Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8719/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X12 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Cavabdeh vəkili X4 iştirakı ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(011)-1865/2021saylı qətnaməsindən İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1 ünvanında yerləşən 30 nömrəli mənzilə istifadə hüquqlarına xitam verilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıların xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 ilə cavabdehin arasında olan nikah Xətai rayon Məhkəməsinin 03 sentyabr 2018-ci il tarixli, 2(011)-6752/2018 nömrəli qətnaməsi ilə pozulmuşdur. İddiaçı2 ilə cavabdeh nikaha girdikləri ana qədər ünvan 1 ünvanında yerləşən 30 nömrəli mənzil 12 mart 1988-ci il tarixli, 078475 nömrəli order ilə iddiaçıların atası X1 məxsus olmuşdur. Orderə əsasən, orada mənzilə hüquqları olan şəxs kimi atası X2, anası X7, İddiaçı2 və İddiaçı1 qeyd edilmişdir. 20 iyul 2017-ci il tarixdə iddiaçıların atası X2, 26 noyabr 2018-ci il tarixdə isə anaları X7 vəfat etmişlər. İddiaçı2 ilə Cavabdeh arasında nikah münasibətlərinə xitam verildikdən sonra Cavabdeh İddiaçı2 qarşı Xətai rayon Məhkəməsinə müraciət edərək, sözügedən mənzilə övladları ilə birlikdə istifadə hüququnun tanınması və oraya köçürülməsi barədə qətnamənin qəbul olunmasını xahiş etmişdir. İşə baxan məhkəmə Cavabdeh iddiasının təmin olunması barədə 30 iyul 2019-cu il tarixli, 2(011)-5257/2019 saylı qətnamə çıxarılmışdır. Qətnamədən müvafiq qaydada apelyasiya və kassasiya şikayətləri verilməsinə baxmayaraq, qətnamə dəyişdirilmədən qüvvədə saxlanmışdır. Cavabdeh Xətai rayonu, Gen.Şıxlinski küçəsi, ev 25, 30 nömrəli mənzilə istifadə hüquqları 2019-cu il tarixdə məhkəmənin qərarı ilə tanınmışdır. Qərarın qəbul olunmasına baxmayaraq hələ Cavabdeh verdiyi iddia ərizəsindən qabaq həmin mənzildə uzun müddət yaşamamışdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(011)-1865/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(011)-1865/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, qeyd olunan xüsusatlara qiymət verən məhkəmə hazırkı mübahisə üzrə cavabdehə müvafiq kompensassiya verilməsi yolu ilə mümkün olması barədə nəticəyə gəlmişdir. Özü də, hüquq münasibətlərinin 2000-ci ildən əvvəlki vaxtlara şamil olunması və həmin dövrdə də hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması səbəbindən, analogiya üzrə hazırda qüvvədə olan Mülki Məcəllənin normlarının tətbiq edilməsini vacib saymışdır (qətnaməmin 2-ci səhifəsinin sonuncu abzası və davamı 3-cü səhifədə). Bundan sonra isə cavabdehin mənzilə dair istifadə hüquqna xitam verilməsi üçün mütləq qaydada AR-nın MM-nin 228.2-ci maddəsinin müddəaları nəzərə alınmaqla kompensassiyanın verilməsi halında mümkün olmasını qeyd edir (qətnamənin 3-cü səhifəsinin 1ci abzası). Ancaq işə baxan məhkəmə cavabdehin istifadə hüququnun 2019-cui il tarixdə məhkəmə qaydasında tanınmasına baxmayaraq, AR-nın MM-nin 228-ci maddəsinə istinad etməsi tammailə əsassız və qanunsuzdur. Digər tərəfdən, cavabdehin mübahisəli mənzilə istifadə hüququ tanınarkən vaxtı ilə məhkəmə qətnaməsində MM-nin deyil, vaxtı ilə qüvvədə olmuş, 1982-ci il tarixli AR-nın Mənzil Məcəlləsinin müddəaları əsasında müəyyənləşdirilmişdir. Bu barədə məhkəmə qətnaməsi artıq qanuni qüvvəyə də minmişdir. Qeyd etdikləri kimi, hüququn tanınması isə 2019-cu il tarixdə məhkəmə tərəfindən rəsmi qaydada müəyyənləşdirilmişdir. Belə olan halda, hansı əsaslarla bu hüquqa (yəni istifadə hüququna) xitam verilməsi ilə bağlı hüquq normasının tətbiqi MM-nin 228-ci maddəsi tətbiq oluna bilər? Axı, 2009-cu ilin 01 oktyabr ayından sonrakı yaranmış istifadə hüquqları ilə bağlı münasibətlərə həmin tarixdə qüvvəyə minmiş Mənzili Məclləsinin 30-cu maddəsi tətbiq edilməlidir. Belə ki, AR-nın Mülki Məcəlləsinin 228.5-ci maddəsi ilə AR-nın Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin birgə şərh edilməsinə dair AR-nın Konstitusiya Məhkəməsinin 08.10.2013-cü il tarixli Qərarının mahiyyətinə görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Hazırki iş üzrə cavabdehin mənzilə olan istifadə hüquqları Xətai rayon Məhkəməsinin 30.07.2019-cu il tarixli qərarından sonra yaranmışdır. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş-ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X9 apellyasiya şikayətini qəbul etmədi, qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə cavabdehin vəkilini dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassəz olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 25, 30 saylı mənzil 12 mart 1988-ci il tarixli order əsasında iddiaçıların atası X1 verilmişdir. 20 iyul 2017-ci il tarixdə iddiaçıların atası X2, 26 noyabr 2018-ci il tarixdə isə anaları X7 vəfat etmişlər. İddiaçı2 ilə Cavabdeh 28 sentyabr 2005-ci il tarixdə rəsmi olaraq ailə həyatı qurmuşlar. Birgə nikahdan 24 aprel 2008-ci il təvəllüdlü X10 və 29 iyul 2013-cü il təvəllüdlü X5 anadan olmuşdur. Onların arasında bağlanmış nikah 23 sentyabr 2018-ci il tarixdə pozulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh və övladları 24 aprel 2008-ci il təvəllüdlü X6 və 29 iyul 2013-cü il təvəllüdlü X3 ünvan 1, 30 saylı mənzilinə istifadə hüququnun tanınması və onların həmin mənzilə köçürülmələri qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının müvafiq qərarları ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh mübahisəli mənzillə bağlı istifadə hüququ 01.10.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinə əsasən yaranmış, o, daimi yaşayış yeri üzrə qeydiyyatda olmaqla mübahisəli evdən istifadə hüququna malikdir. Onun həmin mənzilə istifadə hüquqları məhkəmə qətnaməsi ilə rəsmi qaydada tanınmışdır. Hal-hazırda iddiaçılar cavabdehin mənzildən istifadə hüququna xitam verilməsini xahiş edirlər. 01.10.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrində isə istifadə hüququnun yaranması əsasları qeyd olunsa da, istifadə hüququna xitam verilməsi institutu nəzərdə tutulmamışdır. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, Mənzil Məcəlləsinin 123-cü maddəsində və ümumiyyətlə bu Məcəllədə yaşayış sahəsindən istifadə hüququna xitamla bağlı kompensasiya verilməsini nəzərdə tutan heç bir hüquq norması mövcud deyildir. Bu halda mübahisənin həllinin hər hansı normaya əsaslanmadan məhkəmənin mülahizəsində saxlanılması mülkiyyətçi və ya istifadəçinin hüquqlarını zərbə altına qoya bilər. Belə vəziyyətdən çıxış yolu tapmaq üçün qüvvədə olan qanunvericilikdə məsələnin qanuni həllini müəyyənləşdirən müvafiq normaya istinad olunması vacibdir. Mülki Məcəllənin 11.1-ci maddəsini nəzərə almaqla yaşayış sahəsindən istifadə hüququnun kompensasiya verilməklə xitamına dair bu Məcəllənin 228.2 maddəsində nəzərdə tutulmuş normanın əvvəllər yaranmış və uzanan xarakter daşıyan münasibətlərə tətbiqinin mümkünlüyünü Konstitusiya Məhkəməsinin 27.07.2001-ci il tarixli qərarında əks olunmuş mövqelərinə zidd olmamaqla onları tamamlayır. Beləliklə, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Mənzil qanunvericiliyində müəyyən münasibətlərin tənzimlənməməsi, öz əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsindən çıxış edərək boşluğun tamamlanması məqsədi ilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər. Beləliklə, kollegiya Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1 maddəsinə əsasən qanunun analogiyasını əsas tutaraq, hazırki mübahisə ilə bağlı oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2 maddəsinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2 maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Kollegiya qeyd olunanlara əsasən hesab edir ki, məhkəmə düzgün olaraq qeyd etmişdir ki, Cavabdeh mənzildən istifadə hüququnun itirilməsinə yalnız kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili X9 öz izahatında qeyd etmişdir ki, iddiaçılar mübahisəli mənzilin mülkiyyətçiləri olmadıqları üçün hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqları yoxdur. Məhkəmə qeyd edilən dəlilə qiymət verərək hesab etmişdir ki, həmin dəlil əsassızdır. Belə ki, hazırkı iş üzrə iddiaçıların mübahisəli mənzilə dair mülkiyyət hüquqları qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş olmasa da, onların mübahisəli mənzillə bağlı gözlənilən hüquqları mövcuddur. Belə ki, Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, order gözlənilən mülkiyyət hüququ olduğundan öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adı və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Beləliklə, kollegiya yuxarıda sadalanan hallara qiymət verərək belə qənaətə gəlir ki, Cavabdeh istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilməsi mümkün olmadığından, məhkəmə iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyatorun tərəflər arasında olan münasibətlərə 01.10.2009-cu ildən qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin tətbiq olunması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, Cavabdeh 2005-ci ildən ailə qurmaqla, mübahisəli mənzildə yaşamış, 2008ci ildən həmin mənzilə qeydiyyata düşmüşdür. Buna görə də, hüquq münasibətləri 01.10.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müvafiq normalarına (mənzil orderli olmaqla, dövlət mənzil fonduna aid odduğundan) əsasən yaranmışdır. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 405-ci mddələrin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(011)- 1865/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-8719/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8719/2021
13.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver