Məhkəmə qərarları › İş №2(103)-8628/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8628/2021

10.09.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8628/2021 10.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balaban Nərgiz Cəlaləddin qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 may 2021-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən mülki işə cavabdeh MMC-nin vəkili Vəkil, cavabdeh MMC-nin nümayəndəsi X2, iş üzrə üçüncü şəxs olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti 1 saylı region üzrə X3 nümayəndəsi X1 və iddiaçının özünün iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, ona münasibətdə işəgötürən olan cavabdeh MMC-nin ona vurduğu maddi və mənəvi ziyanın aidiyyəti qurumlar tərəfindən ümumilikdə hesablanaraq vahid pul şəklində MMC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 02.05.2016-cı il tarixdən etibarən iddiaçı cavabdeh MMC-də nəzarətçi vəzifəsində işləmişdir. İşlədiyi müddətdə iddiaçı iş vaxtından əlavə işlərə cəlb edilmişdir. 10.10.2019-cu il tarixdə işi ilə əlaqədar səhhətində yaranan uzun sürən xəstəliklə bağlı işə davamiyyətini itirdiyinə görə iddiaçı öz xahişi ilə işdən azad olmuşdur. 2016-2019-cu illər ərzində iddiaçıya düşən məvacibin düzgün hesablanmaması, əlavə işlərə cəlb olunması nəzərə alınmamışdır. İş fəaliyyəti dövründə iddiaçının səhhətində yaranan problemlərə görə heç bir güzəşt olunmaması, ələlxüsus da bunu fürsət bilib onun işdən çıxmağına şərait yaradaraq heç bir işdən çıxma məvacibinin ödənilməməsi və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89.3, 96.1, 110.1, 135, 143, 144.2, 162.1, 165.3, 172.4-cü maddələrini və bəndlərini kobudcasına qəsdən pozmaqlarına baxmayaraq onun şərəf və ləyaqəti ilə oynayıb halal haqqını istədiyinə görə yerlipərəstlik edib adını “demaqoq, işverən” çıxardırlar. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 27.05.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində qeyd edilir ki, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə qeyd edilir ki, 2016-ci il əmək müqaviləsi bildirişinə əsasən iddiaçı 245 manat, 18.09.2019-cu il tarixli əmək müqaviləsi bildirişində əsasən isə 494 manat əmək haqqı almışdır. Lakin bu səhv mövqedir. Çünki iddiaçı həmin məbləğləri almamışdır. Bundan başqa Rayon Məhkəməsi qeyd edir ki, iddiaçı ilə MMC arasında bağlanmış 02.05.2016-cı il tarixli "xxxx" 10.10.2019-ci il tarixli 200/k saylı əmrlə xitam verilmişdir. Halbuki MMC-nin qəbul eləmədiyi, lakin iddiaçının Rayon Məhkəməsinə təqdim etdiyi ərizədə iddiaçının işdən çıxmasının səbəbi aydın göstərilmişdir. Lakin Rayon Məhkəməsi işdən çıxma səbəbini ərizəyə görə yox, MMC-yə sərf edən şəkildə göstərmişdir. İddiaçı, apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh MMC-nin vəkili və nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edən apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməsinin əsaslarına uyğun izahat verdilər. Onlar bildirdilər ki, iddiaçı ilə bağlanmış "xxxx" iddiaçının ərizəsi əsasında xitam verilən zaman MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə riayət edilmiş, iddiaçıya son haqq-hesab ödənilmiş və bu zaman iddiaçının əmək haqqısının məbləği, istifadə edilməmiş məzuniyyət günlərinin sayı nəzərə alınmışdır. İddiaçı iş vaxtından əlavə işə cəlb edilməsini bildirsə də, bu məlumat yalandır. İddiaçı heç vaxt əlavə işlərə cəlb olunmamışdır. İş üzrə üçüncü şəxs olan Müfəttişliyin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək mövcud mülki mübahisənin həllini Məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış 02.05.2016-cı il tarixli "xxxx" görünür ki, iddiaçı həmin tarixdə MMC-yə, MMC-nin Xidmət Şöbəsinin nəzarətçisi vəzifəsi üzrə işə qəbul edilmişdir. Müqavilənin şərtinə görə, sınaq müddəti ərzində tərəflərdən biri digərini 3 gün əvvəl xəbərdar etməklə "xxxx" birtərəfli qaydada poza bilər. İddiaçının işə qəbulu barədə MMC üzrə 02.05.2016-cı il tarixdə 249/K saylı əmr verilmişdir. 02.05.2016-cı il tarixli “Əmək müqaviləsinin” bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, iddiaçının əmək haqqısı 245 manat məbləğində olmuşdur. "xxxx" 16.02.2017-ci il tarixdə edilmiş dəyişiklik barədə bildirişindən görünür ki, iddiaçının əmək haqqısı 302 manat məbləğində olmuşdur. "xxxx" 18.09.2019-cu il tarixdə edilmiş dəyişiklik barədə bildirişindən görünür ki, iddiaçının əmək haqqısı 494 manat məbləğində olmuşdur. İddiaçı tərəfindən cavabdeh MMC-nin direktoruna ünvanladığı 10.10.2019-cu il tarixli ərizədən görünür ki, o, 10.10.2019-cu il tarixdən işdən azad edilməsini xahiş etmişdir. MMC-nin 10.10.2019-cu il tarixli, 200/K saylı əmrindən görünür ki, iddiaçı ilə bağlanmış "xxxx" xitam verilmiş və iddiaçı 10.10.2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsünə) əsasən tutduğu vəzifədən azad edilmişdir. Həmin əmrlə iddiaçıya istifadə edilməmiş 9 məzuniyyət gününə görə pul əvəzinin ödənilməsi qərarlaşdırılmışdır. İddiaçı ilə bağlanmış "xxxx" xitam verilməsi 11.10.2019-cu il tarixli "xxxx" də öz əksini tapmışdır. MMC-nin 28.11.2019-cu il tarixli, 227/K nömrəli əmrindən görünür ki, iddiaçının işdən azad olunması ilə əlaqədar iddiaçıya istifadə edilməmiş 21 məzuniyyət gününə görə pul əvəzinin ödənilməsi qərarlaşdırılmışdır. MMC-nin direktoru və baş mühasibi tərəfindən imzalanmış “Son haqq-hesab cədvəlindən” görünür ki, iddiaçıya son haqq-hesab olaraq cəmi 238,39 manat hesablanmışdır. İşdə olan sənədlərdən görünür ki, iddiaçı tərəfindən X4 etdiyi şikayət əsasında o, MMC-yə dəvət olunmuş və MMC-də ona izah edilmişdir ki, məvacibin ödənilməməsi texniki səbəblərdən baş vermişdir. Son haqq hesabından hesablanmamış 320 manat məbləğin 213 manatı iddiaçının kart hesabına köçürməklə, 107 manat isə nağd şəkildə 11.12.2019-cu il tarixdə iddiaçıya ödənilmişdir. Bununla da, iddiaçıya 320 ödənilmiş və Müfəttişliyə etdiyi şikayətdə göstərilən məsələ öz həllini tapmışdır. İşə baxmış Rayon Məhkəməsi iddiaçının tələbinin əsaslı olub-olmamasını araşdırmaq məqsədi ilə 08.10.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05.04.2021-ci il tarixli, 9/5747 saylı ekspert rəyini almışdır. Həmin rəydən görünür ki, MMC tərəfindən iddiaçıya 10.10.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilərkən ona istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, ödənilməli əmək haqqı və digər ödəmələr, yəni son haqq-hesab mövcud iş materiallarında olan əmək müqaviləsinə əsasən aylıq əmək haqqı məbləği (hər ay üçün 245,0 manat), əmək haqqı üzrə bank hesabından çıxarışlar, 2016-2019-cu illər üzrə yığım, son haqqhesab cədvəlləri, məzuniyyət əmrləri və s. sənədlərə əsasən hesablanmışdır. İddiaçı cavabdeh MMC-də işlədiyi 02.05.2016-10.10.2019-cu illər ərzində iş vaxtından artıq işlərə cəlb edilməsi ilə bağlı mövcud iş materiallarında müəssisənin daxili əmrləri, bununla bağlı mühasibat sənədləri öz əksini tapmadığından ona hansı müddət üçün nə qədər əmək haqqı (ödəniş) hesablanmalı olduğunu hazırki tədqiqatla müəyyən etmək mümkün deyildir. Göstərilənləri nəzərə almış Rayon Məhkəməsi hesab etmişdir ki, iddia sübuta yetmədiyindən əsaslı hesab edilə bilməz. Məhkəmə Rayon Məhkəməsinin bu nəticəsi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 1096 və 1097.1-ci maddələrinin tələblərinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşdə olan sənədlərə əsasən müəyyən edilir ki, iddiaçı ilə MMC arasında 02.05.2016-cı il tarixdə bağlanmış "xxxx" əsasən iddiaçı cavabdeh MMC-yə nəzarətçi vəzifəsinə işə qəbul edilmişdir. 10.10.2019-cu il tarixdə iddiaçı ərizə ilə MMC-nin direktoruna müraciət edərək 10.10.2019-cu il tarixdən işdən azad edilməsini xahiş etmiş və MMC üzrə həmin tarixdə verilmiş 200/K saylı əmrlə iddiaçı ilə bağlanmış "xxxx" Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə xitam verilmiş və o, tutduğu vəzifədən azad edilmişdir. Son haqq-hesab olaraq iddiaçıya 238,39 manat hesablanmışdır. Qeyd edilən həmin əmrlə iddiaçıya istifadə edilməmiş 9 məzuniyyət gününə görə pul əvəzinin ödənilməsi qərarlaşdırılsa da, MMC müəyyən etmişdir ki, hesablanma səhv aparılmış və 28.11.2019-cu il tarixdə verdiyi 227/K nömrəli əmrlə işdən azad olunması ilə əlaqədar iddiaçıya istifadə edilməmiş 21 məzuniyyət gününə görə də pul əvəzinin ödənilməsini qərarlaşdırmışdır. Son haqq hesabından hesablanmamış 320 manat məbləğin 213 manatı iddiaçının kart hesabına köçürməklə, 107 manat isə nağd şəkildə 11.12.2019-cu il tarixdə iddiaçıya ödənilmişdir. Bununla da, iddiaçıya 320 ödənilmişdir. İddiaçı son haqq-hesabın MMC tərəfindən səhv hesablandığını bildirsə də, iş üzrə ekspertiza tədqiqatını həyata keçirmiş Məhkəmə Ekspertiza Mərkəzi bu halı müəyyən etməmişdir. Bu baxımdan hesab edilməlidir ki, iddiaçının bu dəlili əsassızdır. Bundan başqa iddiaçı cavabdeh MMC tərəfindən iş vaxtından əlavə işlərə cəlb edildiyini bildirsə də, bu halı təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmiş və məhkəmə baxışı zamanı bu hal müəyyən edilməmişdir. Odur ki, hesab edilməlidir ki, iddiaçının müzakirə edilən bu dəlili də əsassızdır. Daha sonra iddiaçı bildirir ki, Rayon Məhkəməsi qəbul etmişdir ki, iddiaçı ilə MMC arasında bağlanmış 02.05.2016-cı il tarixli "xxxx" 10.10.2019-ci il tarixli 200/k saylı əmrlə xitam verilmişdir. Halbuki MMC-nin qəbul eləmədiyi, lakin iddiaçının Rayon Məhkəməsinə təqdim etdiyi ərizədə iddiaçının işdən çıxmasının səbəbi aydın göstərilmişdir. Lakin Rayon Məhkəməsi işdən çıxma səbəbini ərizəyə görə yox, MMC-yə sərf edən şəkildə göstərmişdir. Apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, iddiaçının bu dəlil də əsassızdır. Çünki həmin ərizədə iddiaçı işdən azad edilməsinin səbəbini açıqlamamışdır (iş v. 11). Cavabdeh MMC tərəfindən iddiaçıya maddi zərərin vuruluması təsdiq edilmədiyindən hesab edilməlidir ki, iddiaçıya mənəvi zərər də dəyməmişdir. Apellyasiya şikayətinin dəlillərini müzakirə edən Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı nə iddia tələbinin nə də ki, apellyasiya şikayətinin dəlillərini təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etmədiyindən Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 may 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar