Məhkəmə qərarları › İş №2(103)-8697/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8697/2021

03.11.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8697/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14717,22 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Məmmədov, iş № 2(004)-3463/21) iddia təmin edilmişdir. Cavabdeh qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-də Satış şöbəsində satış üzrə ekspeditor vəzifəsində işləyən Cavabdeh özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyərək köhnədən yığılan şəxsi borcları onu sıxdığından ödənilməsi üçün bir çox müştərilərdən təhsilatlarını təhsilat etməyib və borclarının qaytarılması üçün: 1) Bayıl marketdən - 5790 AZN; 2) Azərin marketdən - 4749 AZN; 3) Ekspress marketdən - 800 AZN; 4) Elmar marketdən - 400 AZN; 5) Səlim marketdən - 2978,22 AZN olmaqla, cəmi 14.717,22 AZN İddiaçı MMC-yə məxsus pulları götürərək mənimsəmişdir. Qeyd olunanlar Cavabdeh İddiaçı MMC-yə yazdığı izahatla da tam şəkildə etiraf olunur. MMC tərəfindən Cavabdeh şirkətə vurduğu ziyanı tam şəkildə geri ödəmək barədə dəfələrlə xəbərdarlıqlar edilsə də o, bu xəbərdarlıqların heç birinə məhəl qoymamışdır. "Sun Food” MMC-nin 13.11.2017-ci il tarixli, 499/K nömrəli əmri ilə Cavabdeh ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək vəzifələrini kobud şəkildə pozduğu üçün) xitam verilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə yalnız iddiaçının dəlilləri ilə əsaslandırılmış, qətnamənin əsaslandırıcı hissəsində heç bir sübuta istinad olunmamışdır. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasına gəlməmişdir. Özünü cavabdehin həyat yoldaşı kimi təqdim edən Türkan Kazımova adlı şəxs məhkəməyə teleqram göndərərək həyat yoldaşının Covid-19 virusuna yoluxduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərmiş və nəzərə alınmasını xahiş etmişdir. Cavabdehin həqiqətən də xəstə olmasına dair məhkəməyə hər hansı tibbi sənəd, sübut təqdim olunmamışdır. Məhkəmə kollegiyası bunu nəzərə alaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 21 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 18.01.2007-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən cavabdeh satış üzrə ekspeditor vəzifəsinə işə qəbul edilmişdir. 10.05.2017-ci il tarixli izahatdan görünür ki, Cavabdeh borcları onu sıxdığından ödənilməsi üçün bir çox müştərilərdən təhsilatlarını təhsilat etməyib və borclarının qaytarılması üçün Bayıl marketdən - 5790 manat, Azərin marketdən - 4749 manat, Ekspress marketdən - 800 manat, Elmar marketdən - 400 manat və Səlim marketdən - 2978,22 manat olmaqla, cəmi 14.717,22 manat İddiaçı MMC-yə məxsus pulları götürərək mənimsədiyini etiraf etmişdir. "Sun Food” MMC-nin 13.11.2017- ci il tarixli, 499/K nömrəli əmrlə Cavabdeh ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək vəzifələrini kobud şəkildə pozduğu üçün) xitam vermişdir. Cavabdeh tərəfindən etiraf olunan məbləğ ödənilmədiyinə görə iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçının tələbi cavabdehdən 14717,22 manat pulun tutulması barədədir. Birinci instansiya məhkəməsi cavabdehin yazılı etirafedici izahatını əsas götürərək iddianı təmin etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən Mülki Məcəllənin 21.1, 448.1, 882.1-ci, Əmək Məcəlləsinin 191-ci maddələri və s. normalarla əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazının əsası kimi istinad etdiyi faktları sübut edə bilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 21 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar