Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8707/2021 26.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlunun və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X5 iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi ilə bağlı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(001)-4770/2021 saylı qətnaməsindən ərizəçinin apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsini qeyd etməklə, 1976-1978-ci illərdə Bakı Soyuducular Zavodunun Ağdam filialında, 1980-1987-ci illərdə Ağdam Dəzgahqayırma zavodunda, 1987-1988-ci illərdə Mets Firnutur (KP-3) zavodunda, 1988-1989-cu illərdə PATO Avtobazada, 1989-1995-ci illərdə X3 filialında işləmə faktının, sosial sığorta stajının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 1976 sentyabr-1978 may aylarında Bakı Soyuducular Zavodunun Ağdam filialında fəhlə vəzifəsində, 1980 iyun-1987-ci illərdə Ağdam Dəzgahqayırma zavodunda mühəndis vəzifəsində, 1987-1988-ci illərdə Metis Firnutur (KP-3) mühəndis vəzifəsində, 1988-1989-cu illərdə PATO Avtobazada, 1989- 1995-ci illərdə X3 filialının rəisi vəzifəsində işləməklə əmək fəaliyyətini həyata keçirmişdir. 1992-1993-cü illərdə 1-ci Qarabağ müharibəsi zamanı məlum işğalla əlaqədar ərizəçiyə məxsus olan əmək kitabçası və digər sənədlər məhv olmuşdur. Sənədlərin bərpasına görə Dövlət Notariat Arxivinə müraciət etsə də, imtina cavabı verilmişdir. Hal-hazırda ərizəçiyə İİ qrup əlillik təyin olunmuş, lakin sosial sığorta stajının olmaması pensiya məbləğinin xeyli az hesablanmasına, yalnız baza məbləğinin müəyyən olunmasına gətirib çıxarmışdır. Bu səbəbdən aldığı pensiya dərman xərclərini belə qarşılamır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(001)- 4770/2021 saylı qətnaməsi ilə ərizə təmin edilməmişdir. Ərizəçi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti ərizə uyğun tərtib olunmuş, əlavə olaraq qeyd edilmişdir ki, onun tərəfindən sübutetmə yükü lazımınca icra edilmiş, Dövlət Notariat Arxivinə müraciət etmiş və imtina cavabı almışdır. Apellyasiya baxışı zamanı ərizəçinin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı maraqlı şəxsin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X6 28.04.2021-ci il tarixli, 46 saylı cavab məktubunda qeyd olunmuşdur ki, “ ... məktubda qeyd olunan sizin 1976-1978ci ildə Bakı Soyuducular Zavodunun Ağdam Filialının, 1980-1987-ci il Ağdam Dəzgahqayırma zavodunun, 1987-1988-ci ildə Mets Firnitur (KP-3), 1988-1989-cu ildə PATO Avtobazanın, 1989-1995-ci ildə X3 fılialının və yuxarıda qeyd olunan idarələrin hec birinin arxiv sənədləri X13 Filialına təhvil verilməmişdr.( Filialda mühafizə olunmur)”. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ərizəçi tərəfindən məhkəməyə dəvət edilmiş və onunla müəyyən dövrlərdə eyni (işğal olunmuş ərazidə) idarələrdə işləmiş şahidlərin üçünün də əmək kitabçalarının özlərində olması, hətta 1995-ci ilədək ərizəçi ilə eyni idarədə işləyən şahidin əmək kitabçasını Bakı şəhərində baş idarədən alması iş stajı, əmək fəaliyyəti barəsində sənədlərin üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilməməsini təkzib edir. Ərizəçi bu xüsusatı təsdiq etmək üçün Azərbaycan Respublikası Dövlət X6 cavab məktubunu təqdim etməklə kifayətlənmiş və üzərinə düşən sübutetmə yükünü icra etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla ərizə qismən təmin edilməlidir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, 1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir; 1.3. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir; 13. Məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır; 13.1. Nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir; 13.4. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Kollegiya qeyd edir ki, ərizəçi 1976 sentyabr-1978 may aylarında Bakı Soyuducular Zavodunun Ağdam filialında fəhlə vəzifəsində, 1980-1987-ci illərdə Ağdam Dəzgahqayırma zavodunda mühəndis vəzifəsində, 1987-1988-ci illərdə Metis Firnutur (KP-3) mühəndis vəzifəsində, 1988-1989-cu illərdə PATO Avtobazada, 1989-1995-ci illərdə X3 filialının rəisi vəzifəsində işləmə faktının müəyyən edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində ərizəçi yalnız Dəzgah Tərtibatı zavodunda, Mets Firnutur zavodunda, X3 filialında işləyən şəxsləri şahid qismində dəvət etməklə, özünün orda işləməsi faktının müəyyən edilməsinə nail olmaq istəmişdir. Ərizəçi özünün Dəzgah Tərtibatı zavodunda 1980-1987-ci illərdə işlədiyini qeyd etsədə, şahid şahid qismində dindirilmiş X2 ərizəçinin həmin zavodda 1978-ci ildən işlədiyi bildirmişdir. Ərizəçi özünün Mets Firnutur zavodunda 1987-1988-ci illərdə işlədiyini qeyd etsə də, şahid qismində dindirilmiş X12 ərizəçinin həmin zavodda 1987-ci ildən 1989-cu ilin axırına qədər işlədiyini bildirmişdir. Ərizəçi özünün Ağdam rayonunda sürücülük məktəbində 1989-1995-ci illərdə işlədiyini qeyd etmiş, şahid qismində dindirilmiş X1 Yaşar Vəliş oğlunun onun müdürü olduğunu, 1990-1995-ci illərdə Ərizəçi ilə işlədiyini, 1995-ci ildə işdən çıxdığını və əmək kitabçasını Bakı şəhərində yerləşən X9 aldığını bildirmişdir. Ərizəçi digər Bakı Soyuducular Zavodunun Ağdam filialında və PATO Avtobazada işləməsi faktının müəyyən edilməsi üçün məhkəməyə şahid dəvət edə bilməmişdir. Birinci instansiya məhkəməsi ərizəni rədd edərkən ərizəçinin axırıncı iş yerinə münasibətdə onu məhkəmədə şahid qismində dindirilən X8 ilə müqayisə edərək sonuncunun əmək kitabçasını işlədiyi idarənin Bakı şəhərində yerləşən baş idarədən almasını, ərizəçinin Bakı şəhərində yerləşən X11 müraciət etməsini təsdiq edən hər hansı sübutun mövcud olmamasını, bununla da üzərinə düşən sübutetmə yükünü icra etmədiyini qeyd etmişdir. Lakin birinci instansiya məhkəməsi ərizəni həmin hissədə rədd edərkən iş materiallarında olan ərizəçinin X3 filialında işləməsini təsdiq edən xidməti vəsiqəsinin surətinə nəzər yetirməmişdir. Buna görə də ərizəçi sübutetmə yükünü icra etmək üçün sonuncu iş yeri ilə əlaqədar 14.07.2021-ci il tarixdə "xxxx" MMC-yə müraciət etmiş, həmin MMC-nin 23.07.2021-ci il tarixli məktubunda "xxxx" MMC-nin arxiv sənədləri arasında keçmiş Ağdam filialının direktoru vəzifəsində işləmiş Ərizəçi əmək kitabçasının aşkar edilməməsi qeyd edilmişdir. (Apellyasiya şikayətinə əlavə olunub) Yuxarıda qeyd edilən məktubda ərizəçinin əmək kitabçasının aşkar edilməməsi qeyd edilsə də, həmin məktubla onun keçmiş Ağdam filialının direktoru vəzifəsində işləməsi öz təsdiqini tapır. Kollegiya hesab edir ki, belə olan halda ərizəçinin yalnız 1989-1995-ci illərdə X3 filialında işləməsi faktının müəyyən edilməsi mümkündür. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ərizə qismən təmin edilməli, Ərizəçi 1989-1995-ci illərdə X3 filialının rəisi vəzifəsində işləmə faktı müəyyən edilməli, ərizə qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(001)- 4770/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Ərizə qismən təmin edilsin. Ərizəçi 1989-1995-ci illərdə X3 filialının rəisi vəzifəsində işləməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8707/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8707/2021
26.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver