Məhkəmə qərarları › İş №2(103)-864/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-864/2024

06.02.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-864/2024 06.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh; ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı mülki iş üzrə (Açar sözlər: “mənzilə köçürülmə, istifadə hüququnun itirilmiş hesab edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X15 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi ilə, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Məhərrəmov Nadı̇ r Abbasəli oğlu və onun vəkili və nümayəndəsi Vəkil2, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh Yusı̇ f qızının nümayəndəsi X10 iştirakları ilə, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi”, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “mənzildən istifadə və sahiblik hüququnun tanınması, mənzilə köçürülmə” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-384/2023 saylı, 11 oktyabr 2023-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra - iddiaçı) və Cavabdeh (bundan sonra - cavabdeh) xx.xx.1985-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmuşlar. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042/60, 3 saylı evin 8 saylı mənzili Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.1989-cu il tarixli 017224 nömrəli orderə əsasən tərəflər nikah münasibətlərində olduğu dövrdə İddiaçı və onun üç nəfər ailə üzvləri olan arvadı Cavabdeh, oğlu X6, oğlu M.İddiaçı yaşamaq üçün verilmişdir. Tərəflərin nikahları xx.xx.2017-ci il tarixində pozulmuş, daha sonra X4 xx.xx.2017-ci il tarixli ərizə ilə ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Mübahisəli mənzil tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.

2. 63 nömrəli MKİS-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4042-60 məhəllə 3 saylı evin, 8 nömrəli mənzilində qonşuların aktına əsasən 2007-ci ildən qeydiyyatda olmasına baxmayaraq yaşamır.

3. Sabirabad-Hacıqabul rayonları Mənzil-Kommunal istismar sahəsinin xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Zəngilan rayonundan məcburi köçkün düşmüş X3 Zəngilan qəsəbəsində 31 saylı evdə müvəqqəti məskunlaşmışdır. Qızı Cavabdeh 2018-ci ildən həmin evdə qeydiyyatsız yaşayır.

4. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, ünvan 2 ünvanında İddiaçı, X8, Cavabdeh, X6 qeydiyyatdadırlar.

Birinci instansiya məhkəməsində icraat

5. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı ilkin iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042/60, 3 saylı evin 8 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İlkin iddia onunla əsaslandırılmışdır ki, onun keçmiş həyat yoldaşı Cavabdeh ilə arasında olan nikah rəsmi olaraq 2017-ci ilin may ayının 23-də pozulmuşdur. Amma cavabdeh faktiki olaraq 2007-ci ildən iddiaçı ilə birlikdə yaşamayıb və həmin vaxtdan ailə münasibətləri də pozulmuşdur. Cavabdeh 2007-ci ildən bugünədək Sabirabad rayonu, Bala Həşimxanlı kəndində öz valideynlərinin yanında yaşayır. O, böyük oğlu üçün toy edərkən anasının həmin məclisə gəlməsini təklif etsə də, cavabdeh bu təklifdən imtina etmişdir. Yəni cavabdeh hətta öz oğlunun toy məclisində iştirak etməmişdir. Cavabdeh həm ona və həm də öz iki övladına qarşı soyuq münasibətini 2007-ci ildən bu şəkildə göstərməkdədir. Məhz həmin səbəblərdən 2017-ci ildən tərəflərin nikahına rəsmi olaraq xitam verilmişdir. Hazırda onun mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042/60, ev 3, 8 nömrəli mənzil əvvəllər 02 noyabr 1989-cu il tarixli 017224 nömrəli orderlə onların istifadəsində olmuşdur. Həmin mənzil övladlarının və keçmiş həyat yoldaşının razılığı ilə 23 avqust 2017-ci il tarixdə onun adına özəlləşdirilmişdir. Bu rəsmiləşdirmə tərəflərin arasında olan nikahın pozulmasından sonraya aiddir. Yəni sözügedən mənzil tərəflərin birgə nikah dövründə orderlə istifadələrində olmasına baxmayaraq, evin onun adına özəlləşməsi barədə cavabdehin vermiş olduğu razılıq ərizəsi tərəflərin nikahın xitamından sonraya təsadüf edir. Tərəflər arasında olan nikaha xitam verildikdən sonra cavabdeh öz razılıq (2017-ci il tarixli) ərizəsi ilə mənzilin tam mülkiyyətçi olmağı və bu əmlakla bağlı hər hansı tələbinin olmaması mövqeyini bildirmişdir. Bununla da, Azərbaycan Respublikası mülki qanunvericiliyinin tələbləri baxımından cavabdehin həmin mənzilə münasibətdə tələb hüququ itirilmişdir. Cavabdeh ona məxsus mənzildən uzun müddət ərzində və davamlı olaraq istifadə etməmişdir və bu səbəbdən də cavabdehin həmin mənzilə istifadə hüquqlarının yaranma əsasları aradan qalxmışdır. Cavabdehin onun xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda qalması, həmin mülkiyyət üzərində sərəncam, istifadə və sahiblik hüquqlarını pozmaqla konstitution hüquqlarını zərbə altında qoyur. Hazırda ona məxsus olan mənzildə iki oğlu X7 və X5 və Cavabdeh pasport qeydiyyatındadır. Böyük oğlu ailə həyatı qurduqdan sonra başqa ünvana köçüb və öz ailəsi ilə birlikdə yaşayır. Cavabdeh isə 2007ci ildən hal-hazıradək onunla birlikdə yaşamır. Cavabdehin ona məxsus olan evdə formal pasport qeydiyyatında qalması mülkiyyət hüququnu pozur və məhdudlaşdırır. Evə dair hüquqlarının həyata keçirilməsinə maneə törədir və ona görə əlavə kommunal ödənişlər etmək məcburiyyətində qalır. Odur ki, cavabdehə qarşı irəli sürülmüş iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

7. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi müraciət edərək, onun Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042/60, 3 saylı evin 8 saylı mənzilindən istifadə və sahiblik hüququnun tanınması və onun həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Qarşılıqlı iddia onunla əsaslandırmışdır ki, o, İddiaçı ilə 13 may 1985-ci ildə rəsmi nikaha daxil olmuşlar. Nikahları Zəngilan rayon VVADQ şöbəsində rəsmiləşdirilmişdir. Tərəflər bir müddət normal ailə münasibətlərində olsalar da, tədricən münasibətləri korlanmış və xasiyyətləri uyğun gəlmədiyi üçün, o, nikahın pozulması məqsədilə Zəngilan rayon qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmişdir. Müraciəti əsasında nikahları Zəngilan rayon qeydiyyat şöbəsi tərəfindən 20 may 2017-ci il tarixdə pozulmuşdur. Tərəflər nikaha daxil olduqdan sonra Bakı şəhərinə köçmüşlər və birgə nikah dövründə mübahisələndirilən mənzili əldə etmişlər. Belə ki, 02 noyabr 1989-cu il tarixdə ünvan 3 ünvanında yerləşən mənzilə 017224 saylı order verilmişdir. O, bu evə köçərək son zamanlaradək orada yaşamışdır. Hal-hazırda bütün cehiz və qızıl-zinət əşyaları mübahisələndirilən mənzildə yerləşir. Cavabdehin günahı üzündən, o, mübahisələndirilən mənzilə köçə bilmir. Onun başqa yaşayış yeri yoxdur. Qohumlarının hamısı Zəngilan rayonundan məcburi köçkün düşmüş və müxtəlif yerlərdə məskunlaşmışdır. Mənzil 3 otaqdan ibarətdir. Mənzil keçmiş həyat yoldaşının adına olsa da, mənzil verilərkən onun və uşaqlarının payı nəzərə alınmışdır. Mənzil verildiyi andan onun mübahisələndirilən mənzildə yaşamaq hüququ yaranmışdır. Hazırkı iddia üzrə cavabdeh istifadə hüququnun itirilməsi barədə məhkəməyə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiasını onunla əsaslandırmışdır ki, o, uzun müddətdir ki, mübahisələndirilən mənzildə yaşamadığı üçün mənzilə hüququ itirilməlidir. Mübahisələndirilən mənzil cavabdehin adına özəlləşdirilmiş və onun adına 23 avqust 2017-ci il tarixli ******* nömrə ilə reyestrdən çıxarış verilmişdir. Belə ki, o, mənzilin özəlləşdirilməsinə razılıq vermişdir. Mənzil özəlləşdirilməmişdən əvvəl aralarında olan razılığa əsasən mənzil özəlləşdirilərək satılmalı və dörd yerə bölünməli idi. O, birgə nikahdan dünyaya gəlmiş uşaqlarının da payı nəzərə alaraq mənzilin satışdan əldə edilmiş pulun dörd yerə bölünməsinə etiraz etməmişdir. Mənzil özəlləşdirilməmişdən əvvəl təklif etdi ki, mənzilin özəlləşdirilərək satılması və aralarında bölünməsi ilə bağlı müqavilə bağlansın. Lakin cavabdeh bildirdi ki, o Abbasəlinin oğludur dilindən söz çıxdısa o yolda başını qoyar, amma sözündən qaçmaz. O, cavabdehlə nikaha qədər də yaxın qohum olduğu və qayınatası Abbasəlinin ruhuna xüsusi hörməti olduğu üçün cavabdehin sözünə inanmış və mənzilin özəlləşdirilərək satılmasına razı olmuşdur. O, digər qohumları və cavabdehlə birlikdə mənzilə baxmış, mənzilə makler aparmış və bir neçə maklerin rəyi ilə mənzilə ümumi qiymət qoyulmuşdur. Ümumi məbləğ 4 yerə bölündükdə ona çatan pul 18.500 manat olmuşdur. O, bu pulla razılaşmış və evin satışı ilə bağlı ümumi razılıq əsasında müştəri axtarışına başlamışdır. Bu proses uzun müddət davam etmiş və nəticədə cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər nikaha qədər də yaxın qohum olduğu üçün ümumi qohumlar cavabdehə müraciət etmiş, lakin o verdiyi sözdən imtina etmişdir.

9. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-384/2023 saylı, 11 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə ilkin iddia təmin olunmuş, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Mənzil Məcəlləsinin tələbinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malik olduğundan cavabdeh həmin mənzildən istifadə hüququ əldə etmişdir. Daha sonra, yəni 2017-ci ildə həmin mənzil özəlləşdirilərək iddiaçının mülkiyyətinə verilmiş və həmin müddətdə də cavabdeh mübahisəli mənzilin iddiaçının adına özəlləşdirilməsinə etiraz etməyərək həmin mənzildən istifadə hüququnu saxlamış, boşandıqdan sonra həmin mənzildə yaşamamışdır. Beləliklə həmin Məcəllənin müvafiq normalarından, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun əlaqəli qərarından görünür ki, mülkiyyətçi, mənzilə mülkiyyət hüququndan ona bəslənilən etimada zidd şəkildə istifadə edərək özəlləşdirməyə razılıq vermiş digər ailə üzvlərini həmin mənzildə yaşamaq imkanından məhrum edə bilməz.

11. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı tərəf cavabdehin mübahisəli mənzili başqa yaşayış yerində yaşamaq üçün tərk etdiyini, uzun müddətdir həmin evdə yaşamağını, onun həmin yaşayış sahəsinə ehtiyacı olmamasını qeyd etsə də, bununla bağlı olaraq heç bir mötəbər sübut təqdim etməmişdir.

12. Məhkəmə gəldiyi nəticəni, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında ”Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

13. Həmin qətnamədən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-384/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv olunması, ilkin iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh ona məxsus olan mənzildə formal pasport qeydiyyatında qalması onun mülkiyyət hüququnu pozur və məhdudlaşdırır. Evə dair hüquqlarının həyata keçirilməsinə maneə törətməklə yanaşı, əlavə kommunal ödənişlər etmək məcburiyyətində qalır. Suraxanı Rayon Məhkəməsinin qəbul etdiyi qətnaməyə görə hüquqları pozulmaqdadır. Məhkəmə işin faktiki hallarına lazımı diqqət və düzgün qiymət verməmişdir. Azərbayacan Respublikasının Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yeri onun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 9-cu maddənin 1-ci hissəsinə görə şəxs yaşayış yerini dəyişdikdə, yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İddiaçı cavabdehin ona məxsus mənzildə 2007-ci ildən daimi olaraq yaşamamasını bir çox sübutlarla məhkəməyə bildimişdir. Bu sübutlar iş materiallarına əlavə edilib. Amma qətnamədə qeyd edilir ki, bununla bağlı hər hansı dəlil təqdim edilməmişdir. Məhkəmə iclasında və hətta iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh tərəfindən əmlaka dair tələb hüququ itmişdir. Lakin, məhkəmə maddi hüquq normalarını kobud şəkildə pozaraq cavabdehin mübahisəli mənzilə sahiblik hüququ vermişdir. Cavabdehin həmin əmlaka dair tələb hüququ pozulmuşdursa bu müddət 2017-ci il tarixindən hesablanmalıdır. Bu müddət isə çoxdan bitmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16.Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Məhərrəmov Nadı̇ r Abbasəli oğlunun vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, qarşı tərəfin həmin mənzildə yaşamamasının bir neçə sübutu vardır. Birincisi, həmin şəxsin 2007-ci ildən həmin mənzildə yaşamaması ilə bağlı Mənzil Təsərrüfat Birliyinin arayışı, bununla bağlı qonşular tərəfindən tərtib olunmuş akt vardır. Qarşı tərəf özü də məhkəməyə arayış təqdim etmişdir, həmin arayışa əsasən təsdiq olunur ki, həmin şəxs 2018-ci il tarixindən Cavabdeh Yusı̇ f qızı atası evində yaşayır. Cavabdeh Yusı̇ f qızının atası evinə köçməsi işin mübahisiz tərəfidir. Sadəcə həmin mənzilə 2007-ci il tarixindən köçməsi tərəflərindən təqdim olunmuş arayışla təsdiq olunur. Bundan başqa Cavabdeh Yusı̇ f qızının hər hansı əşyası həmin evdə yoxdur. X1 qərarı hazıkı mübahisəni tam tənzimləyir. Lakin birinci instansiya məhkəməsi nəinki istifadə hüququna xitam verilməsi, həmçinin mənzilə köçürülməni və sahiblik hüququnu tanınmasını təmin etmişdir. Sahiblik hüququ ilə bağlı 3 illik müddət vardır. Ailə Məcəlləsinin 36.9-cu maddəsi və X1 qərarı ilə həmin məsələlər tənzimlənir. Mənzil 2017-ci il tarixində özəlləşəndən sonra cavabdehin özünün razılığı alınmışdır. Həmin müddətdən iddia qaldırdıqları müddətə qədər 6 il müddət keçmişdir. 6 il müddətində cavabdeh tərəf mənzillə bağlı hər hansı iddia qaldırmamışdır. Qarşı tərəfin bildirdiyi kimi Cavabdeh həmin evə tez-tez gedib-gəlməsi ilə bağlı izahatlar həqiqəti əks etdirmir. 2007-ci idə tərəflər arasında münasibətlər pisləşmiş və cavabdeh tərəf evi tərk etmişdir. Bununla bağlı iddiaçının anası da cavabdehə evə qayıtması ilə xahiş etməsinə baxmayaraq Cavabdeh evə qayıtmamışdır. Daha sonra iddiaçı öz oğluna toy məclisi etmiş, lakin ana toy məclisində iştirak etməkdən imtina etmişdir. 2007-ci ildə Cavabdeh həmin məzildə yaşamamasına dair qonşular tərəfindən tərtib olunmuş akt və onun əsasında Mənzil Kommunal İstismar İdarəsi tərəfindən tərtib olunmuş arayış təqdim olunmuşdur. 17.Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Məhərrəmov Nadı̇ r Abbasəli oğlu apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, 1985-ci il tarixindən evli olublar. Cavabdeh özü 2007-ci ilin avqust ayında heç bir səbəb olmadan evdən çıxıb getmişdir. Balaca uşağı xəstədir, onun kəllə-beyin travması və revmatizması vardır. Cavabdeh qızı əvvəl qardaşının yanında, daha sonra atasının yanında qalmağa başlamışdır. Ondan sonra cavabdeh onunla maraqlanmamışdır. Uşaqlar onun yanındadır. Balaca oğlu ikinci qrup əlildir. Cavabdeh Yusiq qızı evdən köçüb getdikdən sonra evə gəlmək istəməsi ilə bağlı müraciəti olmamışdır. Onun qohumlarından ona evə gəlməklə bağlı müraciət olunmasına baxmayaraq gəlməmişdir. İddiaçının ona zəng vuraraq uşaqlara və evə sahib çıxmağını demişdir, əvəzində o ona nə evin, nə də uşalaqın lazım olmadığını bildirmişdir. Mənzil İstismar sahəsindən evinə 6 aydan bir gəlirlər. Qonşuları da evə tez-tez gəlirlər. Qarşı tərəfin bildirdikləri həqiqəti əks etdirmir. Cavabdeh 2007-2008-ci ildən burada yaşamır, Sabirabadda yaşamışdır. Cavabdeh həmin evə gəlməmiş, xəstə uşağına baxmamışdır. Qonşular da bunu təsdiq edir. Oğlunun xəstəliyi kəllə-beyin travmasıdır. Üç yaşında olan zaman yıxılmışdır. Ona özü nəzarət edir, bütün günü evdədir, çörək almağa belə gedə bilmir, xəstəliyi buna imkan vermir. 18.Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh Yusı̇ f qızının nümayəndəsi X14 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, qarşı tərəf evdə olmadığı zaman bacısı onunla üzləşməmək üçün həmin mənzilə gedib-gəlirdi, eyni zamanda qarşı tərəf növbədə olduğu zaman bacısı həmçinin həmin evdə qalırdı. Mənzil Kommunal İstismar İdarəsi tərəfindən verilmiş arayışa əsasən bacısı 3 saylı Asan Xidmət Mərkəzində şəxsiyyət vəsiqəsini dəyişmişdir. Qarşı tərəf bildirir ki, bacısı 2007-ci il tarixində həmin evdən çıxmışdır, lakin Mənzil Kommunal İstismar İdarəsinin arayışı isə 2017-ci il tarixində verilmişdir. Bacısının bütün əşyaları həmin evdədir. Bacısı hazırda Sabirabadda atasının yanında yaşayır, lakin tez-tez gedib-gəlir. Bacısı həm öz evində, həm də onun evində qalmışdır. Bacısı təqribi iki ildir ki, mübahisəli evdə yaşamamışdır. Bacısı oğlu ikinci qrup əlildir, bacısı tez-tez ona baxır, paltarlarını yumuşdur. Qarşı tərəflə üzləşmək üçün daimi orada yaşamırdı. Bacısı 2018-ci ildə həmin evə gedib-gəlirdi. 2017-ci ildə bacısı həm onun, həm atasının evində qalmışdır. Həmin dövrdə tərəflər yola getmədikləri üçün ayrılmışlar. Bacısı demək olar ki, həmin evdən qovulmuşdur. Heç kim öz xoşu ilə öz evindən çıxmaz. Bacısının uşaqları böyükdür, böyük oğlu ailəlidir. Balaca uşağı xəstədir, ikinci qrup əlildir. İddiaçı bacısına demişdir ki, o, gedir, gələndə axşam evdə olmasın. Ona görə də bacısı evdən çıxaraq onun evinə gəlmişdir. Bacısının arxasınca iddiaçı tərəfdən heç kim gəlməmişdir. Qarşı tərəflə qohum olublar, ona görə də el qınağına görə işi məhkəməyə verməmişlər. Sonuncu dəfə evi satmaqla bağlı razılığa gəliblər, daha sonra isə qarşı tərəf sözünün üstündə durmadı. ünvan 4 ünvanda qeydiyyatdadır. Cavabdeh isə atası ilə bir yerdə yaşayır.

Apellyasiya baxışının hədləri

19.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 20.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 21.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 22.Məhkəmə kollegiyası qeyd edir ki, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, ilkin iddianın təmin edilməsi; qarşılıqlı iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyasının

23.29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. 24.32-ci maddəsində qeyd edilmişdir ki, hər kəsin şəxsi toxunulmazlıq hüququ, şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır, hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. 25.«İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin

26.157.4-cü maddəsinə əsasən sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması haqqında iddia – neqator iddia vasitəsilə mülkiyyət hüququnun müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (1982-ci il 8 iyul tarixli qanunla təsdiq edilmiş və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş)

27.53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 28.54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını(ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 29.60.1-ci maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. 30.60.6-ci maddəsinə əsasən şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 31.87.2-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. 32.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarında göstərilmişdir ki, ... Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Mübahisəli mənzillə bağlı tətbiq edilən 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsinə əsasən, Qanunda nəzərdə tutulmuş əsaslarla və qaydada müəyyən edilən hallardan başqa, heç kim yaşadığı sahədən çıxarıla bilməz və heç kimin yaşadığı sahədən istifadə hüququ məhdudlaşdırıla bilməz. 33.«R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. 34.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli qərarında göstərilmişdir ki, bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusiya əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. 35.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Bənnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlar).

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

36.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, mübahisəyə maddi hüquq norması düzgün tətbiq edilməmişdir.

37. İşin mübahisələndirilməyən hallarından görünür ki, İddiaçı (bundan sonra - iddiaçı) və Cavabdeh (bundan sonra - cavabdeh) xx.xx.1985-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmuşlar. Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, məhəllə 4042/60, 3 saylı evin 8 saylı mənzili Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.1989-cu il tarixli 017224 nömrəli orderə əsasən tərəflər nikah münasibətlərində olduğu dövrdə İddiaçı və onun üç nəfər ailə üzvləri olan arvadı Cavabdeh, oğlu X6, oğlu M.İddiaçı yaşamaq üçün verilmişdir. Tərəflərin nikahları xx.xx.2017-ci il tarixində pozulmuş, daha sonra X4 xx.xx.2017-ci il tarixli ərizə ilə ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Mübahisəli mənzil tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.

38. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malik olduğundan cavabdeh həmin mənzildən istifadə hüququ əldə etmişdir. İddiaçı, mənzilə mülkiyyət hüququndan ona bəslənilən etimada zidd şəkildə istifadə edərək özəlləşdirməyə razılıq verdiyindən cavabdehi həmin mənzildə yaşamaq imkanından məhrum edə bilməz. Cavabdeh, ailə üzvləri ilə birgə mübahisəli evdə yaşamış, həmin ev onun daimi yaşayış yeri olmuşdur. Məhkəmə həmçinin iddiaçının cavabdehin mübahisəli mənzili başqa yaşayış yerində yaşamaq üçün tərk etdiyini, uzun müddətdir həmin evdə yaşamadığını, onun həmin yaşayış sahəsinə ehtiyacı olmaması ilə bağlı heç bir mötəbər sübut təqdim etmədiyini qeyd etmişdir.

39. Müəyyən edilir ki, mübahisəli mənzil 2 noyabr 1989-cu il tarixli order əsasında tərəflərin daimi istifadəsinə verilmişdir. Mənzil dövlət mülkiyyətində olsa da “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən İddiaçı və orderdə adı olan ailə üzvlərinin əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək hüquqları olmuşdur. Tərəflərin nikahları 20 may 2017-ci il tarixində rəsmi olaraq pozulduqdan sonra cavabdeh həmin mənzilin iddiaçının adına özəlləşdirilməsinə (mülkiyyətinə verilməsinə) könüllü razılıq vermiş, həmin mənzil tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 23 avqust 2017-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.

40. Məhkəmə kollegiyası ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) daimi yaşamaq üçün başqa yaşayış sahəsinə könüllü şəkildə köçməsinin, ayrıca yaşayış sahəsinə malik olmasının müəyyən edilməməsi barədə nəticəyə gələrkən məhkəmə, tərəflərin təqdim etdikləri sübutlara tam, hərtərəfli və obyektiv baxmamış, sübutların qiymətləndirilməsində səhvə yol vermiş, iş materiallarında olan və işin nəticəsinə əhəmiyyətli dərəcədə təsir edən sübutları nəzərə almamışdır.

41. Belə ki, iş materiallarından göründüyü kimi tərəflər arasındakı mübahisəli hüquq münasibətləri 1989-cu ildə yarandığıdan və cavabdeh mübahisəli yaşayış sahəsində yaşamağa başladığı, həmçinin nikah pozulduğu zaman mənzil dövlət mülkiyyətinə aid edildiyindən hazırki mübahisə qüvvədən düşmüş Mənzil Məcəlləsinin müddəalarına əsasən həll edilməlidir.

42. 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsində göstərilir ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən isə, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış məntəqəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Məhkəmə kirayəçinin və onun ailə üzvünün üzrlü səbəblərdən müəyyən edildiyindən artıq müddətə başqa yerə getdiyini müəyyən etdikdə, iddianı təmin etmir.

43. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.

44. Məhkəmə kollegiyası ilk öncə onu qeyd edir ki, iddiaçıya və onun ailə üzvlərinə verilmiş Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.1989-cu il tarixli 017224 nömrəli orderinə əsasən verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042/60, 3 saylı evin 8 saylı mənzili cavabdeh “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək hüququ olduğu halda, qeyd olunan hüququndan istifadə etməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh nikahları pozulduqdan sonra (20 may 2017-ci il), mənzildən çıxmış, həmin mənzil daha sonra (xx.xx.2017-ci il) tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

45. Qeyd olunmalıdır ki, hazırki halda əsas dəyərləndirilməli olan məqam şəxsin tərk etdiyi yaşayış sahəsi ilə bağlılığını nə qədər qoruyub saxladığı, oraya yaşamaq üçün qayıtmaq niyyətinin olub-olmadığı və ən əsası bununla bağlı real təşəbbüslər göstəribgöstərmədiyidir. İş materiallarından da göründüyü kimi cavabdeh ən azı 2017-ci ildən etibarən mübahisəli mənzili tərk etmiş, könüllü olaraq 5 ildən artıq olan uzun müddət ərzində bu yaşayış sahəsinə daimi yaşamaq üçün qayıtmamış, qayıtmaq üçün hər hansı cəhdlər etməmiş, yalnız iddiaçının məhkəməyə müraciətindən sonra hüquqlarının tanınmasını istəmişdir. Cavabdehin tərk etdiyi mənzilə yaşamaq üçün qayıtmaq niyyətinin olmasının təsbit edilməsi üçün iş materiallarında hər hansı sübut mövcud deyildir. Cavabdeh tərəf istifadə hüququnun tanınmasını xahiş etdiyi mənzilə mütəmadi olaraq gedib-gəlməsini qeyd etsə də, bunu, həmçinin mənzillə davamlı əlaqələrinin nə şəkildə olması ilə bağlı aydın şəkildə izahat verə bilməmiş, bu halları təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmiş, bununla da Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişlər. Halbuki, MPMnin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Əksinə yuxarıda qeyd edildiyi kimi iş materiallarında olan müvafiq sənədlərə əsasən cavabdehin mübahisəli mənzildə nikahları pozulduqdan sonra yaşamadığı, atası X9 evində qeydiyyatsız olaraq yaşadığı öz təsdiqini tapır.

47. Bundan başqa məhkəmə tərkibi qeyd edir ki, 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinə əsasən yaranmış, həmçinin mənzilin özəlləşdirməyə razılıq vermiş bu mənzildə yaşayan ailə üzvlərinin istifadə hüququnun qanuni əsaslarla aradan qalxması da mümkündür. Belə ki, həmin Məcəllənin 60 və 87-ci maddələrində icarədar və onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya köçməsi icarə müqaviləsinin pozulmuş sayılmasına imkan verən hal kimi nəzərdə tutulmuş, müvəqqəti başqa yerə getdikdə isə onların yaşayış sahəsinin altı ay saxlanıldığı göstərilmişdir. Şəxsi servitut sayılan mənzildən istifadə hüququ yarandıqdan sonra müvafiq şərtlər gerçəkləşdikdə (məsələn, istifadə hüququ sahibi ayrı yaşayış sahəsi əldə etdikdə, daimi olaraq yaşamaq üçün başa yerə köçdükdə və s.) həmin hüququn hər hansı kompensasiya verilmədən qanuna əsasən aradan qalxması mümkündür. Bu səbəbdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir neçə qərarında keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsini istifadə hüququ sahibinin yaşayış sahəsinə ehtiyacının və mənzildən istifadə (şəxsi servitut) hüququnun aradan qalxdığı hallara aid etmişdir.

48. Hazırki iş üzrə cavabdehin başqa yaşayış sahəsinə köçməsi və onun məhz həmin yaşayış sahəsindən istifadə etməsi, bununla da onun iddiaçının mülkiyyətində olan mənzildən ehtiyacı aradan qalxması iş üzrə müəyyən olunan hal olduğundan, məhkəmə kollegiyası hesab edir ki, müəyyən edildiyi kimi cavabdeh uzun müddət əvvəl mübahisəli mənzili tərk etmiş, 2017-ci ildən mübahisəli mənzildə yaşamır, mübahisəli mənzildən yaxın müddətədək istifadə etməsi, orada yaşaması və həmin mənzilə yaşayış yeri kimi ehtiyacının olmasına dair sübutlar təqdim edilməmişdir. Halbuki yaşayış sahəsindən istifadə hüququ mənzil ehtiyacını qarşılamağı (başqa yaşayış sahəsi olmadığı üçün) təmin edən bir hüquqdur. Bu hüququn yaranmasına səbəb olan hallar (ailə münasibəti, mənzil ehtiyacının başqa yerdə təmin edilməsinin mümkünsüzlüyü və s.) aradan qalxdıqdan və uzun müddət keçdikdən sonra ondan əvvəlki qaydada (ehtiyat hüquq kimi) istifadə edilməsi yolverilməzdir. Cavabdehin daimi yaşamaq üçün köçüb bаşqа yerə getməsi habelə yаşаyış sаhəsinə ehtiyаcı аrtıq köçüb yаşаdığı yerdə təmin оlunduğu məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir. Bu hal onu göstərir ki, iddiaçı uzun müddət və davamlı olaraq mənzildə yaşamaq ehtiyacını könüllü olaraq başqa yerdə qarşıladığı üçün onun mübahisə predmeti olan mənzildə yaşamaqla bağlı qanuni mənafeyi aradan qalxmış, o, bu mənzillə bütün əlaqələri kəsməklə və mənzilə sahibliyin həyata keçirilməsinə dair hərəkətlər etməməklə həmin mənzildə yaşayış sahəsindən istifadə hüququnu itirmişdir.

49. Həmçinin qeyd edilməlidir ki, şəxsin faktiki olaraq yaşamadığı mənzildə uzun müddət (hazırkı dövrədək) qeydiyyatda qalması, onun həmin ünvana istifadə hüququnun itirilməməsinə zəmin yaratmır. Çünki “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər”. Bu isə o deməkdir ki, evə daimi qeydiyyat icazə xarakteri daşımadığından əmlak hüquqları yaratmır.

50. Göründüyü kimi, şəxsin yaşayış sahəsində qeydiyyatda olması, onun yaşayış sahəsinə istifadə hüququnun yaranması məqsədini daşımır. Əksinə, şəxs artıq uzun illərdir yaşadığı yeni ünvan üzrə qeydiyyata durmalı idi. Belə ki, adı çəkilən Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür, Qanunun 5-ci maddəsinə görə isə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir.

51. Göstərlənlərdən aydın olur ki, cavabdehin başqa yaşayış sahəsinə köçərkən mübahisəli mənzilə geri qayıtmaq niyyətində olub-olmaması, mübahisənin predmeti olan mənzilə ehtiyacının aradan qalxıb-qalxmaması, həmin mənzillə bağlılığının qalıbqalmaması, digər yaşayış sahəsinə könüllü surətdə və daimi yaşamaq üçün köçübköçməməsi kimi işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən hallar birinci instansiya məhkəməsi tərəfindən düzgün qiymətləndirilməmiş, Mülki Prosessual Məcəllənin 14.1-ci və 77.3-cü maddələrinin tələblərinə uyğun olaraq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmamışdır.

52. Məhkəmə kollegiyası həmçinin qarşılıqlı iddiaya münasibətdə qeyd etməyi zəruri hesab edir ki, hazırki mübahisədə ilkin iddianın əsaslılığı qarşılıqlı iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırdığından və ilkin iddia tam təmin edildiyindən, qarşılıqlı iddianın rədd edilməli olmasına dair nəticəyə gəlinməlidir. Belə ki, müzakirə olunan iddiaların biri-birindən asılı olması aşkardır. Belə olan halda məhkəmə kollegiyası qarşılıqlı iddiaya münasibət bildirməsini zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsalandırır.

53. Məhkəmə kollegiyası 3 illik iddia müddətinin tətbiqinə dair apelyasiya şikayətindəki dəlili ilə əlaqədar qeyd edir ki, hazırki halda mübahisə ər-arvadın ümumi əmlakının bölünməsi barədə yox, evə köçürmə ilə bağlıdır. Digər tərəfdən, qarşılıqlı iddia üzrə iddiaçının subyektiv hüququnun pozulması hazırda müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edilməli olduğundan məhkəmə tərəfindən iddia müddətinin tətbiqindən imtina edilməlidir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddiadan imtina barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı ortadan qalxır.

54. MPM-nin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-384/2023 nömrəli, 11 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İlkin iddia təmin edilsin. Cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, məhəllə 4042/60, 3 saylı evin 8 saylı mənzilindən (yeni qaydalarla Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsi, 116, M4, m2 saylı mənzilindən) istifadə hüququ itirilmiş hesab edilsin. İddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə və s.” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar