Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8713/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Qanuni nümayəndə iştirakı ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(004)-344/2021 saylı qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 258000 manat məbləğindöə pulun tutularaq İddiaçı ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında 14 avqust 2015-ci il tarixdə icarə müqaviləsi bağlanılmış və iddiaçının mülkiyyətində olan ünvan 1-də yerləşən sahəsi 223,9 kv.m olan qeyri-yaşayış sahəsinin 85 kv.m hissəsi Cavabdehnə 5 il müddətinə icarəyə verilmişdir. Tərəflər arasında bağlanılmış 14 avqust 2015-ci il tarixli icarə müqaviləsinin 4-cü bəndinə əsasən, “icarəyə verilən sahənin istifadəsinə görə icarəyə götürən Cavabdeh icarəyə verən İddiaçı aylıq 6000 manat icarə haqqı ödəyir. İddiaçının sözlərinə əsasən Cavabdeh 2020-ci ilin yanvar ayından etibarən icarə haqqlarını ödəməməklə müqavilə şərtlərini pozmuşdur. Hazıra qədər ödənilməyən icarə haqqı ümumilikdə 48000 manat təşkil edir. Beləliklə Cavabdeh İddiaçı qarşısında öz öhdəliyini yerinə yetirmədiyindən, sonuncudan 48000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Bundan başqa, Cavabdeh ona icarəyə verilmiş 85 kv.m qeyriyaşayış sahəsindən əlavə olaraq iddiaçıya məxsus 50 kv.m sahədən də icazəsiz istifadə edərək, ondan faydalanmışdır. İddiaçı bunu sonradan öyrənmiş bir neçə ay bundan əvvəl gedib icarə obyektinə baxdığı zaman arxa tərəfdə yerləşən əlavə sahədən cavabdehin mətbəx kimi istifadə etdiyini aşkar etmişdir. İddiaçının sözlərinə əsasən həmin əlavə sahənin icarə haqqı aylıq 3500 manat təşkil etdiyindən, iddiaçı hesab edir ki, qeyd edilən sahədən icazəsiz və özbaşına istifadəyə görə cavabdehdən 5 il üçün ümumilikdə 210000 manat pul tutulmalıdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(004)-344/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdehndən 12000 (on iki min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məkəmə işlə bağlı düzgün araşdırma aparmamış, sübutlara düzgün qiymət verməmiş və nəticədə maddi və prosessual hüquq normalarını pozaraq qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Qanuni nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndə məhkəməyə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(004)-344/2021 saylı qətnaməsi ləğv edilməli, iş materialları baxılması üçün kommersiya məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan 14.08.2015-ci il tarixli İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış icarə müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən “Qril-bar” kafesinin əmlakı və 223,90 kv.m qeyri-yaşayış sahəsinin 85 kv.m hissəsini Cavabdeh MMC-yə icarəyə vermişdir. İcarə müddəti 14.08.2020-ci il tarixədək müəyyən edilir, 01.12.2015-ci il tarixdən qüvvəyə minir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 (bir) il müddətinə uzadılmış hesab edilmiş. Müqaviləyə əsasən Cavabdeh MMC-nin adından X2 icarəyə verən İddiaçı aylıq 6000 manat icarə haqqı ödəməlidir. Fors major hadisəsindən sığortalanma icarəçinin vəzifəsidir. İcarəçi icarəyə götürdüyü əmlakı ikinci əldən icarəyə verə bilməz. Müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. İş materiallarında olan 02.09.2020-ci il tarixli Cinayət işinin başlanması haqqında qərardan görünür ki, Bakı şəhəri Səbail rayonu A.Abbaszadə küçəsi ev 17 mənzil 30-da qeydiyyatda olan və yaşayan X1 28.08.2020-ci il tarixdə Səbail RPİ-yə yazdığı ərizəsi üzrə toplanmış materialdan müəyyən edilmişdir ki, ünvan 2 ünvanda yerləşən vətəndaş İddiaçı məxsus 85 kvm sahənin icarəyə verilməsi ilə bağlı S.Məmmədova ilə arasında 14.08.2015-ci il tarixdə Bakı şəhəri 46 saylı notariat kontorunda 5 illik müddətə icarə müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə əsasən müddətin bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair təklif irəli sürməzlərsə icarə müddətinin daha 1 il müddətinə uzadılmış hesab edilməsi barədə göstərilməsinə baxmayaraq İddiaçı müqavilə şərtlərinə əməl etməyib karantin rejimi müddətində sahibkarlara dəstək göstərməli olduğu halda heç bir qaydalara riayət etmədən 2020-ci ilin may ayında icarədar S.Məmmədovanın “COFFEESHOP” adlı kafesinə gəlib müştərilərin narazılıq və narahatlığına səbəb olaraq müştəriləri kafedən qovmuş, ictimai asayişi pozaraq qarışıqlıq yaratmış, bununla əlaqədar S.Məmmədovanın müqavilənin 1 il müddətinə uzadılmasıbarədə Nəsimi rayon məhkəməsinə müraciət etməsinə dair iddia ərizəsi üzrə hazırlıq iclasının 01.09.2020-ci il tarixə təyin edilməsindən məlumatının olmasına baxmayaraq məhkəmənin yekun qərarını gözləmədən İddiaçı 18 avqust 2020-ci il tarixdə yenidən bir neçə nəfərlə birlikdə kafeyə gəlib kafenin terrasından müştəriləri qaldırıb çıxarmış, əşyaları özbaşına yığıb yığışdırmış, kafenin iş fəaliyyətini dayandırmış, kafe fəaliyyət göstərərkən elektrik enerjisini və suyu qanunsuz kəsməklə, antisanitariyanın yaranmasına, həmin gün 3000 manat məbləğində qida məhsullarının yararsız hala düşməsinə səbəb olmuş, S.Məmmədovanın işgüzar fəaliyyətinə və 22 nəfər işçisi olan kafenin fəaliyyətinə ziyan vurub qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən hərəkətlər edərək 18.08.2020-ci il tarixdən hazıradək olan müddətdə kafenin fəaliyyətini qanunsuz dayandırmaqla S.Məmmədovaya 20.000 manat məbləğində mühüm ziyan vurub özbaşınalıq etmiş və həmin fakta əsasən CM-nin 322.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. İş materiallarında olan 20.10.2020-ci il tarixli Qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə istintaqı aparılmış ********* №-li cinayət işi üzrə icraata xitam verilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı barəsində CM-nin 221.3 və 134-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilməsi, X1 cinayət prosesində zərərçəkmiş şəxs qismində iştirakına xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin məlumatına əsasən İddiaçı 03.05.2004-cü ildən (VÖEN **********) fiziki şəxs olaraq vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi İnternet Vergi İdarəsinin məlumatına əsasən Cavabdeh MMC (VÖEN **********, qanuni təmsilçi X2) 10.01.2013-cü ildə kommersiya qrumu kimi dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı qərarının 8-ci bəndində qeyd olunur ki, nəzərə alınmalıdır ki, MPM-in 418.4.9 və 418.5-ci maddələri ilə işin məhkəmə aidiyyəti üzrə düzgün baxılmaması kobud prosessual pozuntu kimi apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi əsası kimi nəzərdə tutulduğundan, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən MPM-in 384 və 387-ci maddəsində məhkəmə aidiyyətinin pozulması əsası ilə qətnamənin ləğv edilərək aidiyyəti üzrə göndərilməsi ilə bağlı konkret müddəaların nəzərdə tutulmadığına istinad etməklə, məhkəmə aidiyyəti məsələsinə qiymətin verilməməsi mümkünsüzdür. Bununla bağlı apelyasiya instansiyası məhkəmələrinə izah edilir ki, işin birinci instanisyası məhkəməsi tərəfindən məhkəmə aidiyyəti üzrə səhvən baxıldığının müəyyən edildiyi halda, apelyasiya məhkəməsi MPM-in 387.2.1-ci maddəsinə istinad etməklə qətnaməni ləğv etməli və MPM-in 365-ci maddəsindən çıxış etməklə MPM-in 32.4cü maddəsini rəhbər tutub işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul etməlidir. MPM-in 32.5-ci maddəsinə əsasən həmin qərardadlardan şikayətin verilməsi nəzərdə tutulduğundan, apelyasiya instansiyası məhkəmələri işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qəbul etdikləri qərardadlardan tərəflərin kassasiya instansiyası məhkəməsinə şikayəti vermək hüquqlarının olduğunu da nəzərdən qaçırmamalıdırlar. Həmin Qərarın 11-ci bəndinə əsasən o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Göründüyü kimi, subyektiv tərkibinə görə iddiaçı fərdi sahibkar statusuna malik olan fiziki şəxs olmaqla, cavabdeh də hüquqi şəxsdir. Hazırki mübahisənin predmeti məhz tərəflərin hər ikisinin sahibkarlın fəaliyyətinin həyata keçirilməsindən irəli gəlir. Belə ki, iddiaçı fərdi sahibkar statusuna malik olan fiziki şəxs olmaqla, mülkiyyətində olan qeyri-yaşayış sahəsini sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı cavabdeh olan hüquqi şəxsə icarəyə vermiş, cavabdeh hüquqi şəxs həmin qeyri-yaşayış sahəsindən sahibkarlıqla məşğul olmaqla, kafe kimi istifadə etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi həm mübahisənin subyekt tərkibini, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını nəzərə almadan işə ümumi məhkəmədə baxılmalı olması qənaətinə gəlməklə prosessual pozuntuya yol vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 32.4, 263-264, 365, 384, 387, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(004)- 344/2021 saylı qətnaməsi ləğv olunsun, iş materialları baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-8713/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8713/2021
13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver