaviləsi bağlanaraq müddət xx.xx.2011-ci il tarixədək uzadılmışdır. xx.xx.2011-ci il tarixdə müqavilənin müddəti bitmiş lakin cavabdeh ona xitam verməmişdir nəticədə tərəflər arasında əmək münasibətləri eyni qaydada davam etmişdir.xx.xx.2014-cü il tarixdə tərəflərin bağladığı “Əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” 23 saylı müqavilə ilə xx.xx.2012-ci il tarixli müddətli əmək müqaviləsinə xitam verilmiş, əmək münasibətlərinin müddətsiz şərtlərlə davam etdirilməsi razılaşdırılmışdır.Sonuncu dəfə xx.xx.2014-cü il tarixdə “Əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” 75 saylı müqavilə ilə xx.xx.2014cü il tarixli 23 saylı əmək müqaviləsinə dəyişiklik edilərək əmək haqqının məbləği xx.xx.2015-ci il tarixdən etibarən 3100 manat (üç min yüz manat) müəyyən edilmişdir. 2016-cı ilin yanvar ayından etibarən iddiaçıya maaş verilməsi gecikdirilmişdir. Yalnız iddiaçının şikayət və müraciətdən sonra əməkhaqqı kart hesabına xx.xx.2016-cı il tarixdə əmək haqqının çox az bir hissəsi, cəmi 2.901,75 manat köçürülmüşdür.İddiaçı cavabdehə xəbərdarlıq edərək ona ödənilməmiş əməkhaqqının ödənilməsini tələb etmişdir. Lakin, cavabdeh yenə əməkhaqqını ödəməmiş və iddiaçının müraciətinə cavab verməmişdir.İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək əmək hüquqlarının pozulmasının aradan qaldırılmasını xahiş etmişdir. Bu müraciətə cavab olaraq Nazirliyin Dövlət Əmək Müfəttişliyi xidmətinin 4 saylı region üzrə Dövlət ƏməkMüfəttişliyinin xx.xx.2016-cı il tarixli məktubu ilə bildirilmişdir ki, iddiaçının əmək müqaviləsinə xx xxxxxx 2016-cı il tarixdə 2K nömrəli əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə xitam verilmiş və 2901.75 manat məbləğində son haqq-hesab bank hesabına köçürülmüşdür. Əmrdə əmək müqaviləsinə xitam verilməsinin əsası kimi, xx xxxxxx 2012-ci il tarixli müddətli əmək müqaviləsinin müddətinin başa çatdığı göstərilmişdir. Halbuki, bu müqavilə hələ xx.xx.2014-cü il tarixdə tərəflərin bağladığı “Əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” 23 saylı müqavilə ilə qüvvədən salınmış, əmək münasibətlərinin müddətsiz şərtlərlə davam etdirilməsi razılaşdırılmışdır.İddiaçı cavabdehin bu əmrini qanunsuz və özünün əmək hüququna və qanuni mənafeyinə zərər vuran əməl sayaraq xx.xx.2016-cı il tarixdə Nəsimi rayon Məhkəməsində “işəbərpa və əmək haqqının tutulması” haqqında iddia qaldırmışdır.Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddia təmin olunmamışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2016cı il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbinin təmin edilməsi, cavabdehin xx.xx.2016-cı il tarixli əmrinin ləğv edilməsi, iddiaçının hüquq şöbəsinin müdiri vəzifəsinə bərpa edilməsi, cavabdeh tərəfindən iddiaçıya məcburi işburaxma müddəti üçün əməkhaqqının ödənilməsi qət edilmişdir.Bu qərar nəticəsində cavabdeh iddiaçıya ödəməli olduğu pul vəsaitini ödəməmək üçün, xx.xx.2014-cü il tarixli 23 saylı əmək müqaviləsinin etibarsız sayılması haqqında Sabunçu Rayon Məhkəməsində əsassız iddia qaldırmış, eyni zamanda Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Cavabdeh iddia qaldırmaq və məhkəmə aktlarından şikayət vermək hüquqlarından sui-istifadə etməklə iddiaçıya borclu olduğu əmək haqqını ödəməkdən yayınmışdır.Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarı ilə işə bərpa haqqında mülki iş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Lakin, həmin ərəfədə əmək müqaviləsinin etibarsız sayılması haqqında mülki iş də Bakı Apelyasiya Məhkəməsinə daxil olmuşdur. Bu səbəbdən, Bakı Apelyasiya Məhkəməsi mübahisə predmeti olan əmək müqaviləsinin etibarsızlığı barədə məhkəmə mübahisəsi qurtarana qədər işə bərpa haqqında iddia üzrə işə baxılmasını dayandırdı. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə cavabdehin “Əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” xx.xx.2014-cü il tarixli, 23 nömrəli müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Cavabdeh hüquqlarından sui-istifadə edərək bu qətnamədən də kassasiya şikayəti vermişdir. Lakin Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, “işəbərpa” iddiası üzrə icraat təzələnmiş və Bakı Apelyasiya Məhkəməsində sonuncu dəfə baxılaraq, xx.xx.2019-cu il tarixli, 2(103)-11179/2019 nömrəli qətnamə ilə iddiaçının iddiası təmin edilmiş, onun Cavabdeh MMC-də Hüquq şöbəsinin müdiri vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir.Cavabdehin sonuncu qətnamədən verdiyi kassasiya şikayəti də Ali Məhkəmənin xx xxxxx 2020-ci il tarixli qərarı ilə təmin edilməmiş, qətnamə dəyişdirilmədən qüvvəsində saxlanmışdır.Ali Məhkəmənin qərarının qəbul edildiyi andan qüvvəyə minməsinə baxmayaraq, cavabdeh bu günə qədər məhkəmə qətnaməsini icra etmir, iddiaçının əmək hüquqlarını pozmaqda və ona maddi və mənəvi ziyan vurmaqda davam edir.Sadalanan məhkəmə aktları ilə təsdiq olunub ki, cavabdeh qanunsuz olaraq iddiaçı ilə olan əmək müqaviləsinə xitam vermiş, onu işsiz və əmək haqqısız qoymuşdur. Habelə, bu qanunsuz əməllərini uzun müddət davam etdirə və iddiaçıya ödənilməli əmək haqqını özünün başqa kommersiya məqsədlərinə sərf etməsi üçün, qanunla müəyyən edilmiş hüquqlardan sui-istifadə edərək əsassız iddia və şikayətlər vermək yolu ilə iddiaçının hüquqlarının məhkəmə qaydasında daha tez bərpa olunmasına mane olmuş, bu əməlləri ilə ona maddi və mənəvi ziyanın artmasına səbəb olmuşdur.Cavabdeh mülki-prosessual hüquqlarından sui-istifadə edərək iddiaçını 4 il 6 aydan (54 ay) artıq müddətdə məhkəmələrdə süründürür, bu müddətdə onun əmək haqqısını ödəməkdən yayınır. Həmin vaxt ərzində iddiaçı cavabdehin əsassız iddia və şikayətləri nəticəsində başlayan məhkəmə icraatlarında iştirak etməyə, hüquqi yardımlar almağa, məsrəflər etməyə, rahatsızlıqlar yaşamağa, həyacan və iztirablar keçirməyə məcbur olmuşdur. Əmək haqqından məhrum edilməsi və maddi vəziyyətinin pisləşməsi onun ailə üzvlərinin sağlamlığına, dolanışığına, təhsilinə və əhvalına çox pis təsir etmişdir. Bütün bunlar da yekunda, iddiaçını daha da çox sarsıtmışdır.Cavabdehin bu hərəkətləri iddiaçıya mənəvi ziyanla yanaşı maddi ziyan da vurmuşdur. Belə ki, cavabdeh iddiaçının əmək haqqını qanunsuz yolla özündə saxlayaraq ondan fayda götürmüşdür. Halbuki, həmin puldan iddiaçı faydalanmalı idi. Göstərilənlərə əsasən Cavabdeh MMC-dən əmək haqqının ödənilməsini gecikdirdiyinə görə 491.510 manat faiz, iddiaçının qanunsuz işdən çıxarıldığına, uzun müddət işsiz qoyulduğuna və məhkəmə çəkişmələrinə məruz qaldığına görə 50.000 manat mənəvi zərər, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, ümumilikdə 541.540 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3526/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh “X2 LLC” MMC-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmiş və məhkəmə xərcləri iddiaçıya aid edilmişdir. Həmin qətnamədən İddiaçı iddia ərizəsinin məzmununa uyğun əsaslanırmaqla apelyasiya şikayəti vermiş və apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia ərizəsinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X6 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh “X2 LLC” MMC-nin nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətinə etiraz təqdim edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3526/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 11613/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, hazırki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3982/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı “X3 LLC” MMC-nin cavabdeh İddiaçı qarşı «X3 LLC” MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə xx xxxxxx 2014-cü il tarixli, 23 nömrəli müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(102)-4255/2018 saylı qərarı ilə iddiaçı “X3 LLC” MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11613/2017 nömrəli iş üzrə xx xxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 11179/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-8388/2016 saylı, xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı cavabdeh “X3 LLC” MMC-yə qarşı iddiasının təmin edilməsi, İddiaçı cavabdeh “X3 LLC” MMC-də Hüquq Şöbəsinin müdiri vəzifəsinə bərpa edilməsi və ona məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-1386/2020 saylı qərarı ilə cavabdeh “X3 LLC” MMC-nin kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin MK-nın 2(103)-11179/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci bəndinin tələbinə əsasən əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Məhkəmə haqlı olaraq iddia tələbinin “əmək haqqının ödənilməsini gecikdirdiyinə görə 512.697,70 manat faizin tutulması” hissəsi ilə bağlı hesab etmişdir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə istinad etməklə əmək haqqı məbləğinə bank uçot dərəcəsi əsas götürülməklə faiz hesablanaraq maddi zərər kimi ona ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin normanının mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: 1) qanunsuz saxlama; 2) qaytarmaqdan boyun qaçırma; 3) ödənilməsini digər şəkildə gecikdirmə; 4) başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Göründüyü kimi, sırf mülki hüquqi xarakter daşıyan bu norma pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla (gəlir, artım, bəhər və ya sair maddi xeyirin əmələ gəlməsi) əlaqələndirmişdir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, hazırkı mübahisə əmək mübahisəsi olduğundan bu normanın tətbiq edilməsi mümkün deyildir. Mənəvi zərərin tələbi ilə əlaqədar də məhkəmə haqlı olaraq hesab etmişdir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu xx xxxxxx 2008-ci il tarixli 7 saylı Qərarının 8- ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və istirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddı formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı isə ona mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Bundan əlavə, “İnsan Hüquqlarının və X4 Haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Göründüyü kimi cavabdeh tərəf qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarından istifadə edərək, məhkəmə müdafiəsi hüququndan istifadə etmişdir. Məhkəmə cavabdeh tərəfin iddia müddətinin tətbiqi ilə bağlı vəsatəti ilə əlaqədar haqlı olaraq qeyd etmişdir ki, hazırki iddia tələbinə münasibətdə iddia müddətinin tətbiq olunması üçün əsas yoxdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı cavabdeh “X2 LLC” MMC-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində qeyd olunanlar formal mülahizələr olmaqla yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3526/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3526/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar