Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8672/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi X1, nümayəndəsi və vəkili X2, Cavabdeh2 BOKT Acıq Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi Nümayəndə Şamil oğlunun iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1254/2021 saylı, 23 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt 2 saylı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə, cavabdehlər Sumqayıt şəhəri üzrə İcra İdarəsinə, Cavabdeh2 bank olmayan kredit təşkilatı Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi və bunun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" MMC tərəfindən keçirilmiş 25 may 2018-ci il tarixli hərracın və onun nəticəsi olaraq qəbul edilmiş 25.05.2018-ci il tarixli Y-741 saylı hərracın nəticələri haqqında yekun protokolun etibarsız sayılması və bu protokol əsasında cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Cavabdeh2 BOKT ASC-yə verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzil mülkiyyət hüququ əsasında ona məxsus olmuşdur. Sumqayıt Apelyasiya Məhkəməsinin 16 may 2017-ci il tarixli qətnaməsinə əsasən borc məbləği cəmi 26.763,45 ABŞ dolları müəyyən edilmiş, borcun ödənilməsi ipotekaya yönəlməklə mənzilin açıq hərracdan satılması qət edilmişdir. Həmin qətnamə əsasında verilmiş icra vərəqəsi cavabdeh Sumqayıt şəhər İcra İdarəsinə göndərilmiş, icra işi açılmışdır. Bunun əsasında İcra İdarəsi 28.02.2018-ci il tarixli 12K-83/8 saylı sifariş məktubu ilə cavabdeh "xxxx" MMC-yə müraciət etmiş və sonuncu mənzilin hərracdan satışını təşkil etmişdir. 16 mart 2018-ci il tarixdə Hərrac Mərkəzi 18 aprel 2018-ci il tarixə hərrac təyin etmişdir. Bu ərəfədə o, mənzilin qiymətləndirilməsini və ipoteka müqaviləsini müxtəlif məhkəmələrdə mübahisələndirmiş və bu məhkəmə baxışları zamanı Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 30 mart 2018-ci il tarixli qərardadı ilə mənzilin üzərinə həbs qoyulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 23 may 2018-ci il tarixli qərardadı ilə isə mənzilin hərracdan satılmasına qadağa qoyulmuşdur. Bütün bunlara baxmayaraq cavabdehlər 25 may 2018-ci il tarixdə iddiaçıya bu barədə məlumat vermədən hərrac keçirmiş və mənzili bank öz mülkiyyətinə qəbul etmiş və yekun protokolu imzalamışdır. Bu hərrac “İpoteka haqqında” Qanunun tələblərinə əməl edilmədən, AR MM-nin tələbləri pozulmaqla keçirilmiş, üzərində məhkəmə tərəfindən həbs qoyulmuş və bu həbs Reyestr xidmətində qeydiyyatdan keçmiş olduğu halda, mənzilin özgəninkiləşdirilməsi baş vermiş və mənzilə bankın adına yeni çıxarış verilmişdir ki, bütün bunlar yekun protokolun etibarsız hesab edilməsini və bunun əsasında verilmiş çıxarışın ləğv edilməsini tələb edir. Belə ki, məhkəmə mübahisəsi olduğu üçün Yasamal Rayon Məhkəməsinin qərardadı əsasında mənzilin üzərinə həbs qoyulmuş və həmin həbs hərrac dövründə qüvvədə olmuş və bu həbs Ysamal Rayon Məhkəməsinin qərardadına əsasən yalnız 14.10.2019-cu il tarixdə, hərrac keçiriləndən 1 il 7 ay sonra götürülmüşdür. Bu halda üzərində həbs olan mənzilin hərracdan satılması qanunsuz olmuşdur. Bundan başqa, hərracın 25 may 2018-ci ildə keçiriləcəyi barədə bildiriş ona təqdim edilməmiş və bu hərrac ona məlumat verilmədən keçirilmişdir və bununla da hüquqları pozulmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1254/2021 saylı, 23 iyun 2021-ci il tarixli qətnaməsi ilə, İddiaçı (AR ƏMDK yanında DƏDRX-nin Sumqayıt 2 saylı Ərazi İdarəsinin 3-cü şəxs qismində cəlb olunmaqla) cavabdehlər Sumqayıt şəhəri üzrə İcra İdarəsinə, Cavabdeh2 BOKT ASC-yə və "xxxx" MMC-yə qarşı hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi və bunun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə baxarkən iştirakını təmin etmədən çəkişmə prinsipini pozmuş, iştirakı olmadan işə baxmaqla iddiasını müdafiə etmək, dəlillərini irəli sürmək və müdafiə etmək hüququndan və imkanından məhrum etmiş, hərracın qanunun tələblərinə zidd keçirilməsinə baxmayaraq, həmin hərracı qanuni hesab etmiş, bu zaman maddi və prosesııal hüquq normalarının tələblərini pozaraq qanunsuz və əsassız qətnamə çıxarmışdır. Məhkəmə belə hesab etmişdir ki, guya hərrac qanuni keçirilmiş, hərracın keçirilməsi barədə onlara məlumat verilmiş və ona görə iddia təmin edilə bilməz. Məhkəmənin bu nəticələrini qəbul etmir və belə hesab edir ki, bu nəticələr işin konkret halları, eləcə də iş materialları ilə tam təkzib edilir. Məhkəmə öz qətnaməsində göstərmişdir ki, guya iş materiallarında olan poçt xəbəmamələrinin kötüyündən görünür ki, bildirişlər onun ünvanına çatdırılmışdır. Amma həmin bildirişlər ona çatdırılmayıb və məhkəmənin bu barədə gəldiyi nəticə ilə razılaşmır. Bundan əlavə, məhkəmə iddianın ikinci dəlilini-mənzilin açıq hərracdan satılmasının qadağan edilməsi barədə olan məhkəmə qərardadının nəzərə alınmamasını ümumiyyətlə araşdırmamış, bu dəlilə hüquqi qiymət verməmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1254/2021 saylı, 23 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, cavabdehlər Sumqayıt şəhəri üzrə İcra İdarəsinin, "xxxx" MMC-nin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ƏMDK yanında DƏDRX-nin Sumqayıt 2 saylı Ərazi İdarəsinnin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı nümayəndəsi X3 və nümayəndəsi və vəkili X4 apelyasiya şikayətini müdafiə etdiklərini bildirərək, iddia ərizəsində göstərilənlərə və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verdilər, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1254/2021 saylı, 23 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh2 BOKT ASC-nin nümayəndəsi Nümayəndə Şamil oğlu İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1254/2021 saylı, 23 iyun 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kоllegiyası İddiaçı nümayəndəsi Vidadi Abbasovun, nümayəndəsi və vəkili Azər Əzizovun və Cavabdeh2 BOKT ASC-nin nümayəndəsi Nümayəndə izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, iş üzrə tоplanmış sübutlara оbyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-13933/2016 saylı, 30 sentyabr 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh2 BOKT ASC-nin cavabdeh İddiaçı qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması tələbinə dair” iddiası qismən təmin edilərək, cavabdeh İddiaçı Cavabdeh2 BOKT ASC-nin xeyrinə cəmi 27.193,73 ABŞ dolları borcun tutulması, tələbin cavabdeh İddiaçı məxsus ünvan 1 (yeni qaydalarla AZ 5000, ünvan 2 ünvanında yerləşən əmlaka yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və əldə olunan pul hesabına borcun ödənilməsi qət edilmişdir.(İ.vər. 44 - 47) İş materiallarında olan, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-822/2017 saylı, 16 may 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-13933/2016 saylı, 30 sentyabr 2016-cı il tarixli qətnaməsi əsas borc və faiz borcu hissəsində dəyişdirilməsi, cavabdeh İddiaçı cəmi 26.763,45 ABŞ dolları borcun Cavabdeh2 BOKT ASC-nin xeyrinə tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.(İ.vər. 7 - 8) İş materiallarında olan, "xxxx" hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, 25 may 2018-ci il tarixdə hərrac keçirilmiş, Sumqayıt şəhəri, 19-cu məhəllə, ev 16/17A, mən. № 9 (Yeni qaydalarla: AZ 5000, Sumqayıt şəh., Azərbaycan pr., 148, Mİ, mən.2) üvanın ilkin satış qiyməti 40.000 manat, son qiyməti isə 25.500 manat müəyyən edilmişdir.(İ.vər. 34) İş materiallarında olan, "xxxx" Hərracın nəticələri haqqında Y-741 nömrəli yekun protokolun surətindən görünür ki, Sumqayıt şəhəri, 19-cu məhəllə, ev 16/17A, mən. № 9 (Yeni qaydalarla: AZ 5000, Sumqayıt şəhəri, Azərbaycan prospekti, 148, Mİ, mən.2) mənzili ipotekasaxlayan Cavabdeh2 BOKT ASC 25.500 manata almışdır.(İ.vər. 33) İş materiallarında olan, “Market” qəzetinin 30 mart 2018-ci il tarixli buraxılışının surətindən görünür ki, ünvan 1-a (Yeni qaydalarla: AZ 5000, Sumqayıt şəhəri, Azərbaycan prospekti, 148, Mİ, mən.2) dair açıq hərracın 18 aprel 2018-ci il tarixdə keçiriləcəyi barədə elan verilmişdir.(İ.vər. 30) İş materiallarında olan, “Market” qəzetinin 20 aprel 2018-ci il tarixli buraxılışının surətindən görünür ki, ünvan 1-a (Yeni qaydalarla: AZ 5000, Sumqayıt şəhəri, Azərbaycan prospekti, 148, Mİ, mən.2) dair açıq hərracın 23 may 2018-ci il tarixdə keçiriləcəyi barədə elan verilmişdir.(İ.vər. 26) İş materiallarında olan, poçt göndərişi barədə xəbərnamənin surətindən görünür ki, hərracın keçirilməsi ilə bağlı bildirişlər iddiaçının qeydiyyatda olduğu ünvana çatdırılmış və iddiaçı xəbərnaməni imza etməklə həmin bildirişi qəbul etmişdir.(İ.vər. 24) Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı kredit və ipoteka müqavilələrində göstərilən şərtlərlə razılaşaraq bankla həmin müqavilələri bağlamış və qeyd olunan müqavilələr əsasında öz üzərinə borcun vaxtında və tam şəkildə ödənilməsi ilə bağlı öhdəlik götürmüşdür. Habelə, İddiaçı Bank ilə müqavilələri bağlayarkən həmin müqavilələrin şərtləri ilə tanış olmağa ona hər-hansı maneçiliyin olunması, Bank tərəfindən aldadılması halı öz əksini tapmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin ümumi yanaşmasına görə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. Lakin, İddiaçı tərəfindən göstərilən hallardan hər hansı birinin mövcudluğuna dair sübutlar təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. “F. Cavadov və V. Aslanovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.12.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyriməhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən bir ay müddətinədək uzadıla bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən ipoteka ilə bağlı münasibətlər bu qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ hüquqi aktları, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 41.2, 41.3 və 41.5-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 41.4-cü maddəsinə əsasən tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsi ilə nəticələnir. Həmin Qanunun 46.1-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.5-ci maddəsinə əsasən əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. İş materialları ilə müəyyən edilir ki, mübahisəsi gedən mənzillə bağlı ilkin hərrac baş tutmadığından mənzilin ilkin satış qiymətindən 15% aşağı, yəni 34.000 manatdan ikinci dəfə hərraca çıxarılması və hərracın 23.05.2018-ci il tarixdə keçiriləcəyi ilə bağlı müvafiq bildiriş tərtib edilərək “Market” qəzetində elan dərc edilmiş, bildiriş borcluya və tələbkara göndərilmişdir. Göründüyü kimi iddiaçı və Cavabdeh2 BOKT ASC arasında yaranmış öhdəlik münasibətləri ilə bağlı tərəflərin arasında mübahisənin məhkəmədənkənar həlli barəsində razılaşma olmamış və əmlaka tutma yönəldilməsi haqqında məhkəmə qətnaməsi qəbul edilmişdir. Odur ki məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzilin açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının kobud pozuntusu müəyyən edilmədiyindən iddia tələblərinin əsaslı hesab edilməsi üçün hüquqi əsaslar mövcud olmadığı və bu səbəblə də iddianın təmin edilməməli olduğu nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı apelyasiya şikayətində ona məxsus əmlakın hərraca çıxarılması, hərracın keçirilməsi və nəticəsi barədə məlumatlı olmadığını, bu barədə ona rəsmi qaydada məlumat verilmədiyini, bildiriş göndərilmədiyini, əmlakın qiymətləndirilməsində və hərracın keçirilməsində iştirakı təmin edilmədiyini və hərracın qanunvericiliyin tələbləri pozulmaqla keçirildiyini göstərsə də həmin dəlillər formal mülahizələr olmaqla qətnamənin ləğvi üçün əsaslı hesab edilə bilməz. Belə ki, iddiçı ilə bank arasında bağlanmış ipoteka müqaviləsindən aydın olur ki, iddiaçı ipoteka müqaviləsini imzalayarkən bank qarşısında olan kredit öhdəliyini vaxtında və lazımınca icra etmədiyi halda borcun ipoteka predmetinə yönəldilnəsi qaydası və halı ilə tanış edilmiş və bundan sonra o, ipoteka müqaviləsini imzalamışdır. Lakin o, bankdan götürmüş olduğu 23.000 ABŞ dolları məbləğində borcdan borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilnəsi barədə qətnamə qəbul edilən 30 sentyabr 2016-cı il tarixə kimi olan müddətdə cüzi məbləğdə ödəniş etmişdir ki, onun qətnamə qəbul edildiyi tarixə əsas borca görə 22.637.06 ABŞ dolları ödənilməmiş əsas kredit borcu qalmışdır. Qeyd edilənlərdən aydın olur ki, iddiaçı kredit götürdüyü zamandan banka cüzi ödəniş etməklə, yəni öhtəliyini tam icra etməməklə ipoteka predmetinin taleyinin həmin zamandan keçən uzun müddət ərzində hansı qaydada həll ediləcəyi barədə məlumatlı olmuş, həmçinin kredit müqaviləsinin etibarsızlığı, ipoteka müqaviləsinin etibarsızlığı, ipoteka predmetinin qiymətləndirilməsi barədə qiymətləndirmə aktı müxtəlif məhkəmə proseslərində mübahisələndirilmiş və həmin məhkəmə proseslərində ipoteka predmetinin hərraca çıxarılmasından məlumatlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası, İddiaçı apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1254/2021 saylı, 23 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə İddiaçı apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1254/2021 saylı, 23 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-8672/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8672/2021
02.11.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver