Məhkəmə qərarları › İş №2(103)-8667/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8667/2021

23.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8667/2021 23.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X11, Cavabdeh və onun nüməyəndəsi-vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "mənzilə istifadə hüququna xitam verilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 21.06.2021-ci il tarixli, 2(011)-3532/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, R.Bağırov küçəsi 28/1 saylı fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi onun sahibliyində və istifadəsindədir. Həmin yaşayış sahəsi mərhum oğlu və keçmiş gəlini olan cavabdehə istifadələri üçün onun tərəfindən ayrılmışdır. Oğlu vəfat etdikdən sonra cavabdeh həmin ünvanda bir müddət yaşamışdır. 2017-ci ilin 24 yanvarından bu günədək isə faktiki olaraq, sözügedən ünvanda yaşamır. O, sadəcə olaraq həmin ünvanda pasport qeydiyyatındadır. Ona görə, cavabdehin həmin ünvanda yaşamadığı halda qeydiyyatda olması onun mülkiyyəti üzərində sərəncam verməyinə və kommunal xərclərin ödənilməsinə maneçilik törədir. O, həmçinin qeyd etmişdir ki, cavabdehə məxsus olan cehiz əşyaları da məhkəmə yolu ilə Xətai Rayon Məhkəməsinin 2(011)–624 /2019 saylı qətnaməsi ilə Xətai rayonu, R.Bağırov küçəsi 28/1 saylı fərdi yaşayış evindən çıxarılmışdır. O, dəfələrlə cavabdehdən qeydiyyatdan çıxmasını tələb etsə də, hər dəfə bir bəhanə gətirərək qeydiyyatdan çıxmaqla bağlı bir hərəkət etməmişdir. Ona görə, cavabdehin formal olaraq, onun mülkiyyəti olan evdə qeydiyyatda olması onun mülkiyyət hüququnun əsas elementi olan sərəncam vermək hüququnu məhdudlaşdırır. Cavabdeh faktiki olaraq uzun müddət həmin ünvanda yaşamadığına və yaşayış yerini daimi dəyişdiyinə görə hesab edir ki, onun həmin mənzildən istifadə hüququ itirilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21.06.2021-ci il tarixli 2(011)-3532/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21.06.2021-ci il tarixli 2(011)-3532/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddianın qeyrimümkünlüyü əsasına görə iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini qanununsuz və əsassız hesab edir. Belə ki, məhkəmə işə mahiyyəti üzrə baxarkən maddi hüquq normalarını və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, məhkəmə qətnaməsində göstərilən nəticələr işin həqiqi hallarına uyğun gəlmədiyi halda əsassız və qanunsuz olaraq iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarmışdır. Məhkəmə qətnaməsindən və iş materiallarından görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı sahibliyində və istifadəsindədir, işdə olan İddiaçı iddia ərizəsinin məzmunundan qörünür ki, o, Cavabdeh ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində olan yaşayış yeri uzrə qeydiyyatının ləğv edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmış, lakın iddia ərizəsinin «xahiş edirəm» hissəsində həmin fərdi yaşayış evinə istifadə huququna xitam verilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə işin faktiki hallarını araşdırarkən iddia ərizəsinin məzmunu ilə onun xahiş hissəsində olan uyğunsuzluğu aradan qaldırmaq məqsədi ilə iddiaçı tərəfə iddia tələbinin dəqiqləşdirilməsi üçün imkan və şərait yaratmamışdır. Belə ki, işin hallarından da görünür ki, iddiaçı məhkəmədən cavabdehin yaşayış sahəsinə pasport qeydiyyatının ləğv edilməsi üçün müraciət etmişdir. Yaşayış sahəsinə qeydiyyatın ləğv edilməsi inzibati xarakterli olduğundan həmin mübahisəli məsələyə inzibati icraat qaydasında baxılmalıdır. Prosessual baxımdan məhkəmə işin bu faktiki hallarını nəzərə almaqla işə baxılmasının məhkəmə aidiyyatı qaydalarını müəyyən etməli və iddianın mümkünlüyü məsələsini həll etməli idi. İddia ərizəsini hazırlayan hüquqşünasların səriştəsizliyi və diqqətsizliyi nəticəsində iddia ərizəsində cavabdehin göstərilən ünvanda qeydiyyatının ləğv edilməsi xahiş olunmaq əvəzinə, istifadə hüququna xitam verilməsi kimi əsassız tələb irəli sürülmüşdür. Məhkəmə isə iddia ərizəsinin məzmunu ilə nəticə hissəsinin uyğun olmadığı bir halda iddia tələblərinin dəqiqləşdirilməsi üçün iddiaçıya heç bir izahat verməmişdir. Halbuki, o, məhkəmə iclasında bildirmişir ki, cavabdeh uzun müddətdir ki, qeydiyyatda olduğu ünvandan ailə üzvləri ilə birlikdə çıxıb getmiş, ona məxsus olan ev avadanlıqları və əmlakları məhkəmə qərarına əsasən evdən çıxarılmış və cavabdehin mənzilə köçürülməsi barədə iddia tələbi təmin edilməmişdir. Ona görə də, cavabdehin onun sahibliyində və istifadəsində olan evdə olan pasport qeydiyyatından çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili X13 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili X2 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən, mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan 05.01.2021-ci il tarixli “Forma 2” arayışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsi 28/1 saylı ev özbaşına tikilidir və Cavabdeh Əsgər qızı (iddiaçının gəlini) 20.12.2002-ci il tarixdən həmin ünvanda qeydiyyatdadır. İş materiallarında olan 23 fevral 2021-ci il tarixli Aktda göstərilir ki, X5, X3 və X4 bu aktı tərtib etmişlər ondan ötrü ki, qonşuları İddiaçı keçmiş gəlini Cavabdeh 2017-ci ilin 14 yanvar tarixindən bu günədək faktiki olaraq Bakı şəhəri, Xətai rayonu, R.Bağırov küçəsi, 28/1 saylı fərdi yaşayış evində yaşamır. İş materialarında olan ******* №-li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, ünvan 3 ünvanda Cavabdeh qeydiyyatdadır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6024/2019 saylı, 22 iyul 2019-cu il tarixli qətnaməsinin işdə olan surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının mənzildən çıxarılması tələbinə dair iddiası təmin edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli qərardadının işdə olan surətindən görünür ki, iddiaçı Cavabdehlər İddiaçı, X6 və X7 qarşı evə köçürülmə və cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iş üzrə icraata Cavabdeh aid hissədə xitam verilmişdir. İşin araşdırılan halları ilə mübahisəsiz qaydada müəyyən olunur ki, iddiaçının yaşadığı Xətai rayonu, R.Bağırov küçəsi 28/1 saylı fərdi yaşayış evi özbaşına tikilidir. Cavabdeh həmin ünvanda 2002-ci ildən 2017-ci il tarixədək qeydiyyatda olmaqla yaşamışdır. Azərbaycan Respublikası Mülki Məjəlləsinin 180.1-ci maddəsinin tələbləri baxımından qeyd edilən fərdi yaşayış evi özbaşına tikili hesab edilir. Belə ki, həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış və onun tikintisi üçün lazımi icazələr alınmamışdır. İddiaçı keçmiş gəlini olan cavabdehin həmin evdən istifadə hüquqlarına xitam verilməsini xahiş etmişdir. Kollegiya hesab edir ki, bu tələbin əsaslı hesab edilməsi üçün cavabdehin mübahisəli əmlakdan istifadə hüquqlarının mövcud olub-olmaması araşdırılmalıdır. Yəni, onun mübahisəli evə istifadə hüququ mövcud olmalıdır ki, bu hüququn itirilməsi üçün əsas olsun. Lakin Mülki Məcəllənin 180-ci maddəsinin mənasına görə özbaşına tikinti hesab edilən yaşayış evinə hər hansı əmlak hüquqlarının, o cümlədən istifadə hüququnun əldə edilməsi mümkün deyildir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi özbaşına tikili hesab edilən evdən istifadə hüququna xitam verilməsinə dair olduğundan və cavabdehin həmin evə istifadə hüququ yaranmadığından həmin evə dair istifadə hüququna xitam verilməsinin tələb edilməsinə dair iddia qanuni və əsaslı olmamış, mübahisəni həll edən birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21.06.2021-ci il tarixli 2(011)-3532/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar