Məhkəmə qərarları › İş №2(103)-8735/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8735/2021

13.09.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8735/2021 13.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “mənzildən çıxarılma tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-193/2021 saylı 30 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin uşaqları X1, X2 və X3 ilə birlikdə Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi 5/2 saylı evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh1 uşaqları X1, X2 və X3 ilə birlikdə Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi 5/2 saylı evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi Əzizbəyov küçəsi 5/2 saylı ev Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş FM seriyalı 004514 nömrəli, 01 mart 2001-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən onun mülkiyyətindədir. DƏDRX-dən verilmiş 21 iyul 2020-ci il tarixli çıxarışa əsasən həmin ev və onun yerləşdiyi torpaq sahəsi xüsusi mülkiyyət kimi onun adına qeydə alınmışdır. Cavabdeh1 2001-ci ildən hal-hazıradək mübahisəli mənzildə yaşayır. Cavabdeh Bakı şəhər Pirallahı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək faktiki yaşadığı ünvan 1 ünvanında pasport qeydiyyatına alınmaqla həmin mənzilə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı Cavabdeh1 iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək ünvan 2 ünvanına istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Pirallahı Rayon Məhkəməsinin 2(094)-99/2020 nömrəli, 17 mart 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh1 Plaşumoviçin Bakı şəhəri ünvan 2 mənzilinə istifadə hüququnun tanınması qət edilmişdir, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5251/2020 nömrəli 10 noyabr 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin olunaraq Bakı şəhər Pirallahı Rayon Məhkəməsinin 2(094)-99/2020 nömrəli, 17 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddiaçı Cavabdeh1 istifadə hüququnun tanınması barədə iddia tələbi rədd edilmiş, qətnamə qanuni qüvvəsini almışdır. Hazırda Cavabdeh1, arvadı Cavabdeh2, uşaqları X1, X2 və X3 mülkiyyətində olan mənzildə yaşamaqla mənzildən çıxmaq istəmir. Buna görə də, mənzil üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirə bilmir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-193/2021 saylı 30 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə əsassızdır, maddi və prosessual hüquq normaları pozulmuşdur. Kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi üçün ilk növbədə həmin şəxsin mənzildə istifadə hüququ olmalıdır, lakin Bakı Apelyasiya Məhkəməsinin 10.11.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququ yoxdur, belə olan halda kompensasiya verilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş FM seriyalı 004514 nömrəli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 2 yaşayış otağından ibarət, ümumi sahəsi 59,9 kv.m, yaşayış sahəsi 28,7 kv.m olan Bakı şəhəri Əzizbəyov (indiki Pirallahı) rayonu Pirallahı qəsəbəsi Əzizbəyov küçəsi 5/2 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət kimi İddiaçı adına hüquqi qeydiyyatdan keçmiş və bu barədə 44 saylı reyestr kitabının 6692 nömrəli səhifəsində 01.03.2001-ci il tarixdə 30/4518 sayla qeydiyyata alınmışdır. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-99/2020 saylı 17.03.2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh1 Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi, ev 5/2 mənzilinə istifadə hüququ tanınması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kolegiyasının 2(103)-5251/2020 saylı 10.11.2020-ci il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı apelyasiya şikayətinin təmin olunması, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 17 mart 2020-ci il tarixli 2(094)-99/2020 saylı qətnaməsinin ləğv edilməsi, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı mənzildən istifadə hüququnun tanınması tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Göründüyü kimi, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir və o, hazırki iddia tələbində cavabdehin uşaqları ilə birlikdə mənzildən çıxarılmasını tələb edir. Birinci instansiya məhkəməsi cavabdehin mübahisəli mənzildə uzun müddət yaşamasını və iddiaçının kompensasiya ödəməyə imkanı olmadığını nəzərə alaraq, iddianın rədd olunması qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanunsuz və əsassız olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 43-cü maddəsində görə isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mübahisəli mənzil iddiaçının mülkiyyətindədir, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdehin həmin mənzilə istifadə hüququnun yaranmadığı müəyyən edilmişdir, lakin cavabdeh mübahisəli mənzildə yaşayır, bununla da iddiaçının mülkiyyət hüququnu əsassız yerə məhdudlaşdırır. Odur ki, iddiaçı cavabdehin ona məxsus mənzildən çıxarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçının apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-193/2021 saylı iş üzrə 30 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilsin. Cavabdeh1 uşaqları X1, X2 və X3 ilə birlikdə Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi 5/2 saylı fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar