Məhkəmə qərarları › İş №2(103)-87/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-87/2023

06.04.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-87/2023 06.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MTK-nın Cavabdeh qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Nizami rayon Bələdiyyəsi və Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər: ərazinin boşaldılması, həmin ərazidə inşa edilmiş tikililərin sökülməsi, söküntü ilə bağlı kompensasiyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil4, cavabdehin prosessual hüquq varisi Nümayəndə, onun nümayəndələri (vəkillər) Vəkil2 və Vəkil5 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 06 aprel 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri Nizami Bələdiyyəsinin 15 mart 2005-ci il tarixli qərarı ilə Ş.Mirzəyev küçəsi 46 saylı binanın yaxınlığında yerləşən təsərrüfat anbarı Cavabdeh adına icarə müqaviləsi bağlanmaqla sənədləşdirilməsi, təsərrüfat anbarının yerləşdiyi torpaq sahəsinin tikinti və ya abadlıq işləri üçün lazım olursa bələdiyyənin ilk tələbi ilə etiraz edilmədən azad edilməsi qərara alınmışdır. Torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2005-ci il tarixli müqavilə ilə icarəyə verən Bakı şəhəri Nizami Bələdiyyəsi icarə əsasında Nizami rayon Ş.Mirzəyev küçəsi 42 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 114 kv.m olan, gələcəkdə sahə adlanan ərazini icarəçi Cavabdeh uzun müddətli 49 il istifadəyə vermişdir. xx.xx.2013-cü il tarixli icarə müqaviləsinə əsasən isə 53 kv.m qeyri-yaşayış sahəsinin altındakı torpaq sahəsi xx.xx.2034-cü ilədək olan müddətə Cavabdeh icarəsinə verilmişdir.

2. Bundan başqa Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 154 saylı Sərəncamı ilə Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki 2400-cü məhəllədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələşdirilməsi üçün torpaq sahəsinin icarə əsasında "xxxx" MTK-nın istifadəsinə verilməsi, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vasaitin ödənilməsi qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən "xxxx" MTK tərəfindən həll edilməsi ilə bağlı sərəncam imzalanmışdır. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 154 saylı sərəncamının addan-ada keçirilməsi haqqında xx.xx.2018-ci il tarixli 104 saylı sərəncamı ilə Nizami rayonu, 2400-cü məhəllə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsisməsində yaşayış binalarının tikintisinin layihələndirilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 154 saylı sərəncamı və tərtib olunmuş 12899 saylı inşaat pasportu İddiaçı MTK-nın adına rəsmiləşdirilmişdir.

3. Cavabdeh xx.xx.2022-ci il tarixdə vəfat etmişdir.

4. Cavabdehin vəfatından sonra arvadı X4 və oğlu Nümayəndə prosessual hüquq varisi kimi işdə iştirak etməyə cəlb edilmişlər.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı MTK Cavabdeh qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Nizami rayon Bələdiyyəsi və Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu 2400-cü məhəllə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində yaşayış binalarının tikintisi üçün ayrılmış torpaq sahəsində cavabdeh tərəfindən Ş.Mirzəyev küçəsindəki 46 saylı binanın qarşısında qanunsuz olaraq zəbt edilmiş ərazilərin boşaldılması və həmin ərazidə inşa edilmiş tikililərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı MTK tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 154 saylı Sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, 2400-cü məhəllə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində mövcud yaşayış və qeyri-yaşayış sahələrinin sökülərək yerində hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin layihələndirilməsi "xxxx" MTK-ya həvalə edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli 104 saylı “xx.xx.2014-cü il tarixli, 154 saylı sərəncamın addan-ada keçirilməsi haqqında” Sərəncamına əsasən Nizami rayonu 2400-cü məhəllə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində yaşayış binalarının tikintisinin layihələndirmə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 154 saylı sərəncamına və tərtib olunmuş 12899 saylı inşaat pasportu İddiaçı MTK-nın adına rəsmiləşdirilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 154 saylı Sərəncamına əsasən tərtib edilmiş 14/102 saylı Ayrıc aktı ilə Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçəsi 2400-cü məhəllədə 1,9276 hektar torpaq sahəsi yüksəkmərtəbəli yaşayış binalarının tikintisi üçün MTK-ya verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 154 saylı Sərəncamına əsasən ərazidə yerləşən yaşayış və qeyriyaşayış sahələrinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən MTK tərəfindən həll edilir. Hal-hazırda MTK tərəfindən Şirin Mirzəyev 46 ünvanında bina sakinləri ilə razılaşdırılmış rəsmi müqavilələr bağlanmışdır. 46 saylı binanın sakinləri ilə də razılıq əldə edilmişdir. Lakin Nizami rayon Şirin Mirzəyev küçəsi ev 42, mənzil 12-də yaşayan Cavabdeh daş təsərrüfat anbarına dair 17 noyabr 2020-ci il tarixli 48 nömrəli ümumi sahəsi 52,89 kv.m və 15 mart 2005-ci il tarixli 03 nömrəli ümumilikdə sahəsi 71,94 kv.m mövcud təsərrüfat anbarına (halhazırda qanunsuz olaraq iaşə obyekti kimi fəaliyyət göstərir) Nizami rayon Bələdiyyəsi qərar vermişdir. Bələdiyyənin verdiyi müvəqqəti qərardan başqa şəxsin həmin anbarlara dair hər hansı bir hüquqi sənədi yoxdur. Həmin qərarların 2-ci və 3-cü bəndində daş təsərrüfat anbarının və mövcud təsərrüfat anbarının yerləşdiyi torpaq sahəsi tikinti və ya abadlıq işləri üçün lazım olarsa Nizami Bələdiyyəsinin ilk tələbi ilə etiraz edilmədən azad edilməlidir.

7. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadə və sahibliyində olan Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən ictimai iaşə obyektinin "Karayev City” MTK tərəfindən sökülməsi ilə bağlı İddiaçı MTK-dan 480.000 manatın və MTK-nin qanunsuz hərəkəti nəticəsində əmlakına dəymiş ziyana görə 20.000 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, torpaq sahəsi və tikilidən tam qanuni şəkildə istifadə edir və istfadəsi ilə bağlı Nizami rayon Bələdiyyəsinə torpaq icarə haqqını və vergini vaxtlı-vaxtında ödəyir, bundan əlavə iaşə obyektindən istifadə etdiyi qaz, su, elektrik sərfiyyatına dair kommunal xərcləri vaxtlı-vaxtında ödəyir. O, burada 2005-ci ildə qaraj tipli anbarı əsaslı təmir edərək icitmai-iaşə obyekti kimi formalaşdırmış, tikilinin ətrafını abadlaşdırmış və 16 ildir ki bu tikilidən iaşə obyekti kimi istifadə edir. Bu illər ərzində onun fəaliyyətinə Nizami rayon bələdiyyəsi və digər orqanlar tərəfindən heç bir etiraz və pretenziya edilməmişdir. Əvvəla, nəzərə çatdırır ki, Nizami rayon bələdiyyəsinin müvafiq qərarının 2 və 3-cü bəndinə əsasən onun bu torpaq sahəsindən çıxması yalnız Nizami bələdiyyəsinin tələbinə əsasən mümkündür. X10 MMCnin ona qarşı torpaq sahəsindən çıxarılma tələbini irəli sürməyə subyetkiv hüququ yoxdur. İkincisi, iddiaçının ilkin iddia ərizəsində qeyd etdiyi kimi Bakı şəhər İHB-nin tikintiyə dair vermiş olduğu xx.xx.2014-cü il tarixli, 154 saylı sərəncamına əsasən ərazidə yerləşən qeyri-yaşayış və yaşayış sahələrinin sökülməsi, sakinlərin köçürülməsi və onlara vəsaitin ödənilməsi qarşılıqlı razılaşmaya əsasən müvafiq qanunvericiliyə əsasən MTK tərəfindən həll edilir. İddiaçı bu günə qədər ona müvafiq tikili və torpaq sahəsinə görə hər hansı bir kompensasiya ödənilməsini təklif etməmişdir. Bu hərəkəti ilə iddiaçı Bakı şəhər İHB-nin müvafiq sərəncamının tələbini kobud şəkildə pozmuşdur. Onun istifadəsində olan tikilinin yerləşdiyi torpaq sahəsi Nizami rayon bələdiyyəsinin 2005-ci il tarixli müvafiq qərarı ilə 49 illiyinə onun istifadəsinə verilmişdir. Lakin iddiaçının istinad etdiyi Bakı şəhər İHB-nin tikinti ilə bağlı müvafiq qərarı xx.xx.2014-cü il tarixdə verilmişdir. Belə bir sərəncamın verilməsindən yəqin ki, Nizami rayon Bələdiyyəsinin heç xəbəri də olmamışdır. Belə olan halda iddia edilən torpaq sahəsinə və tikiliyə dair kimin haqlı və kimin haqsız olmasını mübahisələndirməzdən əvvəl iddiaçı inşaat sahəsində olan yaşayış və qeyri-yaşayış sahələrinin sahibləri ilə sərəncamda olduğu kimi razılığa gəlməsi daha məqsədə müvafiqdir. Qeyd olunan iaşə obyektinin ümumi sahəsi torpaqla birlikdə 160 kv.metrdir. O, buranı yüksək səviyyədə təmir etmişdir, müvafiq tikinti və abadlıq işləri aparmışdır. Hesab edir ki, onun istifadə və sahibliyində olan bu ictimai iaşə obyektinin hər kvadrat metri 3000 manata bərabərdir. O, bu tikilini ilkin iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MTKya kvadrat metri 3000 manat olmaqla, ümumilikdə 500000 manata güzəşt edə bilər. "Karayev City” MTK məhkəmədən onun bu obyektdən çıxarılması və ona məxsus obyektin sökülməsinə dair qətnamə çıxarılmasını məhkəməyə müraciət etsə də, məhkəməni yekun qərarını gözləmədən özbaşına onun istifadə və sahibliyində olan obyekti sökməyə başlamışdır. O, MTK-nin bu hərəkətindən müvafiq polis orqanına şikayət etmişdir. "xxxx" MTK-nin qanunsuz hərəkətləri nəticəsində onun əmlakına 20000 manat ziyan dəymişdir.

9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim B.Qasımov, iş № 2(007)-1910/2021) ilkin iddia qismən təmin edilərək Bakı şəhəri, Nizami rayonu, 2400-cü məhəllə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində yaşayış binalarının tikintisi üçün ayrılmış torpaq sahəsində 46 saylı binanın qarşısında cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş ərazilərin boşaldılması qət olunmuş, ilkin iddia qalan hissədə təmin edilməmiş, qarşılıqlı iddia rədd olunmuşdur. 10.Birinci instansiya məhkəməsi ilkin iddia ilə bağlı qətnaməsində göstərmişdir ki, mübahisəli əmlak Nizami rayon Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarına əsasən Cavabdeh adına icarə müqaviləsi bağlanılmaqla sənədləşdirildiyindən o, həmin əmlakdan qanuna uyğun şəkildə istifadə etmişdir, lakin hazırda onun həmin əmlak üzərində mülkiyyət hüququ yoxdur. Göründüyü kimi, Cavabdeh ilə icarə müqaviləsinin bağlanılmasına əsas olmuş Nizami rayon Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarının 2ci bəndinə əsasən hazırda İddiaçı tərəfindən həmin ərazidə tikinti işləri aparıldığından X5 həmin ərazini azad etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, həmin ərazi boşaldılmadır.

11. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianı rədd edərkən ona əsaslanmışdır ki, bələdiyyə tərəfindən 49 illiyə cavabdehin icarəsinə verilmiş mübahisəli torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin 154 saylı 10 aprel 2014-cü il tarixli və 104 saylı 05 mart 2018-ci il tarixli sərəncamlarına əsasən hündürmərtəbəli binaların tikintisi üçün İddiaçı MTK-nın icarəsinə verildiyindən Nizami bələdiyyəsinin yuxarıda qeyd olunan 03 saylı 15 mart 2005ci il tarixli qərarı və 22 mart 2005-ci il tarixli torpaq icarə müqavilələri öz qüvvəsini itirmiş hesab olunur. Nəticədə, Cavabdeh hazırda Ş.Mirzəyev küçəsi 46 saylı binanın yaxınlığından yerləşən təsərrüfat anbarı və Nizami rayonu Ş.Mirzəyev küçəsi 42 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 114 kv.m olan torpaq sahəsi üzərində subyektiv hüququnun olmadığı müəyyən edilmişdir. İddiaçı MTK tərəfindən həmin ərazidə tikinti işləri aparıldığından Cavabdeh həmin anbardan və onun yerləşdiyi torpaq sahəsindən istifadə hüququ artıq mövcud deyil. İctimai iaşə obyekti Cavabdeh mülkiyyətində deyil, nəticə etibarı ilə onun mübahisə predmeti ilə bağlı obyektin sökülməsi üçün tələb hüququ yoxdur və o, göstərilən iddia tələbi ilə bağlı tərəf kimi çıxış edə bilməz. Bundan əlavə, cavabdehə zərər vurulduğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, məhkəməyə təqdim edilmiş fotoşəkillərdən də görünür ki, iaşə obyektinə heç bir ziyan vurulmamış, onun ətrafında qazıntı işləri aparılmışdır, lakin həmin qazıntı işləri nəticəsində 20 000 manat dəyərində ziyan vurulması müəyyən edilməmişdir. 12.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarı, “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 iyun 2008-ci il tarixli qərarı və s. ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 13.Cavabdeh apellyasiya şikayətində qətnamənin tamamilə ləğv edilməsi, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 14.Qarşılıqlı iddia ərizəsi ilə eyni məzmun təşkil edən apellyasiya şikayəti əlavə olaraq onunla əsaslandırılmışdır ki, qətnamənin təsviri hissəsində onun müvafiq torpaq sahəsindən özbaşına deyil, Nizami Bələdiyyəsinin müvafiq qərarları əsasında istifadə etdiyini qeyd etsə də, nəticə hissəsində onun bu ərazini qanunsuz olaraq zəbt etdiyini qeyd edir. İddia tələbində müvafiq bələdiyyə qərarlarının qüvvədən düşməsinə dair heç bir tələb yoxdur. Belə olan halda bələdiyyə sədrinin şəxsi mülahizəsi əsasında iddiaçıya göndərdiyi məktuba istinad etməklə bu qərarları qüvvədən düşmüş hesab etmək olmaz. Bu qərarlar yalnız bələdiyyənin digər qərarı ilə qüvvədən düşə bilər, bələdiyyə sədrinin mülahizəsi əsasında yazılmış məktubu ilə qüvvədən düşə bilməz. Müqaviləyə əsasən bələdiyyə ondan tələb etdikdə, o, ərazini qeyd-şərtsiz boşaltmalıdır. Lakin iddia qaldırılanadək bələdiyyə tərəfindən belə bir müraciət edilməyib. Bundan başqa, Bakı ŞİHB-in iddiaçıya verdiyi xx.xx.2014-cü il tarixli sərəncamının qüvvədən düşməsini məhkəmə qətnamədə qeyd etməyib. Belə ki, həmin sərəncamın ən çox 2 il hüquqi qüvvəsi olmasına baxmayaraq, iddiaçının 7 il keçdikdən sonra tikinti işləri aparması tamamilə qanunsuzdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 15.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16.Apellyasiya baxışı zamanı cavabdehin prosessual hüquq varisləri və onların nümayəndələri (vəkillər) apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. 17.İddiaçının nümayəndəsi isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. 18.İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq 19.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarı 20.mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 iyun 2008-ci il tarixli qərarı 21.konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 22.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 23.Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 24.Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 25.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri 26.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 27.Hazırkı işdə ilk iddia təmin, qarşılıqlı iddia isə rədd edildiyindən və qətnaməni apellyasiya qaydasında yalnız cavabdeh mübahisələndirdiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28.Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 154 saylı Sərəncamı ilə Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki 2400cü məhəllədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələşdirilməsi üçün torpaq sahəsi icarə əsasında "xxxx" MTK-nın istifadəsinə verilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 154 saylı sərəncamının addan-ada keçirilməsi haqqında xx.xx.2018ci il tarilxi 104 saylı sərəncamı ilə tikinitinin layihələndirilməsi İddiaçı MTK-nın adına rəsmiləşdirilmişdir. 29.İddiaçı MTK tərəfindən cavabdehə məxsus qeyri-yaşayış sahələrinin söküntüsü ilə bağlı ona yeni inşa olunan binadan 140 kv.m qeyri-yaşayış sahəsi təklif olunmuş, lakin işdə olan akta əsasən cavabdeh bu təklifi qəbul etməmişdir. 30.Bundan sonra İddiaçı MTK istifadəsinə ayrılmış torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz tikililər inşa olunduğunu, cavabdehin həmin tikililərə dair müvəqqəti bələdiyyə qərarından başqa heç bir sənədi olmadığını bildirərək cavabdehə qarşı kompensasiya ödənilmədən ərazinin boşaldılması və tikililərin sökülməsi barədə iddia qaldırmışdır. 31.Cavabdeh isə inşa etdiyi mübahisəli qeyri-yaşayış sahələrinə faktiki sahiblik və istifadə hüququnu həyata keçirdiyini və həmin qeyri-yaşayış sahələrinin yerləşdiyi torpaq sahəsinə icarə müqaviləsi əsasında sahiblik etdiyini bildirərək qarşılıqlı iddia vermiş və qarşılıqlı iddia tələbində mübahisəli tikililərin sökülməsinə müvafiq kompensasiya ödənilməsi müqabilində razı olduğunu qeyd etmişdir. O, qarşılıqlı iddia ərizəsində söküntü ilə bağlı ona 480 000 manat, MTK-nın qanunsuz hərəkəti nəticəsində əmlakına dəymiş ziyana görə isə 20 000 manat kompensasiya ödənilməsini tələb etmişdir. 32.Birinci instansiya məhkəməsi ilk iddianı əsaslı sayaraq təmin etmiş, qarşılıqlı iddianı isə rədd etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, ictimai iaşə obyekti cavabdehin mülkiyyətində olmadığından, nəticə etibarı ilə onun mübahisəli tikililərə görə kompensasiya ödənilməsini tələb hüququ da yoxdur. Bundan əlavə cavabdehə zərər vurulduğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. 33.Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə raşılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, qətnamədə göstərilmiş nəticə işin həqiqi hallarına uyğun olmamış, maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq olunmamışdır (MPM-in 385.1.1, 385.1.2, 385.1.4-cü maddələri). Ona görə apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin iş üzrə 27 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə hər iki iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. 34.Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, mübahisəli tikililər üzərində cavabdehin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməməsi həmin tikililərin kompensasiya ödənilmədən sökülməsi üçün əsas vermir. 35.Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mübahisələndirilən ərazidə yerləşən qeyri-yaşayış sahələrinin cavabdehə məxsus olması işin mübahisəsiz halıdır. 36.Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına əsaslanaraq qeyd edir ki, 114 kv.m torpaq sahəsi Bakı şəhəri Nizami Bələdiyyəsinin 15 mart 2005-ci il tarixli qərarı və torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən 49 il müddətinə cavabdehin istifadəsinə verilmişdir (1-ci cild, i.v.141-145). Həmin ərazidə cavabdehə məxsus tikili Bələdiyyə tərəfindən təsərrüfat anbarı kimi qeydə alınsa da, ekspert rəyindən və işin müəyyən edilən gigər hallarından göründüyü kimi o, ictimai iaşə obyekti kimi istifadə olunmuşdur. Cavabdehə məxsus 53 kv.m qeyri-yaşayış sahəsinin altındakı torpaq sahəsi isə xx.xx.2013-cü il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2034-cü ilədək olan müddətə cavabdehin icarəsinə verilmişdir (1-ci cild, i.v.179). Bu tikili də anbar kimi qeydə alınmasına baxmayaraq ekspert rəyindən və işin digər hallarından göründüyü kimi avtoyuma məntəqəsi kimi fəaliyyət göstərmişdir. Hər iki tikili bələdiyyə ödənişlərinə (vergi, kommunal və s.) cəlb olunmuşdur. 37.Təqdim olunan müqavilələrdə qeyri-yaşayış sahəsinin ölçüləri 114 kvm və 53 kvm göstərilsə də, iş üzrə keçirilmiş ekspertiza ilə faktiki ölçülərin 114 kvm və 57 kvm olduğu müəyyən edilmişdir. 38.İddiaçının tələbi ərazinin boşaldılması və tiklililərin sökülməsi barədə, cavabdehin qarşılıqlı iddiası isə konkret ölçü göstərilmədən qeyri-yaşayış sahələrinin söküntüsü ilə bağlı kompensasiya ödənilməsindən ibarət olduğuna görə məhkəmə kollegiyası hesab edir ki, sahənin faktiki ölçüsündə müəyyən edilən bu fərq işin mahiyyətinə təsir etmir və tələbdən kənara çıxma kimi qiymətləndirilə bilməz. 39.İşdən göründüyü kimi, cavabdeh tərəfindən inşa olunmuş mübahisəli tikililər uzun müddətdir fəaliyyət göstərir və onun mövcudluğuna və fəaliyyət göstərməsinə bu günə qədər nə Bələdiyyə, nə də müvafiq yerli icra hakimiyyəti orqanı tərəfindən hər hansı etiraz edilməmişdir. 40.Məhkəmə kollegiyası qeyd edir ki, adı çəkilən tikililər daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə qeydə alınmasa da, onlar cavabdeh tərəfindən inşa olunmaqla faktiki olaraq mövcuddur və cavabdehin istifadəsindədir. Bu baxımdan, cavabdehin həmin tikililər və torpaq sahəsi üzərində əmlak hüquqları vardır və ona görə də həmin tikililərə “əmlak” kimi yanaşılmalı və qiymət verilməlidir. 41.Mülki Məcəllənin 158.2, 158.4-cü maddələrinin tələbinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 42.Avropa Məhkəməsi özünün bir çox qərarlarında, o cümlədən də «Önəryıldız Türkiyəyə qarşı» işi üzrə xx.xx.2004-cü il tarixli Qərarında göstərmişdir ki, Konvensiyanın İ saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil;..müvafiq olaraq, bu maddənin məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə də «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən də mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olan tələblərini də əhatə edə bilər. 43.«Akimova Azərbaycana qarşı» işində də (iş № 19853/03.xx.xx.2008-ci il) Avropa Məhkəməsi ərizəçinin mənzilə köçməsinə dair verilmiş orderə məhz bu konteksdən yanaşaraq, onun Konvensiyanın İ saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş «mülkiyyət» anlayışı ilə əhatə olunduğunu və həmin maddənin təsiri altına düşdüyünü müəyyən etmişdir. 44.«Axverdiyev Azərbaycana qarşı» işində də (iş № 76254/11. xx.xx.2015-ci il) Avropa Məhkəməsi göstərmişdir ki, ərizəçi torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün heç vaxt müraciət etməmişdir. Buna görə də o, torpağa müdaxilə zamanı formal olaraq mülkiyyət hüququna malik olmamışdır. Bu zaman ərizəçinin torpağa mülkiyyət hüququnun əldə olunmasına dair «hüquqi gözləntisi» olmuşdur, torpağın “mülkiyyət” qismində tanınması üçün kifayət qədər «mülki marağa» malik olmuşdur. Buna görə də həmin işdə Məhkəmə müəyyən etmişdir ki, torpaq sahəsi Konvensiyanın İ saylı Protokolunun 1-ci maddəsinə əsasən ərizəçinin «mülkiyyəti» olmuşdur. 45.Qeyd edilənlərdən belə nəticəyə gəlinir ki, mübahisəli qeyri-yaşayış sahələri müvafiq qaydada reyestrdə qeydə alınmasa belə, Konvensiyanın İ saylı Protokolunun 1-ci maddəsinin təsiri altına düşür və cavabdehin «mülkiyyəti» hesab olunur. 46.Beləliklə, kollegiya mübahisəli qeyri-yaşayış sahələrinin faktiki olaraq cavabdehin istifadəsində və sahibliyində olmasını nəzərə alaraq onun Konvensiyanın İ saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş «mülkiyyət» anlayışı ilə əhatə olunduğu və həmin maddənin təsiri altına düşdüyü qənaətinə gəlir. 47.Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 48.Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. 49.Azərbaycan Respublikası MM-nin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 50.“İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. 51.Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi isə özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar §148, 150; Skordino İtaliyaya qarşı iş üzrə 2006-cı il 29 mart tarixli Qərar § 93). 52.“Sporronq və Lonnrot İsveçə qarşı” işdə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi bildirmişdir ki, Razılığa gələn Dövlətlərin hüquq sistemlərində kompensasiya ödənilmədən mülkiyyətin müsadirə olunmasına yalnız müstəsna hallarda haqq qazandırıla bilər. Əks təqdirdə mülkiyyət hüququ «xəyali» və «səmərəsiz» hüquq olaraq qalardı. Kompensasiyanın məbləğinə gəldikdə, Məhkəmə qeyd etmişdir ki, mülkiyyəti onun dəyərinə uyğun ağlabatan məbləğdə kompensasiya ödəmədən müsadirə etmək qeyrimütənasib tədbirdir. 53.Mülkiyyətə müdaxilənin qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilmə şərti dövlətdaxili hüquq normalarında özbaşınalıqdan müdafiəni təmin edən kifayət qədər əlçatan və dəqiq normaların mövcud olmasını və onlara riayət edilməsini tələb edir (X2rşı iş üzrə 1986-cı il 8 iyul tarixli Qərar § 110; Vistins və Perepjolkins Latviyaya qarşı iş üzrə 2012-ci il 25 oktyabr tarixli Qərar § 95). 54.Avropa İnsan Hüquqları Məhkəməsi “Çinqa Litvaya qarşı iş üzrə” 31 oktyabr 2017-ci il tarixli qərarında göstərmişdir ki, mülkiyyətə hər hansı müdaxilə qanuni olmalı və legitim məqsəd daşımalıdır, eləcə də, proporsionallıq tələbinə cavab verməlidir. Cəmiyyətin ümumi maraqları ilə vətəndaşların fundamental hüquqlarının müdafiəsi tələbi arasında ədalətli tarazlıq olmalıdır. Tələb edilən tarazlıq şəxs individual və həddindən artıq yük daşıdığı halda gözlənilməmiş olacaqdır. Adətən ağalabatan dəyər ödənilmədən əmlakın geri götürülməsi cəmiyyətin ümumi maraqları ilə şəxslərin fundamental hüquqları arasında ədalətli balansı təşkil etmir və ərizəçinin üzərinə həddindən artıq yük qoyur. Məhkəmənin əmlakın qiymətləndirlməsi ilə bağlı oxşar işlərdə gəldiyi mövqeyə əsaslanaraq, yuxarıda qeyd edilən ədalətli balans, əmlakın qiymətləndirilməsi zamanı müəyyən edilmiş “bazar” qiymətinə uyğun olan kompensasiya məbləği ödənilməmişdir. Buradan belə nəticəyə gəlmək olar ki, əmlaka dair ərizəçinin hüquqlarının itirilməsi üçün ödənilən məbləğ mülkiyyət hüquqları itirildiyi zaman əmlakın dəyəri ilə hesablanmalıdır. 55.Oxşar mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında da öz əksini tapmışdır (“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5 və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 8 oktyabr tarixli Qərarı və s.). 56.Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1-ci maddəsinə görə, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ya ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. 57.Həmin Məcəllənin 4.2-ci maddəsində Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri kimi göstərilmişdir. 58.Şəhərsalma və Tikinti Məcəlləsinin 17.5-ci maddəsinə əsasən, ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır. 59.Məhkəmə kollegiyası yuxarıda şərh olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, cavabdehin əmlak hüquqları müdafiə olunmalı, cavabdehə məxsus qeyri-yaşayış sahəsinin kompensasiya ödənilmədən sökülməsi və həmin ərazinin cavabdeh tərəfindən boşaldılması qanunsuz hesab olunmalıdır. 60.Mülki işin materialları ilə təsdiq olunur ki, cavabdehə məxsus tikilinin və eləcə də həmin ərazidə yerləşən digər tikililərin sökülməsi Bakı şəhəri İHB-nın müvafiq Sərəncamı əsasında həyata keçirilir. İşin 1-ci cild 58-ci vərəqində olan 26 fevral 2021-ci il tarixli aktdan görünür ki, İddiaçı MTK tərəfindən cavabdehə məxsus qeyri-yaşayış sahələrinin söküntüsü ilə bağlı ona yeni inşa olunan binadan 140 kv.m qeyri-yaşayış sahəsi təklif olunmuş və cavabdeh həmin təklifi rədd etdikdən sonra MTK məhkəmədə hazırkı iddianı qaldırmışdır. Qeyd olunan akt İddiaçı MTK-nın sədri, hüquqşünası, 120 saylı MKİS-nin rəisi tərəfindən imzalanmış və MTK-nın möhürü ilə təsdiq olunmuşdur. 61.Cavabdehin qarşılıqlı iddiasının məzmunundan göründüyü kimi, o, kompensasiya ödənilməsi müqabilində söküntüyə razıdır. Cavabdeh mübahisəli qeyri-yaşayış sahələrinin sökülməsinə görə 480 000 manat və əmlakına dəyən zərərə görə 20 000 manat tələb edir. 62.Apellyasiya baxışı zamanı məhkəmə kollegiyası ilk növbədə sökülməsi tələb olunan cavabdehə məxsus tikililərin həqiqətən də İddiaçı MTK-nın istifadəsinə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşmədiyini araşdırdı və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-tikinti texniki ekspertizasının xx.xx.2022-ci il tarixli 10/2445 saylı rəyinə əsasən müəyyən etdi ki, Bakı şəhəri, Nizami Bələdiyyəsi tərəfindən 22 mart 2005-ci il tarixli və xx.xx.2013-cü il tarixli icarə müqavilələrinə əsasən Cavabdeh istifadəsinə verilmiş 114 kv.m və 53 kv.m qeyri-yaşayış binalarının Bakı şəhər İcra Hakimiyyətinin 10 aprel 2014-cü il tarixli 154 saylı və xx.xx.2018-ci il tarixli 104 saylı sərəncamları ilə Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsisməsində İddiaçı MTK-nın istifadəsinə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşir. 63.Ekspert qarşısında həmin tikililərin yerləşdiyi sahənin hüquqi statusunun (dövlət, yoxsa bələdiyyə mülkiyyətində olması) müəyyən edilməsi barədə sual qoyulsa da, ekspert səlahiyyətinə aid olmadığını əsas gətirərək həmin sualı cavablandırmamışdır. 64.Məhkəmə kollegiyası həmin məsələ üzrə əlavə araşdırma aparılmasına lüzum görmədi. Belə ki, həmin ərazinin kimin (dövlətin ya bələdiyyənin) mülkiyyətində olmasından asılı olmayaraq mübahisəli tikililərin sökülməsi üçün hər bir halda cavabdehə kompensasiya ödənilməlidir. Bu kompensasiyanın ödənilməsi vəzifəsi isə Bakı İcra Hakimiyyətinin müvafiq sərəncamlarına əsasən dövlətin və ya bələdiyyənin deyil, bilavasitə İddiaçı MTK-nın üzərinə düşür. 65.Məhkəmə kollegiyası onu da qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyətinin 10 aprel 2014-cü il tarixli 154 saylı və xx.xx.2018-ci il tarixli 104 saylı sərəncamları nə bələdiyyə, nə mübahisəli tikililərin sahibi Cavabdeh tərəfindən mübahisələndirilməmişdir. 66.İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Nizami bələdiyyəsi və Nizami rayon icra hakimiyəti birinci instansiya məhkəməsində işə baxılarkən mübahisənin sülh yolu ilə həllinə tərəfdar olduqlarını bildirmişlər. 67.İşin apellyasiya baxışı zamanı mübahisəli əmlakların dəyərinin müəyyən olunması üçün "xxxx" MMC tərəfindən qiymətləndirmə aparılmış, həmin MMC-nin xx.xx.2022-ci il tarixli, 125 saylı mütəxəssis rəyi ilə Nizami rayonu, Ş.Mirzəyev küçəsindəki, 42 saylı binanın yaxınlığında yerləşən 114 kv.m qeyri-yaşayış sahəsinin 91200 manat, ünvan 1 ünvanında yerləşən 53 kv.m qeyri-yaşayış sahəsinin bazar dəyəri 42400 manat müəyyən edilmişdir. 68.Apellyasiya baxışı zamanı bu rəy mübahisələndirildiyindən və kifayət qədər əsaslandırılmadığından iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə olunmuş və həmin Mərkəzin xx.xx.2023-cü il tarixli, 10/7287 saylı rəyi ilə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ölçüsünün 53 kvm deyil, 57 kv.m olduğu müəyyən edilmişdir. Qoyulan suallar üzrə ekspert tərəfindən ətraflı tədqiqat aparılmış, 114 kvm qeyri-yaşayış sahəsinin ictimai iaşə obyekti kimi, 57 kvm qeyri-yaşayış sahəsinin isə avtoyuma məntəqəsi kimi fəaliyyət göstərdiyi, işlək vəziyyətdə olduqları müəyyən edilmişdir. Ekspert həmçinin müqayisə metodu ilə apardığı tədqiqat nəticəsində 1 kvm qeyri-yaşayış sahəsinin orta bazar qiymətinin 1243 manat olduğunu müəyyən etmişdir. 69.Ekspert həmin məbləği əsas götürərək Nizami rayonu, Ş.Mirzəyev küçəsindəki, 42 saylı binanın yaxınlığında yerləşən 114 kv.m qeyri-yaşayış sahəsinin bazar dəyərinin 141 700,0 manat, ünvan 1 ünvanında yerləşən 57 kv.m qeyri-yaşayış sahəsinin bazar dəyərinin 70 800 manat; 114 kv.m qeyri-yaşayış sahəsinin inşası üçün görülmüş tikintitəmir işlərinin dəyərinin 14 448,0 manat, 57 kv.m qeyri-yaşayış sahəsinin inşası üçün görülmüş tikinti-təmir işlərinin dəyərinin 4430,0 manat olduğunu müəyyən etmişdir. 70.Göründüyü kimi, ekspert rəyi kifayət qədər əsaslandırılmışdır, rəyin məlumatlarını şübhə altına almaq üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası bunu nəzərə alaraq ekspert rəyinin mötəbərliyini qəbul edir. 71.Məhkəmə kollegiyasının qənaətinə görə Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən ictimai iaşə obyektinin "Karayev City” MTK tərəfindən sökülməsi və dəymiş ziyanın ödənilməsi ilə bağlı İddiaçı MTK-dan ümumilikdə (141700+70800+14448+4430) 231378 manat pul vəsaiti tutularaq cavabdehin prosessual hüquq varislərinə ödənilməlidir. 72.Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və hər iki iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Qarşılıqlı iddiaçı əmlakına 20 000 manat məbləğində ziyan vurulmasını sübut edə bilmədiyindən qarşılıqlı iddia həmin hissədə rədd edilməlidir. 73.Həm ilkin, həm də qarşılıqlı iddia tələbi ilə bağlı nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. 74.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 75.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.2, 385.1.4, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin iş üzrə 27 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı MTK-nın Cavabdeh qarşı qanunsuz olaraq zəbt edilmiş ərazilərin boşaldılması və həmin ərazidə inşa edilmiş tikililərin sökülməsi barədə ilkin iddiası və Cavabdeh İddiaçı MTK-ya qarşı kompensasiya ödənilməsi tələbinə dair qarşılıqlı iddiası qismən təmin olunsun. İddiaçı MTK tərəfindən mərhum Cavabdeh prosessual hüquq varisləri X3 və oğlu Nümayəndə cəmi 231378 (iki yüz otuz bir min üç yüz yetmiş səkkiz) manat kompensasiya ödənilməklə Bakı şəhəri, Nizami rayonu 2400-cü məhəllə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində yaşayış binalarının tikintisi üçün ayrılmış torpaq sahəsində yerləşən və cavabdehə məxsus olan 114 kvm və 57 kvm qeyri-yaşayış sahələri sökülsün. İlk və qarşılıqlı iddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar