Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8676/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı Bakı şəhəri Səbail Rayon MKTB-nin nümayəndəsi X6, Cavabdeh2 nümayəndəsi X3, X1 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1491/2021 saylı iş üzrə 08 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Bakı şəhəri Səbail Rayon MKTB – cavabdehlər Cavabdeh1 Əkbər qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahələrinə görə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Əkbər qızından mənzil xidmət haqqı üzrə 27,60 manat, məişət tullantıları üzrə 118,80 manat - cəmi 146,40 manat borcun, Cavabdeh2 mənzil xidmət haqqına görə 37,44 manat, məişət tullantılarına görə 43,20 manat - cəmi 80,64 manat borcun, Cavabdeh3 mənzil xidmət haqqına görə 17,28 manat, məişət tullantılarına görə 14,40 manat - cəmi 31,68 manat borcun tutulub Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə ödənilməsi, həmçinin çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin bağlanması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlər iddia ərizəsinə əlavə edilmiş mülkiyyət hüquqlarının qeydiyyat vəsiqələrinə əsasən yaşadıqları mənzillərin mülkiyyətçiləridirlər və hamısı 9 saylı Mənzil Kommunal İstismar Sahəsinin sakinləridirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135 və 137-ci maddələrinə əsasən fiziki şəxslər yasayış sahəsinə mülkiyyət hüququ əmələ gələn andan yaşayıb yaşamamasından asılı olmayaraq yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə kommunal xidmətlərə görə ödəməli olduğu haqqa yaşayış sahəsinin saxlanmasına, çoxmənzilli binanın idarə edilməsinə, cari və əsaslı təmiri üzrə xidmət və işlərə və kommunal xidmətlərə (məişət tullantılarının daşınmasına) görə ödəmələr daxildir. Həmin Məcəllənin 137.3-cü maddəsində təsbit edilmişdir ki, təşkilatihüquqi formasından asılı olmayaraq, hüquqi şəxs tərəfindən idarə olunan çoxmənzilli binanın dövlət mənzil fondunun yaşayış sahələrinin kirayə müqavilələri üzrə kirayəçiləri yaşayış sahəsinin saxlanmasına və təmiri, habelə kommunal xidmətlərə görə haqqı idarəedici təşkilata (konkret halda - MKİS-nə) ödəyirlər. Həmçinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 138 və 140.3-cü maddələrinə əsasən dövlət mənzil fondunun çoxmənzilli binasının yaşayış sahələrinin kirayəçiləri və mülkiyyətçiləri üçün (əgər sahə mülkiyyətçiləri bu barədə qərar qəbul etməyiblərsə) yaşayış sahəsindən istifadəyə və mənzil-kommunal xidmətlərə görə haqqın miqdarı müvafiq icra hakimiyyəti orqanı, yəni Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.03.2000-ci il tarixli, 40 saylı Qərarına əsasən özəlləşdirilmiş mənzillərin yerləşdiyi evlərin saxlanması üçün xidmət haqqı hər bir kv.m yaşayış sahəsi üçün ayda 2 qəpik, Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 5 saylı, 24.11.2011-ci il tarixli Qərarına əsasən bərk məişət tullantılarının daşınmasına görə adambaşına ayda 30 qəpik miqdarında tariflər müəyyənləşdirilərək öhdəlik kimi mənzil sahiblərinin üzərinə qoyulmuşdur. Lakin sadalanan bu hüquqi normalara zidd olaraq cavabdehlər istifadə etdikləri yaşayış sahəsinə görə qanunla müəyyən edilmiş haqların ödənilməsindən əsassız olaraq imtina edirlər. Belə ki, Cavabdeh1 Əkbər qızının 15.05.2020-ci il tarixə mənzil haqqı üzrə 27,60 manat, məişət tullantıları üzrə 118,80 manat - cəmi 146,40 manat borcu vardır. Cavabdeh2 08.05.2020-ci il tarixə mənzil haqqı üzrə 37,44 manat, məişət tullantıları üzrə 43,20 manat - cəmi 80,64 manat borcu vardır. Cavabdeh3 08.05.2020-ci il tarixə mənzil haqqı üzrə 17,28 manat, məişət tullantıları üzrə 14,40 manat - cəmi 31,68 manat borcu vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Respublikası Tarif Şurasının yuxarıda göstərilən Qərarında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzilkommunal xidmətlərə görə təsdiq edilmiş tariflər imperativ xarakter daşıyır və bütün fiziki şəxslər üçün məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385 və 501-ci maddələrinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn; pul ödəməli, iş görməli və s., kreditorun isə borcludan öhdəlik vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Dəfələrlə cavabdehlərə 9 saylı MKİS-nin işçiləri tərəfindən şifahi və yazılı xəbərdarlıq edilib borcun ödənilməsi tələb olunsa da, onlar buna əhəmiyyət verməyib bu günə kimi borcunu ödəməmişlər. Mövcud qanunvericiliyə görə kommunal xidmətləri göstərən təşkilatlarla (elektrik enerjisi, qaz, su təchizatı üçün) vətəndaşlar arasında müqavilə bağlanmalıdır, lakin cavabdehlər bu təşkilatlarla müqavilə bağlamadıqları halda həmin xidmətlərin haqqını ödəyirlər, amma mənzil haqqı və məişət tullantılarının haqqlarını ödəməkdən əsassız imtina edirlər. Onlara xidmət müqaviləsi bağlamasını təklif etdikdə bundan da imtina edirlər, halbuki cavabdehlərlə müqavilə olmadan da onlara MKTB tərəfindən zibil daşınması, binanın ümumi istifadə olan yerlərinin təmiri, həyətlərin süpürülməsi və sair kimi xidmətlər göstərilir. Cavabdehlərə qanuna riayət hissini aşılamaq, onların üzərinə dövlət tərəfindən qoyulmuş öhdəliyin yerinə yetirilməsini təmin etmək və dövlət büdcəsinə yığımların ödənişinə kömək məqsədilə iddia tələbi təmin olunmalıdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1491/2021 saylı iş üzrə 08 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh1 Əkbər qızından mənzil xidmət haqqı üzrə 27,60 (iyirmi yeddi manat altmış qəpik) manatın, məişət tullantıları üzrə 118,80 (bir yüz on səkkiz manat səksən qəpik) manat borc olmaqla, cəmi 146,40 (bir yüz qırx altı manat qırx qəpik) manat borcun, Cavabdeh2 mənzil xidmət haqqına görə 37,44 (otuz yeddi manat qırx dörd qəpik) manatın, məişət tullantılarına görə 43,20 (qırx üç manat iyirmi qəpik) manat borc olmaqla, cəmi 80,64 (səksən manat altmış dörd qəpik) manat borcun, Cavabdeh3 mənzil xidmət haqqına görə 17,28 (on yeddi manat iyirmi səkkiz qəpik) manatın, məişət tullantılarına görə 14,40 (on dörd manat qırx qəpik) manat borc olmaqla, cəmi 31,68 (otuz bir manat altmış səkkiz qəpik) manat borcun tutularaq Bakı şəhər Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin xeyrinə ödənilməsi, Cavabdeh1 Əkbər qızının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, 6 saylı evin 62 saylı mənzili üzrə, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, 6 saylı evin 37 saylı mənzili üzrə, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, 6 saylı evin 38 saylı üzrə Bakı şəhər Səbail rayon Mənzil- Kommunal Təsərrüfat Birliyi ilə çoxmənzilli binanın idarə edilməsinə dair müqavilənin bağlanması öhdəliyinin müvafiq olaraq cavabdehlər Cavabdeh1 Əkbər qızının, Cavabdeh2 və Cavabdeh3 üzərinə qoyulması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassız və qanunsuz qəbul edilmiş və bu səbəblərdən də ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli Qərarına əsasən dövlət mənzilistismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçiləri (mülkiyyətçilərin şirkətləri, digər birlikləri ilə yalnız müqavilə əsasında bu evlərə (mənzillərə) xidmət göstərə bilərlər. Səbail Rayon MKTB ilə aralarında mənzil xidmət haqqı və məişət tullantılarının yığışdırılması xidmətinin göstərilməsi barədə heç bir Müqavilə bağlanılmamışdır. İddia ərizəsində iddiaçı qeyd etdiyi “Müqavilə bağlamaq təklifi” həqiqəti əks etdirmir. Səbail rayonu MKTB tərəfindən uzun illərdir (30 ilə yaxın) yuxarıdaki maddədə sadalanan heç bir xidmət/qulluq binalara/həyətlərə göstərilməmişdir. Sakinlər binanın saxlanılması, yəni təmir və s. işləri öz şəxsi məvacibləri hesabına həyata keçirirlər. İddiaçı Səbail rayonu MKTB tərəfindən xidmətlərin həqiqətən göstərilməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Pul ödənilməsi tələbi ilə yanaşı Məhkəmə Səbail rayonu MKTB ilə müqavilənin bağlanılması tələbini üzərimə bir öhdəlik kimi qoyulmasını qət etmişdir. Müqavilə bağlamaq öhdəliyinin üzərimə qoyulması qanunsuzdur. Bundan əlavə, Səbail rayonu MKTB-nin əməkdaşları əsassız olaraq ödənişləri sakinlərdən tələb edərkən belə ödənişləri nağd şəkildə tələb edirlər. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi X5 apelyasiya şikayətini müdafiə edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı Bakı şəhəri Səbail Rayon MKTB-nin nümayəndəsi X8 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. İş üzrə digər cavabdehlərin məhkəmə kollegiyasının iclasına heç bir üzürlü səbəb olmadan gəlmədiyinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apelyasiya baxışının hədlərini iddia tələbinin Cavabdeh2 qarşı yönəlmiş hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, hazırkı halda iş üzrə çıxarılmış qətnaməni yalnız Cavabdeh2 tərəfindən mübahisələndirmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1491/2021 saylı iş üzrə 08 iyun 2021-ci il tarixli qətnaməsi “Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, 6 saylı evin 37 saylı mənzili üzrə Bakı şəhər Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi ilə çoxmənzilli binanın idarə edilməsinə dair müqavilənin bağlanması öhdəliyi müvafiq olaraq Cavabdeh2 üzərinə qoyulması” hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməli, qətnamə Cavabdeh2 aid qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarına əlavə olunmuş Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 191772 nömrəli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, 6 saylı evin 62 saylı mənzili 08.05.2004-cü il tarixdə Cavabdeh1 Əkbər qızının adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə olunmuş Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 163144 nömrəli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, 6 saylı evin 37 saylı mənzili 08.10.2003-cü il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, 6 saylı evin 38 saylı mənzili 10.01.2015-ci il tarixdə Cavabdeh3 adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə olunmuş Səbail rayon MKTB 9 saylı MKİS tərəfindən Cavabdeh1 Əkbər qızına verilmiş 33 nömrəli, 08.05.2020-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, 6 saylı evin 62 saylı mənzilində Cavabdeh1 Əkbər qızı, X9, Ruslan Fərhad oğlu, Günel Fərhad qızı, X11 və X7 qeydiyyatdadırlar. İş materiallarına əlavə olunmuş Səbail rayon MKTB 9 saylı MKİS tərəfindən Cavabdeh2 verilmiş 25 nömrəli, 25.05.2020-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, 6 saylı evin 37 saylı mənzilində Cavabdeh2 və X12 qeydiyyatdadırlar. İş materiallarına əlavə olunmuş Səbail rayon MKTB 9 saylı MKİS tərəfindən Cavabdeh3 verilmiş 26 nömrəli, 08.05.2020-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, 6 saylı evin 38 saylı mənzilində Cavabdeh3 qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş 15.05.2020-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, 6 saylı evin 62 saylı mənzilinin sahibi Cavabdeh1 Əkbər qızının mənzil xidmət haqqı üzrə 27,60 manat, məişət tullantıları üzrə 118,80 manat - cəmi 146,40 manat borcu vardır. İş materiallarına əlavə olunmuş 08.05.2020-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, 6 saylı evin 37 saylı mənzilinin sahibi Cavabdeh2 mənzil xidmət haqqına görə 37,44 manat, məişət tullantılarına görə 43,20 manat - cəmi 80,64 manat borcu vardır. İş materiallarına əlavə olunmuş 08.05.2020-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, 6 saylı evin 38 saylı mənzilinin sahibi Cavabdeh3 mənzil xidmət haqqına görə 17,28 manat, məişət tullantılarına görə 14,40 manat - cəmi 31,68 manat borcu vardır. İş materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, cavabdehlər Səbail rayon MKTB 9 saylı MKİS-ə olan mənzil xidmət haqqı və məişət tullantılarına görə borclarının ödənilməsi barədə xəbərdar olunmuşlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranır (maddə 135.2.4). Həmin Məcəllənin 136.2-ci madəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: - çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; - kommunal xidmətlərə görə haqq. Həmin Məcəllənin 137.10-ci maddəsinə əsasən mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 ilə Bakı şəhəri Səbail Rayon MKTB arasında müqavilə bağlanmasa da, iddiaçı tərəfindən hal-hazıradək cavabdehlərə xidmət göstərilmiş, yəni faktiki olaraq cavabdeh iddiaçının təklif etdiyi xidmətdən istifadə etməklə yararlanmışdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, 6 saylı evin 37 saylı mənzilinin mülkiyyətçisi olmaqla həmin mənzillərdə qeydiyyatdadır və onun qeydiyyatda olduğu mənzilə Səbail rayonu MKTB-nin 9 saylı MKİS-si xidmət göstərir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 138.1-ci maddəsinə əsasən yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq çoxmənzilli binanın ümumi əmlakının qanunvericiliyin tələblərinə müvafiq olaraq saxlanmasını təmin edən miqdarda müəyyən edilir. Həmin Məcəllənin 140.3-cü madəsinə əsasən əgər çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul etməzlərsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 29.09.2005-ci il tarixli 153/2 saylı sərəncamına əlavəyə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 nömrəli qərarı ilə tənzimlənin mənzil-kommunal xidmət tarifləri ödəniş qəbzlərində, eyni zamanda həm köhnə, həm də yeni miqyasda, denominasiya olunmaqla mənzil xidməti tarifləri 1 kv.m yaşayış sahəsi üçün ayda 2 qəpik, məişət tullantılarının daşınmasına görə adambaşı ayda 30 qəpik miqdarında müəyyən edilmişdir. Kollegiya hesab edir ki, Cavabdeh2 08.05.2020-ci il tarixə qədər olan müddət ərzində mənzil xidməti və məişət tullantıları haqqını ödəmədiyindən, iddiaçı həmin borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda tam haqlı olmuşdur. Belə ki, iş materiallarından müəyyən edilir ki, Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, 6 saylı evin 37 saylı mənzilinin sahibi Cavabdeh2 mənzil xidmət haqqına görə 37,44 manat, məişət tullantılarına görə 43,20 manat - cəmi 80,64 manat borcu vardır. İddiaçı tərəfindən borcun ödənilməsi ilə bağlı cavabdehə bəxəbdarlıq olunsa da, həmin haqq hal-hazırki vaxtadək ödənilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi borcun tutulması hissəsində iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmiş olsa da, müqavilənin bağlanması öhdəliyinin Cavabdeh2 üzərinə qoyulması hissəsində iddia tələbinin təmin etməkdə haqlı olmamışdır. Birinci instansiya məhkəməsi iddia tələbini qeyd edilən hissədə təmin edərək qənaətini onunla əsaslandırmışdır ki, cavabdehon mülkiyyətində olan mənzilin yerləşdiyi binaya İddiaçı 9 saylı MKİS tərəfindən xidmət göstərildiyindən, lakin cavabdeh göstərilən xidmtlə bağlı iddiaçı ilə müqavilə bağlamaqdan imtina etdiyindən, bununla bağlı, eləcə də xidmət haqqlarının ödənilməsi ilə bağlı tərəflər arasında mübahisə yarandığından, həmin müqavilənin bağlanması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunan nəticəyə gələrkən mülki hüququnun əsas prinsiplərindən bir olan “müqavilə azadlığı” prinsipi nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görəfiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3 ci maddəsinə görə müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Kollegiya qeyd edir ki, hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusunu müəyyənləşdirərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 1-ci maddəsində bu Məcəllənin məqsədinin üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etmək olduğu, əsas vəzifələr sırasında isə sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq, sahibkarlıq fəaliyyətini dəstəkləmək olduğu göstərilmiş, mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri isə mülki qanunvericiliyin başlıca prinsipləri sırasında nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 6.1.2 və 6.1.5-ci maddələri). Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Qanunvericilik bu azadlıqları mülki dövriyyə iştirakçılarına təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Mülki Məcəllənin 390-cı maddəsinin məzmununa əsasən fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. İradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər. Məhkəmə kollegiyası qeyd edir ki, müqavilənin bağlanması öhdəliyi cavabdehin üzərinə qoyulmaqla iddia tələbini həmin hissədə təmin edilməsi “müqavilə azadlığı” prinsipini mahiyyətinə zidd olmaqla onu lüzumsuz etmiş olardı. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi apellyatora aid hissədə əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1491/2021 saylı iş üzrə 08 iyun 2021-ci il tarixli qətnaməsi “Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, 6 saylı evin 37 saylı mənzili üzrə Bakı şəhər Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi ilə çoxmənzilli binanın idarə edilməsinə dair müqavilənin bağlanması öhdəliyi müvafiq olaraq Cavabdeh2 üzərinə qoyulması” hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməli, qətnamə Cavabdeh2 aid qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1491/2021 saylı iş üzrə 08 iyun 2021-ci il tarixli qətnaməsi “Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, 6 saylı evin 37 saylı mənzili üzrə Bakı şəhər Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi ilə çoxmənzilli binanın idarə edilməsinə dair müqavilənin bağlanması öhdəliyi müvafiq olaraq Cavabdeh2 üzərinə qoyulması” hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilməsin. Qətnamə Cavabdeh2 aid qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Qürbət Əsgərov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-8676/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8676/2021
08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver