Məhkəmə qərarları › İş №2(103)-8733/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8733/2021

13.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8733/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh və onun nümayəndəsi vəkil X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(003)-749/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(003)-749/2021 saylı qətnaməsi (hakim Z.Tağıyev) ilə iddianın təmin edilməsi, X6 ilə Cavabdeh arasında 25 avqust 1994-cü il tarixli Bakı şəhəri Xəzər (Əzizbəyov) rayon Qeydiyyat şöbəsində 346 nömrəli qeyd edilmiş nikahın etibarsız sayılması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X10 ilə Cavabdeh arasında 25.08.1994-cü il tarixli Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsində bağlanmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 05.02.1994-cü il tarixdə X10 ilə Binəqədi rayon qeydiyyat şöbəsində nikaha daxil olmuşlar. Birgə nikahlarından bir övladları dünyaya gəlmiş, hazırda o, yetkinlik yaşına çatmışdır. Alik Musabəyov ilə 25 il bərabər evliliklərindən sonra 2019-cu ilin noyabr ayında nikahlarına xitam verilmişdir. Sonradan ona qeydiyyat şöbəsində bildirilmişdir ki, X1 Mehriban Əkbər qızı ilə də rəsmi nikahda olmuş, həmin nikah qeydi 25.08.1994-cü ildə qeydə alınmışdır. Halbuki, qanunvericiliyə əsasən Azərbaycan Respublikasında yalnız təknikahlı (monoqam) ailə mümkündür. 1994-cü ildə ola bilər ki, sənədləşmənin elektron olmaması nəticəsində Alik Musabəyov eyni vaxtda iki nəfərlə rəsmi nikaha daxil olmuşdur. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı ilə mərhum X12 arasında nikah Nərimanov Rayon Məhkəməsinin 18.09.2019-cu il tarixli 2(005)-2744/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə pozulmuşdur. Bu nikahın pozulduğu barədə Nərimanov rayon qeydiyyat şöbəsi X3 və X7 379 saylı 04.12.2019-cu il tarixli nikahın pozulması şəhadətnaməsini vermişdir. Yəni 04.12.2019-cu il tarixindən etibarən İddiaçı ilə mərhum X10 arasından heç rəsmi (formal) nikah da qüvvəsində qalmayıb. Ailə Məcəlləsinin 26.1.5-ci maddəsinin imperativ tələbindən məlum olduğu kimi, təkcə pozulmamış əvvəlki nikah üzrə ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdir. Dolayısı ilə İddiaçı nikahın etibarsız sayılmasını tələb etmək hüququ olmadığı halda, Xəzər rayon məhkəməsinin onun iddia tələbini qəbul edərək X10 ilə onun arasında 25.08.1994-cü il tarixli Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsində bağlanmış nikahın etibarsız sayması hüququn ən təməl prinsiplərinin belə alt üst edilərək məhv edilməsi mənasına gəlir ki, bu qəbul edilməzdir. Məhkəmədə iddiaçı qismində iştirak edən İddiaçı verdiyi izahatlarda ziddiyyət vardır. Aydın olur ki, bu işdə iddiaçı tərəfindən qanundan sui-istifadə hallarına yol verilmişdir. Lakin məhkəmə buna məhəl vermədən qanunvericiliyi pozaraq qətnamə qəbul etmişdir. Bu durum məhkəmənin işi təfsilatlı araşdırmadığını da sübut edir. Belə ki, İddiaçı, 2019-cu ildə Nərimanov Rayon Məhkəməsinə X7 qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. İddiasını onunla əsaslandırmışdır ki, “X10 ilə 1994-cü ildə rəsmi nikaha daxil olub ailə qurmuş, birgə nikahdan doğulmuş 22.01.1995-ci il təvəllüdlü X13 adlı qızları artıq yetkinlik yaşına çatmışdır. Musabəyov Alik ailə qurandan sonra bir müddət mehriban yaşamış, sonradan onunla xasiyyətləri və dünya görüşləri bir-birinə tamamilə zidd olduğu üçün bir ailədə yaşamaq qeyri-mümkün olmuşdur, buna da səbəb olaraq Musabəyov Alikin başqa qadınla yaşamasıdır. Musabəyov Alik ilə birgə rəsmi nikahdan olan övladları artıq yetkinlik yaşına çatdığına görə Binəqədi rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, X9 Alikin qeydiyyat şöbəsinə gəlməməsi səbəbindən məhkəməyə müraciət etməyinin vacib olduğu bildirmişdir. Hesab edir ki, ailə artıq dağılmışdır, onu bərpa etmək mümkün deyildir. Nikah formal xarakter daşıyır. Belə ki, bir ünvanda yaşamaqlarına baxmayaraq 15 il ildir ki, ərarvad münasibətləri kəsilmiş, birgə təsərrüfat aparmırlar, ünsiyyətləri tamamilə kəsilmişdir”. Və yenə İddiaçı Xəzər Rayon Məhkəməsinə X10 arasında 25.08.1994-cü il tarixli Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən bağlanmış nikahın etibarsız hesab edilməsi tələbi ilə müraciət edərək ərizəsində qeyd etmişdir ki, “İddiaçı 05.02.1994-cü il tarixdə X10 ilə Binəqədi rayon qeydiyyat şöbəsində nikaha daxil olmuşlar. Birgə nikahlarından bir övladları dünyaya gəlmiş, hazırda o, yetkinlik yaşına çatmışdır. Alik Musabəyov ilə 25 il bərabər evliliklərindən sonra 2019-cu ilin noyabr ayında nikahlarına xitam verilmişdir”. Göründüyü kimi 2 izahat arasında zidiyyətlər mövcuddur. İzahatın birində nikahın formal xarakter daşıdığını və evliliklərindən qısa müddət sonra ayrıldıqlarını bildirsə də digər ifadədə 25 il birlikdə yaşadıqlarını qeyd etmişdir Hesab edir ki, iddiaçının bu cür ifadələri özünə sərf etdiyi şəkildə planlanmış formada yazılmışdır. Məhkəmə bu hala da nəzər yetirməmiş maddi və prosessual normaların kobud pozuntusu olduğu kimi, həm də məhkəmənin işi hər tərəfli araşdırmadığını sübut edir. Qətnamədən göründüyü kimi, İddiaçı və məhkəmədə şahid qismində iştirak edən mərhumun qardaşı X4 ifadələrində ziddiyətlər vardır. Lakin məhkəmə bunlara da məhəl vermədən qanunvericiliyə zidd qətnamə qəbul etmişdir. Bu durum məhkəmənin işi təfsilatlı araşdırmadığını da sübut edir. Belə ki, İddiaçı, Musabəyov Alikin başqa qadından oğlu olduğunu 2005-ci ildə öyrəndiyini qeyd etməyinə baxamayaraq, mərhumun qardaşı Yaşar isə ifadəsində deyir ki, Sürəyyanın bundan 2 il qabaq yəni, guya ki, 2019-cu ildə xəbəri olub. Yenə də göründüyü kimi, məhkəmə bu ziddiyətidə nəzərə almamış qətnamə qəbul etmişdir. Hətta qətnamədən də göründüyü kimi, mərhum Musabəyov Alikin hər iki uşağı daim bir-biri ilə münasibətdə olmuşlar və normal bacı-qardaş münasibətləri olmuşdur. Rayon Məhkəməsi qətnamə qəbul edərkən İddiaçı məqsədini düzgün təsbit edə bilməyib, bununla da qanunvericiliyə zidd qətnamə qəbul edib. Belə ki, İddiaçı məqsədi hər nə bahasına olursa olsun mərhum Musabayov Alik ilə onun birgə nikah dövründə əldə etdikləri əmlakı mənimsəməkdir. O, 1994-cü ilin avqust ayından bəri qətiyyən Musabəyov Alik ilə nikahda olmağa (qalmağa), onun başqası (Mehriban Ələkbərova) ilə nikahda olmasının mane maraqlı olmayıb. Bütün bunları İddiaçı iş materiallarında olan izahatları, Musabəyov Alik ilə aralarında olan nikahın pozulması üçün Nərimanov rayon məhkəməsinə verdiyi iddia ərizəsindəki ifadələri sübut edir. Qeyd edilənləri nəzərə alaraq deyə bilər ki, iddiaçı qabağına qoyduğu hədəfə, yəni mərhumun miras qoyduğu əmlak yiyələnmək hədəfinə nail olmaq üçün bütün qanunsuz yollardan istifadə etməyə çalışıb və hüquqdan sui-istifadə edib. Lakin məhkəmə bu faktlara da əhəmiyyət vermədən, işi təfsilatlı araşdırmadan qətnamə qəbul edərək qanunvericiliyin imperativ normalarını pozmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh vermiş olduğu apelyasiya şikayətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(003)-749/2021 saylı ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçı nümayəndəsi vəkil Nümayəndə apelyasiya icraatı zamanı təyin olunmuş məhkəmə prosesində iştirak edərək apellyasiya şikayətinə ediraz edərək şikayətin təmin edilməməsini, Xəzər Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli qətnaməsinin dəyişdorilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh və onun nümayəndəsi vəkil X8 apelyasiya icraatı zamanı təyin olunmuş məhkəmə prosesində iştirak edərək apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin təmin edilməsini tədqiq edilmiş sübutlarla və tərəflərin izahatları ilə əlaqələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(003)-749/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ile İddiaçı arasında 05 fevral 1994-cu il tarixdə Bakı şəhəri Binəqədi rayonu Qeydiyyat şöbəsində nikah bağlanmış və bu barədə nikah aktları qeyd kitabında 92 nömrə ilə qeydiyyat aparılmışdır Nikah bağlandıqdan sonra arvada Musabəyova soyadı verilmişdir. İş materiallarında olan Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 12.11.2020-ci il tarixli AZ İİ 127271 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 02.11.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Nərimanov rayon Məhkəməsinin 18.09.2019-cu il tarixli qətnaməsindən görünür ki, X10 ilə Musabəyova (Quliyeva) Sürəyya Fərrux qızı arasında 05.02.1994-cü ildə Bakı şəhəri Binəqədi rayon “Leyla” nikah evi tərəfindən qeydə alınmış və 92 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. Nikahın pozulması barədə şəhadətnamənin surətindən görünür ki, X10 ile X5 arasında bağlanmış olan nikah pozulmuş və bu barədə nikah aktları qeyd kitabında 04.12.2019-cu il tarixdə 379 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah pozulduqdan sonra arvada Quliyeva soyadı verilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə Cavabdeh arasında 25 avqust 1994-cü il tarixdə Bakı şəhəri Xəzər (Əzizbəyov) rayonu Qeydiyyat şöbəsində nikah bağlanmış və bu barədə nikah aktları qeyd kitabında 346 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada Əkbərova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 04.03.1995-ci il tarixdə doğulmuşdur. Atası qrafasında X10, ana qrafasında Cavabdeh qeyd edilmişdir Bu barədə Əzizbəyov (indiki Xəzər) rayon Qeydiyyat şöbəsində 10.04.1995-ci il tarixdə 137 nömrə ilə qeydiyyat aparılmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının 1969-cu il 26 dekabr tarixli qanunu ilə təsdiq edilmiş və 2000-ci ilədək qüvvədə olan Azərbaycan Respeblikası Nikah və Ailə Məcəlləsinin 17-ci maddəsinə əsasən ikisindən biri başqası ilə nikahda olan şəxslər arasında; bilavasitə yuxarı və aşağı xətlə olan qohumlar arasında, doğma və ögey qardaş-bacılar arasında, həmçinin övladlığa götürənlər və götürülənlər arasında; ikisindən biri ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyətini itirmiş hesab edilən şəxslər arasında nikahın bağlanmasına yol verilmir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən nikahı etibarsız hesab etməyin əsasları Nikah, bu Məcəllənin 15-17-ci maddələrində müəyyən edilmiş şərtlər pozulduqda, habelə ailə qurmaq niyyəti olmadan nikah bağlandığı hallarda (saxta nikah), etibarsız sayıla bilər. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən nikah məhkəmə qaydası ilə etibarsız hesab edilir. Qüvvədə olan Ailə Məcəllənin 2.2-ci maddəsinə əsasən ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən pozulmuş hüquqların müdafiəsi üçün bu Məcəllədə müəyyən olunmuş müddətlər istisna olmaqla, ailə münasibətlərindən irəli gələn tələblərə iddia müddəti şamil olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.Axundovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 iyul 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18.02.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Ailə Məcəlləsinin 23.4 və 171-ci maddələri məhz nikahın təknikahlılıq prinsipinə xidmət edir və belə halların qarşısının alınması məqsədi daşıyır. Məcəllənin qeyd olunan normalarına əsasən ər (arvad) nikahın pozulması haqqında şəhadətnaməni alana qədər yenidən nikaha daxil ola bilməz. Nikaha daxil olmağı arzu edənlər nikaha daxil olanlardan və ya onların valideynlərindən birinin seçdiyi hər hansı bir müvafiq icra hakimiyyəti orqanına bu barədə şəxsən yazılı ərizə verirlər. Ərizədə nikaha daxil olmaq üçün bu Məcəllənin 12-ci maddəsində nəzərdə tutulmuş maneələrin olmadığı təsdiq edilməli, habelə hərənin neçənci nikaha daxil olduğu və neçə uşağı olduğu göstərilməlidir. Bununla yanaşı, nikahın bağlanmasına mane olan hallar (ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər Ailə Məcəlləsinin 12.0.3-cü maddəsi) mövcud olduqda nikah bağlanarsa bu barədə məlumatı olmayan ər (arvad) nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər. Eyni zamanda, ər (arvad) dövlət qeydiyyatını pozmadan yenidən (ikinci dəfə) nikaha daxil olarsa, əvvəlki nikah üzrə ərin (arvadın) nikahın etibarsız sayılması üçün məhkəməyə müracət etmək hüququ qanunverici tərəfindən müəyyən olunmuşdur”. Göründüyü kimi iddiaçı X10 ilə İddiaçı rəsmi nikah münasibətlərində olduğu müddətdə digər şəxslə, yəni hazırkı mülki iş üzrə Cavabdeh ilə nikaha daxil olmuşdur. Yuxarıda qeyd edilən qanunvericiliyin tələblərindən və şərhlərdən görünüdüyü kimi istər köhnə istərsə də qüvvədə olan Ailə qanunvericiliyinin tələblərinə əsasən ər-arvada arasında mövcud olan nikah münasibətləri məhz nikahın təknikahlılıq prinsipinə xidmət edir. Ailə qanunvericiliyinə əsasən ər (arvad) nikahın pozulması haqqında şəhadətnaməni alana qədər yenidən nikaha daxil ola bilməz. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apelyasiya şikayət dəlilləri formal mülahizələrə əsaslandığından iş üzrə Xəzər Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin gəldiyi nəticə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(003)-749/2021 saylı qətnaməsi Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar