Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8631/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə (bundan sonra mətndə DİN BMİ) qarşı “işə bərpa” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3902/2021 saylı 04 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin 17 noyabr 2020-ci il tarixli 1544 ş/h saylı əmrinin ləğv edilməsi və onun əvvəlki, yəni Sabirabad Rayonlararası Mühafizə Bölməsinin Mülki Mühafizə Xidməti üzrə mühafizəçi vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 1989-cu il tarixdə Cəbrayıl rayonu Maralyan kəndində doğulmuşdur və erməni işğalçılarının Cəbrayıl rayonunu işğalı səbəbindən Saatlı rayonu ərazisinə məcburi köçkün kimi yerləşmişlər. Həmin vaxtdan da bu günə kimi Saatlı rayonu ərazisində yaşamışlar. Lakin məcburi köçkün kimi ünvan 1 ünvanda qeydiyyatdadır. 02 mart 2015-ci il tarixdə Sabirabad Rayonlararası Mühafizə Bölməsinin Mülki Mühafizə Xidməti üzrə mühafizəçi vəzifəsinə təyin edilmişdir. 17 noyabr 2020-ci il tarixə kimi həmin vəzifədə nümunəvi mühafizəçi olaraq işləmişdir. Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin 17 noyabr 2020- ci il tarixli 1544 ş/h saylı əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Əmək kitabçasını Sabirabad Rayonlararası Mühafizə Bölməsinin Mülki Mühafizə Xidmətinə şəxsən ərizə ilə müraciət etdikdən sonra 30 mart 2021-ci il tarixdə almışdır. Qeyd etdiyi əmrin surəti isə ona bu günə kimi təqdim edilməmişdir. O, əmrin surətini almaq üçün Sabirabad Rayonlararası Mühafizə Bölməsinin Mülki Mühafizə Xidmətinə müraciət etsə də, bunun heç bir müsbət nəticəsi olmamışdır. Məhkəmənin nəzərinə çatdırır ki, işlədiyi müddətdə intizam tənbehi almamışdır, lakin buna baxmayaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən çıxarılmışdır. Bildirir ki, mühafizəçi işlədiyi dövrün, yəni ümumilikdə 5 il 8 ayın 5 il 6 ayını Saatlı Mərkəzi Rayon Xəstəxanasında xidmətdə olmuşdur. İşlədiyi dövr ərzində barəsində heç bir şikayət və nöqsanlar olmayıb. Şanlı İİ Qarabağ müharibəsinin ilk günlərində Saatlı Mərkəzi Rayon Xəstəxanasında xidmətdə olmuşdur. Mühafizəçi olmasından əlavə bir Azərbaycan vətəndaşı olaraq həmin dövrdə Xəstəxanaya gətirilən yaralılara və tibb işçilərinə əlindən gələn bütün köməkləri çox böyük həvəslə, fəxrlə etmişdir. Müharibə dövrü olduğu üçün demək olar ki, hər gün posta çıxmışdır. Həmin günlərdən birində səhər saatlarında xidmətdən çıxıb evə gedərkən ona komandirləri Fərid Fərəcov telefonla zəng etmişdir ki, Fuad Sayalov adlı komandirin göstərişi var ki, o, postdan çıxdığı günün axşam saatlarında, yəni saat 17:00-da təzə posta çıxmalıdır. Həmin vaxt o, Fərid Fərəcova xidməti postundan səhər çıxdığını, yorğun olduğunu və bundan başqa evdə yataq xəstəsi olan atasının olduğunu və atasına da yalnız onun qulluq etdiyini bildirmiş və xahiş etmişdir ki, imkan varsa başqa mühafizəçini həmin posta göndərsinlər. Lakin Fərid bildirdi ki, Fuad Sayalovun əmri qətidir və icra edilməlidir. Həmin gün şəxsən Fuad Sayalov onun xidmətdə olduğu postu təxminən gecə saat 3-4 radələrində yoxlayaraq, onun yuxulu olduğunu aşkar etmiş və ona bildirmişdir ki, səhəri gün Sabirabad Rayonlararası Mühafizə Bölməsinin Mülki Mühafizə Xidmətinə gedərək bu barədə izahat versin. O, səhəri günü Sabirabad Rayonlararası Mühafizə Bölməsinin Mülki Mühafizə Xidmətinə gedərək olanlar barədə izahat vermişdir. Bundan sonra o, təxminən 1 ay yarım xidmətdə olmuş, lakin sonradan məlum əmrə əsasən tutduğu vəzifədən azad edilmişdir. Onu da qeyd edir ki, Fuad Sayalovun həmişə onunla və eyni zamanda digər mühafizəçilərlə tez-tez mübahisəsi olurdu. Belə ki, bir dəfə o, Fuad Sayalova bildirmişdir ki, çox şükür, Cəbrayıl rayonu mənfur düşmənin işğalından azad edildi. Fuad Sayalov isə həmin vaxt ona bildirmişdir ki, rayonları işğaldan aza olunubsa gedib öz rayonlarında işləsin, yoxsa ona imkan verməyəcək ki, o, Saatlıda mühafizəçi işləsin. Hətta bir neçə dəfə Fuad şəxsən ona demişdir ki, ya özü işləyəcək, ya da o. Fuad onu yuxulu tutduqdan sonra o, sonuncuya ailəsində xəstə olduğunu və bu səbəbdən də hər gün posta çıxa bilmədiyini demək üçün rəisləri Əli Babayevin qəbuluna düşmək istədiyini bildirmişdir. Lakin sonuncu ona bildirmişdir ki, rəis hər şeyi ona tapşırıb və qəbula düşə bilməz. Hazırda onda olan məlumata görə Fuad Sayalov xidmətində yol verdiyi nöqsanlara görə təqaüdə göndərilmişdir. Onda olan məlumata görə tutduğu vəzifədən azad edilərkən məlum əmrdə onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamış, qeyd edilən əmrə maddəni köçürməklə kifayətlənmişlər. Barəsində olan əmrin məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsası göstərilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3902/2021 saylı, 04 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla birinci instansiya məhkəməsinin işin hallarına və sübutlara düzgün hüquqi qiymət vermədiyini, maddi hüquq normalarını düzgün tətbiq etmədiyini irəli sürmüşdür. Məhkəmə iclaslarında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellysasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, apellyasiya şikayətinə etiraz ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, İddiaçı iddia tələbi tam əsassızdır. İddiaçı iddia ərizəsində işdən azad olunma əmrini görmədiyini, əmək kitabçasını 30 mart 2021-ci il tarixdə aldığını göstərsə də, eyni zamanda Əmək Məcəlləsinin 70-ci maddəsini işdən azad olunma əmrinə olduğu kimi köçürüldüyünü də bildirmişdir. İddiaçı əmri görmədiyi halda, onun eynilə köçürülməsini bilməzdi. İddiaçı əvvəl törətdiyi qəbahətə görə qüvvədə intizam tənbehi olmasına baxmayaraq, yeni qəbahət törətmiş və onun barəsində bölmənin X4 ümumi qərarı ilə tutduğu vəzifədən azad olunması üçün Baş Mühafizə İdarəsinin rəhbərliyi qarşısında vəsatət qaldırılmışdır. Vəsatət əsasında isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinin tələblərinə tam uyğun olaraq Sabirabad Rayonlararası Mühafizə Bölməsinin Mülki Mühafizə Xidməti üzrə mühafizəçi vəzifəsindən xidmətdən xaric edilmişdir. İddiaçı Sabirabad Rayonlararası Mühafizə Bölməsinin X4 yığıncağında iştirak etmiş və həmin yığıncaqda onun xidmətdən xaric olunması barədə BMİ rəhbərliyi qarşısında vəsatət qaldırılmışdır. Onun haqlı olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad olunması barədə 16 noyabr 2020-ci il tarixdə rəy çıxarılaraq, inzibati əmr verilmiş, 17 noyabr 2020-ci il tarixdə isə şəxsi heyət üzrə əmr verilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Eyni zamanda kollegiya qeyd edir ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiyanın həddi ilə bağlı qeyd etdiyi kontekstdə kollegiya izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia təmin edilməlidir. Mülki işin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən, İddiaçı ilə DİN BMİ-nin Sabirabad Rayonlararası Mühafisə Bölməsi arasında 02.03.2015-ci il tarixdə əmək müqaviləsi bağlanmış, iddiaçı əsas iş yeri üzrə Mülki Mühafizə Xidməti üzrə mühafizəçi vəzifəsinə qəbul edilmiş, 17 noyabr 2020-ci il tarixdə isə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Rеspublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinadla xitam verilmişdir. İş materiallarında olan sənədlərdən görünqür ki, İddiaçı Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin Sabirabad Rayonlararası Mühafizə Bölməsinin Mülki Mühafizə Xidməti üzrə mühafizəçisi işləmişdir. Həmin iş yerində əmək fəaliyyətinə 02 mart 2015-ci il tarixdən başlamışdır. İddiaçı xidmətdə olarkən obyektin etibarlı mühafizəsini təmin etmədiyinə görə, bölmə rəhbərliyi tərəfindən 15.10.2020-ci il tarixli 114 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin «a» bəndinə əsasən «Töhmət» elan olunmuşdur. Bölmənin manqa komandiri X6 tərəfindən 17.10.2020-ci il tarixdə xidmətin təşkili, aparılması və ona nəzarət edilməsinin vəziyyəti yoxlanılarkən bölmənin mülki-mühafizə xidməti üzrə mühafizəçisi İddiaçı təyin olunduğu postda sayıqlığını itirərək yatdığı aşkar edilmişdir. Bununla bağlı xidməti araşdırma aparılmış, həmin gün saat 02.50 radələrində manqa komandiri tərəfindən xidməti yoxlama aparılarkən Saatlı rayonu H.Əliyev Muzeyinin inzibati binasına xidmətə təyin olunan mühafizəçi İddiaçı Muzeyin giriş qapısını açıq qoyaraq otaqda sayıqlığını itirərək yatdığı müəyyən edilmişdir. Toplanmış materiallar tədbir görülməsi üçün bölmənin X4 yığıncağına verilmişdir. Sabirabad Rayonlararası Mühafizə Bölməsinin İHT-nin 20 oktyabr 2020-ci il tarixli yığıncağında məsələ müzakirə olunmuş və iddiaçının tutduğu vəzifədən azad olunması barədə Azərbaycan Respublikası DİN BMİ-nin rəhbərliyinin qarşısında vəsatət qaldırılması qərara alınmışdır. Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin 16 noyabr 2020-ci il tarixli Ə389-038-20 saylı əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən ləğv edilmişdir. Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin 17 noyabr 2020-ci il tarixli Ə1544ş/h-038-20 saylı əmrinə əsasən Baxışov X5 Rayonlararası Mühafizə Bölməsinin Mülki Mühafizə Xidməti üzrə mühafizəçi vəzifəsindən azad edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən məhz işin yuxarıda göstərilən müəyyən olunmuş hallarına istinad etmiş, gəldiyi nəticəni belə əsaslandırmışdır ki, işəgötürən Əmək qanunvericiliyinə riayət etməklə, əmək müqaviləsinə xitam vermiş və iddiaçını işdən azad etmişdir. İddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsaslı olmuşdur. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi həmin nəticəyə tərəflərin qarşılıqlı münasibətlərini və sübutları düzgün qiymətləndirməməsi səbəbindən gəlməklə, bununla həm də qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmamasına yol açmışdır. Belə ki, İddiaçı əmək müqaviləsinə Əməmk məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinin əsası kimi qeyd edilmişdir ki, 17.10.2020-ci il tarixdə xidmətin təşkili, aparılması və ona nəzarət edilməsinin vəziyyəti yoxlanılarkən bölmənin mülki-mühafizə xidməti üzrə mühafizəçisi İddiaçı təyin olunduğu postda sayıqlığını itirərək yatdığı aşkar edilmişdir. İddiaçı iddia tələbinin əsası kimi qeyd etmişdir ki, “17.10.2020-ci il tarixdə səhər saatlarında xidmətdən çıxıb evə gedərkən ona komandirləri Fərid Fərəcov telefonla zəng etmişdir ki, Fuad Sayalov adlı komandirin göstərişi var ki, o, postdan çıxdığı günün axşam saatlarında, yəni saat 17:00-da təzə posta çıxmalıdır. Həmin vaxt o, Fərid Fərəcova xidməti postundan səhər çıxdığını, yorğun olduğunu və bundan başqa evdə yataq xəstəsi olan atasının olduğunu və atasına da yalnız onun qulluq etdiyini bildirmiş və xahiş etmişdir ki, imkan varsa başqa mühafizəçini həmin posta göndərsinlər. Lakin Fərid bildirdi ki, Fuad Sayalovun əmri qətidir və icra edilməlidir. Həmin gün şəxsən Fuad Sayalov onun xidmətdə olduğu postu təxminən gecə saat 3-4 radələrində yoxlayaraq, onun yuxulu olduğunu aşkar etmiş və ona bildirmişdir ki, səhəri gün Sabirabad Rayonlararası Mühafizə Bölməsinin Mülki Mühafizə Xidmətinə gedərək bu barədə izahat versin. O, səhəri günü Sabirabad Rayonlararası Mühafizə Bölməsinin Mülki Mühafizə Xidmətinə gedərək olanlar barədə izahat vermişdir. Bundan sonra o, təxminən 1 ay yarım xidmətdə olmuş, lakin sonradan məlum əmrə əsasən tutduğu vəzifədən azad edilmişdir”. Azərbaycan Respublikası Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin “işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar” başlıqlı 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, əmək fəaliyyəti zamanı işçinin yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi belə halların sırasında göstərilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, “əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlərin və hüquq pozuntularının” Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ilkin iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbini təşkil edə bilməsi üçün, qeyd olunan bu halın cavabdeh müəssisədə mənfi nəticələr (yəni, iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi və ya işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) doğurması şərtdir. Məhz sadalanan halların birgə mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə (xüsusilə 71-72-ci maddələrinə) əməl olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilərdi. Kollegiya hesab edir ki, iddiaçıya istinad olunan pozuntu (təyin olunduğu postda sayıqlığı itirərək yatmaq) İddiaçı iradəsi xaricində olmuşdur. Belə ki, işin halları ilə mübahisəsiz qaydada müəyyən olundu ki, İddiaçı xidmətdə olduğu gündən bir gün əvvəlki gündə gecə növbəsində olmuş, o, gecə növbəsindən çıxdıqdan sonra həmin gün yenidən qanunvericiliyin tələbləri və işçinin istirahət hüququ pozulmaqla gecə növbəsinə çıxması tapşırılımışdır. Bu halda İddiaçı iki sutka yatmadan oyaq qalması fizioloji cəhətdən mümkün deyildir və bu hal üzrlü hal kimi nəzərə alınmalıdır. Bundan başqa qeyd olunan pozuntu nəticəsində cavabdeh müəssisədə işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmasından və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsindən bəhs etmək mümkün deyildir. Digər tərəfdən Kollegiya, qeyd edir ki, Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Məhkəmə iclasında verilən izahatlar, toplanmış və tədqiq olunmuş sübutların məcmusu, iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, iddiaçıya müvafiq intizam tənbehinin tətbiqinə əsas olub-olmadığı tam aydınlaşdırılmamış, onun şəxsiyyəti, peşəkarlıq səviyyəsi, ailə vəziyyəti nəzərə alınmamış və əsaslı araşdırma aparılmadan əmək müqaviləsinə xitam verilmişdir. Xüsusilə qeyd olunmalıdır ki, Əmək Məcəlləsi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək imkanlarını da nəzərdə tutmuşdur və kollegiyanın qənaətinə görə iddiaçının yol verdiyi iddia olunan pozuntuya görə onun əmək müqaviləsinə xitam verilməsi həmin pozuntunun - əgər pozuntu hesab edilsə belə - xarakterinə adekvat olmamışdır. Məhkəmə kollegiyası həmçinin cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiqi barədə ərizəsi əsassız hesab edərək qeyd edir ki, cavabdehin nümayəndəsinin iddia müddətinin keçməsini sübut edəcək hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı əmək müqaviləsinin 30 mart 2021-ci il tarixdə aldığını, əmək müqaviləsinə xitam verilməsi barədə əmri isə bu günə qədər almadığını bildirmiş, əksini işəgötürən sübut edə bilməmişdir. İddia ərizəsi isə birinci instansiya məhkəməsinə 29 aprel 2021-ci il tarixdə göndərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə ... çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Kollegiya onu da qeyd edir ki, iddiaçı iddia tələbində konkret olaraq əmrin ləğvi (yaxud etibarsızlığı) və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi xahişlərini irəli sürməsə də, onun əvvəlki işinə bərpa olunması xahişi özü-özlüyündə həmin tələbləri də ehtiva edir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulduğundan, “DİN BMİ-nin 17.11.2020-ci il tarixli Ə1544ş/h-038-20 nömrəli əmri ləğv edilməli, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə DİN BMİ-nin X3 Şöbəsinin “mülki mühafizə xidməti üzrə mühafizəçisi” vəzifəsinə bərpa olunmalıdır. Azərbaycan Respublikası MPM-nın 385.1.1-ci və 385.1.4-cü maddələrinə əsasən, maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 390 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3902/2021 saylı 04 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia tələbi təmin olunsun. DİN BMİ-nin 17.11.2020-ci il tarixli Ə1544ş/h-038-20 nömrəli əmri ləğv edilsin, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə DİN BMİ-nin X3 Şöbəsinin “mülki mühafizə xidməti üzrə mühafizəçisi” vəzifəsinə bərpa edilsin. 17 noyabr 2020-ci il tarixdən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-8631/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8631/2021
20.10.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver