Məhkəmə qərarları › İş №2(103)-8688/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8688/2021

24.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8688/2021 24.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(011)-7531/2018 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Bakı şəhəri 11 saylı Notariat Kontoruna, Cavabdeh2 və Cavabdeh3 qarşı alqı-satqı müqaviləsinin və hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra İddiaçı iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayonu İ.İsmayılov küçəsi 56 saylı evin 26 saylı mənzilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7531/2018 saylı 15.10.2018-ci il tarixli qərardadı ilə, ərizə təmin edilərək, Bakı şəhəri Xətai rayonu İ.İsmayılov küçəsi 56 saylı evin 26 saylı mənzilin üzərinə həbs qoyulması qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7531/2018 saylı 19.11.2018-ci il tarixli qərardadı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 11 saylı Notariat Kontoru, Cavabdeh2 və Cavabdeh3 qarşı alqı-satqı müqaviləsinin və hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7531/2018 saylı 19.11.2018-ci il tarixli qərardadından İddiaçı şikayət vermiş və Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 824/2019 saylı 07.01.2019-cu il tarixli qərardadı ilə, İddiaçı şikayəti təmin edilməyərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.11.2018-ci il tarixli 2(001)-7531/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7531/2018 saylı 15.10.2018-ci il tarixli qərardadının ləğv edilməsini və mənzilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli 2(001)- 7531/2018 saylı qərardadına əsasən ərizə təmin olunaraq, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iddianı təmin etmə barədə 2(001)-7531/2018 saylı 15.10.2018-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xətai rayonu İ.İsmayılov küçəsi 56 saylı evin 26 saylı mənzilin üzərinə qoyulmuş həbs götürülmüşdür. İddiaçı həmin qərardaddan şikayət verərək, həmin qərardadın ləğv edilməsini və mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizənin təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərardad qəbul edərkən qanuvericiliyin tələblərini pozmuşdur. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7531/2018 saylı 19.11.2018-ci il tarixli qərardadı ilə, onun cavabdehlər Bakı şəhəri 11 saylı Notariat Kontoru, Cavabdeh2 və Cavabdeh3 qarşı alqısatqı müqaviləsinin və hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmış, həmin qərardaddan o şikayət vermiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-824/2019 saylı 07.01.2019-cu il tarixli qərardadı ilə, onun şikayəti təmin edilməyərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.11.2018ci il tarixli 2(001)-7531/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardaddan kassasiya instansiyasına şikayət vermək hüququ olduğundan hesab edir ki, mənzil üzərindən həbsin götürülməsi qanunsuz olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli 2(001)- 7531/2018 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(011)-7531/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. İş materiallarından görünür ki, iddiaçının iddia tələbinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən xitam verilmiş və həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Kollegiya Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş qərardaddan kassasiya instansiyasına şikayət vermək hüququ olması barədə iddiaçının şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçının iddia tələbi üzrə mülki işin icraatına xitam verilməsinə dair məhkəmə aktı qanuni qüvvəsini aldığından, eləcə də məhkəmə aktından şikayət vermək iddiaçının vəzifəsi deyil, hüququ olduğundan və sonuncu bu hüquqdan məhkəmə aktı qəbul edildikdən bir ildən çox vaxt keçsə də istifadə etmədiyindən, cavabdehə məxsus əmlak üzərində iddianın təmini tədbiri olaraq həbsin saxlanmasına zərurət yoxdur. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(011)-7531/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(011)-7531/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar