Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-871/2025 10.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı iş üzrə Açar sözlər: əmrin etibarsız hesab edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması və müavinətin ödənilməsi X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5, İddiaçı, onun vəkili X3, Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması və müavinətin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(006)-4711/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) xx.xx.1977-ci il tarixdən cavabdeh "xxxx" QSC-də (bundan sonra “cavabdeh”) müxtəlif vəzifələrdə çalışmış və xx.xx.2023-cü il tarixdə cavabdehə ərizə ilə müraciət edərək, işdən azad edilməsini xahiş etmişdir. Həmin ərizə əsas götürülməklə xx.xx.2023-cü il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Bundan sonra iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən ona son haqq-hesabın düzgün ödənilməməsi əsası ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsinə müraciət etmişdir. Həmin müraciətə cavab olaraq, xx.xx.2024-cü il tarixli məktubla xx.xx.2023-cü il tarixdə 2.675,60 manat məbləğində son haqq-hesabın ödənildiyi qeyd edilmiş, habelə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" 2015-ci il 20 dekabr tarixli, 1410-İVQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2024-cü il tarixədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılmasının mümkün olmadığı, müraciətdə qeyd edilən məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olduğu iddiaçıya bildirilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə mediasiya təşkilatına müraciət etmiş, xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixlərdə mediasiya sessiyasının iclası təyin edilmiş və xx.xx.2024-cü il tarixdə iddiaçıya “mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış verilmiş, iddiaçı da hazırki tələblə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli, 13-1-24/3-10- 33001/2023 saylı əmrinin etibarsız hesab edilməsi, onun işə bərpa edilməsi və məcburi iş buraxmaya görə ödənilməyən əmək haqqının ödənilməsi və ya onun əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar Azərbaycan Dəmir Yolçuların X7 arasında 2023-2025-ci il tarixli X15 4.6.2-ci yarımbəndinə əsasən müəssisə daxili qaydalara əsasən əmək haqqının 5 misli miqdarında və həmin Sazişin 4.8-ci yarımbəndinə əsasən tarif maaşının 1 misli miqdarında müavinətin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 1977-ci ilin avqust ayında Azərbaycan Respublikası Dəmir Yolları İdarəsində (sonradan Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Qapalı Səhmdar Cəmiyyətinə çevrilmişdir) işə qəbul olunmuş və fasiləsiz olaraq 2023-cü ilin dekabr ayına kimi müxtəlif - fəhlə, briqadir, mühəndis, yol nizamlayıcısı (dispetçer) vəzifələrində çalışmış, işlədiyi müddətdə hər hansı bir nöqsanı olmamış, əksinə yaxşı işlədiyi üçün daim mükafatlandırılmışdır. Hazırda onun əmək qabiliyyətinin yüksək olmasına baxmayaraq, onunla əmək müqaviləsinə xitam verilmiş və bildirilmişdir ki, onun yaşı 66-dan çoxdur. İşlədiyi müəssisədə bir çox işçilərin yaşı 70-dən çox olmasına baxmayaraq, onlarla əmək müqaviləsinə xitam verilmədiyi halda, onunla əmək müqaviləsinə xitam verilməsi əsassızdır. Nəzərə alınmalıdır ki, o, pensiyaya çıxmış, lakin aldığı pensiya onun təlabatını ödəmir, o, işlədiyi məssisədə aldığı əmək haqqı ilə dolanmışdır. Səhmdar Cəmiyyətin daxili qaydalarına əsasən yaşa görə işdən azad olunan işçilərə aylıq əmək haqqının beş misli miqdarında və həmin müəssisədə fəaliyyət göstərən Həmkarlar İttifaqı tərəfindən işçiyə əmək haqqının iki misli miqdarında kompensasiya ödənildiyi halda, onun işdən azad olunması münasibəti ilə nə müəssisə, nə də Həmkar Komitəsi ona hər hansı bir formada kompensasiya ödəməmişdir. Sonradan məlum olmuşdur ki, cəmiyyət onu normal olaraq bir il işdə saxlamış və sonradan yaşının çox olması adı ilə, ona kompensasiya (müavinət) verilməsindən imtina etmişdir. Ona görə hesab edir ki, əvvəla onun fiziki və zehni fəaliyyətinin yüksək olmasına baxmayaraq, müəssisə daxili qaydalara əməl edilmədən və ona kompensasiya verilmədən işdən azad edilməyi əsassızdır. Bununla bağlı onun çoxsaylı müraciətlərinə və işə bərpa edilməsi barədə şikayətinə baxan olmamışdır. Onun əmək funksiyasını yerinə yetirməməsi və tutduğu vəzifəyə uyğun olmaması ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndi ilə (“b”) əmək müqaviləsinin müddətinin qurtarması adı ilə işdən azad olunması əsassızdır. Cəmiyyətin rəhbərliyi onun işdən azad edilməsini, onun nə zaman və hansı hərəkətinin cəmiyyətin fəaliyyətinə ziyan vurduğu əsaslandırmalı idi. İşdən azad olunması barədə əmrin surətini tələb etməsinə baxmayaraq, əmrin surəti ona təqdim edilməmişdir. Onun işdən azad edilməsinin əsaslandırılması ona aydın olmamışdır. Bu səbəbdən onun işdən azad edilməsi barədə əmr Əmək Məcəlləsinin tələbinin kobud şəkildə pozulması hesab olunmalıdır. İkincisi, işdən azad edilməsi barədə məsələ müzakirə edilərkən o da dəvət edilməli idi, lakin bu da baş verməmiş, o cümlədən işdən azad olunması ilə əlaqədar izahatı alınmamışdır. Həmçinin, müqavilənin başa çatması ilə əlaqədar işdən azad olunması barədə ona heç bir bildiriş verilməmişdir. İşdən azad olunması barədə müəssisə daxili Həmkarlar İttifaqı Komitəsi fəaliyyət göstərirsə, təqdimat müzakirə olunmamışdan əvvəl ona bu barədə məlumat verilməli idi. Lakin, onun işdən azad edilməsi sırf rəhbərliyin şəxsi təşəbbüsü ilə edilmiş və məsələyə münasibəti soruşulmamışdır. Azərbaycan Dəmiryolçuların X7 arasında 2023-2025-ci il tarixli X15 4.6.2-ci yanmbəndinə əsasən onun yaşa görə işdən azad olunması ilə bağlı əmək haqqının beş misli miqdarında və həmin sazişin 4.8-ci yarımbəndinə əsasən X7 tarif (vəzifə) maaşının 1 misli miqdarında müavinət ödənilməli olduğu halda, bu ödəniş aparılmamışdır. Onun işdən azad olunması üçün əsas olmuş təqdimatların hüququ əsası yoxdur. Belə ki, onun işdən azad olunması barədə təqdimatda göstərilən halların heç biri ona aid deyildir. O, müəssisənin nüfuzunu aşağı sala biləcək hərəkətlər etməmişdir. O, işlədiyi 44 ildən çox müddətdə daimi Cəmiyyətdən mükafatlandırılmış və cəmiyyətin mənafeyinə zidd hər hansı bir qeyri-qanuni hərəkət etməmişdir. Lakin onun işdən azad edilməsi barədə verilmiş və Əmək Kitabçasına yazılmış mətndən müəyyən etmək olur ki, Cəmiyyətin rəhbərliyi onun işdən azad olunmasını hər-hansı bir sübutla əsaslandırmamış və bu barədə onun fikrini aydınlaşdırmamış, sadəcə müqavilənin müddətini bitməsini əsas götürmüşdür. Cəmiyyət onun işdən azad edilməsi ilə əlaqədar əmr verərkən, onun maddi vəziyyətini, işə ehtiyacının olmasını, heç bir nöqsanın olmamasını nəzərə almamışdır. O, işdən azad olunduğu halda onun işlədiyi sahədə yerinə yetirdiyi işi başqa işçiyə həvalə etməmişlər.
4. Bundan sonra cavabdeh "xxxx" QSC iddiaya qarşı yazılı etiraz və iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçının xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023cü il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verilmişdir. İddiaçı xx.xx.1955-ci il təvvəlüdlü olduğundan, pensiya yaşına xx.xx.2020-ci ildə çatmış, əmək müqaviləsinin öz təşəbbüsü ilə ləğv edilməsi barədə ərizəsini isə xx.xx.2023-cü il tarixdə yazmışdır. Bu səbəbdən Kollektiv sazişinin 4.6-cı maddəsi ona şamil edilməmişdir. Kollektiv Sazişin 4.6-cı maddəsi ona şamil edilmədiyindən 4.8-ci maddə də şamil oluna bilməz. Həmçinin, iddiaçı xx.xx.2023-cü il tarixdə işdən azad olunsa da, məhkəməyə yalnız xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, iddiaçı qanunvericiliklə tələb olunan iddia müddətini ötürmüş, hüquqlarının pozulduğunu bildiyi halda 1 ay ərzində qanunsuz hesab etdiyi əmrin ləğvi barədə məhkəməyə müraciət etməmişdir. Bununla da iddia müddətini ötürmüşdür. İddiaçının əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Həmin gündən işçi işə gəlməmiş, yəni əmək müqaviləsinə xitam verildiyi ona məlum olmuşdur. Eyni zamanda, iddiaçı hüquqlarının pozulması barədə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinə müraciət etmişdir. Cəmiyyətə mediasiya təklifi yalnız xx.xx.2024-cü ildə göndərmiş, xx.xx.2024-cü il tarixdə isə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışı əldə etmiş, məhkəməyə isə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. İddia, əsassız olduğundan və iddia müddəti ötürüldüyündən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-4711/2024 nömrəli qətnaməsi ilə iddia rədd edlmiş, ödənilmiş 50 manat mediasiya xərci və 10 manat poçt-kargüzarlıq xərci iddiaçıya aid edilmişdir (hakim X8).
6. Məhkəmə iddia tələbinin əmrin etibarsız hesab edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə imzaladığı ərizəsini cavabdehə təqdim edərək öz xahişi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İşəgötürən həmin ərizəni nəzərə alaraq, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Yəni, iddiaçı ilə əmək müqaviləsinə iddia ərizəsində göstərildiyi kimi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə, yəni, əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilməmişdir. Göründüyü kimi, işəgötürən tərəfindən iddiaçıya münasibətdə Azərbaycan Respublikası əmək qanunvericiliyinin (69-cu maddəsinin) tələbləri pozulmamışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı barəsində verilmiş əmrin etibarsızlığını xahiş etsə də, ərizəsinin məzmununda sadaladığı hallar əslində əmrin ləğvi ilə bağlı hallardır ki, buna dair tələb olmasa da, araşdırma zamanı əmrin ləğv edilmə əsasları da müəyyən edilməmişdir. Həmçinin, məhkəmə hesab etmişdir ki, əmrin etibarsız sayılması üçün qanunvericilikdə müəyyən edilmiş əsaslar da hazırki işdə müəyyən edilməmişdir. Belə ki, əmrin etibarsız sayılmasının əsasları Əmək Məcəlləsinin 84-cü maddəsində sadalanmışdır. Lakin iş materiallarından görünür ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, müəssisənin adı, hüquqi ünvanı, əmrin sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı, soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilmişdir. Məhkəmə hesab etmişdir ki, işəgötürən tərəfindən Əmək qanunvericiliyinə riayət etməklə, iddiaçının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsaslı olmuş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.
7. Məhkəmə iddia tələbinin işdənçıxmaya görə kompensasiyanın verilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, təqdim edilmiş sənədlərdən göründüyü kimi, İddiaçı xx.xx.1955-ci il təvvəlüdlüdür, pensiya yaşına xx.xx.2020-ci il tarixdə çatmışdır. Öz xahişi ilə əmək müqaviləsinin ləğv edilməsi barədə ərizə işəgötürənə xx.xx.2023-cü il tarixdə təqdim olunmuşdur. Belə olduğu təqdirdə, həmin sazişin 4.6-cı bəndi, eləcə də 4.8-ci bəndi iddiaçıya şamil oluna bilməz. Belə ki, iddiaçının əmək müqaviləsinə xitam verilərkən yaş həddi Sazişin qeyd olunan yarımbəndlərinin tələblərinə uyğun gəlməmişdir. Həmçinin iş materiallarından görünür ki, iddiaçıya xx.xx.2023-cü ildə 2.675,60 manat son haqqhesab ödənilmişdir. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçı cavabdeh tərəfindən 2023- 2025-ci illər üçün X12 4.6.2-ci və 4.8-ci yarımbəndlərinin tələblərinə əməl edilməməsini göstərməsi də onun işdən azad edilməsi ilə razılaşmasının göstəricisi hesab edilə bilər. Belə ki, sözügedən Sazişin qeyd edilən bəndlərində bağlanmış “əmək müqaviləsinin ləğv edilməsinə dair əlavə razılaşma”ya əsasən əmək müqaviləsini öz təşəbbüsü ilə ləğv edən işçilərə hansı məbləğdə birdəfəlik müavinət verilməsini tənzimləyir.
8. Məhkəmə, həmçinin, iddianın mübahisələndirilən əmrin etibarsız hesab edilməsi hissəsinin təmin edilməməsi nəticəsinə gəldiyi üçün, digər tələblər, yəni, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsinin törəmə tələblər olduğu üçün prosessual qənaət prinsipi baxımından həmin hissələri də əsassız saydığından onlara ayrıca hüquqi qiymət verilməsinə zərurət görməmişdir.
9. Məhkəmə iddia müddətinin tətbiqi barədə ərizəyə də münasibət bildirərək qeyd etmişdir ki, hazırkı mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edilməli olduğundan məhkəmə tərəfindən iddia müddətinin tətbiqindən imtina edilməlidir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci, 68-69-cu, 76-cı, 83-84-cü, 296-cı, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 80-ci, 106.1-ci, 217.4cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apelyasiya şikayətinin dəlilləri
11. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
12. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh onu aldatmış və işdən çıxma ərizəsi yazdırmış və o zaman daxili qaydalara uyğun kompensasiya veriləcəyini bildirməsinə baxmayaraq, ona hər hansı bir məbləğdə kompensasiya verilməmişdir. Cavabdehin daxili qaydalarına əsasən yaşa görə işdən azad olunan işçilərə aylıq əmək haqqının beş misli miqdarında və həmin müəssisədə fəaliyyət göstərən Həmkarlar İttifaqı tərəfindən işçiyə əmək haqqının iki misli miqdarında kompensasiya ödənilməlidir. Lakin onun işdən azad olunmağı münasibəti ilə nə müəssisə, nə də Həmkarlar Komitəsi ona hər hansı bir formada kompensasiya ödəməmişdir. Sonradan məlum olmuşdur ki, cəmiyyət ona kompensasiya ödəməkdən boyun qaçırmaq məqsədi ilə onu formal olaraq bir il işdə saxlamış və daha sonra isə müddətin keçməsi adı ilə ona kompensasiya (müavinət ) verəcəyi adı ilə onu aldadaraq işdən azad etmişdir. Onun işdən azad edilməyi ilə əlaqədar əmrin sürətini tələb etməyinə baxmayaraq, əmrin sürəti ona uzun müddət təqdim edilməmişdir. Qanunla nəzərdə tutulan müddətdə məhkəməyə müraciət etməməyinin əsas səbəbi əmrin surətinin uzun müddət ona verilməməsi olmuşdur.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında İddiaçı və onun vəkili X9 ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə etmiş və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdirlər.
15. Məhkəmə iclasında cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X10 apellyasiya şikayətini qəbul etməmiş və etirazın, habelə iddia müddətinin tətbiqi barədə ərizənin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 68-ci maddəsininin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri tərəflərdən birinin təşəbbüsüdür; 296-cı maddəsinin 2-cü bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər; 296-cı maddənin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür; 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir; 296-cı maddəsinin 6-cı bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır; 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində “fərdi əmək mübahisəsinə baxan orqan” dedikdə, əmək mübahisələrinə həm məhkəməyə qədər baxan orqanı, həm də məhkəmələri nəzərdə tutmuşdur. Eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərara istinadən onu da qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Həmçinin fərdi əmək mübahisəsinə məhkəməyə qədər baxan orqana müraciət edildikdə bu cür ərizənin verilməsi işçinin şəxsi təşəbbüsü olmalıdır. Mübahisəyə baxan orqan iddia müddətinin ötürüldüyünü müəyyən etdikdə, müvafiq sübutların təqdim olunmasını işçiyə təklif edə bilər.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
21. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
22. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı, o cümlədən iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə birlikdə аrаşdırıb, hеsаb еdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının tutulmasının rədd edilməsi” hissəsində ləğv edilməli, iddia həmin hissədə iddia müddəti tətbiq edilməklə rədd edilməlidir.
24. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən vurğulayır ki, iddiaçı xx.xx.1977-ci il tarixdən cavabdeh təşkilatda müxtəlif vəzifələrdə çalışmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə ərizə ilə müraciət edərək, işdən azad edilməsini xahiş etmiş, cavabdeh də iddiaçının həmin ərizəsini əsas götürərək xx.xx.2023-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam vermişdir. Bundan sonra iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən ona son haqq-hesabın düzgün ödənilməməsi əsası ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsinə müraciət etmişdir. Həmin müraciətə cavab olaraq, xx.xx.2024-cü il tarixli məktubla iddiaçıya xx.xx.2023-cü il tarixdə 2.675,60 manat məbləğində son haqq-hesabın ödənildiyi, habelə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" 2015-ci il 20 dekabr tarixli Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2024-cü il tarixədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılmasının mümkün olmadığı, müraciətdə qeyd edilən məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir.
25. Bundan sonra iddiaçı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məsələ ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl xx.xx.2024-cü il tarixdə mediasiya təşkilatına müraciət etmiş və Bakı 8 saylı Mediasiya təşkilatının “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2024-cü il tarixli arayışı həmin tarixdə əldə etdikdən sonra xx.xx.2024-cü il tarixdə hazırki iddia ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. İddiasında da onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin tələbləri pozulmaqla xitam verildiyini, X15 tələblərinə zidd olaraq ona müavinətin ödənilmədiyini iddia edir və barəsində qəbul edilmiş əmri etibarsız hesab edilməklə, işə bərpa olunmasını, məcburi işburaxma müddəti üçün əmək haqqının və müavinətin ödənilməsini tələb edir.
26. Cavabdeh iddianı qəbul etmir, iddiaçının öz ərizəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyini qeyd edir, eyni zamanda, iddiaçının hazırki iddianı əmək qanunvericiliyi (ƏM-nin 296-cı maddəsi) ilə müəyyən edilmiş 1 aylıq iddia müddəti ötürməklə verdiyini bildirir və iddianın iddia müddəti tətbiq edilməklə rədd edilməsini xahiş edir. Həmçinin, iddiaçının xx.xx.1955-ci il təvvəlüdlü olduğunu, pensiya yaşına xx.xx.2020ci il tarixdə çatdığını, lakin onunla bağlanmış əmək müqaviləsinə onun özünün təşəbbüsü ilə xx.xx.2023-cü il tarixdə xitam verildiyini, bu səbəbdən Kollektiv sazişinin 4.6-cı maddəsinin ona şamil edilmədiyini, bununla bağlı sazişin 4.8-ci maddəsinin də şamil edilməsinin qeyri-mümkün olduğunu vurğulayır.
27. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda göstərilən və bu sahəni tənzimləyən digər müddəalarına istinadən ilk növbədə qeyd edir ki, iddia müddətinin tətbiqi anlayışı mülki və əmək mübahisələrində fərqli formada tənzimlənir. Belə ki, mülki qanunvericiliyə əsasən iddia müddətinin tətbiqinin mümkünlüyü iddia əsaslı olduğu halda yaranır, iddia əsassız olduqda isə bu məsələyə hər hansı hüquqi zərurət qalmır. Əmək qanunvericiliyində isə bu proses fərqli qaydada tənzimlənir. Belə ki, əmək qanunvericiliyinə əsasən cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildikdə ilk növbədə iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinə hüquqi qiymət verilməli və yalnız iddia müddətinin ötürülməsi öz təsdiqini tapmadığı halda iddiaya mahiyyəti üzrə baxılmalı və hüquqi qiymət verilməlidir. Bu hal Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndində aydın formada təsbit edilmişdir. Həmin maddədə qeyd edilən “fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər” ifadəsi iddia müddətinin ötürüldüyü və iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildiyi halda mübahisəyə mahiyyəti üzrə baxılmasının qeyri-mümkün olduğunu özündə ehtiva edir. Hüquqi nəticə etibarı ilə iddia müddəti tətbiq edilməli olan mübahisəyə mahiyyəti üzrə baxılmalı deyil.
28. Lakin birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqi məsələsinə mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada yanaşmış və iddia tələbini qeyd edilən hissəsində maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir.
29. Bu baxımdan, məhkəmə kollegiyası cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini və əmək qanunvericiliyinin bu sahəni tənzimləyən müddəalarını nəzərə alaraq, qeyd edilən iddia tələblərinə ilk növbədə iddia müddətinin tətbiq edilməli olub-olmaması aspektindən qiymət verilməsini zəruri hesab edir.
30. Bu konteksdə məhkəmə kollegiyası qeyd edir ki, iddia müddəti institutu hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
31. Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə xx.xx.2009-cu il tarixli qərarı).
32. Atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx.xx.2000-ci il tarixli qərar).
33. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, iddia müddətinin başlanğıcının müəyyən edilməsi üçün başlıca normanı Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsi təşkil edir. Həmin normaya əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün məhkəməyə müraciət etmə müddəti işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən hesablanır. Bu tələb həmçinin Mülki Məcəllənin 377.1-ci maddəsində də nəzərdə tutulmuşdur.
34. Əmək Məcəlləsinin yuxarıda istinad olunan müddəalarına əsasən şəxsin hüququnun pozulduğunu bildiyi gün olaraq isə qanunverici şəxsə əmək kitabçasının, əmək müqaviləsinə xitam verilməsi barədə ərizənin və ya son haqq-hesab sənədlərinin verildiyi tarixi hesab edir. Əmək Məcəlləsinin həmin müddəası işçinin hüququnun pozulduğunu bildiyi tarixin müəyyən edilməsinin mümkün olmadığı hallara aiddir. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, əmək münasibətlərində işçi daha zəif tərəf olmaqla, məhkəmədə müdafiəsini təşkil etmək məqsədi ilə ona zəruri sənədlər təqdim olunmalıdır. Lakin, onun bu hüququndan sui-istifadəsinə də yol verilməməlidir. Əks halda, iddia müddəti institutunun mahiyyətinə və məqsədlərinə xələl gətirilmiş olardı.
35. Digər tərəfdən məhkəmə kollegiyası o halı da qeyd edir ki, Əmək Məcəlləsinin 296.3-cü maddəsinin əmək mübahisələri üzrə bütün hallara şamil edildiyi düşünülsə belə, qanunverici şəxsin hüququnun pozulduğunu bildiyi gün olaraq yuxarıda istinad edilən 3 sənədin verilməsinin əsas götürüldüyünü qeyd edərkən məsələyə hərfi mənada və zahiri konseptdən yanaşmamışdır. Başqa sözlə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.3-cü maddəsinin ağlabatan mühakiməsi ondan ibarətdir ki, şəxs bu 3 sənədin verilməsi ilə işdən azad edildiyindən azad edilmə səbəbi barədə məlumatlı olur. Bu sənədlərin fiziki olaraq işçidə olmaması onun işdən azad edilməsi əsası barədə məlumatsız olması mənasını daşıya bilməz.
36. Nəzərə alınmalıdır ki, iddiaçı apellyasiya şikayətində işdən azad edilməsi barədə əmrin ona gec verildiyi mövqeyindən çıxış edərək məhz bu səbəbdən məhkəməyə qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürməklə müraciət etdiyini bildirmişdir. Halbuki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi, yəni xx.xx.2023-cü il tarixdə ona son-haqq hesab olaraq 2.675,60 manat məbləğində pul ödənilmiş, həmçinin əmək kitabçası təhvil verilmişdir (əmək kitabçasının iddia ərizəsinə əlavə edilmiş surətində onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verildiyi qeyd edilmişdir). Bu hallar iddiaçının xx.xx.2024-cu il tarixdə son haqq-hesabın düzgün ödənilməməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinə etdiyi şikayətə cavab olaraq həmin qurum tərəfindən ona ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun məzmunu ilə də öz təsdiqini tapır. Həmin məktubda iddiaçıya həm son haqq-hesab olaraq ödənilmiş məbləğ (bank çıxarışı iddiaçının özü tərəfindən təqdim edilmişdir. Bu da ona həm əmək kitabçasının, həm də haqq-hesab sənədlərinin təqdim edildiyini təsdiq edir), həm də onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsası barədə məlumat verilmişdir.
37. Müddət etibarı ilə iddiaçı artıq həmin quruma müraciət etdiyi, ən pis halda da bu qurumun cavab məktubunu əldə etdiyi tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsasını bilmişdir. Maraqlısı ondan ibarətdir ki, iddiaçı həmin müraciətdə əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli ərizəni nəinki aldadılma və ya məcbur etmə nəticəsində yazdığını bildirməmiş (iddiaçı apellyasiya şikayətində biribirinə zidd olan bu halların hər ikisini qeyd edir), ümumiyyətlə bu məsələyə toxunmamışdır.
38. Mediasiya təşkilatına isə ümumiyyətlə bu müraciətindən 6 ay (məktubu aldıqdan isə 3 ay) sonra müraciət etmişdir. Halbuki, 2024-ci ilin əvvəllərindən iddiaçı hər iş günü artıq səhərlər həmin iş yerinə getmədiyini, iş yerindən əmək haqqı almadığını görmüş, bu faktın mövcudluğunu bilmiş və dərk etmişdir.
39. Bununla belə, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyi gündən bunun əsası barədə tam məlumatlı olmuşdur. Bu səbəbdən həmin əmrin məhkəmə qaydasında mübahisələndiriməsi ilə bağlı müddət axımının başlanması həmin hadisənin ertəsi günündən hesablanmalıdır. Bununla da bu qəbildən olan iddialar üçün nəzərdə tutulmuş 1 aylıq iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin cavab məktubunun tarixi əsas götürüldüyü halda belə 1 aylıq iddia müddəti ötürülmüş olur. İddiaçı tərəfindən müddətin ötürülməsinin üzürlü hesab edilməsinə və ötürülmüş müddətin bərpasına dair hər hansı məzmunda ərizə də verilməmişdir. Cavabdeh isə əksinə məhkəməyə iddia müddətinin tədbiq edilməsi barədə ərizə təqdim edərək, iddianın bu əsasla rədd edilməsini tələb etmişdir.
40. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın sübut olunmamağına istinadən iddia müddətini tətbiq etməməklə əmək qanunvericiliyinin bu məsələni tənzimləyən müddəaların tələblərini pozmuşdur. Hazırki iddia üzrə “əmrin etibarsız hesab edilməsi” tələbi məhz iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Nəzərə alınmalıdır ki, iddiaçı əmrin etibarsızlığını tələb etsə də, bu istiqamətdə irəli sürdüyü dəlillər əmrin etibarsızlığı ilə deyil, ləğvi ilə bağlıdır. Lakin bu hal həmin tələbin iddia müddəti tətbiq edilməklə rədd edilməsini yenə də istisna etmir.
41. İddia üzrə irəli sürülmüş “işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması” tələblərinin “əmrin etibarsız hesab edilməsi” tələbinə münasibətdə törəmə tələblər olması və onların təmin edilib-edilməməsinin bilavasitə bu (əsas) tələbin təmin edilib-edilməməsindən asılı olması onların da rədd edilməsini şərtləndirir.
42. Məhkəmə kollegiyası iddianın “müavinətin ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, bu tələbə müddət etibarı (ƏM 296.4-cü maddəsi) ilə iddia müddəti tətbiq edilə bilməz. Birinci instansiya məhkəməsi bu tələb üzrə öz mövqeyində haqlı olmuşdur. "xxxx" QSC ilə Azərbaycan Dəmiryolçularının X7 arasında bağlanmış 2023-2025-ci illər üçün X12 4.6-cı maddəsinə əsasən həmin sazişin 4.6.2-ci və 4.8-ci maddələri pensiya hüququ verən yaş həddinə çatan tarixdən 30 iş günü müddətində əmək müqaviləsini öz təşəbbüsü ilə ləğv edən işçilərə şamil edilir. İddiaçı isə pensiya yaşına xx.xx.2020-ci il tarixdə çatsa da əmək müqaviləsinə xitam verilməsi barədə ərizəni bu tarixdən 3 ildən artıq müddət keçdikdən sonra yazmışdır. Bu səbəbdən həmin sazişin 4.6.2-ci və 4.8-ci maddələri ona şamil edilə bilməz, iddiaçı bu maddələrin təsiri altına düşən şəxslər sırasından artıq çıxmışdır. Bu da öz növbəsində iddia üzrə bu tələbin və bununla bağlı apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu təsdiq edir.
43. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sərgilədiyi hüquqi mövqeyin yekunu olaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının tutulmasının rədd edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmalı, iddia həmin hissədə rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-4711/2024 nömrəli qətnaməsi “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının tutulmasının rədd edilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İddia həmin hissədə rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.