Məhkəmə qərarları › İş №2(103)-8632/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8632/2020

30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8632/2020 30.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı və cavabdeh X7 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2928/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı və cavabdeh X12 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə "MAN" markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı, hazırda dövlət qeydiyyat nişanı **-UC-*** olan avtomobilin dəyəri olan 60000 (altmış min) manatın, “Damperli” markalı, **-ZG-*** dövlət qeydiyyat nişanlı, hazırda dövlət qeydiyyat nişanı **-ZA-*** olan yük yarımqoşqusunun dəyəri olan 30000 (otuz min) manatın, “Mercedes Benz” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı, hazırda dövlət qeydiyyat nişanı **-XC-*** olan avtomobilin dəyəri olan 40000 (qırx min) manat, cəmi 130000 ( yüz otuz min) manatın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu əvəzinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 27- ZA-004 olan yük yarımqoşqusuna və “Mercedes Benz” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı, hazırda dövlət qeydiyyat nişanı **-XC-*** olan avtomobil onun mülkiyyətində olmuşdur. Cavid adlı şəriki ilə iş qurmaq qərarına gəlmişdir. 2014-cü ilin mart-aprel aylarında Cavid öz evini və torpağını, o, isə öz avtomobillərini və yarımqoşqunu girov qoymaq barədə razılığa gəlmişlər. Bunların müqabilində Cavabdeh onlara 250000-300000 manat pul verməli idi. Özü danışıqlarda iştirak etməmişdir. Avtomobilləri və yarımqoşqunu idarə etmək üçün Cavabdeh baş etibarnamə vermişdir. Cavabdeh bu etibarnamədən istifadə edərək “MAN" markalı **-BK-*** qeydiyyat nişanlı avtomobilin qeydiyyat nişanını dəyişərək satmış, səbəbinin isə pulları qaytarmamağı olduğunu bildirmişdir. Bu zaman o, anlamışdır ki, Cavabdeh onu aldadır. Buna görə də o, notariat kontoruna müraciət edərək “Mercedes Benz" markalı nəqliyyat vasitəsi üçün verdiyi xx xxxxxx 2014-cü il tarixli 7E-10299 reyestrli etibarnaməni, “Damperli'’ markalı nəqliyyat vasitəsi üçün verdiyi xx xxxxxx 2014-cü il tarixli 7E-10300 reyestrli etibarnaməni və “MAN” markalı nəqliyyat vasitəsi üçün verdiyi xx xxxxxx 2014-cü il tarixli 7E/9478 reyestrli etibarnaməni şəxsi ərizəsinə əsasən ləğv etdirmişdir. Bundan sonra, Baş Dövlət X19 müraciət etdikdə ona məlum olmuşdur ki, (xx xxxxxx 2015-ci il tarixli, 016-4728A-3215 nömrəli məktubu) “Damperli” markalı, 10- ZG- 803 dövlət qeydiyyat nişanlı yük yarımqoşqu xx xxxxxx 2015-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında X5 adına rəsmiləşdirilmiş və **-ZA-*** dövlət qeydiyyat nişanları təhkim edilmişdir. Cavabdeh etibarnamədən sui-istifadə edərək onun razılığı olmadan ona məxsus avtomobilləri və yarımqoşqunu mənimsəmişdir. Cavabdeh dəyəri 60 000 manat olan “MAN” markalı, **-BK-*** qeydiyyat nişanlı avtomobili X2 da, dəyəri 30 000 manat olan "Damperli ” markalı, **-ZG-*** dövlət qeydiyyat nişanlı, hazırda dövlət nişanı **-ZA-*** olan yük yarımqoşqusuna X8 və dəyəri 40 000 manat olan "Mercedes Benz " markalı **-SC-*** dövlət qeydiyyat nişanlı, hazırda dövlət qeydiyyat nişanı **-XC-*** olan avtomobili X1 da qeyd edilən məbləğləri ödəməmiş, bununla da üzərinə götürdüyü öhdəliyi pozmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, “Damperli” markalı, **-ZG- *** dövlət qydiyyat nişanlı, hazırda dövlət qeydiyyat nişanı 27- ZA-004 olan yük yarımqoşqusuna dair X5 adına bağlanmış xx xxxxxx 2015-ci il tarixli alqı-satqı müqaviləsinin və "Mercedes Benz" markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı, hazırda dövlət qeydiyyat nişanı **-XC-*** olan avtomobilə dair X6 adına bağlanılmış xx xxxxxx 2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, “Damperli” markalı, **-ZG-*** dövlət qeydiyyat nişanlı, hazırda dövlət qeydiyyat nişanı **-ZA-*** olan yük yarımqoşqusuna dair X3, “Mercedes Benz" markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı, hazırda dövlət qeydiyyat nişanı **-XC-*** olan avtomobili X4 alınaraq İddiaçı qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6337/2019 saylı xx xxxx 2019-cu tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2928/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 44350 (qırx dörd min üç yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 15 (on beş) manat alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin qalan hissəsinin təmin edilməməsi hissəsinin ləğv olunması və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini iddia tələbi ilə eyni məzmunda əsaslandırmış, o cümlədən göstərmişdir ki, məhkəmə cavabdehin avtomobillərə görə faktiki əldə etdiyi 88000 manatı əsas tutmaq əvəzinə, həmin avtomobillərin cəmi dəyərinin 58000 manata satılmasını əsas tutmuşdur. Cavabdehdən pul almasada, danışıqlarda iştirak etməsə də əsassız olaraq Cavidin cavbdehdən aldığı pulların yarı hissəsinin ona aid olmasını göstərməkdə də haqlı olmamışdır. Qətnamədən cavabdeh X12 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia müddətinin keçməsi ilə əlaqədar və eləcə də iddia müddətinin tətbiq olunması üçün ərizə ilə müraciət etmişdir. Məhkəmə iddia müddətinin təbiqi ərizəsinə hüquqi qiymət verməmişdir. Bundan başqa, mübahisələndirilən maşınlar və həmin maşınlara dair pul tələbi əsl iddiaçı tərəfindən verilməli olduğu məhkəmə tərəfindən araşdırılmamışdır. Belə ki, əslində həmin maşınlar X11 mülkiyyətində olmuşdur. Bu faktı birinci instansiya məhkəməsi araşdırmamışdır. Mübahisələndirilən maşınları İddiaçı etibarnamə əsasında X10 almış, etibarnamə əsasında isə Cavabdeh 2014-cü ilin fevral ayında satmışdır. Birinci instansiya məhkəməsi mübahisələndirilən maşınların alqı-satqısına dair məhkəmə qətnaməsi çıxarılan xx.xx.2019-cu il tarixə qədər olan beş il doqquz ay müddət keçməsinə baxmayaraq, iş üzrə Cavabdeh iddia müddətinin tətbiq edilməsinə dair verdiyi ərizəsinə hüquqi qiymət verməmişdir. Bundan başqa, iş üzrə Cavabdeh mübahisələndirilən maşınlara görə, maşınları aldığı vaxt pulunu yəni 35 min ABŞ dollarını tam olaraq ödəmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi, İddiaçı Cavabdeh verdiyi xx.xx.2014-cü il tarixli və digər etibarnamələrin notarial qaydada ləğv etdirdiyini qeyd etmiş, lakin həmin etibarnamələrin ləğv edilməsinə dair, Cavabdeh məlumatın verilməsini araşdırmamışdır, hüquqi qiymət verməmişdir. Əslində bu faktlar əvvəllər məhkəmə qətnaməsi ilə araşdırılaraq hüquqi qiymət verilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının iddia ərizəsinə dair rəsmi qaydada Cavabdeh tərəfindən etiraz verilmişdir. Həmin etirazda iddiaçı ilə cavabdeh arasında mülki münasibətlərə uyğun olaraq maşınların 35 min ABŞ dollarına satılması, alınması göstərilmişdir. Birinci instansiya məhkəməsi isə həmin alqı satqını əsassız və qanunsuz olaraq, iddiaçıya məxsus avtomobillərin 35 min ABŞ dollarının qaytarılması əvəzinə satıldığı kimi qiymətləndirmişdir. Birinci instansiya məhkəməsi xx.xx.2019-cu il tarixli qətnaməsini çıxardarkən yuxarıda göstərilən cümlə üzrə yəni stat cavabdeh tərəfindən iddia tələbinə etiraz edərək, iddiaçı tərəfindən ona verilmiş alqı satqı müqaviləsi kimi qiymətləndirilməli olduğunu, eyni zamanda iddiaçıya məxsus avtomobillərin 35 min ABŞ dollarının qaytarılması əvəzinə satıldığını bildirmişdir" kimi səhv təfsir edici cümlələr işlətməklə əsassız olaraq Mülkü Məcəllənin 777-ci maddəsini (tapşırıq müqaviləsi) düzgün tətbiq etməmişdir. Daha sonra birinci istansiya məhkəmədə maşınların 58 min manata satıldığını iş materialları ilə tam təsdiq olduğunu qeyd etmişdir. Lakin məhkəmə maşınların 58 min manata iddiaçı tərəfindən cavabdehə satıldığını araşdırmamış, hüquqi qiymət verməmişdir, cavabdehin dilindən əsassız olaraq qətnamədə cümlələr işlətmişdir. Bu səbəblərə görə məhkəmə öz qətnaməsində tətbiq etdiyi normanın yəni Mülkü Məcəllənin müvafiq maddələrini əsassız olaraq şərh etmiş və istinad etmişdir. Göstərilənlərə əsaslanaraq hesab edir ki, birinci istansiya məhkəməsinin adı gedən qətnaməsi əsassızdır və qərəzlidir. Məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilməklə iddia tələbinin rədd edilməsi zərurəti vardır. İş üzrə Cavabdeh iddiaçıdan 35 min ABŞ dolları verərək mübahisələndirilən maşınları almışdır. Cavabdeh iddiaçıya onun maşınlarını ondan tapşırıq alıb sataraq pulunu ona qaytaracağını söz verməmiş, bu barədə nə şifahi, nədəki, yazılı razılaşma və ya müqavilə bağlamamışdır. Bu fakt üzrə iddiaçı ilə cavabdeh arasında olan hərəkətlərindən mülki hüquqlar və vəzifələr əmələ gəlmişdir. İddiaçı cavabdehdən 35 min ABŞ dolları alaraq maşınlarını cavabdehə satmışdır. Bununlada, onların arasında mülkü qanunvericiliyin prinsiplərinə görə qanunvericiliyin tələblərinə zidd olmayan müqavilələr və başqa əqdlər başa düşülməlidir. Bundan başqa da, əvvəllər bu fakt üzrə iddiaçı ilə cavabdeh arasında mülkü hüquqları və vəzifələri müəyyənləşdirən məhkəmə aktları mövcuddur. Məhkəmə iclasında İddiaçı öz apellyasiya şikayətini müdafiə edib, cavabdehin apellyasiya şikayətini isə rədd edərək bildirdi ki, cavabdeh onun maşınlarını satanda ona müraciət etdi ki, bunu niyə edib. Maşınlarla bağlı heç bir əlaqəsi olmayıb. İşə rayon məhkəməsində baxılarkən onun iddiada tələb etdiyi məbləğdən az məbləğ təmin olundu, amma niyə azaldılıb bilmədi. Cavabdeh maşını dəyər-dəyməzə satıb, özü bilər. Amma onun pulunu versin. Cavabdeh bu işləri Cavidlə birlikdə qurub, indi də Cavid ondan qaçır. Notariusda nə yazdırıblarsa, özləri yazdırıblar, o, ancaq gedib imza çəkmişdir. Səfəri tanımırdı, avtomobili sürmək haqqında etibarnamə və baş etibarnamə arasındakı fərqi bilmirdi. Öz pulu ilə aldığı avtomobili gömrükdən özü çıxartmışdır. Evini satıb həmin maşını almışdır və öz adına rəsmiləşdirmişdir. Hal-hazırda da tələb edir ki, onun pulunu qaytarsın. Etibarnaməni cavabdehə maşını girov qoyması üçün vermişdi, satması üçün verməmişdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, o, pulunu verib maşını götürmüşdü. Orada girov qoymaq filan olmayıb. Hadisələr 2014-cü ildə olub. Yararsız maşına artıq məbləğ qoyub. Əgər etibarnaməni ləğv etdirmişdisə, orada “stop” olardı. Maşın getmirdi, heç bir addım da sürülməyib. İddiaçıya pul verilməyibsə, niyə notariusa getmişdi. Cavidin də hazırki məsələyə heç bir aidiyyəti yoxdur. Onların özlərinin işlərinin də bu işə aidiyyəti yoxdur. “Man” markalı maşının 10.000 manat təmirinə, 4500 manat radarına və nömrəsinə xərc çəkdi. Maşına ümumi 14.500 manat xərc çəkdi. Maşını da 30.000 manata satdı, onda onun xeyri olmadı. Çünki, maşını alanda da pul verib almışdı. Əksinə 2000 manat ziyan eləmişdi. Digər maşınlara da xərc çəkdi, 28.000 manata da həmin maşınları satdı. Həmin maşınlara da 7-8 min xərc qoymuşdu. Onun maşınlarda heç bir qazancı olmadı. Əksinə ziyan eləmişdi. Maşınları qazanc üçün yox, özü istifadə eləməyi üçün almışdı. İddiaçıya 35.000 ABŞ dolları vermişdi. Maşınlar heç o qiymətə dəyən maşınlar da deyildilər. Maşınları satdı başından elədi, istifadəyə yararsız idilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti isə təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən qənaətini belə əsaslandırmışdır ki, İddiaçı xx xxxxxx 2014-cü il tarixli 10300 reyestrdə qeydə alınmış etibarnamə ilə “Damperli” markalı, **-ZG-*** qeydiyyat nişanlı avtomobili, xx xxxxxx 2014-cü il tarixli 10299 reyestrdə qeydə alınmış etibarnamə ilə “Mercedes Benz” markalı, **-SC-*** qeydiyyat nişanlı avtomobili, xx xxxxxx 2014-cü il tarixli 7E/-9478 reyestrdə qeydə alınmış etibarnamə ilə X11 adından etibarnamə ilə çıxış edərək “MAN” markalı, **-BK-*** qeydiyyat nişanlı avtomobili qeydiyyatdan çıxarmaq, qeydiyyata salmaq, bağışlamaq, onun üzərində sərəncam vermək və digər hərəkətləri etməyi Cavabdeh etibar etmişdir. Qeyd olunan etibarnamələr İddiaçı ərizəsinə əsasən, müvafiq olaraq, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014-cü il tarixlərdə ləğv edilmişdir. İddiaçı alqı-satqı müqavilələri bağlandıqdan sonra etibarnaməni ləğv etdirmişdir. Bununla yanaşı, Cavabdeh tərəflər arasında əldə olunmuş razılığa əsasən 35000 ABŞ dolları, yəni tərəflər arasında münasibətlərin yarandığı 2014-cü ildə manatın ABŞ dollarına olan məzənnəsi ilə 27300 manat iddiaçıya və onun ortağı olan Cavid İslamova vermişdir, həmin pul vəsaiti 13650 manat olmaqla iddiaçı və onun ortağı olan Cavid İslamov arasında bölünmüşdür. İddiaçının ona məxsus avtomobillərin alqı-satqısının həyata keçirilməsi məqsədilə Cavabdeh etibarnamə verməsi ilə bağlı münasibətlərinə mülki qanunvericiliyin tapşırıq müqaviləsinə dair müddəaları tətbiq edilməlidir. İddiaçı ilə Cavabdeh arasında şifahi tapşırıq müqaviləsi bağlanmışdır. Belə ki, cavabdeh iddiaçı ilə aralarında olan razılaşma əsasında avtomobilləri özgəninkiləşdirdiyini etiraf etsə də, həmin satışdan əldə olunan vəsaiti tam şəkildə iddiaçıya verdiyini təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh 35000 ABŞ dolları pul vəsaitini X14 vasitəsilə iddiaçıya verməsini bildirmiş və onun bu dəlilini X14 da təsdiq etmişdir. Eyni zamanda cavabdehin bu dəlili məhkəmə iclasında iddiaçı tərəfindən də etiraf edilmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, cavabdeh tərəfindən 35000 ABŞ dolları, yəni tərəflər arasında münasibətlərin yarandığı 2014-cü ildə manatın ABŞ dollarına olan məzənnəsi ilə 27300 manat pulun 13650 manat məbləğinin iddiaçıya qaytarılması öz təsdiqini tapmışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, cavabdeh tərəf öz izahatında avtomobillərin ümumilikdə 58000 manata satıldığını bildirmiş və bu hal məhkəmə iclasında öz təsdiqini tapmışdır. İş materiallarında olan nəqliyyat vasitələrinin alqı-satqı müqavilələrindən, eyni zamanda cavabdehin izahatından müəyyən olunur ki, Damperli” markalı, **-ZG-*** qeydiyyat nişanlı avtomobil 10000 manat, “Mercedes Benz” markalı, **-SC-*** qeydiyyat nişanlı avtomobil 18000 manat, “MAN” markalı, **-BK-*** qeydiyyat nişanlı avtomobil 30000 manat dəyərinə cavabdeh tərəfindən özgəninkiləşdirilmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus avtomobillərin cəmi 58000 manat dəyərinə satılması iş materialları ilə tam təsdiq olunur. Həmçinin tərəflərin izahatından və iş materiallarından müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçıya və onun şərikinə 35000 ABŞ dolları, yəni tərəflər arasında münasibətlərin yarandığı 2014-cü ildə manatın ABŞ dollarına olan məzənnəsi ilə 27300 manat pul verilmiş və həmin pulun yarısı, yəni 13650 manat məbləğini iddiaçıya digər hissəsi isə onun şəriki İ.Cavidə verilmişdir. Eyni zamanda, iddia tələbindən görünür ki, mübahisəli avtomobillərin dəyəri olan 130000 manat pulun cavabdehlərdən tutulması xahiş olunmuş, lakin iddiaçı tərəfindən avtomobillərin qeyd olunan məbləğdə satılmasına dair razılaşdırılması sübuta yetirilməmiş, məhkəməyə hər hansı əsaslı və mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə Mülki Məcəllənin 782.3. maddəsinə əsasən hesab edir ki, hazırkı vəziyyətdə iddiaçı mübahisə predmeti olan avtomobillərin mülkiyyətçisi olmasa da, onun həmin avtomobillərin dəyərini cavabdehdən tələb etmək hüququ var. Belə ki, iş materiallarına əlavə edilmiş X15 tərəfindən yazılmış notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, o, MAN markalı, 99- BK-454 qeydiyyat nişanlı avtomaşını xx.xx.2013-cü il tarixdə İddiaçı 45000 manata satmışdır. Nə indi, nə də gələcəkdə ona qarşı heç bir iddiası yoxdur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi üçün əsas olmasa da, cavabdehin şikayətində göstərdiyi dəlillər qətnamənin onun mübahisələndirdiyi hissədə ləğv edilməsi və iddianın həmin hissədə də rədd edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, iddiaçının apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilməyən hissəsi, cavabdehin apellyasiya şikayətinin obyektini də birinci instansiya məhkəməsinin qətnaməsinin digər hissəsi, yəni iddianın təmin edilə hissəsi, (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) şikayətlərin predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətlərin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissələrdə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayətləri üzrə qətnamə yalnız mübahisələndirilən hissələrdə, yəni iddiaçının və cavabdehlərin şikayətlərində mübahisələndirdikləri hissələr üzrə yoxlanılmalıdır. İddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iddianın təmin edilən hissəsində iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Çünki, iddiası üzrə istinad etdiyi halları sübut etmək yükü onun üzərinə düşür. Lakin iddiaçı bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, istinad etdiyi halları sübut edə bilməmişdir. Bu barədə yalnız iddiaçı tərəfin izahatları mövcuddur. Onun izahatı isə işdə olan digər sübutlarla yanaşı qiymətləndirilməlidir. İşdə isə iddiaçının istinad etdiyi halları təsdiq edən başqa mötəbər sübutlar yoxdur. Belə ki, işin mübahisəsiz halıdır ki, iddiaçı 15 və xx xxxxxx 2014-cü il tarixlərdə mübahisə predmeti olmuş avtomobillərə dair qeydiyyatdan çıxarmaq, qeydiyyata salmaq, bağışlamaq, onun üzərində sərəncam vermək və digər hərəkətləri etmək səlahiyyətlərini cavabdehə vermişdir. Cavabdeh də həmin etibarnamələr üzrə verilən səlahiyyətlər əsasında sonradan avtomobilləri özgəninkiləşdirmişdir. 2014-cü ilin dekabr ayında iddiaçının ərizəsinə əsasən həmin etibarnamələr ləğv edilmişdir. Həmin avtomobillərdən ikisinin alqı-satqısının etibarsızlığını və ona qaytarılmısını iddiaçı bundan əvvəl ayrıca məhkəmə icraatı qaydasında tələb etmiş, lakin yekun olaraq iddiası təmin edilməmişdir. Məhz bundan sonra iddiaçı hazırki iddianı irəli sürmüş, yəni avtomobillərin alqısatqısından əldə edilmiş pulu cavabdehdən tələb edir. Birinci instansiya məhkəməsi mübahisə predmeti olmuş avtomobillərə dair iddiaçının cavabdehə etibarnamə verməsi ilə bağlı münasibətləri tapşırıq münasibətləri kimi qiymətləndirmiş və Mülki Məcəllənin 777.1, 777.2, 778.2 və 782.3-cü maddələrinə istinad etməklə onlar arasında şifahi tapşırıq müqaviləsi bağlandığı qənaətinə gəlmişdir. Ancaq nə iddiaçı, nədə cavabdeh onlar arasında tapşırıq müqaviləsinin bağlandığını və belə bir münasibətlərin olduğunu təsdiq və etiraf etmirlər. Tərəflər arasında yaranmış həqiqi münasibətlər də onlar arasında tapşırıq müqaviləsi bağlandığını istisna edir. Məhkəmə cavabdehin qeyd olunan avtomobilləri razılaşma əsasında özgəninkiləşdirdiyini etiraf etdiyini və satışdan əldə olunan vəsaiti tam şəkildə iddiaçıya verdiyini təsdiq edəcək sübutları məhkəməyə təqdim etmədiyini göstərsə də cavabdeh həmin avtomobilləri razılaşdırma əsasında özgəninkiləşdirdiyini etiraf etməmiş, belə bir etirafn olması da işdən görünmür. Məhkəmənin nəyin əsasında bu qənaətə gəlməsi də bilinmir. Satışdan əldə olunan vəsaiti iddiaçıya verməli deyildirsə, cavabdeh nə üçün həmin vəsati iddiaçıya verdiyini təsdiq edəcək sübut təqdim etməlidir? Əlbətdə ki, məhkəmənin bu hissədə gəldiyi nəticədə bir hüquqi məntiq də mövcud deyildir. Bundan başqa, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh 35000 ABŞ dollarını X14 vasitəsilə iddiaçıya vermiş, yəni bu faktı X14 da təsdiq etmiş, eyni zamanda bu fakt məhkəmə iclasında iddiaçı tərəfindən də etiraf edilmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən verilmiş 35000 ABŞ dollarının tərəflər arasında münasibətlərin yarandığı 2014-cü ildə manata məzənnəsi 27300 manat olmuş, həmin məbləğ də iddiaçı və onun ortağı olan Cavid İslamova verildiyindən, onlar arasında yarı, yəni 13650 manat hissəsində bölünmüşdür. Ona görə də, məhkəmə qeyd olunan avtomobillərin ümumilikdə 58000 manata satılmasının həm cavabdehin izahatı, həm də nəqliyyat vasitələrinin alqı-satqı müqavilələrindəki qiymətlə öz təsdiqini tapdığını əsas götürüb 580xx xxxxxxxx 13650 manatı çıxmaqla, qalan 44350 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir. Əlbətdə ki, birinci instansiya məhkəməsinin bu cür qənaəti əsassız olmaqla yanaşı, həm də ədalətliliyi təmin etmir. Çünki, məhkəmə bir tərəfdən cavabdehin iddiaçıya 35000 ABŞ dolları verdiyini sübuta yetirilmiş hesab edir, digər tərəfdən həmin məbləğin yarısının iddiaçının ortağı olmuş şəxsə aid edir, üstəlik də, avtomobillərin satışından əldə olunmuş vəsaitin cəmindən, cavabdehin iddiaçıya verdiyi ABŞ dollarının indiki deyil, 2014-cü ildə manata olan məzənnəsini əsas götürür. Ancaq məhkəmə niyə bu cür qənaətə gəldiyini əsaslandırmır. Digər tərəfdən işin heç bir halı ilə də təsdiq olunmur ki, cavabdeh 35000 ABŞ dollarını iddiaçıya və onun ortağı olmuş şəxsə bölərək yarı-yarı vermişdir. Cavid İslamov şahid qismində verdiyi ifadəsində və işdə olan ərizələrində də bunu etiraf etməmişdir. Heç iddiaçı da həmin məbləğin ona və Cavid İslamova yarı bölünməklə verdiyini bilavasitə təsdiq etmir. Bu cür vəziyyətdə birinci instansiya məhkəməsi hansısa sübutla təsdiq edilməyən bu halı nəyin əsasında müəyyən etdiyini qətnamədə göstərməli idi. Ən azından işdən həmin məbləğin iddiaçıya və onun ortağına müştərək qaydada verildiyi açıq-aşkar təsdiq olunur. Buna görə də məhkəmənin cavabdehin iddiaçıya verdiyi 35000 ABŞ dollarının 2014-cü ilə manata olan məzənnəsini əsas götürməsi və həmin məbləğin yarısının ayrıca iddiaçının ortağına verildiyini hesab etməsi açıq-aşkar əsassız olmuşdur. Apellyasiya instansiya məhkəməsi vurğulayır ki, mülki dövriyyənin iştirakçıları arasında avomobillərin alqı-satqısının etibarnamə əsasında həyata keçirilməsi təcrübəsi geniş yayılmışdır. Yəni, avtomobil mülkiyyətçiləri üzərində sərəncam vermək səlahiyyəti nəzərdə tutulan etibarnaməni verdiyi şəxsdən bunun əvəzində avtomobillərin həqiqi dəyərini tam alırsa, demək onlar arasında həqiqi münasibətlər alqı-satqı münasibətləri olur. Əks halda hansısa şəxs, o cümlədən hazırki iş üzrə iddiaçı tanımadığı şəxsə mülkiyyətində olan avtomobillər üzərində satmaq və bağışlamaq səlahiyyətinin də olduğunu nəzərdə tutan etibarnaməni nə üçün verdiyinin motivini aydın şəkildə izah etməli və əsaslandırmalıdır. Hazırki işdə iddiaçı avtomobilləri girov qoyaraq pul götürdüyünü göstərsə də, əvvəla cavabdehdən pul alarkən onunla girov(ipoteka) müqaviləsi bağlaya bilərdi, başqa sözlə münasibətlərini girov(ipoteka) müqaviləsi ilə rəsmiləşdirə bilərdi. İkincisi, avtomobilləri aldığı pulun əvəzində girov qoyduğunu iddia edirsə, onda aldığı 35000 ABŞ dollarını da cavabdehə qaytarmalıdır yaxud qaytardığına dair məhkəməyə mötəbər sübut təqdim etməlidir. Əks yanaşma ona gətirib çıxara bilər ki, iddiaçı avtomobillərin dəyərini cavabdehdən tələb etmək hüququnu bilir, lakin aldığı pulun geri qaytarmaq vəzifəsinin olduğunu unudur. Əlbətdə ki, bu cür yanaşma ədalətliliyi təmin etmir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Mülki Məcəllənin 21, 1091,1092, 1096, 1097-ci maddələrinə də istinad etmişdir. Lakin cavabdehin iddiaçının hesabına əsassız varlanması da yuxarıda qeyd olunanlara əsasən sübuta yetirilməmişdir. Yəni əsassız varlanma o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Əsassız varlanan o şəxs sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə edir. Cavabdeh iddiaçı ilə arasında yaranmış münasibətlərdən nəinki əsassız varlanmamış, hətta hüquqi əsas olmaqla əsaslı varlandığı da sübuta yetirilmir. Əksinə cavabdehin mübahisə predmeti olmuş avtomobillərin nasaz olmasına görə satmazdan əvvəl xərc çəkməsi barədə izahatları inandırıcı və ağlabatandır. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür(MM.m.1095) Göründüyü kimi, iddia əsaslı olsa belə iddiaçının hazırki tələbi növ əlamətlərinə məxsus əşya ilə bağlı olduğundan varlanma obyektini qaytarmaq tələbini ona məlum olduğu vaxtdan ən geci iki il müddətinə irəli sürə bilərdi. Bu hüquq isə ona artıq 2014-cü ilin axırlarında və 2015-ci ildə məlum idi. Düzdür bu dövrdə iddiaçı alqı-satqı müqavilələrin etibarsızlığını və avtomobillərin ona qaytarılmasını məhkəmə qaydasında tələb etmiş, yalnız iddiası təmin edilmədikdən sonra hazırki iddianı irəli sürmüşdür. Bununla belə, cavbdehin onun hesabına əsassız varlandığını güman edirdisə qeyd olunan müddət ərzində iddia irəli sürməli idi. Maddi zərər vurulması üçün də cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Hazırkı iş üzrə cavabdehin iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməsi yaxud iddiaçının cavabdehin təqsirli hərəkəti yaxud hərəkətsizliyi nəticəsində zərər çəkməsi müəyyən edilməmişdir. İddiaçı cavabdehdən qeyd olunan avtomobillərin satışından əldə edilmiş vəsaiti maddi zərər kimi tələb etsə belə, bu hal da sübuta yetirilməlidir. Başqa sözlə cavabdeh törətmədiyi mülki hüquq pozuntusuna görə məsuliyyətə cəlb edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, hazırki iş üzrə tərəflər aralarında yaranmış mülki münasibətlərin detallarını aydın, dəqiq və konkret müəyyən etməmiş, o cümlədən bu münasibətlər hansısa yazılı sənədlərdə də təsbit olunmamışdır. Bu cür hallarda əlbətdə ki, məhkəmənin iddianı rədd etməkdən başqa çıxış yolu qalmır. Çünki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, aralarında bu cür münasibətlər qurarkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna və hüquqa riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etmir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1. və 385.1.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 389-cu maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən edilmiş hesab edilən iş üçün əhəmiyyəti olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, qətnamə iddiaçının mübahisələndirdiyi-iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılmalı, cavabdeh X7 apellyasiya şikayəti təmin edilməli, qətnamə cavabdehin mübahisələndirdiyi-iddianın təmin olunan hissəsində ləğv edilməli və həmin hissədə də iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2928/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iddiaçının mübahisələndirdiyi - iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılsın Cavabdeh X7 apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2928/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi cavabdehin mübahisələndirdiyi - iddianın təmin olunan hissəsində ləğv edilsin və həmin hissədə də iddia təmin edilməsin. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar