Məhkəmə qərarları › İş №2(103)-8730/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8730/2021

01.11.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8730/2021 01.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi, İddiaçı və cavabdeh, eləcə də digər Cavabdeh2 Mətləf oğlunun nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-54/2021 saylı, 18 may 2021-ci il tarixli qətnaməsindən cavabdehlər X2 və Cavabdeh2 Mətləf oğlu tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mətləf oğlunun Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi yeni yaşayış kompleksi - 300, bina 1, 40 saylı mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, X13 ilə 21 may 2016-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan iki uşaqları olmuşdur. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən onun azyaşlı övladları - 03 iyun 2015-ci il təvəllüdlü X9 və 01 oktyabr 2016-cı il təvəllüdlü X5 ilə birlikdə Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi yeni yaşayış kompleksi - 300, 1 saylı binanın 40 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Həmin mənzil 3 otaqlı olmaqla ailə tərkibi dörd nəfərdən ibarət keçmiş əri X6, ona, X4 və X3 verilmişdir. Onun bütün əşyaları həmin mənzildədir. Lakin qaynanası Cavabdeh1 və qaynatası Cavabdeh2 Mətləf oğlu ailəsinə verilən mənzilə məcburi daxil olaraq mənzilin iki otağını zəbt edərək orada yaşayırlar. Cavabdehlərlə həmin mənzildə yaşamaq qeyri-mümkündür. Baxmayaraq ki, icra məmurları onu azyaşlı uşaqları ilə həmin mənzilə köçürmüşlər. Məcburiyyət qarşısında qalaraq müvəqqəti yaşamaq üçün atasına məxsus evə getmişdir. Cavabdehlərin isə həmin binada 4 otaqlı mənzili var. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-54/2021 saylı, 18 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. X2 və Cavabdeh2 Mətləf oğlu birgə apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzildə hal-hazırda iddaçının keçmiş qaynanası və qaynatası olaraq yaşayırıq. İddiaçı keçmiş qaynanası və qaynatası olsalar da, nəvələri X9 və X5 doğma nəvələridir və onların doğma baba və nənəsidirlər. Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən yetkinlik yaşına çatmayan nəvələrini saxlamaq baba və nənənin vəzifəsidir və nəvələrin baba və nənəsi olduqları üçün mübahisəli mənzildən çıxarılmağı barədə qətnaməni əsassız və qanunsuz hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdeh, eləcə də digər Cavabdeh2 Mətləf oğlunun nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə etdi, həmçinin bildirdi ki, oğlunu yenidən evləndirmişlər. İstəkləri odur ki, yeni gəlinləri də oğlu ilə birlikdə həmin mənzildə yaşasın. Lakin keçmiş gəlinləri olan iddiaçı buna imkan vermir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz etdi, həmçinin bildirdi ki, cavabdehlərə də məcburi köçkün kimi daha böyük ölçüdə mənzil verilmişdir. Lakin onlar öz mənzillərində qızlarına verərək ona, övladlarına və keçmiş ərinə verilmiş mənzilə girərək orada qanunsuz yaşayırar. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 1.4, 1.5. bəndlərinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların müvəqqəti istifadəsinə verilir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri iizrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) qərarı ilə həyata keçirilir. Həmin Qaydanın 3.3. bəndinə əsasən məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyəvermək,özbaşına dəyişmək, ipoteka qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. Məhkəmə iclasında müəyyən edildi ki, xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahəsi olan mübahisəli mənzil iddiaçının keçmiş əri X6 məhz məcburi köçkün olduğu üçün 4 nəfər ailə üzvü (özu,İddiaçı, X9 və X5)tərkibində dövlət tərəfindən verilmiş və iddiaçı azyaşlı uşaqları ilə birlikdə məhkəmə qətnaməsi əsasında həmin mənzilə köçürülmüşdür. Eyni zamanda, Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi yeni yaşayış kompleksi - 300, bina 1, 4 otaqlı 2 saylı mənzil Cavabdeh2 Mətləf oğluna 6 nəfər ailə üzvü (özü, Cavabdeh1, X7, X10, X11 və X8) tərkibində dövlət tərəfindən verilmişdir. Hazırda cavabdehlərin mübahisəli mənzildə yaşamaları və iddiaçıya köçürüldüyü mənzildə yaşamağa imkan verməmələri qanunsuzdur. Belə ki, iddiaçının mənzilə köçürülməsindən imtina edilməsi və buna cavabdehlər tərəfindən imkan verilməməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehlərə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Məhkəmə belə nəticəyə gəlir ki, yuxarıda qeyd edilən hallara əsasən cavabdehlərin mənzil üzərində xüsusi hüquqları mövcud deyildir, mənzil onların xüsusi mülkiyyəti deyildir, cavabdehlər başqa yaşayış sahəsi ilə təmin edilmişlər. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Əgər “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın mühafizə funksiyası olmasa fiziki cəhətdən güclü olan istənilən şəxs istifadə hüququ olmadan mənzildə yaşayan digər şəxsi oradan çıxara bilər və ya yaşadığı mənzilə daxil olmasına manelər yarada bilər və ya digər bu kimi hərəkətlər edə bilər, nəticədə isə özbaşınalığa şərait yaranar. Mühafizə funksiyası hər hansı şəxsi yaşadığı mənzildən məhrum etməkistəyən şəxsə qarşı “məhrumetmə üçün qanuni əsasın olduğu təqdirdə bunu edə bilərsən” məzmunlu tələb irəli sürür, onu özbaşınalıqdan çəkindirir və məhrumetmədən əvvəl buna qanuni əsas (məhrumetməyə əsas verən hüquq) əldə etməyə vadar edir. Odur ki, bu tip mübahisələr həll edilərkən mənzildən çıxarılanın deyil, mənzildən çıxaranın mənzilə hüququnun olubolmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər çıxaranın mənzilə hüququ yoxdursa, çıxarılma qanunsuz hesab edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə, təmin edilən hissədə iddia tələbinin faktiki əsası qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Əvvəla, tərəflər arasında məhz mübahisəli mənzillə bağlı mübahisəli hüquq münasibətləri 2019-cu ildə yarandığından, hazırki mübahisəyə həmin vaxt qüvvədə olmuş hüquq normalarının tətbiq edilməsi və mübahisə 01 oktyabr 2009-cu il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin tələblərinə uyğun həll edilməlidir. Belə ki, Mənzil Məcəlləsinin 91.1 və 91.1.5-ci maddəsinə əəsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Həmin Məcəllənin 96-cı maddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri- qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Həmin Məcəllənin 99.5-ci maddəsinə əsasən, kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Həmin Məcəllənin 99.6-cı maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 68.4-cü maddəsinə əsasən, vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası qanunvericiliklə müəyyən edilir. Belə ki, iddiaçı Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”na əsasən ona, keçmiş ərinə və uşaqlarına verilmiş mənzildən cavabdehlər olan keçmiş qaynanasını və qaynatasının çıxarılmasını tələb edir. Bu mənzil məcburi köçkün olaraq iddiaçıya keçmiş əri və iki uşağı ilə birlikdə yaşamaları üçün verilmiş, sonradan isə keçmiş əri həmin mənzildə yaşamasına maneçlik yaratdığından məhkəmə qətnaməsi ilə həmin mənzilə azyaşlı uşaqları birgə köçürülmüşdür. Demək, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququ yaranmışdır. Cavabdehlər mübahisəli mənzildə yaşamalarını etiraf etsələr də bunu Ailə Məcəlləsinin 89-cu maddəsi ilə əsaslandıraraq hesab edirlər ki, həmin maddəyə görə yetkinlik yaşına çatmayan nəvələrini saxlamaq baba və nənənin vəzifəsidir, buna görə də nəvələrin baba və nənəsi olduqları üçün mübahisəli mənzildən çıxarılmağı barədə qətnaməni əsassız və qanunsuz hesab edirlər. Ancaq işin mübahisəsiz halıdır ki, cavabdehlərə də eyni binadan, eyni statuslu sahəsi daha böyük olan mənzil verilmişdir və onların faktiki yaşayış sahələri mövcuddur. Ailə Məcəlləsinin 89-cu maddəsi isə baba və nənənin nəvələrini saxlamaq vəzifəsini nəzərdə tutsa da həmin maddənin dizpozisiya şərtləri fərqli münasibətləri tənzimləyir. Birdəki, həmin maddənin müddəaları tələb etmir ki, nənə və babanın nəvələrini saxlamaq vəzifəsi yarandığı halda belə, onlara aliment ödədiklərinə görə mütləq nəvələrin yaşadıqları mənzildə yaşamalıdırlar. Göründüyü kimi, bu dəlil açıq-aşkar əsassız olduğundan qətnamənin ləğv edilməsi üçün də əsas ola bilməz. Apellyasiya baxışı zamanı cavabdehin izahatından isə bəlli oldu ki, əslində onlar iddiaçının keçmiş əri olan, oğlu Elçin Quliyevin yenidən ailə qurması ilə əlaqədar yeni gəlininin də köhnə gəlininin yaşadığı həmin mənzilə köçüb yaşamasına nail olmaq istəyir. Ancaq cavabdehlər nail olmaq istədikləri məqsədə çatmaq üçün düzgün yol(vasitə) seçməmişlər. Çünki, iddiaçının və uşaqlarının da yaşaması üçün, qanunvericilikdə nəzərdə tutulmuş qaydada verilmiş xüsusi təyinatlı mənzilə başqasının köçürülməsi qadağandır. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlərə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-54/2021 saylı, 18 may 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar