Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-866/2023 16.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Şirkətinin Cavabdeh qarşı işi üzrə QƏTNAMƏSİ (Açar sözlər:“cavabdehin özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq iddiaçının qanuni istifadəsinə qaytarılması”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X2 və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Şirkətinin Cavabdeh qarşı “cavabdehin özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq iddiaçının qanuni istifadəsinə qaytarılması” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5040/2022 saylı işi üzrə 18 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı Şirkəti Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.2 və 111.3cü maddələrinin, “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinin tələblərinə əsasən, Cavabdeh 3 saylı mədənin 6-cı sahəsində və Şirkətin saziş ərazisi hüdudları daxilində, ünvan 1 ünvanda inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehin Şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, cavabdehə xx.xx.2000-ci il tarixli 724 saylı Binəqədi RİH-nin sərəncamına əsasən Sulutəpə yaşayış sahəsindən fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. O, sağlamlıq vəziyyəti ilə əlaqədar olaraq 26 avqust 2009-cu il tarixdə bacısı Nümayəndə etibarnamə vermişdir. İş üzrə iddiaçı həmin etibarnaməni əsas götürərək birinci hazırkı iddia ərizəsi ilə cavabdehin bacısı Nümayəndə qarşı məhkəməyə müraciət etmişdir. Həmin işdə də iddia ərizəsinə eyni sənədlər əlavə edilmiş, ancaq adlar fərqli idi. Həmin icraat çərçivəsində ikinci məhkəmə iclasında isə baxış dayandırımış və İddiaçı Şirkəti torpağın sənədlərini ləğv etmək üçün Bakı İnzibati Məhkəməsinə müraciət etmişsdir. Bakı İnzibati Məhkəməsi iddiani mümkün saymamışdır. Bundan sonra İddiaçı Şirkəti sənədləri məhkəmədən geri götürmüş və cavabdehin adını dəyişərək yenidən məhkəməyə müraciət etmişdir. Bu iddiaçının cavabdehə və onun bacısına qərəzli münasibətinin göstəricisidir. Həmin qərəzin səbəbi də ondan ibarətdir ki, onlar şirkətin tələblərini yerinə yetirmək imkanında deyillər. Şirkətin hüquqşünasları və əməkdaşları başa düşmürlər ki, sənədlərin kökü eynidir və sənədlər qanunidir. Eyni zamanda, X3 əsasən yerli icra hakimiyyətləri tərəfindən 31 dekabr 2000-ci il tarixədək fərdi yaşayış evi tikmək üçün torpaq sahələrinin ayrılması tam qanunidir. Cavabdehə də torpaq sahəsi xx.xx.2000-ci il tarixdə verilmişdir Verilmiş bütün sənədlərin Dövlət arxivində təsdiq olunmuş surətləri var. Cavabdeh 22 ildir ki, bu evdə ailəsi ilə birlikdə yaşayır. Cavabdehin evinə qədər hər tərəfdən yüzlərlə yaşayış evləri tikilib. Onun evinin yaxınlığında və ətrafında heç bir neft və kommunikasiya xətti keçmir. İddiaçı Şirkətinin əməkdaşları bu gün də neft buruqları ətrafinda tikilən tikililərə göz yumur, cavabdehi isə rahat yaşamaqa qoymur.
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5040/2022 saylı işi üzrə 18 oktyabr 2022ci il tarixli qətnaməsi ilə iddia ərizəsi rədd edilmişdir. Qətnamədə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X6rşı” iş üzrə qərarının 139-cu bəndinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarına, “Broniovski Polşaya qarşı” işi üzrə 22 iyun 2004-cü il tarixli Məhkəmə qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Burdov Rusiyaya qarşı” iş üzrə qərarına, “Əhmədova Azərbaycana qarşı” xx.xx.2021-ci il tarixli qərarına, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarına istinadən qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsi cavabdehə qanuni əsaslarla Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli, 724 saylı Sərəncamı ilə ayrılmış, cavabdehin həmin torpaq sahəsində mübahisəli evi tikməsinə dövlət orqanları tərəfindən nəinki etiraz edilməmiş, hətta Sərəncamla onun üzərinə öhdəlik qoyulmuşdur ki, bir aydan gec olmayaraq tikintiyə başlasın və iki il ərzində tikintini başa çatdırsın. Göstərilən vəziyyətdə evin özbaşına tikili olması əsası ilə sökülməsi cavabdehin və onun ailə üzvlərinin Konstitusiya ilə təsbit olunmuş hüquqlarının pozulması kimi qiymətləndirilə bilər. Belə ki, müvafiq dövlət orqanları tərəfindən cavabdehə həmin sahədən istifadə ilə əlaqədar uzun illər ərzində heç bir irad bildirilməmiş və cavabdeh ailə üzvləri ilə birlikdə uzun illər ərzində oradan maneəsiz və fasiləsiz istifadə etmişdir. Bu illər ərzində cavabdehin orada yaşamasına maneçilik törədilməmiş, əksinə cavabdehin və ailə üzvlərinin həmin evdə rahat yaşamaları üçün su, qaz və elektrik xətləri çəkilməklə həmin xidmətlərə görə onlardan müvafıq haqq da alınmışdır. Göstərilən orqanlar cavabdehə müvafıq kommunal xidmətlər göstərməklə və eləcə də susmaqla əslində onun həmin torpaq sahəsində tikilmiş evdən istifadə etməsinə öz razılıqlarını bildirmişlər. Vətəndaşın uzun müddət ərzində yaşadığı evinin heç bir təminat olmadan sökülməsi və onun faktiki olaraq yaşayış sahəsindən birdəfəlik məhrum edilməsi Azərbaycan Respublikası Konstitusiyasının bəyan etdiyi prinsiplərə ziddir. Mübahisə predmeti olan ev xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, hazırkı vəziyyətdə onu inşa etmiş şəxsin mülkiyyəti kimi qəbul edilməli və belə olan halda, mübahisə predmeti olan tikilinin sökülməsi və cavabdehin həmin evdən çıxarılması yalnız bununla bağlı müvafiq məbləğdə kompensasiya verilməklə təmin edilə bilər.
4. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli, 724 saylı Sərəncamına əsasən həmin Sərəncamla aşağıdakılar qərara alınmışdır: “1. Bakı şəhəri İcra hakimiyyəti Başçısının 693 saylı, 29.07.99-cu il tarixli sərəncamı ilə Sulu-təpə yaşayış massivində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m. torpaq sahəsi ayrılsın və inşaat işlərinin aparılmasına icazə verilsin. 2.Rayon memarı sahənin naturada nişanlanmasını həyata keçirsin və layihələşdirmə üçün tapşırıq versin. 3.Vətəndaş Cavabdeh tapşırılsın ki, torpaq sahəsindən istifadə hüququna dair bir ay müddətində MKTB ilə notarial qaydada təsdiq edilmiş müqavilə bağlasın. 4.Müqavilə bağlandıqdan sonra, vətəndaş Cavabdeh üzərinə kommunal xətlərin qorunması, sahənin və ətraf ərazinin abadlaşdırma öhdəliyi qoyulsun. 5.Vətəndaş Cavabdeh üzərinə müqavilə bağlandığı gündən etibarən bir aydan gec olmayaraq tikintiyə başlamaq və iki il ərzində başa çatdırmaq öhdəliyi qoyulsun...”; - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2021-ci il tarixli cavab məktubuna əsasən Cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli, 724 saylı Sərəncamının və cizginin surətini Milli Arxiv İdarəsinə ərizə ilə müraciət etməklə əldə etmişdir (iş səh. 62-64,78, 79). Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
5. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5040/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialının Cavabdeh qarşı “Cavabdeh Şirkətin Saziş ərazisi hüdudları daxilində, 3 saylı mədənin 6-cı sahəsində, ünvan 2 ünvanda inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən Şirkətin xeyrinə tutulması” tələbi barədə iddiasının təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2, 46, 65, 66, 67, 68; “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6; “Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanununa”; Nazirlər Kabinetinin 94 saylı, 10 may 2001-ci il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1, 240.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Binəqədi Rayon Məhkəməsi mülki işə baxarkən mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsinin təyinatının, əsl sahibinin müəyyən edilməsi, həmçinin həmin torpaq sahəsinin məlum Saziş üzrə Şirkətə məxsus kontrakt sahəsinin hüdudları daxilində olub-olmamasını aydınlaşdırmaq üçün müvafiq məhkəmə texniki-tikinti ekspertizası təyin etməli idi və həqiqətə nail olmaq və ədalətli qətnamə çıxarmaq üçün bu sahə üzrə mütəxəssis və ekspertlərin rəyini əldə etməli idi. Lakin göründüyü kimi, məhkəmə iş üzrə ekspertiza da təyin etməmiş və yalnız cavabdehin təqdim etdiyi, hüquqi qüvvəsi olmayan İcra Hakimiyyətinin sərəncamının mövcudluğuna əsaslanaraq qanunsuz qətnamə qəbul etmişdir. birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, istənilən torpaq sahəsinin təyinatı hər hansı qurumun və ya təşkilatın deyil, yalnız Nazirlər Kabinetinin müvafiq qərarı ilə dəyişdirilə və ya müəyyən edilə bilər. Binəqədi Rayon Məhkəməsi həmçinin nəzərə almamışdır ki, mübahisəli torpaq sahəsi cavabdehin mülkiyyətində deyil, onun özbaşına tikili inşa etməsi ilə Şirkətin Dövlət tərəfindən verilmiş hüquq və təminatları pozulur və eyni zamanda sənaye təyinatlı ərazidə inşa edilən tikili həm cavabdehin, həm də digər şəxslərin həyat və sağlamlığı üçün olduqca təhlükəlidir. Bu halda heç bir hüquqi tənzimləmə qaydasından söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində presedent hüququ nəzərdə tutulmadığı halda, Binəqədi Rayon Məhkəməsi əsassız olaraq bu hüquqa istinad etməklə sözügedən qətnaməni qəbul etmişdir. Belə ki, məhkəmənin vəzifəsi norma yaratmaq yox, mövcud normaları tətbiq etməkdir. Birinci instansiya məhkəməsi cavabdehin qeyri-qanuni dəlillərinə hüquqi don geyindirilməklə onun əsassız arqumentlərini əsaslı hesab etmiş, lakin, məhkəmə gedişatı zamanı Şirkətin (nümayəndəsinin) təqdim etdiyi dəlillərə heç bir əhəmiyyət verməmişdir. 29 sentyabr 2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandag və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (“ARDNŞ”), X10 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti (“Podratçılar”) arasında Saziş (“Saziş”) imzalanmış və bu Saziş 29 aprel 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən qanun statusunu almışdır. Qeyd olunan Qanunun 4–cü bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökümət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökümət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökümət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökümət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 150 nömrəli, 14 oktyabr 2004-cü il tarixli qərarı ilə “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişin 5-ci əlavəsində qeyd olunmuş Azərbaycan Respublikası Hökümətinin təminatı və öhdəlikləri təsdiq edilmişdir. Sazişin 8.6-cı maddəsinə əsasən, İddiaçı şirkəti Podratçı tərəflərin neft-qaz əməliyyatları ilə bağlı təlimatlarını və ya göstərişlərini yerinə yetirərək bu Saziş üzrə Əməliyyatçı kimi fəaliyyət göstərir. Sazişin 3-cü maddəsində Şirkətin neft-qaz əməliyyatlarını hamılıqla tanınmış beynəlxalq standartlar əsasında aparmaq öhdəliyi nəzərdə tutulmuşdur. Bu standartlar əsasında öhdəliyin yerinə yetirilməsi üçün lazımi şəraitin yaradılmasına Azərbaycan Respublikası Hökuməti müvafiq təminat və öhdəliklər vermişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddaçının nümayəndəsi X4 apellyasiya şikayətinin məzmununa uyğun izahat verməklə, İddiaçı şirkətinin Hasilatın pay bölgüsü haqqında beynəlxalq saziş üzrə fəaliyyət göstərdiyini, həmin sazişin 2005-ci ildə Qanun statusu aldığını, həmin qanunun müddəalarına əsasən qanun qüvvəyə mindikdən sonra kontrakt ərazisinə aid əvvəllər verilmiş inzibati aktların, sərəncamların sonra öz qüvvəsini itirmiş hesab olunduğunu, cavabdeh tərəfin arqumenti olan Binəqədi rayon İcra Hakimiyyətinin 724 saylı 06 iyun 2000-ci il tarixli sərəncamının hüquqi qüvvəsinin mövcud olmadığını bildirmiş, həmin sərəncamı inzibati icraat qaydasında mübahisələndirdiklərini, inzibati mübahisə predmeti olmadığından iddialarının mümkün sayılmadığını, Bakı İnzibati Məhkəməsinin müvafiq qərardadı ilə İcra hakimiyyətinin sərəncamının öz qanuni qüvvəsinin itirdiyinin qeyd edildiyini və qərardadın qanuni qüvvəsinin aldığını qeyd etmiş, sazişdə hər hansı kompensasiyanın verilməsinin nəzərdə tutulmadığını, bundan əlavə cavabdehin həmin torpaq sahəsinin mülkiyyətçisi olmadığını bildirmiş, bütün bunlara əsasən tikilinin özbaşına tikili hesab edilməsini və şikayətlərinin təmin edilməsini xahiş etmişdir.
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə evin 2000-ci ildə tikildiyini, 20 ildir həmin evdə yaşadığını, bütün kommunal xərclərini ödədiyini, sənədsiz olmadığını, sərəncamsız evlərə belə çıxarış verildiyini, mübahisə ilə əlaqədar İcra Hakimiyyətinə müraciət etmədiyini, çıxarış almaq üçün Əmlak Komitəsinə müraciət etdiyini, müraciətə cavab olaraq ərazinin Dövlət Neft Şirkətinə məxsus olduğunun deyildiyini, bundan sonra Şirkətin onu məhkəməyə verdiyini bildirmişdir. Apellyasiya baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə,ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1dək) inşa edilmiş tikililərə dair: 139-1.1.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 139-1.1.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı.
10. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin əsaslı dəlillərinə, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Məcəllənin 139-181, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 217.4, 372, 385-390-ci maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə səciyyə daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Qeyd edilməlidir ki, iş üzrə torpağa dair icra hakimiyyəti tərəfindən verilmiş sərəncam prosessual hüquqi cəhətdən hazırki mülki icraat həddində (tələbdən kənar olaraq) onun şərtlərinin müzakirəsi yolverilməzdir və səlahiyyətlər baxımından mülki mühakimə predmeti ola bilməz. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, cavabdehin bu hüquqa gözləntiləri mülki qanunvericiliklə müəyyən edilmiş qaydada olduğundan, habelə onun əmlak və digər əlaqəli hüquqları ilə şərtləndiyindən apellyasiyanın bu dəlilləri əsassızdır. Apellyasiya icraatı zamanı əlavə tədqiqatlar aparılmasına isə zərurət yoxdur və icra hakimiyyəti tərəfindən ayrılan torpaq sahəsinin məhz mübahisə edilən torpaq sahə ilə eyni olduğunu iddia edən şəxs sübut etməlidir. Sazişə əsasən yerli icra hakimiyyəti orqanının sərəncamının hüquqi qüvvəsi olmaması barədə apelyatorun dəlilləri cavabdehə münasibətdə əsassızdır. Belə ki, cavabdeh inzibati icraat müstəvisində qanunsuz hərəkətlər etməmiş və mülki hüquqlar çərçivəsində mülkü hüquq pozuntulara yol verməmişdir.
11. Apellyasiya şikayəti əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) ödəyənə aid edilməlidir.
12. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı Şirkətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5040/2022 saylı işi üzrə 18 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.