Məhkəmə qərarları › İş №2(103)-870/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-870/2025

04.02.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-870/2025 04.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-870/2025 (Açar sözlər: yaşayış sahəsindən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı, X3, X5, X6 və X1 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla “yaşayış sahəsindən çıxarılma tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4694/2024 nömrəli 31 oktyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 04 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Hüsü Hacıyev küçəsi, 3/5 saylı ev xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 9/30 pay hissəsində xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır.

2. 26.01.1996-cı il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən, xx.xx.1993-cü ildə ölmüş X4 vərəsələri: X13 (6/10 pay) və uşaqları – X9 (1/10 pay), X17 (1/10 pay) və İddiaçı (1/10 pay), miras əmlak: Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Hacıyev küçəsi, 3/5 saylı ev olmuşdur.

3. Cavabdeh iddiaçının keçmiş gəlinidir.

4. İddiaçının oğlu ilə cavabdeh 2007-ci il tarixdə faktiki ailə qurmuş, 2009-cü il tarixdə isə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X18 və xx.xx.2011-ci il təvəllüdlü X15 doğulmuşdur.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3419/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X22 ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində akt qeydləri kitabında 740 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflər arasında nikah pozulduqdan sonra xx.xx.2008-ci il təvəllüdlü X18 və xx.xx.2011-ci il təvəllüdlü X7 anaları Cavabdeh yanında saxlanılması, xx.xx.2023-cü il tarixdə başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin cavabdeh X11 tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir.

6. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışa əsasən ünvan 1 ünvanında Cavabdeh, xx.xx.2008-ci il təvəllüdlü X18 və xx.xx.2011-ci il təvəllüdlü X15 və qeyriləri qeydiyyatdadırlar.

7. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-14709/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi “Cavabdeh, xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2011-ci il təvəllüdlü X7 ünvan 2 ünvanından pasport qeydiyyatından çıxarılmaları” hissəsində təmin edilməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 2 ünvanındakı yaşayış sahəsindən istifadə hüququnun olmamasına görə (azyaşlı uşaqları xx.xx.2008-ci il təvəllüdlü X18 və xx.xx.2011-ci il təvəllüdlü X15 ilə birlikdə) onun yaşayış sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi belə əsaslandırılmışdır ki, ünvan 2 ünvandakı yaşayış sahəsi 9/30 hissədə ona məxsusdur və həmin hissədə ailə üzvləri ilə birlikdə qeydiyyatda olmaqla yaşayırlar. xx.xx.2009-cu il tarixdə cavabdeh ilə oğlu X22 nikaha girmişdir və beləliklə, cavabdeh evlərinə gəlin gəlmiş və sonra da, həmin ünvanda qeydiyyata alınmışdır. Sonralar cavabdeh ilə oğlu arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur. Cavabdeh onun ailə üzvü deyildir və o, oğlunun həyat yoldaşı olmasına görə mülkiyyətində olan ünvana qeydiyyata alınmasına razılıq vermişdir. Hazırda cavabdehin onun mülkiyyətində olan sahədə qeydiyyatda olması onun mülkiyyət hüququnu pozur. O, cavabdehin mülkiyyətində olan ünvandan qeydiyyatdan çıxarılması ilə bağlı ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin müvafiq xidmətinə müraciət etmiş və həmin müraciətinə cavab olaraq bu məsələ ilə bağlı məhkəməyə müraciət etməsi məqsədəuyğun hesab olunmuşdur.

10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 31 oktyabr 2024-cü il tarixli 2(001)-4694/2024 nömrəli qətnaməsi ilə (hakim Pərviz Məmmədov) iddia təmin edilməmişdir.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh X22 ilə xx.xx.2009-cu il tarixdə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində rəsmi nikaha daxil olsalar da, faktiki 2007-ci ildən toy etməklə mübahisəli mənzildə birgə yaşmağa başlamışlar. Evin mülkiyyətçisi iddiaçının atası İddiaçıdur (qətnamədə İddiaçı Tahir oğlu qeyd edilmişdir). Cavabdeh mübahisəli mənzildə iki azyaşlı övladı ilə qeydiyyatda olmaqla övladları ilə birlikdə yaşayır və başqa yaşayış yerləri yoxdur. Yuxarıda qeyd edilmiş normalara əsasən cavabdehin iddiaçının paylı mülkiyyətində olan mənzilə istifadə hüququ mövcud olduğundan, onun və övladlarının həmin mənzildən kompensasiya ödənilmədən çıxarılması qanunsuz olduğundan, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş) 123, 53, 60, hazırki Mülki 228.2, 228.5-ci maddələrinə, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, onun mülkiyyətində olan yuxarıda göstərilən ünvandakı yaşayış sahəsində oğlu ilə cavabdeh yaşamışlar, o, heç vaxt onlarla birlikdə yaşamamış və onların ailə təsərrüfatının idarəçiyiliyində iştirak etməmişdir. O, başqa yaşayış sahəsində öz ailə üzvləri ilə yaşamışdır və hazırda da yaşayır. Məhkəmə mülkiyyətində olan yaşayış sahəsindən cavabdehin çıxarılması barədə işə baxan zaman cavabdehi onun ailə üzvü və ya ona bərabər tutulan şəxs kimi qələmə vermişdir. Cavabdeh onun üçün ailə üzvü deyil, tamamilə yad bir adamdır, onun mülkiyyətində olan yaşayış sahəsinə köçüb yaşaması zamanı aralarında heç bir şərt olmamışdır və eyni zamanda onunla oğlunun arasında bağlanmış nikah da cavabdehin təşəbbüsü ilə 2023-cü ildə məhkəmə qaydasında pozulmuşdur. Artıq cavabdehin onun mülkiyyətində olan yaşayış sahəsindən istifadə etməsi onun mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatı

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. O, əlavə olaraq bildirdi ki, mən dəfələrlə cavabdehə oğlumla olan nikahı pozulmamasını xahiş etdim. Lakin o, mənin xahişimi nəzərə almadı. Hazırda mənim cavabdehə kompensasiya ödəməyə maddi imkanım yoxdur. 350 manat pensiya alıram.

17. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. O, əlavə olaraq bildirdi ki, yaşadıqları ev digər payçılarla ümumi həyətdə yerləşsə də, evlərin, o cümlədən onun yaşadığı evin giriş-çıxışı ayrı-ayrıdır.

18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmiş mübahisəli ünvandakı yaşayış evinin digər paylı mülkiyyətçiləri X3, X5, X6 və X1 məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

19. Maddə 13.İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

20. Maddə 29.2. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur.

Azərbaycan Respublikası Mənzil Məcəlləsi (xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş)

21. Maddə 51. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla-mənzil isitsmar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar-adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır.

22. Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

23. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Hədi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

24. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.

25. Maddə 87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

26. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin; ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

28. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

29. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prossesual hüquq normalarına uyğun çıxarılmalıdır.

33. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

34. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

37. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir.

39. Apellyasiya baxışı zamanı mübahisəli ünvandakı yaşayış evinin paylı mülkiyyətçiləri X3, X5, X6 və X1 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişlər.

40. Müəyyən edilmişdir ki, Cavabdeh iddiaçının oğlu X22 ilə xx.xx.2009-cu il tarixdə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində rəsmi nikaha daxil olsalar da, faktiki 2007-ci ildən toy etməklə mübahisəli mənzildə birgə yaşamağa başlamışlar. Evin mülkiyyətçisi cavabdehin qayınatası İddiaçıdur. Cavabdeh mübahisəli mənzildə iki azyaşlı övladı ilə qeydiyyatda olmaqla övladları ilə birlikdə yaşayır.

41. Göründüyü kimi cavabdeh iddiaçının ailə üzvü olmamışdır. O, iddiaçının oğlunun arvadı olmuşdur. Toydan sonra – 2007-ci ildə mübahisəli mənzilə köçmüş, xx.xx.2009-cu ildə isə iddiaçının oğlu ilə rəsmi nikaha daxil olmuşdur.

42. Birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X18 və xx.xx.2011-ci il təvəllüdlü X15 doğulmuşdur.

43. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3419/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X22 ilə Cavabdeh arasında nikah pozulmuş, birgə nikahdan doğulmuş uşaqlar Cavabdeh yanında saxlanılması qət edilmişdir.

44. Həmçinin müəyyən olunur ki, mübahisəli yaşayış evi iddiaçının atasına məxsus olmuş, sonuncunun ölümündən sonra həmin evə iddiaçının 1/10 payı müəyyən olunmuş, 2015-ci ildə isə bu pay 9/30 hissəyə çatmışdır.

45. Həmçinin müəyyən olunur ki, mübahisəli ev ümumi mülkiyyətdə olsa da, faktiki olaraq mülkiyyətçiləri tərəfindən real bölünməklə, iddiaçının evdən istifadəsi təcrid qaydadadır.

46. Bu isə o deməkdir ki, cavabdeh iddiaçının oğlu ilə 2007-ci ildə faktiki ailə qurub mübahisəli evə köçərkən iddiaçı həmin evin paylı mülkiyyətçilərindən biri olmuş, lakin evdən istifadə qaydası ilə bağlı hər hansı yazılı müqavilə bağlanmamışdır.

47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2001-ci il tarixli Qərarına əsasən, xüsusi mülkiyyətdə olan yaşayış sahəsindən istifadə hüququ ilə bağlı xx.xx.2000-ci il tarixədək yaranmış münasibətlər Mənzil Məcəlləsinin 123-cü maddəsi, həmin tarixdən sonra isə Mülki Məcəllənin 228-ci maddəsində müəyyən edilmiş əsaslar üzrə müəyyən edilməlidir.

48. Belə olan halda, hazırki mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsi tətbiq edilməlidir ki, həmin norma da yaşayış binasından istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı ilə bağlı mülkiyyətçi ilə bağlanan və notariat qaydasında təsdiqlənməklə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınan yazılı razılaşmanın olmasını tələb edir. 49.Birinci instansiya məhkəməsi də mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsinin tətbiq edilməli olması ilə bağlı düzgün qənaətə gəlsə də, daha sonra gəldiyi qənaəitin ziddinə olaraq “yaşayış sahəsi üzərində mülkiyyət hüququ” ilə “yaşayış sahəsindən istifadə hüququ” arasındakı fərqin nəzərə alınmalı olması əsası ilə mübahisəyə xx.xx.2009-cu il i tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsini tətbiq etməklə iddianı rədd etmişdir. 50.Məhkəmə hesab etmişdir ki, cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququ olduğundan kompensasiya verilmədən bu hüquqa xitam verilməsi mümkün deyil. 51.Yuxarıdakılara istinadən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi səhv nəticəyə gəlmişdir, çünki cavabdehin mübahisəli mənzildən istifadə hüququ yaranmamışdır. Cavabdehə münasibətdə istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanması tələb olunur ki, hazırki işdə də belə razılaşma yoxdur.

52. Azyaşlı uşaqlara münasibətdə Kollegiya qeyd edir ki, onlar cavabdehin himayəsinə verilməklə onunla birgə yaşayırlar. Yetkinlik yaşına çatmayanların yaşayış yeri isə valideynlərinin yaşayış yeri hesab olunur. Belə olduqda isə xx.xx.2008-ci il təvəllüdlü X18 və xx.xx.2011-ci il təvəllüdlü X15 cavabdehlə birgə mənzildən çıxarılmalıdırlar.

53. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar əsasında yeni qətnamə qəbul edilməklə, iddia təmin edilməlidir.

54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4694/2024 nömrəli iş üzrə 31 oktyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia təmin edilsin. Cavabdeh uşaqları - xx.xx.2008-ci il təvəllüdlü X18 və xx.xx.2011-ci il təvəllüdlü X15 ilə birlikdə ünvan 2 ünvanındakı yaşayış sahəsindən çıxarılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar