Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8637/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında ünvan 1 tarixli qətnaməsindən cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əmanətlərin Sığortalanması Fondundan 1800 manat məbləğində əmanətin, 150 manat əmanət faizinin, 30 manat ödənilmiş dövlət rüsumunun və mənəvi zərərə görə 1000 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi barədə qətanmə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə İddiaçı arasında 18 avqust 2016-cı il tarixli 12-26884-15 №-li əmanət müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə əsasən, 1800 (bir min səkkiz yüz) manat məbləğində əmanət, banka 12 ay müddətinə illik 12%-lə yerləşdirilərək sığortalanmışdır. Müqavilənin 4.3-cü maddəsinə görə müqavilə müddətinin sonuncu gününədək əmanət geri götürülmədikdə, bank isə müqavilə müddətinin uzadılmasına razı olduqda müqavilə növbəti gündən etibarən eyni müddətə eyni şərtlərlə uzadılmış hesab olunur. Bu əsaslada həmin müqavilə 19 avqust 2019-cu il tarixində 12 ay müddətinə əmanətin illik faiz dərəcəsi 10.5 % olmaqla uzadılmışdır. Sonradan AtaBank ASC bağlandığı üçün iddiaçı həmin əmanətini geri götürmək qərarına gəlmiş və bunun üçün o, 06.08.2020-ci il tarixdə ərizə ilə Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək əmanətinin tam şəkildə geri qaytarılmasını tələb etmişdir. Lakin cavabdeh Əmanətlərin Sığortalanması Fondu bu günədək iddiaçının əmanətini geri qaytarmamış və bundan imtina barədə məktub ünvanlamışdır. ünvan 1 tarixli qətnaməsi ilə İddia tələbinin qismən təmin edilməsi, 18.08.2016-cı il tarixli, 12-26884-15 saylı “Bank əmanəti müqaviləsi”nə əsasən İddiaçı "xxxx" ASC-yə qoyduğu 1800 (bir min səkkiz yüz) manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdeh Əmanətlərin Sığortalanması Fondundan alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh Əmanətlərin Sığortalaması Fondu apellyasiya şikayəti verərək ünvan 1 tarixli qətnaməsinin iddia tələbinin təmin edilən hissədə ləğv edilməsini və həmin hissədə iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən tərəflərdən yalnız iddiaçının təqdim etdiyi sübutlar üzrə mövqeyini bildirmişdir. İddiaçı tələbi kreditor tələbi kimi qeyd alınmış və iflas proseduruna nəzarət edən məhkəmə tərəfindən qanunvericilikdə müəyyən olunmuş formada qəbul edilərək təsdiq edilmişdir. İddiaçının pul tələbi kreditor tələbi olduğundan, həmin iddia tələbinə Bankın müflis elan olunmasına dair qərar qəbul etmiş məhkəmə (Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası) tərəfindən baxılaraq hüquqi qiymət verilməlidir. Belə ki, müflis elan olunmuş banka qarşı tələblər yalnız iflas proseduru çərçivəsində irəli sürülür. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 şikayəti müdafiə etdiyini bildirərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apelyasiya baxışının hədlərini qətnamənin yalnız iddia tələbinin təmin edilən hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə çıxarılmış qətnaməni iddiaçı mübahisələndirilməmiş, cavabdeh isə yalnız qeyd edilən hissədə mübahisələndirmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, ünvan 1 tarixli qətnaməsi mübahisələndirilən hissədə cavabdeh Əmanətlərin Sığortalaması Fonduna münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan: "xxxx" ASC ilə əmanətçi İddiaçı arasında bağlanmış 18.08.2016-cı il tarixli 12-26884-15 saylı Bank əmanəti müqaviləsindən görünür ki, Bank əmanətçidən daxil olmuş pul məbləğini (əmanəti) (cəmi 1800 manat) qəbul edərək, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faiz ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, Bank həmin pulu əmanətçidən qəbul edərək, bu müqavilənin şərtlərinə uyğun qaydada əmanətçiyə faizlərin hesablanması, ödənilməsi və əmanətçinin tələbinə əsasən banka depozitə qoyulan pulun ona qaytarılmasını təmin edir. İş materiallarında olan Ləğv prosesində olan "xxxx" ASC-nin İddiaçı ünvanladığı 03.11.2020-ci il tarixli məktubdan görünür ki, iddiaçı ilə “AtaBank" ASC arasında bağlanmış 12-26884-15saylı, 18.08.2016-cı il tarixli “Əmanət müqaviləsi"nə əsasən banka illik 12% dərəcəsi ilə, 12 ay müddətinə 1800 (Bir min səkkiz yüz) manat məbləğində əmanət yerləşdirilmiş və həmin müqavilənin 4.3-cü bəndinin məzmununa əsasən müqavilə müddətinin sonuncu gününədək əmanət əmanətçi tərəfindən tələb olunmazsa bank müqavilə müddətinin uzadılmasına razı olduqda növbəti gündən etibarən müqavilə eyni müddətə eyni şərtlər daxilində uzadılmış hesab olunur. Müqavilə müddətinin sonuncu günü əmanət məbləği geri tələb edilmədiyinə görə “Əmanət müqaviləsi” 19 avqust 2019cu il tarixində 12 aylıq müddətinə, əmanətin illik faiz dərəcəsi 10,5% olmaqla avtomatik prolonqasiya edilmişdir. Bundan əlavə, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən 1 iyul 2019-cu il tarixindən etibarən banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi milli valyuta üzrə 10% müəyyən edilmiş və bu səbəbdən əmanət üzrə bank tərəfindən təqvim haqqları ödənilməmiş və əmanəti bankın müvəqqəti inzibatçısı tərəfindən təqdim edilmiş “bankın fiziki şəxslər qarşısında olan öhdəliklərinə dair reyestrdə” kompensasiya olunacaq əmanət kimi göstərilməmişdir. İş materiallarında olan11.03.2021-ci il tarixli, 4245 nömrəli və 4247 nömrəli qəbzlərdən görünür ki, İddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 944.1 -ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində göstərilmişdir ki, əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.1ci maddəsinə əsasən əmanət - hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir. Həmin Qanunun 2.1.2 və 2.1.2.6-cı maddələrinə əsasən qorunan əmanət-sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətdir. Cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. Həmin Qanunun 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət-qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir. Həmin Qanunun 2.1.9-cu maddəsinə əsasən sığorta hadisəsi – iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təsdiq edilməsidir Həmin Qanunun 2.1.11-ci maddəsinə əsasən kompensasiya – sığorta hadisəsi baş verdikdə qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. Həmin Qanunun 3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 3 (üç) il müddətində tam sığortalanır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. Həmin Qanunun 8.1.20-ci maddəsinə əsasən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 27.2ci maddəsinə əsasən əmanətlər üzrə faizlər, sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənilir. Bu şərtlə ki, kompensasiya bu qanunun 26.1-ci maddəsində göstərilən məbləğdən artıq olmasın. “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1ci maddəsinə əsasən fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 % həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir. “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.3cü maddəsinə əsasən, fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Həmin Qanunun 28.4-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə kompensasiyanın ödənilməsi üçün müəyyən edilmiş müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Əmanətlərin Sığortalanması fondunun Himayəçilik Şurasının 02.03.2016-cı il tarixli qərarı ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 %, milli valyuta üzrə 12 %, 16.09.2016-cı il tarixli qərarı ilə isə banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 %, milli valyuta üzrə 15 % olmaqla 3 (üç) il müddətində tam sığortalanması müəyyən edilmişdir. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən əmanətçilər kompensasiyaların ödənilməsi ilə əlaqədar yaranan mübahisələrin həlli üçün X2 və/və ya məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Əmanətlərin Sığortalanması Haqqında» Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair 05.09.2018-ci il tarixli Qərarında «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinə əsasən cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlərin qorunmayan əmanətlərə aid edildiyi qeyd edilmiş və «Əmanətlərin Sığortalanması haqqında» Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinə görə, həmin Qanunun 8.1.20-ci maddəsinə müvafiq olaraq əmanətin qorunan əmanət statusuna aid edilməsi üçün onun illik faiz dərəcəsi müəyyən edilmiş həddən artıq olmamalı olması, əmanətlə bağlı verilən bonusun illik faiz dərəcəsinə aid edilmədiyi, bu qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş və təshih tədbirinin tətbiqindən sonra əmanətlərin şərtlərinin dəyişdirilməsi (faiz dərəcəsinin aşağı salınması) yolu ilə qorunan əmanət statusuna aid edilmiş əmanətlərin qorunan əmanətlər hesab edilməli olması qərara alınmışdır Araşdırma zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış bank əmanəti müqaviləsi 18.08.2016-cı il tarixdən 18.08.2017-ci il tarixədək bağlanmış və müddətin sonunda uzadılmış, iddiaçının xəbəri olmadan əmanət müqaviləsində dəyişiklik edilməklə, müddət uzadılmış və qorunmayan əmanət hesab edilmişdir. Birinci instansiya məhkəməsi göstərilən hal ilə bağlı haqlı olaraq qeyd etmişdir ki, bank əmanəti müqaviləsinin 4.3-cü və 4.4-cü bəndlərinə əsasən müqavilənin 4.1-ci bəndi ilə müəyyən olunan müddətin bitdiyi sonuncu gün əmanət əmanətçi tərəfindən geri götürülmədikdə, bu müqavilə eyni şərtlərlə həmin tarixdən, lakin həmin günə Bankda qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmış hesab olunur. Belə olan halda məhkəmə hesab edir ki, bank tərəfindən iddiaçının xəbəri olmadan əmanət müqaviləsinə dəyişiklik edilərək qüvvədə olan faiz dərəcəsi tətbiq olunmadan qorunmayan əmanət hesab edilməsi Mülki Məcəllənin və bank əmanət müqaviləsinin şərtlərinə ziddir. Apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, şikayətdə göstərilənlər formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, ünvan 1 tarixli qətnaməsi mübahisələndirilən hissədə cavabdeh Əmanətlərin Sığortalaması Fonduna münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mübahisələndirilən hissə üzrə iddia tələbi 2000 manatdan az olduğu üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü və 404-1-ci maddələrinə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh Əmanətlərin Sığortalaması Fondunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2408/2019 saylı 03 may 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə cavabdeh Əmanətlərin Sığortalaması Fonduna münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən Azad İmanov Hakimlər Qürbət Əsgərov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-8637/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8637/2021
08.09.2021 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver