Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8669/2021 01.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı Şəhəri 19 saylı Notariat Ofisinə qarşı “alğı-satqı müqaviləsinin və həmin müqavilənin yaratdığı hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 08 may 2021-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə iddiaçının iştirakı ilə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onun mülkiyyətində olan və Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 586-cı məhəllə, bina № 74-də yerləşən 59 №-li mənzilə dair onunla Cavabdeh1 arasında 07.05.2019-cu il tarixdə bağlanaraq cavabdeh 19-cu Notariat Ofisi tərəfindən reyestrdə 4Ə-188 nömrə altında qeydə alınmış, AN-1 seriyalı, ******* saylı “Alğı-satqı müqaviləsinin” və həmin müqavilənin yaratdığı hüquqi nəticələrinin etibarsız hesab edilməsi, tərəflərin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzilin iddiaçı ilə iş üzrə üçüncü şəxs olan Jalə Hüseynovanın birgə nikahları dövründə əldə edilmişdir. İddiaçı ilə J.Hüseynovanın ailə münasibətləri pozulduğuna görə onlar ayrılmaq və mənzili sataraq, satışdan əldə olunacaq pul vəsaitini öz aralarında bərabər paylar ilə bölmək barədə razılığa gəlmişlər. Bu məqsədlə də J.Hüseynova, şəxsən özünün tanışı olan Cavabdeh1 alıcı qismində iddiaçıya təqdim etmiş və onlar müəyyən danışıq apararaq sövdələşmişlər ki, Cavabdeh1 mənzilə onlara 240.000 manat pul ödəməli, lakin müqavilədə mənzilin qiyməti kimi 120.000 manat qeyd ediləcək, Cavabdeh1 həmin məbləği iddiaçıya, qalan 120.000 manatı isə müqavilədən kənar olaraq J.Hüseynovaya ödəyəcək. Razılığa əsasən Cavabdeh1 15.000 manatı əvvəlcədən beh olaraq, qalan 105.000 manata isə 19-cu Notariat Ofisində “Alğı-satqı müqaviləsi” rəsmiləşdirilən zaman iddiaçıya ödəmişdir. Lakin bu yaxınlarda Bakı Şəhəri Yasamal Rayon Məhkəməsindən ünvanına daxil olmuş bildirişdən iddiaçıya məlum olmuşdur ki, J.Hüseynova ona qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbi” barədə iddia irəli sürmüş və digər tələblər isə yanaşı, mənzilə dair bağlanmış müqavilə üzrə əldə olunmuş 120.000 manatın 1/2 hissəsinin iddiaçıdan alınaraq ona verilməsini də xahiş etmişdir. Son nəticədə qeyd edilən tələb təmin edilmiş, ondan J.Hesynovanın xeyrinə 60.000 manat məbləğində pulun tutulması və sair məsələlər qət edilmişdir. Qeyd edilən iddiadan xəbər tutan kimi, iddiaçı, Cavabdeh1 zəng etmiş və sonuncu etiraf etmişdir ki, razılaşdıqları kimi 120.000 manatı J.Hesynovaya ödəmişdir. Bundan sonra iddiaçı Cavabdeh1 xəbərdarlıq (pretenziya) məktubu göndərərək həmin məktubla müqavilə bağlanmazdan əvvəl şərtləşdirilmiş 120.000 manatın J.Hüseynovaya verdiyini təsdiq edən hər hansı bir sənədin ona təqdim edilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Lakin həmin məktuba Cavabdeh1 heç bir cavab verilməmiş, hər hansı bir sübutu iddiaçıya təqdim edilməmişdir. Göründüyü kimi yuxarıda göstərilənlərə əsasən müəyyən edilir ki, “Alğı-satqı müqaviləsi” aldatma yolu bağlanmışdır ki, belə olan halda həmin müqavilə və müqavilənin yaratdığı hüquqi nəticələri etibarsız sayılmalı və tərəflə əvvəlki vəziyyətə gətirilməlidirlər. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 08.05.2021-ci il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Bundan başqa, iddiaçı, onunla cavabdeh arasında baş tutulmuş və özündə Cavabdeh1 etirafını əks etdirən telefon danışığını işə baxmış Rayon Məhkəməsinə təqdim etsə də Rayon Məhkəməsi həmin danışığı etibarlı sübut kimi qəbul etməmişdir. Apelyasiya baxışı iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. İş üzrə cavabdehlər, iş üzrə üçüncü şəxslər, onların nümayəndələri işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan müəyyən edilir və mübahisə doğurmur ki, Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 586-cı məhəllə, bina № 74-də yerləşən 59 №-li mənzil iddiaçı ilə iş üzrə üçüncü şəxs olan J.Heseynovanın birgə nikahları dövründə əldə olunmuşdur. İddiaçı ilə J.Hüseynovanın münasibətləri pozulmuş və onlar ayrılmışlar. Bu zaman onlar mənzilin satılması barədə qərara gəlmişlər. Mənzilin satılması zamanı J.Hüseynova yazılı razılıq vermişdir. İddiaçı ilə Cavabdeh1 arasında 07.05.2019-cu il tarixdə bağlanaraq cavabdeh 19cu Notariat Ofisi tərəfindən reyestrdə 4Ə-188 nömrə altında qeydə alınmış, AN-1 seriyalı, ******* saylı “Alğı-satqı müqaviləsindən” görünür ki, iddiaçı həmin mənzili 105.000 manata Cavabdeh1 satmışdır. Cavabdeh1 19-cu Notariat Ofisinin notariusu X1 ünvanlandığı ərizənin məzmunundan görünür ki, Cavabdeh1 notariusa bildirmişdir ki, o, mübahisəli mənzilin 105.000 manata alınması barədə mənzilin mülkiyyətçisi olmuş iddiaçı ilə razılığa gəlmişdir. 07.05.2019-cu il tarixli kassa qəbzindən görünür ki, notariusun xüsusi depozit hesabına iddiaçının adına Cavabdeh1 tərəfindən 105.000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İddiaçı tərəfindən Cavabdeh1 ünvanlanmış 21.08.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh1 müraciət edən iddiaçı, xahiş etmişdir ki, Cavabdeh1 mənzildə dair bağlanmış “Alğı-satqı müqaviləsindən” kənar J.Hüseynovaya ödəməli olduğu 120.000 manatın sonuncuya ödəməsi barədə notarial qaydada təsdiq edilmiş sənədin ona (iddiaçıya) təqdim etməyi təklif etmiş, əks halda “Alğı-satqı müqaviləsinin” ləğv edilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəyini ünvançıya bildirmişdir. "xxxx" MMC tərəfindən iddiaçıya təqdim edilmiş 02.12.2020-ci il tarixli, MB-13/1241 saylı “Qiymətləndirmə hesabatından” görünür ki, yuxarıda qeyd edilən mənzilin qiymətləndirmə keçirilən tarixə olan bazar dəyəri 215.000 manat təşkil edir. “X4” MMC tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş 05.04.2021-ci il tarixli, SEM/A 01-014/21 saylı “Qiymətləndirmə hesabatından” görünür ki, yuxarıda qeyd edilən mənzilin qiymətləndirmə keçirilən tarixə olan bazar dəyəri 218.000 manat təşkil edir. Bakı Şəhəri Yasamal Məhkəməsinin 2(004)-432/2020 saylı iş üzrə qəbul etdiyi 31.08.2020-ci il tarixli qətnamədən görünür ki, həmin qətnamə ilə iddiaçı X2 ilə cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbi” barədə irəli sürdüyü iddia tələbinin qismən təmin edilməsi, mənzilə dair bağlanmış müqavilə üzrə İddiaçı tərəfindən əldə olunmuş 120.000 manatın 1/2 hissəsinin, yəni 60.000 manatın ondan J.Hesynovanın xeyrinə tutulması və (hazırki işə aidiyyəti olmayan) sair məsələlər qət edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 744/2021 saylı iş üzrə qəbul etdiyi 17.02.2021-ci il tarixli qətnamə ilə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qeyd edilən qətnamədə bildirmişdir ki, satıcı olan İddiaçı mübahisəli mənzilin 240.000 manata alğı-satqısına dair alıcı Cavabdeh1 ilə razılığa gəlməsini təsdiq edə biləcək sübutlar təqdim etməklə, müqavilədən irəli gələn öhdəliyin icra edilməmiş hissəsinin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 qarşı ümumi qaydada məhkəmədə müvafiq iddia tələb irəli sürmək hüququ var. Göstərilənlərə və işdə olan digər sənədlərə əsasən müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh1 arasında 07.05.2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən iddiaçı tam mülkiyyət hüququ ilə ona məxsus olan mübahisəli mənzili Cavabdeh1 105.000 manata satmışdır. İddiaçı bildirir ki, həmin müqavilə etibarsız hesab olunmalıdır. Belə ki, hazırki iş üzrə üçüncü şəxs olan J.Hüseynova ona qarşı Yasamal Rayon Məhkəməsinə “birgə nikah dövründə əldə olunmuş əmlakın bölgüsü” barədə tələb ilə müraciət etdikdən sonra ona məlum olmuşdur ki, Cavabdeh1 onu aldadıb. Çünki Cavabdeh1 ilə mübahisəli mənzilin 240.000 manata satılmasına razılaşmış, həmin məbləğin yarısı ona, yarısı isə üçüncü şəxs J.Hüseynovaya ödənilməli idi. Lakin cavabdeh qalan məbləği üçüncü şəxsə verməmiş, iddiaçını aldatmışdır. Məhkəmə mövcud mülki mübahisənin həlli və apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məcəllənin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1.). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (maddə 337.2.). Məcəllənin 339.2-ci maddəsinə görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. İş materiallarından görünür ki, iddiaçı ilə Cavabdeh1 arasında mübahisəli mənzilə dair notarial qaydada “Alğı-satqı müqaviləsi” bağlanan zaman mülki qanunvericiliyin tələblərinə və notarial hərəkətlərin aparılması ilə bağlı müəyyən edilmiş qaydalara riayət olunmuşdur. İddia ərizəsində göstərilən əsaslar müqavilənin etibarsız hesab edilməsi üçün kifayətli deyil, bunun üçün isə başqa əsaslar mövcud deyil. İddiaçı Cavabdeh1 onu aldatdığını bildirsə də bu halı təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərindən işin hallarına yanaşdıqda müəyyən edilir ki, mənzil, mənzilin mülkiyyətçisi olmuş iddiaçının iradə ifadəsinə uyğun özgəninkiləşdirilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı müqavilə üzrə razılaşdırılmış məbləğin ödənilməməsinə istinad edir ki, bu hal ümumiyyətlə müqavilənin etibarsızlığı üçün əsas kimi qəbul edilə bilməz. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə cavabdehin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 08 may 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8669/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8669/2021
01.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver