Məhkəmə qərarları › İş №2(103)-866/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-866/2021

06.08.2021 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-866/2021 06.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı-cavabdeh Nəriminə Əlizadənin nümayəndəsi Rahim Əlizadənin, cavabdeh-iddiaçı Cavabdeh iştirakı ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “kanalizasiya xəttinin sökülməsi, quyuların ləğv edilməsi və zərərin əvəzinin ödənilməsi barədə” ilk iddiasına, iddiaçılar Cavabdeh və X1 cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 25.08.2020-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Tərəflər qonşudur. İlk iddia üzrə İddiaçı2 Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsində yerləşən 193A №-li evin və 0,06 ha torpaq sahəsinin mülkiyyətçisidir. İlk iddia digər İddiaçı1 həmin küçə, ev № 142 ünvanındakı 0,1 ha torpaq sahəsinə sahiblik edir. Torpaq sahəsinin onun mülkiyyətinə verilməsi barədə bələdiyyə qərarı və alqı-satqı aktı var. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh həmin küçədə yerləşən 124F №-li evin və 0,06 ha torpaq sahəsinin mülkiyyətçisidir. Qarşılıqlı iddia üzrə digər iddiaçı Ələsgər Cavadov həmin küçə, ev № 174 ünvanında yaşayır. O, ev və torpaq sahəsi ilə bağlı heç bir sənəd təqdim etməyib. Tələb və onun həlli: İlk iddia ərizəsində tələb olunub: 1) İddiaçı1 mülkiyyətində olan torpaq sahəsində yerləşən, Cavabdeh evinə aid kanalizasiya xətti sökülsün, onun yeri bu torpaq sahəsindən keçməməklə dəyişdirilsin; 2) İddiaçı2 torpaq sahəsinin hasarının və evinin divarının yaxınlığında çirkab sular üçün qazılmış, Cavabdeh aid olan 3-4 ədəd quyu ləğv edilsin, evə və hasara yaxın ərazidə çirkab suların axıdılması məqsədilə quyu qazılması Cavabdeh qadağan edilsin; 3) İddiaçı2 evinə dəymiş zərərin əvəzi kimi 15.000 manat Cavabdeh tutulsun. Qarşılıqlı iddia ərizəsində tələb olunub: 1) zərərin əvəzi kimi 20.000 manat İddiaçı1 tərəfindən Cavabdeh və Ələsgər Cavadova ödənilsin; 2) maddi zərərin əvəzi kimi 20.000 manat, mənəvi zərərin əvəzi kimi 10.000 manat İddiaçı2 tərəfindən Cavabdeh və Ələsgər Cavadova ödənilsin. Qətnamə ilə ilk iddia qismən təmin edilib, qaşılıqlı iddia isə rədd edilib. İlk iddia qismən təmin edilərkən göstərilənlər qət olunub: 1) İddiaçı1 torpaq sahəsindən keçən və Cavabdeh həyətyanı sahəsinə gedən kanalizasiya xətti Cavabdeh hesabına sökülsün; 2) İddiaçı2 evinin yerləşdiyi həyətyanı torpaq sahəsi ilə Cavabdeh həyətyanı torpaq sahəsini ayıran hasarın arxa hissəsində Cavabdeh tərəfindən qazılmış quyuların yeri qanunvericilikdə müəyyən edilmiş qaydada dəyişdirilsin. İlk iddianın qalan hissəsi rədd olunub. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, ilk iddia rədd olunsun, qarşılıqlı iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən cavabdeh-iddiaçı Cavabdeh apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçı-cavabdeh Nəriminə Əlizadənin nümayəndəsi Rahim Əlizadə isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Qətnamənin yoxlanılması: Qətnamə 2 hissədə yoxlanılır: 1) ilk iddianın təmin edilməsinə aid hissədə. Belə ki, ilk iddianın rədd edilən hissəsi iddiaçılar tərəfindən mübahisələndirilməyib; 2) qarşılıqlı iddianın Cavabdeh aid hissəsində. Belə ki, qarşılıqlı iddia bütünlüklə rədd olunsa da həmin iddianı qaldıran şəxslərdən biri - Ələsgər Cavadov qətnaməni mübahisələndirməyib. Yoxlanılan 1-ci hissə barədə: Bu hissədə 2 tələb var: 1) kanalizasiya xətti sökülsün; 2) quyular ləğv edilsin. 1-ci tələb barədə: Kanalizasiya xəttinin sökülməsi barədə tələb əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının rəyi ilə müəyyən olunub ki, Cavabdeh həyətyanı sahəsinə gedən kanalizasiya xətti İddiaçı1 məxsus torpaq sahəsindən keçir, həmin kanalizasiya xətti İddiaçı2 və İddiaçı1 məxsus torpaq sahələrinin qarşısında olan kanalizasiya quyusuna birləşdirilib. Cavabdeh bildirir ki, kanalizasiya xəttinin çəkilməsi üçün başqa əlverişli yol yoxdur, öz evinin həyətyanı sahəsinin qarşısında kanalizasiya quyusu olsa da onun səviyyəsi hündür olduğuna görə kanalizasiya xəttini ora birləşdirə bilmir. Məhkmə hesab edir ki, bu hal kanalizasiya xəttinin sökülməsi barədə tələbin rədd edilməsinə əsas ola bilməz. Belə ki, torpaq sahəsinin sahibi İddiaçı1 onun torpaq sahəsindən keçən kanalizasiya xəttinin sökülməsini tələb edir, Cavabdeh isə kanalizasiya xəttinin həmin torpaq sahəsindən keçməklə kanalizasiya quyusuna birləşdirilməsini səlahiyyətli orqanla razılaşdırmayıb. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 38-ci maddəsi ümumi istifadədə olan kanalizasiya sistemlərinə qoşulma və tullantı sularının axıdılması məsələlərinin kanalizasiya müəssisəsi ilə razılaşdırılmasını tələb edir. 2-ci tələb barədə: Quyuların ləğv edilməsi barədə tələb əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının rəyi ilə müəyyən olunub ki, İddiaçı2 evinin yerləşdiyi həyətyanı torpaq sahəsi ilə Cavabdeh həyətyanı torpaq sahəsini ayıran hasarın arxa hissəsində Cavabdeh tərəfindən həyətyanı suların və atmosfer yağıntılarının axıdılması üçün quyular qazılmışdır, həmin quyu ilə İddiaçı2 evinin divarı arasında olan məsafə təxminən 4 metr təşkil edir. İddiaçı2 iddia edir ki, quyulara su yığılması səbəbindən onun evinin divarlarında qüsurlar əmələ gəlib. Birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının rəyində qeyd olunub ki, həmin qüsurların konkret olaraq hansı səbəbdən baş verdiyini müəyyən etmək mümkün olmadı, lakin Cavabdeh həyətində qazılan su quyularına dolan suyun yerin altına yığılması səbəblərdən biridir, bu səbəbdən həmin quyuların yerinin dəyişdirilməsi zəruridir. Quyular Cavabdeh mülkiyyətində olan torpaq sahəsində yerləşəsə də onlar ləğv edilməlidir. Belə ki, quyuların mövcudluğu qonşunun mülkiyyətinə hədsiz təsir hesab olunur. Mülki Məcəllənin 170.2-ci maddəsinə görə öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Beləliklə, yoxlanılan 1-ci hissədə birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüququ normasını səhv tətbiq etdiyindən həmin hissədə qətnamə ləğv edilməli və yuxarıda göstərilənlər nəzərə alınmaqla yeni qətnamə qəbul olunmalıdır. Yoxlanılan 2-ci hissə barədə: Bu hissədəki tələb maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədədir. Tələb məzmunca əsasən ilk iddia tələbinə etirazdan ibarətdir. Cavabdeh iddia edir ki, ilk iddianı verən şəxslər – İddiaçı2 və İddiaçı1 ona zərər vurublar. Tələb əsassızdır. Belə ki, İddiaçı2 və İddiaçı1 tərəfindən Cavabdeh hər hansı hüququnun, azadlığının və ya qanuni mənafeyinin pozulduğu müəyyən olunmur. Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrindən görünür ki, “zərər” və “mülki məsuliyyət” anlayışlarının əsasında şəxsin hüququnun, azadlığının və ya qanuni mənafeyinin pozulması dayanır. Odur ki, bu hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin 25.08.2020-ci il tarixli qətnaməsi qismən – ilk iddianın təmin edilməsinə aid olan hissədə ləğv edilsin. Ləğv edilən hissədə iddia təmin edilsin. İddiaçı1 torpaq sahəsindən (M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, ev № 142) keçərək kanalizasiya quyusuna birləşdirilən, Cavabdeh evinə aid olan kanalizasiya xətti Cavabdeh hesabına sökülsün. İddiaçı2 evinin (M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, ev №193A) yerləşdiyi həyətyanı torpaq sahəsi ilə Cavabdeh həyətyanı torpaq sahəsini ayıran hasarın arxa hissəsində Cavabdeh tərəfindən qazılmış quyular onun öz hesabına ləğv edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə ekspertizasının xərci olan 50 manat Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksperizası Mərkəzinin nəfinə tutulsun. Qətnamədən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar