Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-875/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X2, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)-2697/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı qızı Cavabdeh1 və Yunisova Telyaz Bayram qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iki azyaşlı uşağı ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 3-cü mədən 125-ci məhəllədə yerləşən 3 otaqlı fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə 2008-ci ildə nikaha daxil olmuş, birgə nikahlarından xx xxxxxx 2008-ci il tarixdə Yunisova Nəsibə Fariz qızı, xx xxxxxx 2011-ci il tarixdə X12 anadan olmuşdur. Nikaha daxil olduqdan sonra o, cehiz əşyaları ilə birlikdə cavabdehlərin qeydiyyatda olduqları Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon ev 18 mənzil 80 ünvanında yerləşən mənzilə gəlin köçmüşdür. Orada bir müddət yaşadıqdan sonra 2011-ci ildə Cavabdeh1 iddia tələbində göstərilən evi almış və onlar əri və uşaqları, əşyaları ilə birlikdə həmin evə köçmüşlər. Ev qanunsuz tikili olsa da, yaşayış üçün bütün şəraiti vardır. 2018-ci ilin iyun ayında məhkəmə qətnaməsi ilə Cavabdeh1la aralarındakı nikah pozulmuş, həmin dövrdə cavabdehlər onu zorla həmin evdən çıxarmışlar. Hazırda həmin evdə cavabdehlərin hər ikisi yaşayır. O isə valideynlərinin yanında müvəqqəti yaşadığından hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)- 2697/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynidir. Cavabdehlər apelyasiya şikayətinə yazılı etiraz verərək bildirmişlər ki, iddiaçının köçmək istədiyi fərdi yaşayış evini 2011-ci ildə Cavabdeh2 13500 ABŞ dollarına almış, həmin evlə bağlı səlahiyyətlər etibarnamə ilə Cavabdeh1 verilmişdir. Fərdi yaşayış evinin və torpaq sahəsinin heç bir sənədi yoxdur. Ev özbaşına tikilidir. İddiaçı ilə Cavabdeh1 bir müddət həmin evdə yaşamışlar. 2016-cı ildə həmin evlə bağlı səlahiyyətlər etibarnamə ilə Cavabdeh1 qardaşı Firuz Yunisova ötürülmüşdür. Hal-hazırda həmin evdə ruhi xəstə olan Firuz Yunisov yaşayır. Cavabdehlər isə Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon ev 18 mənzil 80 ünvanında yaşayırlar. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi X6 məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, cavabdehlər və onların vəkili isə şikayətin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. Mübahisələndirilən qətnamədən görünür ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 228-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinə istinad etməklə iddia tələbini rədd etmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh1 ilə xx xxx 2009-cu il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx xxxxxx 2008-ci il il təvəllüdlü X9 və xx xxxxxx 2011-ci il təvəllüdlü X12 doğulmuşdur. Nikah müddətində İddiaçı ilə Cavabdeh1 əvvəlcə Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon ev 18 mənzil 80 ünvanında yerləşən mənzildə, daha sonra isə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 3-cü mədən 125ci məhəllədə yerləşən 3 otaqlı fərdi yaşayış evində yaşamışlar. İddiaçı köçmək istədiyi fərdi yaşayış evi özbaşına tikili olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Həmin evin yerləşdiyi torpaq sahəsi 200 kv.metr olmaqla Bakı şəhəri Binəqədi qəsəbə Bələdiyyəsinin xx xxxx 2006-cı il tarixli sərəncamı ilə X1 razılığı ilə X4 adına keçirilmişdir. Mehman Rüstəmov tərəfindən həmin torpaq sahəsi ilə bağlı səlahiyyətlər etibarnamə ilə Cavabdeh1, sonuncu tərəfindən isə xx xxxxxx 2016-cı il tarixli etibarnamə ilə X10 ötürülmüşdür. Həmin fərdi yaşayış evində elektrik enerjisindən və qazdan istifadəyə görə abonent kimi Cavabdeh1 qeydə alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş uşaqları analarının yanında saxlanılmışdır. Tərəflər arasında münasibətlər pozulduğundan, iddiaçı azyaşlı uşaqları ilə birlikdə həmin evdən çıxarılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüquqlarını öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur (180.2). İş materiallarından görünür ki, İddiaçı uşaqları ilə birlikdə köçmək istədiyi Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 3-cü mədən 125-ci məhəllədə yerləşən 3 otaqdan ibarət fərdi yaşayış evi özbaşına tikili olmaqla hər hansı şəxsin adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Evə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, dövlət faktiki olaraq həmin evin mövcudluğunu tanımışdır. Qüvvədə olan mənzil qanunvericiliyində özbaşına tikilidən istifadə hüququ ilə bağlı hər hansı norma yoxdur. Bununla belə, respublikamızda özbaşına tikililərin mövcudluğu reallıq kimi qəbul edildiyindən, özbaşına tikiliyə köçürülmə barədə iddiaların təmin olunmaması sosial ədalət prinsiplərinə cavab verməmiş olardı. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh1 ilə rəsmi nikaha daxil olaraq ailə qurduqdan bir neçə il sonra mübahisəli evə köçərək həmin evdə cavabdehlə birlikdə yaşadığından və ümumi təsərrüfat apardığından, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, həmin yaşayış sahəsindən başqa iddiaçının daimi yaşayış yeri olmadığından İddiaçı azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 3-cü mədən 125-ci məhəllədə yerləşən 3 otaqdan ibarət fərdi yaşayış evinə köçürülməlidir. Cavabdehlər həmin evin etibarnamə ilə X7 adına keçirildiyini bildirsələr də, etibarnamədən görünür ki, həmin etibarnamədə Bakı şəhəri Binəqədi qəsəbə Bələdiyyəsinin xx xxxx 2006-cı il tarixli sərəncamı ilə Binəqədi qəsəbə Bələdiyyəsinin hüdudları daxilində yerləşən 200 kv.metr torpaq sahəsi ilə bağlı səlahiyyətlərin ötürülməsi qeyd olunmuş, torpaq sahəsinin üzərində tikilmiş fərdi yaşayış evi ilə bağlı hər hansı qeyd edilməmişdir. Beləliklə, X7 həmin evə hər hansı aidiyyəti sübut edilməmişdir. Birinci instansiya məhkəməsi işə baxarkən mübahisəyə aidiyyəti olmayan maddi hüquq normalarına istinad etmiş, işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Buna görə də apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)-2697/2020 saylı qətnaməsi ləğv olunmalı və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 119.6-cı maddəsinə əsasən, yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunduğundan və iddia təmin olunduğundan, iddiaçı tərəfindən iddia ərizəsi verilərkən ödənilmiş 10 manat və apellyasiya şikayəti verilərkən ödənilmiş 5 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)- 2697/2020 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı İddiaçı iddia tələbi təmin edilsin. İddiaçı azyaşlı uşaqları xx xxxxxx 2008-ci il il təvəllüdlü X9 və xx xxxxxx 2011-ci il təvəllüdlü X12 ilə birlikdə cavabdehlərin yaşadığı Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 3-cü mədən 125-ci məhəllədə yerləşən 3 otaqdan ibarət fərdi yaşayış evinə köçürülsün. İddia ərizəsi verilərkən ödənilmiş 10 manat və apellyasiya şikayəti verilərkən ödənilmiş 5 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-875/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-875/2021
09.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver