Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8661/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı, Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X2 iştirakları ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1643/2021 saylı, 01 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşağı 18.05.2015-ci il təvəllüdlü X5 ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi «Təzə yurd» adlanan sahədə yerləşən və hazırda cavabdehin istifadəsində olan evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim K.Əsədov, iş № 2(002)-1643/21) iddia rədd edilmişdir. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh İbrahim oğlu ilə 14 noyabr 2014-cü il tarixdə ailə həyatı qurmuşdur. Birgə nikahdan 18.05.2015-ci il tarixdə Aysel adlı bir uşaqları doğulmuşdur. Onlara el adəti ilə toy edilmiş və o, cavabdehlə birlikdə onlara məxsus Bakı şəhəri Qaradağ rayonu ünvan 1 ünvanda yerləşən evdə ər-arvad kimi iki ilə yaxın müddətdə yaşamışlar. Sonradan cavabdehlə birlikdə Sahil qəsəbəsində kirayədə yaşamışlar. Kirayədə yaşadıqları müddətdə Qobustan qəsəbəsi Təzə yurd deyilən sahədə ev tikdirmişlər. Hazırda ona məxsus cehiz əşyaları da həmin evdə yerləşdirilmişdir. Cavabdehlə aralarında olan narazılığa görə nikahları Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07 fevral 2020-ci il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Cavabdehlə nikahları ləğv edildiyinə görə onu yeni tikdirdikləri evə buraxmırlar. Həmin ev qanunsuz tikili olmaqla, birgə nikah dövründə tikdirmişlər. Ona məxsus əşyalar həmin evdə olsa da, cavabdeh hazırda onu evə buraxmaq istəmir. Həmin ev onun yeganə yaşayış yeri olmaqla, başqa yerdə qalmağa evi yoxdur. Cavabdeh onu yaşadığı evə buraxmamaqla onun qanunla qorunan hüquqlarını pozur və onun öz evindən istifadə etməsinə əngəllər yaradır. Mübahisəli ev özbaşına inşa edilmiş ev olmaqla rəsmi qeydiyyata alınmamışdır. Özbaşına inşa edilmiş mübahisəli ev onların yaşayış yeri olmuş, hazırda cavabdeh həmin evdə yaşamaqla istifadə edir. Lakin onun evdə yaşamasına imkan vermir. Belə ki, cavabdeh mübahisəli tikiliyə onunla birlikdə eyni hüquqa malikdir. Onun hazırda köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olmaqla, başqa yaşayış evi yoxdur. Bu səbəbdən də, cavabdehin onun evdə yaşamasına mane olması əsassız və qanunsuzdur. Bərabərlik prinsipinə uyğun olaraq onun da cavabdehlə eyni şərtlər daxilində mübahisəli tikilidən yararlanmaq hüququ vardır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı iddia ərizəsi ilə eyni məzmun daşıyan apellyasiya şikayətini əlavə olaraq onunla əsaslandırmışdır ki, məhkəmə prosesi zamanı cavabdeh məhkəməyə bir sıra saxta sənədlər təqdim etmiş və hakim təqdim edilən sənədlərin həqiqiliyini araşdırmamışdır. Hətta, hakimdən müvafiq ekspertizanın keçirilməsini xahiş etsə də, buna məhəl qoymayaraq qanunsuz qətnamə çıxarmaqla kifayətlənmişdir. Göründüyü kimi, məhkəmə işə baxarkən, işi tam və hərtərəfli araşdırmamış, tez-tələsik olaraq yarımçıq, qanunsuz və ədalətsiz qətnamə çıxarmışdır. Qətnamənin ləğv edilməsi və iddia tələblərinə uyğun yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh və apellyasiya baxışı zamanı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs kimi cəlb olunmuş X4 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Qaradağ Rayon Məhkəməsinin iş üzrə 01 iyul 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, tərəflər 14.11.2014-cü ildə rəsmi nikaha daxil olmuş və həmin nikahdan 18.05.2015-ci il təvəllüdlü bir uşaqları vardır. Tərəflər arasındakı nikah 07.02.2020-ci il tarixli məhkəmə qətnaməsi ilə pozulmuş, azyaşlı uşaq ananın yanında saxlanılmış, onun saxlanılması üçün atadan ananın xeyrinə aliment tutulmuşdur. İddiaçının tələbi Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi «Təzə yurd» adlanan sahədə yerləşən fərdi yaşayış evinə (iddia ərizəsində özbaşına tikili kimi qeyd edilib) köçürülməsi barədədir. Həmin evin Qobustan qəsəbə Bələdiyyəsinin 14 mart 2007-ci il tarixli, 110/02 saylı qərarı ilə 3-cü şəxs X1 torpaq sahəsində inşa olunmuş ev olması işin mübahisələndirilməyən halıdır. İddiaçı tələbini əsaslandırarkən həmin evi cavabdehlə birgə nikah dövründə tikdirdiklərini və orada yaşadıqlarını göstərmişdir. Cavabdeh iddianı qəbul etməmiş və mübahisəli evdə heç vaxt yaşamadıqlarını, həmin evin onlara deyil, atası İbrahim Abdullayevə məxsus olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd etmiş və gəldiyi nəticəni Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1-ci maddələri ilə əsaslandıraraq göstərmişdir ki, işin faktiki hallarına əsasən iddiaçının köçürülməsini tələb etdiyi tikili cavabdeh tərəfindən deyil, cavabdehin atası tərəfindən özünə məxsus olan torpaq sahəsində inşa edilmişdir və bu ev statusuna görə özbaşına tikili hesab edilə bilməz. Həmin torpaq sahəsi X4 tərəfindən məhz tikinti (fərdi yaşayış evinin tikintisi) üçün ayrılmış torpaq sahəsində, şəhərsalma və tikinti normalarına riayət edilməklə tikilmişdir və şəxs öz mülkiyyətində olan torpaq sahəsi üzərində inşa etdiyi fərdi yaşayış evinin faktiki olaraq mülkiyyətçisidir. Həmin fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, həmin fərdi yaşayış evi özbaşına tikili kateqoriyasına aid deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Apellyasiya şikayətinin əsas dəlillərindən biri mübahisəli evin birgə nikah dövründə inşa olunması və iddiaçının evin tikintisində iştirak etməsi barədədir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən göründüyü kimi, iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi cavabdehə deyil, cavabdehin atası X3 məxsusdur. Fərdi yaşayış evi cavabdeh tərəfindən deyil, cavabdehin atası tərəfindən inşa edilmişdir. Belə ki, X4 Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbə Bələdiyyəsinə 04 mart 2007-ci il tarixdə, hələ iddiaçı ilə cavabdeh ailə qurmamışdan illər öncə, ərizə ilə müraciət edərək ona fərdi yaşayış evinin inşa edilməsi üçün 600 kvm torpaq sahəsinin satılmasını xahiş etmişdir. Bələdiyyə tərəfindən X2 həmin ərizəsinə baxılmış və Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbə Bələdiyyəsinin 14 mart 2007-ci il tarixli, 110/02 saylı qərarı ilə Bələdiyyə ilə X2 arasında alqı-satqı müqaviləsinin bağlanması qərara alınmışdır. Həmin qərara əsasən Bələdiyyə ilə X4 arasında eyni tarixli torpaqların alqı-satqısına dair akt, həmçinin Bələdiyyə torpaqlarının verilməsi haqqında 110/2 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Qobustan qəsəbə Bələdiyyəsinin 14 mart 2007-ci il tarixli, 110/02 saylı qərarının məzmunundan görünür ki, hələ 2007-ci ildə X4 torpaq sahəsi ayrılması barədə ərizə ilə müraciət edərkən həmin ərazidə fərdi yaşayış evi olduğu müəyyən edilmiş və bələdiyyə torpaq sahəsini ayırarkən bu halı qeyd etmiş və nəzərə almışdır. 3-cü şəxs İ.Abdullayev məhkəmə kollegiyasının iclasında izahat verərkən bu halları təsdiq edərək, hələ 2007-ci ildə ona ayrılmış torpaq sahəsində ev tikdiyini, lakin evin damını vurmadığını, oğlu iddiaçı ilə boşandıqdan sonra evdə tamamlama işləri apardığını və oğlu 2-ci nikaha girdikdən sonra ona yeni arvadı ilə həmin evdə yaşamağa icazə verdiyini bildirdi. 3-cü şəxs həmçinin göstərdi ki, iddiaçı köçmək istədiyi həmin evdə heç vaxt yaşamamış və həmin evin ünvanını belə tanımamışdır. Qeyd olunan halları apellyasiya baxışı zamanı cavabdeh də təsdiq etdi. İddiaçı özü də apellyasiya baxışı zamanı izahat verərkən köçmək istədiyi evdə tam yaşamadığını, lakin hərdənbir ora gəlib-getdiyini göstərdi. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə toplanmış və araşdırılan sübutlar birinci instansiya məhkəməsi tərəfindən qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı Elxan qızının apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin iş üzrə 01 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-8661/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8661/2021
03.11.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver