Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-869/2022 08.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(007)-415/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən 5185 manat, həmin məbləğin 2 il üçün nəzərdə tutulmuş illik 5 faizi olan 320 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat olmaqla, cəmi 5535 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehi 10 ildən çoxdur ki tanıyır, əvvəllər SOCAR-da birlikdə işləmişlər. İlk vaxtlar münasibətləri normal olub, cavabdehin nə vaxtsa pulunu alıb, onu aldadacağını düşünməmişdir. Cavabdeh ona mebel sexi olduğunu, nə vaxt lazım olsa keyfiyyətli və ucuz qiymətə mebel sifariş edə biləcəyini bildirmiş, o da 2018-ci ildə evinə mebellər sifariş vermişdir. Cavabdeh gəlib ölçüləri aparmış və onunla 5200 manat pula razılaşmışdır. Lakin ona həmin pulu bir dəfəyə verə bilməyəcəyini bildirmiş, razılaşmaya əsasən 24.10.2018-ci ildə 1385 manat, 15.05.2019cu il tarixdə 540 manat, 17.05.2019-cu il tarixdə 300 manat, 23.05.2019-cu il tarixdə 260 manat, 29.05.2019-cu il tarixdə 200 manat, 13.08.2019-cu il tarixdə 1100 manat və 21.08.2019-cu il tarixdə 1400 manat olmaqla, cəmi 5185 manat ödəniş etmişdir. Cavabdeh isə, bir neçə çərçivəni gətirib evinə qoyub getmiş, bir daha onun zənglərinə cavab verməmişdir. Buna görə, polis bölməsinə müraciət etmiş, aparılmış araşdırma nəyicəsində cinayət işinin başlanılmasının rədd olunması haqqında qərar qəbul olunmaqla ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Bundan sonra, cavabdeh ondan möhlət istəmiş, lakin bu günə kimi pulu qaytarmamışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(007)- 415/2021 saylı qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddia ərizəsi qismən təmin olunmuş, cavabdehdən 4715 manat alınaraq iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Cavabdeh, qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normasının pozulması, işə onun iştirakı olmadan baxılması, həqiqətən iddiaçı ilə bir yerdə işləməsi, aralarında müəyyən mebellərin (bir ədəd xırda mətbəx mebeli, iki ədəd uşaq çarpayısı, bir ədəd iki nəfərlik çarpayı, bir ədəd paltar şkafı) hazırlanaraq quraşdırılması ilə bağlı şifahi razılaşmanın olması, bu məqsədlə iddiaçıdan hissə-hissə 2600 manat pul alması və razılaşdırılmış mebellərin iddiaçıya məxsus mənzildə quraşdırılması, bir ədəd giriş üçün balaca şkafı və bir ədəd mətbəx stolunu isə iddiaçıya hədiyyə etməsi, lakin iddiaçının müxtəlif bəhanələr gətirilməklə (materiallar və s.) mebelləri təhvil götürməkdən imtina etməsi, pulunu geri tələb etməsi, iddiaçıdan 5185 manat pul almaması, bu barədə iddiaçıya qəbz verməməsi, həmçinin Cəbrayıl rayonunda qeydiyyatda olması, işə ərazi aidiyyəti üzrə düzgün baxılmaması kimi əsaslandırmış və məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi (vəkili), apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişlər ki, cavabdeh Cəbrayıl rayonundan məcburi köçkün kimi Bakı şəhərinin Nizami rayonunun inzibati ərazisində müvəqqəti məskunlaşmışdır. Ünvanı dəqiq göstərilmədiyindən məhkəmə bildirişləri ona çatmamış, bu səbəbdən də məhkəmə iclaslarında iştirak edə bilməmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin olunmasını xahiş edirlər. Məhkəmə iclasında iştirak edən iddiaçı, apellyasiya şikayətini əsassız sayaraq, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanmalıdır. İlkin olaraq qeyd olunmalıdır ki, tərəflərin əvvəllər bir yerdə işləməklə, bir-birini tanımaları, aralarında mebellərin sifarişi ilə bağlı razılığa gəlmələri işin mübahisə olunmayan hallarıdır. İddiaçının bildirməsinə görə yuxarıda qeyd edilən məqsədlə, yəni mebellərin cavabdeh tərəfindən düzəldilərək evdə quraşdırılması üçün ümumilikdə 5200 manat pulun ödənilməsi barədə razılığa gəlmişlər, həmin puldan 5185 manat cavabdehə hissə-hissə ödəmiş, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, razılaşdırılmış mebelləri quraşdırmamış, yalnız müəyyən çərçivələri gətirmiş, ödədiyi pulu isə qaytarmamışdır. Cavabdeh isə etirazında yuxarıda qeyd edilən məqsədlə iddiaçıdan cəmi 2600 manat pul almasını və bunun müqabilində mebelləri (bir ədəd xırda mətbəx mebeli, iki ədəd uşaq çarpayısı, bir ədəd iki nəfərlik çarpayı, bir ədəd paltar şkafı) hazırlayaraq iddiaçıya məxsus yaşayış sahəsində quraşdırmasını, hətta bir ədəd giriş üçün balaca şkafı və bir ədəd mətbəx stolunu iddiaçıya hədiyyə etməsini, lakin iddiaçı tərəfindən müxtəlif bəhanələr gətirilməklə mebellərin təhvil götürülməməsini və s. bildirmişdir. İşdə olan sadə yazılı formada tərtib edilmiş qəbzdə qeyd edilmişdir ki, mebellərin sifarişi ilə əlaqədar ümumilikdə 5185 manat pulu Füzuli qəbul etmişdir. İşdə olan Bakı şəhəri Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsinin «cinayət işinin başlanmasının rədd olunması barədə» 14 mart 2020-ci il tarixli qərarından görünür ki, hadisə ilə bağlı həmin idarədə təhqiqat araşdırılması aparılmış, araşdırma zamanı İddiaçı və Cavabdeh izahatları alınmış, digər təhqiqat hərəkətləri aparılmışdır. Nəticədə müəyyən olunmuşdur ki, «vətəndaş İddiaçı əvvəllər bir yerdə işlədiyi, 10 ildir ki tanıdığı X2 mebel sifariş edərək, 24.10.2018-ci il tarixdən 21.08.2019-cu il tarixədək olan müddətdə hissəhissə olmaqla ümumilikdə 5185 manat pulu aralarında olan şifahi razılıq əsasında vermiş, bundan sonra sonuncu Çingizin evində balaca mətbəx mebeli, 2 ədəd çarpayı, 1 ədəd paltar şkafı və 5 ədəd otaq qapısını yığıb quraşdırmış, lakin sonradan həmin mebellər Çingizin sifariş etdiyi kimi olmadığından mebellərin geri götürülməsini və verdiyi pulların qaytarılmasını tələb etmiş, Cavabdeh aldığı pulu həmin mebellərin hazırlanmasına xərclədiyindən nəğd pulu qaytara bilməmiş, sonradan tərəflər arasında narazılıq yarandığından İddiaçı verdiyi pulun geri qaytarılmasını tələb etmişdir» İşdə olan "xxxx" MMC-nin 24 iyun 2021-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi 94 saylı evdə yerləşən natamam mebel çərçivələrinin hazırkı real bazar dəyəri 470 manat təşkil edir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallara əsasən tərəflər arasında şifahi podrat müqaviləsi bağlanmışdır. İddiaçı müqavilənin şərtlərinə əsasən razılaşdırılmış məbləğdə pulu, yəni 5185 manatı Cavabdeh mebel sifariş etmək məqsədi ilə vermiş, lakin sonuncu müqavilə öhdəliklərini layiqincə icra etməmiş, düzəltdiyi mebellər sifarişçinin xoşuna gəlmədiyi üçün sifarişçi onların bəzilərini geri qaytarmış, bəziləri isə sifarişçiyə məxsus mənzildə qalmışdır. Mütəxəssis rəyinə əsasən mənzildə qalmış əşyaların dəyəri 470 manat təşkil edir. Nəticədə sifarişçiyə 4715 manat zərər dəymişdir. Təhqiqat zamanı müəyyən olunmuşdur ki, cavabdeh düzəltdiyi mebellərin əksəriyyətini geri qaytarmış və mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, qalan əşyaların ümumi dəyəri 470 manat təşkil edir (hesabat 5185 – 470 = 4715). Məhkəmə kollegiyası, iddianın təmin olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin qeyd edir ki, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür (Mülki Məcəllə, 752.1-ci maddə). Eyni zamanda, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur (Mülki Məcəllə, 762-ci maddə). İlkin olaraq qeyd edilməlidir ki, cavabdeh etirazının əsası kimi iddiaçının sifariş verdiyi mebelləri hazırlamasını və mənzildə quraşdırmasını bildirsə də, iddiaçı bu halı təkzib etmişdir. Bu istiqamətdə birinci instansiya məhkəməsi tərəfindən mütəxəssis dəvət olunmuş və "xxxx" MMC-nin 24 iyun 2021-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi 94 saylı evdə natamam mebel çərçivələri mövcuddur və onların hazırkı real bazar dəyəri 470 manat təşkil edir. Göründüyü kimi, cavabdeh sifariş aldığı mebellərin tam və qüsursuz olaraq hazırlamasını və iddiaçıya məxsus evdə quraşdırmasını sübut edə bilməmişdir. Belə olan halda isə, podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Mülki Məcəllənin 765-ci maddəsinə əsasən, məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn borcun qaytarılması ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürüiən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Cavabdeh, iddiaçıdan 5185 manat deyil, 2600 manat pul almasını bildirsə də, etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir Bu hal, həmçinin, işin faktiki halları, işdə olan sübutlarla, həmçinin cinayət işinin başlanmasının rədd olunmasın barədə qərarla (polisdə araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı X2 mebel sifariş edərək 24.10.2018-ci il tarixdən 21.08.2019-cu il tarixinədək olan müddətdə hissəhissə olmaqla ümumilikdə 5185 manat pulu aralarında olan şifahi razılıq əsasında vermişdir) da təkzib olunur. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, qətnamə yoxlanılan hissədə əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğv edilməsinə əsas ola bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmaldır. Həmçinin qeyd edilməlidir ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5000 manatdan az olduğundan (4715 manat) qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(007)-415/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(007)- 415/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-869/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-869/2022
08.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver