Məhkəmə qərarları › İş №2(103)-8630/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8630/2020

25.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8630/2020 25.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Məhərrəmova Şeyda Ədalət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Ərizəçi Məmmədova Səkinəxanım Əsəd qızının, onun vəkili İsmayılov Ülvi Zahid oğlunun, qətnamənin maraqlarına toxunduğunu irəli sürən şəxs İsmayılov Rauf Əbülhüseyn oğlunun nümayəndəsi və vəkili Nəsirli Arzu Cavanşir qızının iştirakları ilə, Ərizəçi Məmmədova Səkinəxanım Əsəd qızının “qohumluq faktının müəyyən edilməsi” ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3411/2018 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından maraqlarına toxunduğunu irəli sürən şəxs İsmayılov Rauf Əbdülhüseyn oğlu tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi Məmmədova Səkinəxanım Əsəd qızı məhkəməyə ərizə ilə müraciət edərək və daha sonra tələbini dəqiqləşdirərək xx.xx.1941-ci il təvəllüdlü Məmmədov Vaqif Həsən oğlu ilə onun qohumluq əlaqəsinin olması, yəni bacı-qardaş olmalarının müəyyən edilməsi və Məmmədov Vaqif Həsən oğlundan miras qalan Bakı şəhəri Xətai rayonu, M.Rüstəmov küçəsi, 4/6 ünvanda yerləşən 30.9 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin qəbul edilməsinin müəyyən edilməsi haqqında hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sabunçu Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, xx.xx.1941-ci ildə Bakı şəhərində anadan olmuş və xx xxxxxx 2015-ci ildə Bakı şəhərində ölmüş Vaqif Məmmədov ilə xx xxxxxx 1935-ci ildə Bakı şəhərində anadan olmuş Səkinəxanım Məmmədovanın qardaş-bacı olması və Səkinəxanım Məmmədovanın Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, 4/6 ünvanda yerləşən 30.9 kv.m- dən ibarət qeyri-yaşayış sahəsinə dair mirasın qəbul etməsi faktı müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədən işdə iştirak etməyən, lakin qətnamənin maraqlarına toxunduğunu irəli sürən İsmayılov Rauf Əbülhüseyn oğlu apellyasiya şikayəti vermiş, məhkəmənin xx xxxx 2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə bu zaman mövqeyini onunla əsaslandırmışdır ki, Rauf İsmayılov hazırki işdə tərəf olmamışdır və onun apelyasiya şikayətini imzalama]a səlahiyyəti yoxdur. Qərardaddan R.İsmayılovun verdiyi şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən qətnamənin maraqlarına toxunduğunu irəli sürən şəxsin nümayəndəsi-vəkili A.Nəsirli şikayəti müdafiə edərək izahatında bildirmişdir ki, birinci instansiya məhkəməsinin qərardadında R.İsmayılovun hazırki işdə tərəf olmadığı qeyd edilsə də, qətnamənin onun maraqlarına toxunması məsələsinə münasibət bildirilməmişdir. R.İsmayılov uzun illərdir və hazırda da həmin emalatxanadan istifadə edir. Məhkəmə iclasında iştirak edən ərizəçi, həmçinin onun vəkili Ü.İsmayılov isə şikayətin əsassız olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı ləğv olunaraq iş, R.İsmayılovun qətnamə ilə maraqlarına toxunulan şəxs kimi qəbul edilib-edilməməsi məsələsinin aydınlaşdırılması və bu barədə əsaslandırılmış məhkəmə aktı qəbul edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1 və 357.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Rauf İsmayılov apellyasiya şikayətində qeyd etmişdir ki, Məmmədov Vaqif Həsən oğlu yaxın dostu olmuşdur. Əhmədli qəsəbəsi, M.Rüstəmov 4/6 ünvanındakı “Rəssamlar evi”nin, 3-ü blok, 30.9 kv.metr sahəli, 90 saylı yaradıcılıq emalatxanasında yaşayan və yaradıcılıqla məşğul olan kimsəsiz, baxımsız, uzun illər şəkər və ürək çatışmazlığından əziyyət çəkən mərhum rəssam Vaqif Məmmədova bütün xəstəliyi müddətində xidmət etmiş, onun xəstəliyi ilə bağlı lazım olan hər bir ehtiyacını ödəmişdir. Vəziyyəti pisləşərkən V.Məmmədovu Sabunçu xəstəxanasına yerləşdirmiş və 9 gün onun qulluğunda olmuşdur. Vaqif Məmmədov dünyasını dəyişəndən sonra onu müsəlman adət-ənənəsi ilə dəfn edərək, qəbirüstü abidəsini də qoydurmuşdur. V.Məmmədov həm sağlam vəziyyətdə olanda, həm də xəstə vəziyyətdə olanda heç bir qohumu və kimsəsi tərəfindən axtarılmayıb, eyni zamanda rəhmətə gedəndən sonra həm yas mərasimlərində bu qisimdə iştirak edən, həm qəbirinin harada yerləşməsini sorub-soruşduran olmayıb. Rəhmətliyin ətrafında olanlar, ən yaxın dostu o olmaqla, bütün sənət adamları hər zaman onu kimsəsiz görmüş, bilmiş və bu səbəbdən onun qayğısını o çiyinlərinə götürmüşdür. O, rəhmətə gedəndən sonra, yəni, xx.xx.2015-ci il tarixdən hal-hazıra kimi ona məxsus mübahisəli emalatxanada fəaliyyət göstərmişdir. Göründüyü kimi, Rauf İsmayılovun irəli sürdüklərinə görə, mübahisəli emalatxananın əvvəlki sahibi mərhum Vaqif Məmmədova sağlığında o qulluq etmiş, o vəfat etdikdən sonra onun dəfn xərclərini də özü qarşılamış və hazırda sözügedən emalatxanada fəaliyyət göstərir. Birinci instansiya məhkəməsi isə apellyasiya şikayətini geri qaytararkən sözügedən qətnamənin Rauf İsmayılovun maraqlarına toxunub-toxunmaması məsələsini aydınlaşdırmamış və R.İsmayılovun iş üzrə tərəf olmaması əsası ilə və MPM-in 363.1.1-ci maddəsinə istinad etməklə (363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa) apelyasiya şikayətinin qaytarılmasi nəticəsinə gəlmişdir. Bu baxımdan kollegiya hesab edir ki, Rauf İsmayılov, Əhmədli qəsəbəsi, M.Rüstəmov 4\6 ünvamndakı “Rəssamlar evi”nin, 3-ü blok, 30.9 kv.metr sahəli, 90 saylı yaradıcılıq emalatxanasına dair çıxarılmış qətnamənin “hüquq və vəzifələrinə toxunduğu şəxs” hesab olunub-olunmaması məsələsinin aydınlaşdırılması və bu barədə əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün iş mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3411/2018 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ləğv olunsun və iş, İsmayılov Rauf Əbdülhüseyn oğlunun qətnamə ilə maraqlarına toxunulan şəxs kimi qəbul edilib-edilməməsi məsələsinin aydınlaşdırılması, buna müvafiq olaraq apellyasiya şikayətinin geri qaytarılmalı olub-olmadığı məsələsinin həlli üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şeyda Məhərrəmova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar