Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-866/2025 05.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər:işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinin bağlanması və s.” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4146/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçıtərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. “Pasha Bank”ın xx.xx.2021-xx.xx.2024-cü illəri əhatə edən hesabdan çıxarış sənədlərindən görünür ki, Parviz Mammadova məxsus “540269******7250” nömrəli kart hesabına “əmək haqqı” məbləğləri köçürülmüşdür.
2. “X3”in 70001344 nömrəli vəsiqəsindən görünür ki, “Parviz Mammadov, Maintenance Technician” qeyd edilmişdir.
3. “5402********7250” nömrəli plastik kartdan görünür ki, kartın üzərində “Parviz Mammadov, X3” qeyd edilmişdir.
4. CARD/1849513 nömrəli tibbi sığorta kartından görünür ki, İddiaçı xx.xx.2023xx.xx.2024-cü illər ərzində Paşa Sığorta tərəfindən sığortalanmış, sığortalı Şirkət - Cavabdeh MMC, Sığorta növü – “könüllü”, ödəniş forması – “tam” qeyd edilmişdir.
5. Cavabdeh MMC (icraçı) ilə "xxxx" MTK (sifarişçi) arasında xx.xx.2023-cü il tarixdə bağlanmış PPM-KBR/01 nömrəli xidmət müqaviləsindən görünür ki, icraçının “K.Residence Baku” yaşayış kompleksinin davamlı fəaliyyətini təmin etmək üçün işlərin təşkil edilməsi və dəstək olmaq, müvafiq işçi qüvvəsi ilə birlikdə Kompleksin ərazisindəki avadanlıqlara müntəzəm və dövri texniki xidmət üçün plan və cədvəllər hazırlamaq və s. xidmətləri göstərəcəkdir. xx.xx.2023-cü il tarixli “məlumatın alınması barədə” sənəddən görünür ki, İddiaçı “kiçik yanğın ilə nəticələnən hadisə (BCV)” mövzusu üzrə təlimdə iştirak etməsini imzası ilə təsdiqləmişdir.
6. xx.xx.2024-cü il tarixli “iclasda iştirak vərəqindən (SƏTƏMM üzrə)” görünür ki, İddiaçı “əl yaraları” mövzusu üzrə təlimdə iştirak etməsini imzası ilə təsdiqləmişdir.
7. xx.xx.2024-cü il tarixli “məlumatın alınması barədə” sənəddən görünür ki, M.Pərviz “günvurma, istivurma” mövzusu üzrə təlimdə iştirak etməsini imzası ilə təsdiqləmişdir.
8. xx.xx.2023-cü il tarixli "xxxx" ərazisindən çıxış üçün bildirişdən görünür ki, texnik İddiaçı baş ofisə getməyi ilə əlaqədar ərazidən çıxmasının nəzərə və qeydiyyata alınmasını xahiş etmişdir. Çıxış saatları 15:55-dən 17:30-a kimidir.
9. Sorğu əsasında "xxxx" MTK tərəfindən məhkəməyə təqdim edilmiş əmək haqqı ödənişlərini təsdiq edən bank çıxarışlarından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə 850.83 manat, xx.xx.2023-cü il tarixdə 846.12 manat, xx.xx.2023-cü il tarixdə 909.68 manat, xx.xx.2023-cü il tarixdə 909.68 manat, xx.xx.2023-cü il tarixdə 909.68 manat, xx.xx.2023-cü il tarixdə 1019.58 manat, xx.xx.2023-cü il tarixdə 959.61 manat, xx.xx.2024cü il tarixdə 967.53 manat, xx.xx.2024-cü il tarixdə 909.68 manat, xx.xx.2024-cü il tarixdə 1205.86 manat, xx.xx.2024-cü il tarixdə 909.68 manat, xx.xx.2024-cü il tarixdə 3691.22 manat əmək haqqı ödənilmişdir.
10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış məktublardan görünür ki: - İddiaçı müraciətində qeyd edilən pozuntuların dəqiqləşdirilməsi, onun izahatının alınması və onda olan sübutların təqdim olunması məqsədilə “DOST” mərkəzinə dəvət olunması ilə bağlı ünvanına (Xırdalan şəhəri, H.Əliyev prospekti 112, Şeron MTK 63, blok b, mənzil 20) 3-17-5/2-P-20582/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktub göndərilsə də, gəlməmişdir. Müraciətində qeyd edilən digər məsələlərlə bağlı "xxxx" MMC-nin ünvanına 3-17-5/2- 20583/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla, "xxxx" MTK-nın ünvanına isə 3-17-5/2- 20584/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla müraciət olunaraq İddiaçı aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi xahiş olunmuşdur. Məktublar poçt şöbəsi tərəfindən "xxxx" MMCyə "xxxx" MTK-ya müvafiq olaraq xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində çatdırılmışdır. Lakin, tələb olunan sənədlərin təqdim olunması "xxxx" MMC və "xxxx" MTK tərəfindən sənədlər Dövlət əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinə təqdim ediləcəyi təqdirdə müraciətə yenidən baxılacağı və nəticəsi barədə məlumat veriləcəyi bildirilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2024-cü il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Müraciətdə qeyd edilən məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət hüququnun olması göstərilmişdir.
11. "xxxx" MTK-nın hüquqi ünvanına 3-17-5/2-23697/2023 nömrəli, xx.xx.2023-cü il tarixli (SS849200225AZ) məktubla müraciət olunaraq İddiaçı aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi xahiş olunmuş, lakin poçt xidmətinə məxsus F-20 arayışında “bu ünvanda yoxdur” qeyd edilərək məktub geri qaytarılmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2024-cü il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Müraciətində qeyd edilən pozuntuların dəqiqləşdirilməsi, İddiaçı izahatının alınması və onda olan sübutların təqdim olunması məqsədilə “DOST” mərkəzinə dəvət olunması ilə bağlı ünvanına (Biləsuvar şəhəri, 1 May küçəsi, ev 24 ünvanı üzrə) 3-17-5/2-23699/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktub göndərilsə də, İddiaçı gəlməmişdir. Müraciətdə qeyd edilən məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət hüququnun olması göstərilmişdir.
12. "xxxx" MTK (işəgötürən) ilə İddiaçı (işçi) arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 70001344 nömrəli əmək müqaviləsindən görünür ki, işçi razılaşır ki, onun əsas iş yeri işəgötürənin iş sahələri və ya vaxtaşırı olaraq işəgötürən tərəfindən işçinin təyin olunduğu digər yer(lər) yerləşəcək. İşçi İstismar xidmətləri üzrə texnik vəzifəsinə qəbul edilir.
13. xx.xx.2023-ci il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işçi İddiaçı işəgötürən "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən “İstismar xidmətləri üzrə texnik” vəzifəsinə işə qəbul edilmişdir;
14. "xxxx" MTK tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli "xxxx"ndən görünür ki, həmin MTK-da əməyin təşkilində dəyişikliklər edilməsi zərurətindən irəli gələrək “İstismar xidmətləri üzrə texnik” ştatı qanunvericiliklə müəyyən edilmiş qaydada ixtisar edilir. MTK-da əmək stajının bir ildən beş ilədək olduğu nəzərə alınaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən bu xəbərdarlıq məktubunu aldığı (tanış olduğu) vaxtdan etibarən İddiaçı azı dörd təqvim həftəsi qabaqcadan çalışdığı “İstismar xidmətləri üzrə texnik” ştatının ixtisar ediləcəyi barədə rəsmi xəbərdar edilir və həmin müddət ərzində əmək haqqı saxlanılmaqla hər iş həftəsində 1 (bir) gün iş axtarmağa ona imkan yaradılacaqdır. Xəbərdarlıq müddəti bitdikdən sonra İddiaçı ilə xx.xx.2022-ci il tarixində bağlanmış 70001344 nömrəli əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştat ixtisar edildikdə) əsasən xitam veriləcək və orta aylıq əmək haqqının azı 1.4 misli miqdarında ona işdən çıxarma müavinəti ödəniləcəkdir. AR ƏM-nin 77-ci maddəsinin 4-cü hissəsinə əsasən İddiaçı razılığı ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının azı 0.9 misli ödənilməklə müvafiq əsasla əmək müqaviləsinə xəbərdarlıq müddəti gözləmədən xitam verilə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilərsə, xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.
15. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 003/24-k nömrəli əmrdən görünür ki, Knightsbridge Ağ Şəhər” bölməsində “İstismar xidmətləri üzrə texnik” vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000400 nömrəli əmək müqaviləsinə “AR ƏM-nin 70.“b” – işçilərin sayı və ya ştat ixtisar edildikdə” maddəsinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir.
16. "xxxx" MTK tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli “əmək kitabçasının poçt vasitəsilə göndərilməsi barədə” məktubdan görünür ki, onlar arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə (işçilərin sayı və ya ştat ixtisar edildikdə) xitam verilmişdir. Əmək müqaviləsinə xitam verildiyi gün (son iş günü) əmək kitabçasının götürülməsi nəzərə alınaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarının 6.2-ci bəndinə əsasən əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə razı olub-olunmaması barədə məlumat verməsi xahiş olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
17. İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinin bağlanması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin onunla əmək müqaviləsi bağlaması və iddiaçının həmin Cəmiyyətin elektrik vəzifəsinə təyin edilməsi, əvvəlki əmək haqqının verilməsi öhdəliyinin qoyulması barədə qətnamə qət edilməsini xahiş etmişdir.
18. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 2023-cü ilin iyun ayında "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa olunan yaşayış binasında işlərin görülməsi ilə bağlı Cavabdeh MMC iş icraçısı olaraq müəyyənləşdirilmişdir. Cavabdeh iddiaçı ilə əmək müqaviləsini bağlamış olmasa da İddiaçı və digər işçilər də orada 2023-cü ildə işləyən "xxxx" Ağ Şəhər Mənzil Tikinti Kooperativinin binasında elektrik və digər işləri yerinə yetirmişlər. Həmin vaxt iddiaçı Cavabdeh MMC-nin uniformasını geyinmiş və 70001344 nömrəli iş kartından (beydjik) istifadə etmiş, rəsmi bank kartı vasitəsilə əmək haqqı almışdır. İddiaçı işə gəldiyi zaman davamiyyət jurnalına imza çəkmiş, onun tibbi sığortası cavabdeh tərəfindən təmin edilmişdir. Əmək müqaviləsinin bağlanmasını çıxmaq şərti ilə digər əmək şəraitinin hamısına riayət olunmuşdur. İddiaçı 1 (bir) ildən artıq müddətdə Cavabdeh MMC-də işçi olaraq çalışmış, lakin 2024-cü ildə işdən kənarlaşdırılmış və cavabdeh tərəfindən əmək qanunvericiliyi kobud surətdə pozulmuşdur. Hətta əməllərində inzibati xətanın tərkibi yaranmışdır. Nəticədə faktiki olaraq əmək münasibətləri olduğu yerdə cavabdeh əmək müqaviləsini bağlamaqdan boyun qaçırmışdır. İddiaçı dəfələrlə əmək müqaviləsinin bağlanmasını xahiş etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə müqavilə bağlanmasından yayınmışdır. İddiaçı bu məsələ ilə bağlı Əmək Müfəttişliyi Xidmətinə də müraciət etmişdir. Faktiki olaraq İddiaçı Cavabdeh MMC-də işləsə də, onun bütün sənədləri - əmək kitabçası, son haqq-hesab sənədi "xxxx" Mənzil Tikinti Kooperativində saxlanılmışdır. Lakin iddiaçı işdən azad olunduğu zaman ona 2 aylıq əmək haqqı plastik kartına köçürülmüşdür. Bu hal bir daha iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinin olmasını sübut edir. Cavabdeh MMC və "xxxx" Mənzil Tikinti Kooperativi faktiki olaraq eyni müəssisədir və eyni yerdir. Bunlar hüquqi cəhətdən fərqlənsələr də, faktiki olaraq eyni təşkilatdır. İddiaçı məsələni məhkəməyə qədər mediator vasitəsilə həll etmək üçün Mediasiya təşkilatına müraciət etmiş, mediator tərəfindən ona və cavabdehə mediasiya sessiyasının keçirilməsi haqqında məktub göndərilsə də, cavabdeh tərəf mediasiya sessiyasına gəlməmiş və iddiaçıya ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim olunmuşdur.
19. Cavabdeh MMC tərəfindən məhkəməyə etiraz ərizəsi təqdim edilərək onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" MTK arasında xx.xx.2022-ci il tarixində bağlanmış 70001344 nömrəli əmək müqaviləsinə əsasən İddiaçı həmin MTK-ya istismar xidmətləri üzrə texnik vəzifəsinə işə qəbul olunmuşdur. Əmlak İdarəetmə Şirkəti olan Cavabdeh MMC ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2023-cü il tarixli, PPM-KBR-01 saylı xidmət müqaviləsinə əsasən sonuncu, cavabdeh MTK-ya "xxxx" yaşayış kompleksinin davamlı fəaliyyətini təmin etmək üçün müxtəlif işlərin görülməsini və xidmətlərin göstərilməsini, habelə MTK-nı lazımi işçi qüvvəsi ilə təmin etməyi öhdəsinə götürmüşdür. Bu Xidmət müqaviləsinə əsasən "xxxx" yaşayış kompleksində çalışan bütün işçilər (MTK-nın işçisi olub-olmamasından asılı olmayaraq) vahid forma və giriş-çıxış kartları ilə təchiz edilmişdir ki, bu işçilərdən biri də məhz İddiaçı olmuşdur. Bundan əlavə qeyd edilən Xidmət müqaviləsinə əsasən Cavabdeh MMC "xxxx" MTK-ya xidmətlərin və işlərin icrası üçün lazımi qədər işçi qüvvəsi təmin etdiyi üçün MTK-nın əlavə işçi saxlamasının şirkətə əlavə maddi xərclərə səbəb olmasını, əməyin təşkilində dəyişikliklər edilməsi və optimallaşdırılması zərurətini nəzərə alaraq, "xxxx" MTK tərəfindən 2023-cü ilin may ayında bir sıra işçilər ilə əmək müqavilələrinə qanunverciliyə uyğun əsaslarla xitam verilmiş, həmin işçilər Cavabdeh MMC-yə işə qəbul olunmuşdur. Eyni vaxtda, "xxxx" MTK tərəfindən İddiaçı müraciət edilərək əmək müqaviləsinə qarşılıqlı razılıqla xitam verilməsi və Cavabdeh MMC-yə işə götürülməsi təklif edilsə də, iddiaçı bu təklifdən imtina etmişdir. Bir ildən artıq müddətdə iddiaçının "xxxx" MTK-nın işçisi kimi qaldığı dövrdə iddiaçının əmək haqqı xərclərinin MTK-ya əlavə maddi yükə səbəb olduğunu, MTK-da əlavə işçi qüvvəsinə ehtiyac olmadığını, bütün işçi qüvvəsinin kənar şirkətdən, yəni Cavabdeh MMC tərəfindən təmin olunduğunu nəzərə alaraq, MTK-nın “işçi sayının ixtisar edilməsi barədə” xx.xx.2024-cü il tarixli 003/24-k saylı əmri ilə İddiaçı əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə ləğv edilməsi qərara alınmışdır. İddiaçı eyni vaxtda e-2(006)-3604/2024 saylı mülki iş üzrə "xxxx" MTK-ya qarşı həmin MTK-nın ixtisar barədə müvafiq əmrinin ləğv edilməsi və işə bərpa ilə bağlı iddia qaldırmışdır. Belə çıxır ki, iddiaçı "xxxx" niyyətindədir. Ancaq aydındır ki, MTK-dan ixtisarla işdən ayrılan iddiaçının iddiası təmin olunduğu halda, onun bu iş üzrə iddiası təmin oluna bilməz, yaxud bu iş üzrə iddiası təmin olunduğu halda digər iş üzrə iddiası təmin oluna bilməz. Digər tərəfdən iddiaçı iddia ərizəsində özü etiraf edir ki, o, "xxxx" MTK ilə əmək müqaviləsi bağlamış və həmin MTK-nın işçisi kimi fəaliyyət göstərmiş, eləcə də əmək kitabçası, əmək haqqı aldığı bank kartı MTK tərəfindən rəsmiləşdirilmişdir. Bu halda başqa bir şəraitdə əmək müqaviləsi ilə çalışan işçi ilə Cavabdeh MMC əmək müqaviləsi bağlaya bilməzdi. Eyni zamanda, iddiaçının Cavabdeh MMC-nin loqosu olan uniformanı geyinməsi və eyni loqolu giriş-çıxış kartından istifadə etməsi iddiaçının cavabdeh ilə əmək münasibətlərində olduğunu göstərmir. İddiaçının Cavabdeh MMC-nin işçilərinin də fəaliyyət göstərdiyi "xxxx" yaşayış kompleksində hər kəs kimi uniformanı geyinməsi və eyni dizaynlı kartdan istifadəsi sadəcə texniki səbəblərlə bağlıdır. Belə ki, sadəcə 1 (bir) şəxs üçün ayrı dizaynlı uniforma və kart sifarişi maddi və texniki cəhətdən mümkün olmur. Bundan əlavə, iddiaçı iddia edir ki, əmək haqqını cavabdehdən alır. Halbuki, özünün təqdim etdiyi bank hesabından çıxarışdan görünüdüyü kimi orada heç bir yerdə Cavabdeh MMC-nin adı keçmir. Çünki iddiaçı əmək haqqını "xxxx" MTK-dan almış və son haqq-hesab da məhz MTK tərəfindən onun hesabına köçürülmüşdür. Digər yandan iddiaçının təqdim etdiyi davamiyyət cədvəllərindən də göründüyü kimi İddiaçı "xxxx" yaşayış kompleksində çalışmış, Cavabdeh MMC-yə aid hər hansı digər müəssisədə yox. Tibbi sığortanın Cavabdeh MMC adından təmin olunması məsələsi ilə bağlı isə bildirilmişdir ki, "xxxx" sığorta Şirkəti ASC 2023-cü ilin may ayında "xxxx" MTK-nın texniki iş heyətinin MTK-dan ayrılmasından sonra MTK ilə əməkdaşlığı dayanmışdır. Lakin MTK-nın işçisi olmasından asılı olmayaraq, iddiaçının eyni yerdə çalışan digər işçilərdən fərqləndirilməməsi, onun tibbi sığorta paketi ilə təmin olunması məqsədilə cavabdeh iddiaçını öz hesabına könüllü qaydada sığortalamışdır. İddiaçının xeyrinə ödənilən sığorta haqqı məbləği sonradan cavabdeh MMC ilə MTK arasında hesablaşılmaqda idi. İddiaçının təqdim etdiyi SƏTƏMM üzrə məlumat vərəqələri və iclasda iştirak vərəqələri ilə bağlı qeyd edilmişdir ki, MTK-nın ştatında SƏTƏMM təlimləri keçən heç bir işçi olmadığından MTK ilə cavabdeh arasında bağlanması qeyd edilən xidmət müqaviləsinə uyğun olaraq bütün SƏTƏMM təlimləri və təlimatları "xxxx" yaşayış kompleksində çalışan işçilər üçün cavabdeh tərəfindən təmin edilməkdədir. Digər tərəfdən iddiaçı iddia ərizəsində cavabdehin əməllərinin inzibati xəta tərkibi yaratdığını qeyd etmiş, ancaq bunun hansı xəta olduğunu açıqlamamışdır. Odur ki, bu hissədə də iddiaçının iddiasının əsassız olduğu ortaya çıxır. İddiaçı iddia ərizəsində həmçinin cavabdehin onunla əmək müqaviləsi bağlamaqdan bəhanələrlə yayındığını bildirmişdir. Cavabdehin iddiaçı ilə əmək müqaviləsi bağlamaq kimi bir öhdəliyi yoxdur. İddiaçının əmək münasibətləri MTK ilə olmuşdur və MTK ilə əmək müqaviləsinə də xitam verilmişdir. İddiaçı ilə cavabdeh arasında heç bir faktiki əmək münasibətləri mövcud olmamışdır. Göstərilənləri nəzərə alaraq, İddiaçı Cavabdeh MMC-yə qarşı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
20. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4146/2024 nömrəli xx.xx.2024cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim X4).
21. Məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, İddiaçı "xxxx" MTK-nın işçisi olmuşdur. "xxxx" MTK ilə isə Cavabdeh MMC arasında xidmət müqaviləsi imzalanmışdır. Həmin xidmət müqaviləsinə görə Cavabdeh MMC “K.Residence Baku” yaşayış kompleksinin davamlı fəaliyyətini təmin etmək üçün işlərin təşkil edilməsi və dəstək olmaq, müvafiq işçi qüvvəsi ilə birlikdə Kompleksin ərazisindəki avadanlıqlara müntəzəm və dövri texniki xidmət üçün plan və cədvəllər hazırlamaq və s. xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Yəni müvafiq iş yeri ərazisində "xxxx" MTK-nın işçiləri ilə Cavabdeh MMC-nin işçiləri birlikdə fəaliyyət göstərmişdir. İddiaçının öz iş yeri başqa olmuş və o, öz vəzifə funksiyalarını həyata keçirmişdir. Cavabdeh MMC isə xidmət müqaviləsinə əsasən müvafiq ərazidə öz hüquq və öhdəliklərini yerinə yetirmişdir. Lakin cavabdeh ilə iddiaçı arasında hər hansı əmək münasibətləri mövcud olmamışdır. İddiaçının işəgötürəni "xxxx" MTK olmuşdur. İş materiallarında olan hesabdan çıxarış sənədləri ilə sübut olunur ki, iddiaçı gördüyü iş müqabilində əmək haqqını Cavabdeh MMC-dən deyil, "xxxx" MTK-dan almışdır. Məhkəmə qeyd etmişdir ki, əmək müqaviləsinin bağlanması barədə iddia tələbi o halda əsaslı olar ki, əmək müqaviləsi bağlanmadan və ya tərəflər arasında əmək müqaviləsi rəsmiləşdirilmədən tərəflər arasında faktiki olaraq işçi və işəgötürən kimi qarşılıqlı əmək münasibətləri mövcud olsun. Yəni, işçi faktiki olaraq işəgötürənin sərəncamında işləsin, lakin onların münasibətləri rəsmiləşdirilməsin. Hazırkı mübahisədə iddiaçının (işçinin) başqa işəgötürən ilə əmək müqaviləsi mövcud olmuşdur. O, öz funksiyalarını, vəzifə öhdəliklərini digər müəssisənin əməkdaşları ilə birlikdə həyata keçirsə də digər işçilərin ayrı işəgötürəni, iddiaçının isə ayrı işəgötürəni mövcud olmuşdur. Öz işəgötürəni tərəfindən də ona müvafiq əmək haqqı ödənilmişdir.
22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsi, Əmək Məcəlləsinin 4-cü, 5-ci, 7-ci, 70-cı maddəsinin “b” bəndinə, 77-ci, 78-ci, 80-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 88-ci, 217.4-cü maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
23. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
24. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəməyə təqdim olunan sübutlar ilə bağlı hallar ,hadisələr tamamilə təhrif olunub. Məhkəmə qərəzli olaraq cavabdehin xeyrinə sübutları yozub. Harda görünür ki əmək müqaviləsini bir müəssisəylə bağlayasan digər müəsissəyə məxsus **********7250 nömrəli əmək kartında əmək haqqını alasan. Həm MTK, həm də MMC aralarında xidməti müqavilənin olması kimi qələmə vermiş və məhkəmədə bunu əsas götürmüş. Lakin əmək haqqı kartına cavabdehin birbaşa əmək haqqımı köçürməsi, məni birbaşa öz işçisi kimi qəbul etməyindən irəli gəlir. Xidməti müqavilə olduğu halda xidmət haqqı işçinin hesabına yox, Xidməti müqaviləni bağladığı müəssisənin hesabına keçir. O isə öz növbəsində MMC yə məxsus əmək kartından işçilərə əmək haqqını ödəməlidir. Bu halı məhkəmə görmək istəməyib. Nəticədə ədalətsiz, qanunsuz, əsassız qətnamə qəbul edibdir. Məhkəmə tərəflərə mübahisəni barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur. Lakin məhkəmə nə ona, nədə ki cavabdehə sazış bağlamağı təklif etməyib. Bu səbəbdən maddənin tələblərini pozmuş olubdur.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Cavabdeh MMC apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək göstərmişdir ki, Xidmət müqaviləsinə əsasən Cavabdeh MMC cavabdehə xidmətlərin və işlərin icrası üçün lazımi qədər işçi qüvvəsi təmin etdiyi üçün MTK- nın əlavə işçi saxlamasının MTK-ya əlavə maddi xərclərə səbəb olmasını, əməyin təşkilində dəyişikliklər edilməsi və optimallaşdırılması zərurətini nəzərə alaraq, "xxxx" MTK 2023-cü ilin may ayında MTK-nın bir sıra işçiləri ilə əmək müqavilələrinə qanunvericiliyə uyğun əsaslarla xitam verilmiş, həmin işçilər Cavabdeh MMC-yə işə qəbul olunmuşdur. Eyni vaxtda MTK iddiaçıya da müraciət edərək əmək müqaviləsinə qarşılıqlı razılıqla xitam verilməsini təklif etsə də, iddiaçı bundan imtina etmişdi. Bir ildən artıq müddətdə iddiaçının MTK-nın işçisi kimi qaldığı dövrdə iddiaçının əmək haqqı xərclərinin MTK-ya əlavə maddi yükə səbəb olduğunu, MTK-da əlavə işçi qüvvəsinə ehtiyac olmadığını, bütün işçi qüvvəsinin kənar şirkətdən təmin olunduğunu nəzərə alaraq, MTK-nın xx.xx.2024-cü il tarixli 003/24-k saylı işçi sayının ixtisar edilməsi barədə əmri ilə İddiaçı əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndi ilə ləğv edilməsi qərara alınmışdır. Bu barədə işçi ilə görüşdə ixtisar barədə xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu işçiyə təqdim edilmiş, lakin işçi əmrlə tanış olmaqdan və onu imzalayıb təhvil almaqdan imtina etmişdir. Bu səbəbdən ixtisar barədə xəbərdarlıq haqqında məktub iddiaçının ünvanına poçt vasitəsilə xx.xx.2024-cü il tarixində qeydiyyatda olduğu ünvan 3 ünvanına, habelə Xırdalan, H.Əliyev pr. 112, Şeron MTK-63, Blok A, mənzil 20 ünvanına göndərilmiş, sonuncu ünvanda məktub xx.xx.2024-cü il tarixində təhvil alınmışdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq, xəbərdarlıq məktubu işçiyə çatdırıldıqdan sonra xx.xx.2024-cü il tarixli 003/24-k saylı ştat sayının ixtisar edilməsi barədə əmrlə iddiaçının əmək müqaviləsinə İddiaçı əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndi ilə ləğv edilmişdir. İddiaçıya telefonla əmək kitabçasını sonuncu iş günü sayılan xx.xx.2024-cü il tarixində gəlib təhvil alması bildirilsə də, işçi bundan imtina etmişdir. Buna görə də, əmək kitabçasının poçt vasitəsilə göndərilməsi barədə işçinin razılığını almaq üçün ona xx.xx.2024-cü il tarixli məktub elə həmən tarixdə göndərilmiş, işçinin yaşayış ünvanında məktub xx.xx.2024-cü il tarixində təhvil alınmışdır. İddiaçının şikayət ərizəsində Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin tərəflərə barışıq təklif etməməsi qeydi də əsassızdır. Belə ki, məhkəmə tərəflərə işin hazırlıq mərhələsində barışıq təklif etmişdir. Cavabdeh tərəf olaraq belə bir barışığın mümkün olmayacağını məhkəməyə bildirmişlər. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
ç) Proses iştirakçılarının izahatı
26. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinə uyğun məzmunda izahat verməklə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi.
27. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, onun təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən, Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. 5-ci maddəsinə əsasən, əmək müqaviləsi – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. 7-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. 7-ci maddəsinin 2-3-cü hissəsinə əsasən, aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir: 2-3.1. müqavilənin məzmunu bu Məcəllənin 43-cü maddəsinin 2-ci hissəsinə, forması isə bu Məcəllənin 44-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş formaya uyğun olduqda; 2-3.2. bu Məcəllənin 48-ci maddəsinə uyğun olaraq tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edildikdə; 2-3.3. tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yarandıqda; 2-3.4. tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda; 2-3.5. tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda; 2-3.6. yerinə yetirilməsi şərtlərinə görə iş (xidmət) müvəqqəti xarakterə malik olduğu halda müqavilənin müddətinin uzadılması bu Məcəllənin 73-cü maddəsinə uyğun tənzimləndikdə; 2-3.7. yerinə yetirilən işə (xidmətə) görə ödənilən haqqın tərkibi bu Məcəllənin 157ci maddəsinin 3-cü hissəsində göstərilən aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda; 2-3.8. müqavilədə bu Məcəllənin 10-cu, 77-ci, 112-ci, 179-cu və 186-cı maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda. 63.1-ci maddəsinə əsasən müəssisənin mülkiyyətçisi dəyişdikdə bu maddənin 2-ci hissəsində göstərilən işçilərdən başqa qalan bütün işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır. Bu işçilərin əmək müqavilələri müəyyən edilmiş qaydalara əməl edilməklə bu Məcəllənin 70, 73 və 75-ci maddələrində nəzərdə tutulan müvafiq əsaslarla ləğv edilə bilər. 70-cı maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 77.1-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 77.3-cü hissəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əmək haqqının azı iki misli miqdarında. 80-ci maddəsinin 1-ci və 2-ci hisslələrinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
32. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
34. İş materiallarından göründüyü kimi İddiaçı ilə "xxxx" MTK arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 70001344 nömrəli əmək müqaviləsinə əsasən onlar işçi və işəgötürən olmaqla əmək müqaviləsinin tərəfləri kimi əmək münasibətlərinə daxil olmuşlar. Həmin müqaviləyə görə işçinin iş yeri işəgötürənin iş sahələri və ya vaxtaşırı olaraq işəgötürən tərəfindən işçinin təyin olunduğu digər yer(lər)dir. İddiaçı gördüyü iş müqabilində işəgötürən "xxxx" MTK tərəfindən hər ay aylıq əmək haqqı ödənilmişdir. "xxxx" MTK-nın xx.xx.2024-cü il tarixli 003/24-k nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmiş və son haqqhesabı ödənilmişdir. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq əmri Nəsimi Rayon Məhkəməsində mübahisələndirmiş və həmin iddia ərizəsi məhkəmə tərəfindən icraata qəbul edilmişdir.
35. Hazırda İddiaçı Cavabdeh MMC-dən onunla əmək müqaviləsi bağlamasını, elektrik vəzifəsinə təyin edilməsini və əvvəlki əmək haqqının verilməsini tələb edir. İddiaçı hesab edir ki, faktiki olaraq Cavabdeh MMC-də işləsə də, onun bütün sənədləri "xxxx" MTK-da saxlanılır. Lakin Cavabdeh MMC-nin uniformasını geyindiyinə, cavabdehin iş kartından istifadə etdiyinə, rəsmi bank kartı vasitəsilə əmək haqqı aldığına, davamiyyət jurnalına imza çəkdiyinə görə hesab edir ki, iddiaçının işəgötürəni Cavabdeh MMC-dir. İddiaçı, həmçinin, qeyd edir ki, həmin şirkətlər hüquqi cəhətdən fərqlənsələr də, faktiki olaraq bir təşkilatdır.
36. Nəzərə alınmalıdır ki, qanunverici şəxsin sərbəst iradə ifadəsi əsasında əməyə olan qabiliyyətinin realizəsi üzrə artıq yaratmış olduğu konkret münasibətlərdə məhz işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi, qanuni mənafelərinin qorunması məqsədilə həmin münasibətlərin əmək münasibətləri olaraq qəbul edilməsinin və əmək müqaviləsinin yazılı formada bağlanmasının məcburiliyini təsbit etmişdir. Əmək münasibətləri yazılı qaydada bağlanılmalı olan əmək müqaviləsi ilə rəsmiləşdirilməlidir. Əmək Məcəlləsində əmək münasibətlərinə verilmiş anlayışa əsasən, bu münasibətlərin xarakterik cəhətləri olaraq, ilk növbədə, bir tərəfin fiziki şəxs olması, onun, yəni işçinin müəssisədaxili intizam qaydalarına tabe olması, əmək müqaviləsi üzrə şərtləşdirilmiş əmək funksiyalarını müvafiq iş yerində şəxsən yerinə yetirməsi çıxış edir. Münasibətlərin digər subyekti olan işəgötürən isə işçini müvafiq işlə, habelə sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin etməli və onun əməyinin qarşılığını (əmək haqqını) ödəməlidir.
37. Göründüyü kimi İddiaçı "xxxx" MTK-nın işçisi olmuşdur. "xxxx" MTK ilə isə Cavabdeh MMC arasında xidmət müqaviləsi imzalanmışdır. Həmin xidmət müqaviləsinə görə Cavabdeh MMC “K.Residence Baku” yaşayış kompleksinin davamlı fəaliyyətini təmin etmək üçün işlərin təşkil edilməsi və dəstək olmaq, müvafiq işçi qüvvəsi ilə birlikdə Kompleksin ərazisindəki avadanlıqlara müntəzəm və dövri texniki xidmət üçün plan və cədvəllər hazırlamaq və s. xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Yəni müvafiq iş yeri ərazisində "xxxx" MTK-nın işçiləri ilə Cavabdeh MMC-nin işçiləri birlikdə fəaliyyət göstərmişdir. İddiaçının öz iş yeri başqa olmuş və o, öz vəzifə funksiyalarını həyata keçirmişdir. Cavabdeh MMC isə xidmət müqaviləsinə əsasən müvafiq ərazidə öz hüquq və öhdəliklərini yerinə yetirmişdir. Lakin cavabdeh ilə iddiaçı arasında hər hansı əmək münasibətləri mövcud olmamışdır. İddiaçının işəgötürəni "xxxx" MTK olmuşdur. İş materiallarında olan hesabdan çıxarış sənədləri ilə sübut olunur ki, iddiaçı gördüyü iş müqabilində əmək haqqını Cavabdeh MMC-dən deyil, "xxxx" MTK-dan almışdır.
38. Əmək müqaviləsinin bağlanması barədə iddia tələbi o halda əsaslı olar ki, əmək müqaviləsi bağlanmadan və ya tərəflər arasında əmək müqaviləsi rəsmiləşdirilmədən tərəflər arasında faktiki olaraq işçi və işəgötürən kimi qarşılıqlı əmək münasibətləri mövcud olsun. Yəni, işçi faktiki olaraq işəgötürənin sərəncamında işləsin, lakin onların münasibətləri rəsmiləşdirilməsin. Hazırkı mübahisədə iddiaçının (işçinin) başqa işəgötürən ilə əmək müqaviləsi mövcud olmuşdur. O, öz funksiyalarını, vəzifə öhdəliklərini digər müəssisənin əməkdaşları ilə birlikdə həyata keçirsə də digər işçilərin ayrı işəgötürəni, iddiaçının isə ayrı işəgötürəni mövcud olmuşdur. Öz işəgötürəni tərəfindən də ona müvafiq əmək haqqı ödənilmişdir.
39. Belə olan halda hazırkı mübahisədə iddiaçıya əməyinin qarşılığı məhz cavabdeh tərəfindən ödənilmir, sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin edilmir və iddiaçı müvafiq iş ilə təmin edilmir. Yəni, cavabdeh ilə iddiaçı arasında əmək münasibətlərinin yaranması üçün Əmək Məcəlləsi ilə tənzimlənən hər hansı hüquq və vəzifələr əmələ gəlməmişdir. İşçi başqa işəgötürən ("xxxx" MTK) ilə əmək münasibətlərində olmuş və öz vəzifə öhdəliklərini yerinə yetirmişdir. Belə olan halda cavabdehin iddiaçı ilə əmək müqaviləsi bağlamaq kimi bir öhdəliyi yaranmamış və buna zərurət olmamışdır.
40. Beləliklə, birinci instansiya məhkəməsinin iddiaçının iddiasının təmin edilməməsi barədə gəldiyi nəticə qanuni və əsaslı olmaqla apellyasiya şikaytinin dəlilləri əsaslı hesab edilə və təmin edilə bilməz.
41. Məhkəmə kollegiyası aparılmış araşdırmanın nəticələrinə əsaslanıb və yuxarıda qeyd edilən müddəaların tələblərini rəhbər tutub belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas vermir. Bu səbəbdən apellyasiya şikayəti təmin ediməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4146/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.