Məhkəmə qərarları › İş №2(103)-867/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-867/2022

11.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-867/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, apelyatorun nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC (üçüncü şəxs: Cavabdeh8 və X1) cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iddia ərzəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin “Sənaye" filialı ilə Cavabdeh1 arasında bağlanmış 29.06.2017-ci il tarixli, RH-00011-01/17A saylı əsas, 29.06.2017-ci il tarixli RH-A0011-01/17A saylı əlavə və 29.06.2017-ci il tarixli, RHB0011-01/17A saylı əlavə kredit müqaviləsin ləğv edilməsi, RH-A0011-01/17A saylı əlavə kredit müqaviləsindən irəli gələn 25.02.2020-ci il tarixə olan 30000 manat əsas, 14340,01 manat faiz, 15560,4 manat dəbbə borcu, ümumilikdə 59900,41 manat məbləğində borcun və RH-B0011-01/17A saylı əlavə kredit müqaviləsindən irəli gələn 25.02.2020-ci il tarixə olan 215967,89 manat əsas, 91513,87 manat faiz, 95833,37 manat dəbbə borcu, ümumilikdə 403315,13 manat məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının, həmçinin 100 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulması, iddiaçı "xxxx" ASC-nin “Sənaye” filialı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 arasında bağlanmış 29.06.2017-ci il tarixli, RHG- 00011-01/17 A-(2) saylı sonrakı ipoteka müqaviləsi əsasında ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 271,61 m2 olan fərdi yaşayış evinə və iddiaçı "xxxx" ASC-nin “Sənaye” filialı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh7 arasında bağlanmış 29.06.2017-ci il tarixində iddiaçıyla RHG-00011-01/17A-(1) saylı sonrakı ipoteka müqaviləsi əsasında mülkiyyət hüququ ilə Cavabdeh7 məxsus olan ünvan 2 ünvanında yerləşən 62,8 m2 ümumi sahəsi, 47 m2 yaşayış sahəsi, 15,8 m2 yardımçı sahədən ibarət 3 otaqlı 56 nömrəli mənzilə tutmanın yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması və sonrakı ipoteka ilə təmin edilmiş kredit borcunun həmin sonrakı ipoteka predmetlərinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, sonrakı ipoteka predmetləri olan əmlaklar satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması, fərdi yaşayış evinin və mənzilin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.Axundova, iş № 2(004)-156/21) iddia qismən təmin edilərək, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 29.06.2017-ci il tarixli, RH-00011-01/17A saylı əsas, 29.06.2017-ci il tarixli, RH-A0011-01/17A saylı əlavə və 29.06.2017-ci il tarixli, RH-B0011- 01/17A saylı əlavə kredit müqavilələrinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 29.06.2017-ci il tarixli, RH-00011-01/17A saylı kredit müqaviləsi üzrə 30000 manat əsas, 14340,01 manat faiz, 100 manat cərimə borcu olmaqla, cəmi 44440,01 manat və 29.06.2017-ci il tarixli, RH-B0011-01/17A saylı əlavə kredit müqaviləsi üzrə 215967,89 manat əsas, 91513,87 manat faiz, 100 manat cərimə borcu olmaqla, cəmi 307581,76 manat, ümumilikdə isə 352021,77 manat məbləğində pul, ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,4 manat və bildirişin qeydə alınması üçün ödənilmiş 100 manat məbləğində pulun "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın ilkin satış qiyməti 195000 manat olmaqla Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 271.61 m2 olan fərdi yaşayış evi və ilkin satış qiyməti 73000 manat olmaqla Cavabdeh7 məxsus olan mənzilə yönəldilməsi, həmin əmlaklar ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin müvafiq olaraq ipoteka qoyanlar Cavabdeh7, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh6 qaytarılması, mənzilin satışından əldə olunmuş pul vəsaitinin borcun ödənilməsi üçün kifayət etmədiyi halda ödənilməmiş qalan məbləğin ümumi qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması, ipoteka predmetlərinin boşaldılması, keçirilmiş ekspertiza xərcinin əvəzi olan 100 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC-nin “Sənaye” filialı ilə Cavabdeh1 arasında 29.06.2017-ci il tarixli, RH-00011-01/17A saylı əsas kredit müqaviləsi bağlanmışdır və bank tərəfindən cavabdehə 84 ay müddətinə, 29.06.2024-cü il tarixinədək əlavə müqavilələr bağlamaqla 250000 manat məbləğində kredit limiti çərçivəsində kredit verilə biləcəyi razılaşdırılmışdır. Kreditin təminatı qismində cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 29.06.2017-ci il tarixdə iddiaçıyla RHG-00011-01/17 A-(2) saylı sonrakı ipoteka müqaviləsi bağlamışlar və Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ümumi birgə mülkiyyət hüququ üzrə özlərinə məxsus olan fərdi yaşayış evini sonrakı ipotekaya qoymuşlar. Sonrakı ipoteka predmeti Cavabdeh1 ilə "xxxx" ASC-nin “Sənaye” filialı arasında 17.12.2015-ci il tarixdə bağlanmış BK031/15S saylı kredit müqaviləsi üzrə öhdəliyin təmin edilməsi üçün "xxxx" ASC-nin "Sənaye” filialı, Cavabdeh1 və Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 arasında bağlanmış 17.12.2015-ci il tarixli, İM-031/15S saylı sonrakı ipoteka müqaviləsinə və 17.12.2015-ci il tarixli BK-032/15S saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasını təmin edilməsi üçün "xxxx" ASC-nin “Sənaye” filialı, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 17.12.2015-ci il tarixdə bağlanmış İM-032/15S-(1) saylı sonrakı ipoteka müqaviləsinə əsasən "xxxx" ASC-nin “Sənaye” filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmçinin kreditin təminatı qismində cavabdehlər Cavabdeh1 Cavabdeh7 29.06.2017-ci il tarixində iddiaçıyla RHG-00011-01/17A-(1) saylı sonrakı ipoteka müqaviləsi bağlamışlar və mülkiyyət hüququ ilə Cavabdeh7 məxsus olan mənzil ipoteka saxlayana yenidən ipotekaya qoyulmuşdur. Sonrakı ipoteka predmeti Cavabdeh1 ilə "xxxx" ASC-nin “Sənaye“ filialı arasında 17.12.2015-ci il tarixində bağlanmış BK- 032/15S saylı kredit müqaviləsi üzrə öhdəliyin təmin edilməsi üçün "xxxx" ASC-nin “Sənaye" filialı, Cavabdeh1 və Cavabdeh7 arasında bağlanmış 17.12.2015-ci il tarixli İM- 032/15S-2 saylı Sonrakı ipoteka müqaviləsinə əsasən "xxxx" ASC-nin “Sənaye” filialının xeyrinə ipoteka ilə yüklü olmuşdur. Cavabdeh2 hər iki kredit müqaviləsi üzrə əsas borclunun Bank qarşısında öhdəliklərinin icrasına zamin durmuşdur. İddiaçı "xxxx" ASCnin “Sənaye” filialı ilə Cavabdeh1 arasında bağlanmış 29.06.2017-ci il tarixli, RH-A0011- 01/17A saylı əlavə kredit müqaviləsinə əsasən, şəxsi istifadə məqsədi ilə bank tərəfindən cavabdehə 84 ay müddətinə illik 18 faiz ödəmək şərti ilə 30000 manat məbləğində kredit verilmişdir. İddiaçı "xxxx" ASC-nin “Sənaye” filialı ilə Cavabdeh1 arasında bağlanmış 29.06.2017-ci il tarixli, RH-B0011-01/17A saylı əlavə kredit müqaviləsinə əsasən, şəxsi istifadə məqsədi ilə bank tərəfindən cavabdehə 84 ay müddətinə illik 18 faiz ödəmək şərti ilə 220000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətində qətnamənin ləğv olunması və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ipoteka predmetləri dəyərindən aşağı qiymətləndirilmiş, cavabdeh tərəfindən Banka ödənilmiş məbləğlər düzgün hesablanmamışdır. Borcun və ona məxsus əmlakların qiymətləndirilməsi və araşdırılmasını xahiş edir. Cavabdehin nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 tərəfindən borcun tutulması və ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində mübahisələndirilmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız cavabdeh tərəfindən mübahisələndirilən hissələrdə yoxlamışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin müəyyən edilmiş hallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 29.06.2017-ci il tarixli, RH- 00011-01/17A nömrəli əsas kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 84 ay müddətinə əlavə müqavilələr bağlamaqla 250000 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 29.06.2017-ci il tarixli, RH-A0011-01/17A nömrəli əlavə kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 84 ay müddətinə, illik 18 faiz dərəcəsilə 30000 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 29.06.2017-ci il tarixli, RH-B0011-01/17A nömrəli əlavə kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 84 ay müddətinə, illik 18 faiz dərəcəsilə 220000 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 Bank qarşısında əsas kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Əlavə kredit müqavilələrinin təminatı kimi Cavabdeh7 mülkiyyətində olan ünvan 2, 56 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş əmlak kompleksi müstəqil qiymətləndirici tərəfindən bazar dəyəri 71500 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5 ipoteka müqaviləsinə əsasən əlavə kredit müqavilələrinin təminatı kimi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş əmlak kompleksi müstəqil qiymətləndirici tərəfindən bazar dəyəri 191000 manat məbləğində qiymətləndirilmişdir. Bank tərəfindən tərtib olunmuş 25.02.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 29.06.2017-ci il tarixli, RHB0011-01/17A nömrəli əlavə kredit müqaviləsi üzrə 25.02.2020-ci il tarixə 215967,89 manat əsas, 91513,87 manat faiz, 95833,37 manat cərimə borcu olmaqla, cəmi 403315,13 manat borcu, RHA0011-01/17A nömrəli əlavə kredit müqaviləsi üzrə 25.02.2020-ci il tarixə 30000 manat əsas, 14340,01 manat faiz, 15560,4 manat cərimə borcu olmaqla, cəmi 59900,41 manat borcu var. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 30.06.2021-ci il tarixli 9/1493 saylı rəyinə əsasən Cavabdeh1 25.02.2020-ci il tarixə "xxxx" ASC-yə olan borcu ümumilikdə 352385,99 manat olmaqla, əsas borc üzrə 247310,53 manat, faiz borcu üzrə 105075,46 manat təşkil edir. “X3 Mərkəzi” tərəfindən verilmiş 07.09.2021-ci il tarixli, 117 saylı mənzilin qiymətləndirilməsinə dair hesabata əsasən ünvan 1 ünvanında yerləşən, fərdi yaşayış evin hazırki dövr üçün bazar qiyməti 227000 manat, likvid dəyəri 195000 manat və ünvan 2 ünvanında yerləşən 56 nömrəli mənzilin hazırki dövr üçün bazar qiyməti 85300 manat, likvid dəyəri 73000 manat təşkil edir. İddiaçının tələbi cavabdehlərdən kredit borcunun tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi və s. barədədir. Birinci instansiya məhkəməsi iddianı qismən əsaslı saymış və qənaətini onunla əsaslandırmışdır ki, borclu kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və o, öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə həmçinin nəzərə almışdır ki, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə cavabdehin kredit müqaviləsi üzrə əsas borcu irəli sürülmüş tələbdən artıq olsa da, həmin hal iddia tələbindən kənara çıxması üçün əsas ola bilməz. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 467-ci və s. maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Qətnaməni borcun məbləği və upoteka predmetinin ilkin satış qiyməti hissələrində mübahisələndirən apellyatorun apellyasiya şikayətinin əsas dəlilləri kredit borcunun şişirdilməsi və ipoteka predmetlərinin isə aşağı qiymətləndirilməsi barədədir. Məhkəmə kollegiyası borcun məbləğinə aid hissədə həmin dəlilləri əsassız sayır və qeyd edir ki, işin apellyasiya baxışı zamanı da şikayətin dəlilləri nəzərə alınaraq məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, lakin göstərilən hal öz təsdiqini tapmamışdır. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzinin 14.03.2022-ci il tarixli, 9/1085 nömrəli rəyi ilə iddia qaldırılan tarixə cavabdehin borcunun 29.06.2017-ci il tarixli, RH-00011-01/17A saylı müqavilə üzrə əsas borc üzrə 30 000,00 manat, faiz borcu üzrə 14 330,00 manat, 29.06.2017-ci il tarixli RHB0011-01/17A saylı müqavilə üzrə isə əsas borcu 215 943, 27 manat, faiz borcu üzrə 91 503,44 manat müəyyən edilmişdir. Göründüyü kimi, apellyasiya baxışı zamanı təyin edilmiş ekspert rəyi ilə müəyyən edilmiş borc məbləği məhkəmənin qət etdiyi məbləğlər təxminən eyni həddədir. Belə olan halda Kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbi həcmində borcun müəyyən edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyator etdiyi ödənişlər nəticəsində Banka daha az məbləğdə borcunun qaldığını təsdiq edən, həmçinin ekspert rəyinin mötəbərliyini şübhə altına alan sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdehin apellyasiya şikayətinin ipoteka predmetlərinin ilkin satış qiymətlərinin düzgün müəyyən olunmaması dəlilinə gəldikdə, məhkəmə kollegiyası ipoteka müqaviləsində və məhkəmə baxışı zamanı alınmış qiymətləndirici rəyində qiymətlə bağlı olan ziddiyyətləri nəzərə alaraq və obyektivliyi təmin etmək məqsədilə apellyasiya baxışı zamanı yenidən qiymətləndirmə keçirilməsini təmin etmiş və “Daşınar və Daşınmaz Əmlakın Qiymətləndirilməsi Xidməti” tərəfindən təqdim edilmiş 30 mart 2022-ci il tarixli hesabata əsasən fərdi yaşayış evinin likvid dəyərinin 200000 manat, mənzilin likvid dəyərinin isə 85000 manat olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə ipoteka predmetlərinin ilkin satış (likvid) qiymətlərinin müəyyən olunması hissəsində dəyişdirilməli, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 11-ci döngə, 1 saylı fərdi yaşayış evinin ilkin satış (likvid) qiyməti 200 000 manat, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 94 saylı evin 56 saylı mənzilinin ilkin satış (likvid) qiyməti isə 85 000 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 05 oktyabr 2021-ci il tarixli qətnaməsi ipoteka predmetlərinin ilkin satış (likvid) qiymətinin müəyyən olunması hissəsində dəyişdirilsin. İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 271.61 kvm olan fərdi yaşayış evinin ilkin satış (likvid) qiyməti 200 000 (iki yüz min) manat, ünvan 2 ünvanında yerləşən 62.8 kvm ümumi sahəsi, 47 kvm yaşayış sahəsi, 15.8 kvm yardımçı sahədən ibarət 3 otaqlı 56 nömrəli mənzilin ilkin satış (likvid) qiyməti isə 85000 (səksən beş min) manat müəyyən edilsin. Qətnamənin qalan hissəsi apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci olan 100 manat Cavabdeh1 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirli Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qiymətləndirmə tədqiqatının dəyəri olan ümumilikdə 400 manat məbləğində pul vəsaiti isə Bank "xxxx" ASC-dən tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar