Məhkəmə qərarları › İş №2(103)-877/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-877/2020

13.01.2020 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-877/2020 13.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Etibar Qəzənfər oğlu Nəbiyevin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Məhkəmə iclas katibi: Kənan Hüseyn oğlu Hüseynovun katibliyi ilə, İddiaçı Abdel Azizin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Abdel Aziz cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı «əmanət üzrə faizlərin birtərəfli qaydada azaldılmasının etibarsız hesab edilməsi və illik 17.5 % dərəcəsi ilə hesablanması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı müqaviləyə əsasən 200.000 ABŞ Dolları məbləğində əmanəti (“Əmanət”) xx xxxxxx 2015-ci il tarixdən xx xxxxxx 2020-ci ilə qədər 60 ay müddətinə Bankda yerləşdirib. Müqavilənin 3.1 bəndinə əsasən Əmanət üzrə faizlərin ödənilməsi müddətin sonunda 17,5% dərəcə ilə razılaşdırılıb. xx xxxxxxx 2017-ci il tarixində Bank iddiaçıya faiz dərəcəsinin illik 2,5%-ə salınması ilə bağlı təklif verib, sonradan isə xx xxxxxx 2017-ci il tarixdən illik 2% dərəcənin birtərəfəli qaydada (Mülki Məcəllənin 422.1 maddəsinə istinadən) tətbiq edəcəyini bildirib, lakin iddiaçı heç birinə razılığını verməyib. xx xxxxxx 2019-cu il tarixdə iddiaçı elektron poçtla Banka müraciət edərək Əmanətə yığılan faizilərin məbləği barədə məlumatın verilməsini xahiş etmişdir. x xxxxxx 2019-cu il tarixli elektron məktubla göndərilən cavabda göstərilirdi ki, Bank xx xxxxxx 2017-ci il tarixdən başlayaraq zərəcəsinin yerinə 2% dərəcəsini tətbiq edib, belə ki, xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək illik 17,5% dərəcə ilə hesablanmış faizlərin məbləği 99.750 ABŞ Dolları olub və xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək illik 2% dərəcə ilə 4.867 ABŞ Dolları məbləğində faizlər hesablanıb. Həmçinin xx xxxxx 2019-cu il tarixdə iddiaçının nümayəndəsi tərəfindən əldə edilən Əmanət hesabından çıxarışdan da bəlli olmuşdur ki, xx xxxxxx 2017-ci ildən başlayaraq Əmanət üzrə faizlər illik 17,5% dərəcəsinin yerinə 2% dərəcə ilə hesablanır. Müqavilənin 3.6 bəndində nəzərdə tutulur ki, “Bankın fəaliyyəti ilə bağlı əmanətlər üzrə faizlər dəyişdirildikdə, yeni faiz dərəcələri yalnız müqavilə 1.6-ci bəndinə uyğun olaraq yeni müddətə uzadıldıqda və 4.3-cü bəndinə uyğun olaraq depozitin qalığına yeni müqavilə bağlandıqda tətbiq edilir. Bank bu barədə kütləvi informasiya vasitələrində müvafiq elanı dərc etməklə Əmanətçiləri xəbərdar edir. Müqavilənin 1.6 bəndində deyilir ki, “bu müqavilənin müddətinin bitməsinə bir həftə qalmış Əmanətçi depozitin qaytarılmasını Bankdan tələb etməzsə, müqavilə əvvəl bağlanılan müddətə uzadılmış sayılır, bu şərtlə ki, Bank müqavilənin müddətinin uzadılmasına razı olsun. Müqavilənin müddətinin uzadılması yeni müqavilənin bağlanması kimi qəbul edilir. Müqavilənin 4.3 bəndi də nəzərdə tutur ki “əmanətçi müqavilənin müddəti sona çatanadək əmanətə qoyduğu pul məbləğinin bir hissəsini götürdükdə, Əmanətçi ilə hesabda qalan pul məbləğinə yeni əmanət müqaviləsi bağlanılır''. Müqavilənin 3.6, 4.3, nə də 1.6 bəndi ilə nəzərdə tutulan hallardan heç biri Müqavilə qüvvədə olduğu müddət ərzində baş verməmişdir. Bank istinad etdiyi halların Müqavilə bağlandığı şəraitə aiddiyyətini əlaqələndirmir. Belə ki, Bankın maliyyə vəziyyətində dəyişikliklər və ya keçmiş rəhbərliyi tərəfindən törədilmiş cinayətlər Müqavilənin bağlanması zamanı əsas götürülən vəziyyətin dəyişdirdiyi və maliyyə bazarının peşəkar iştirakçısı olan Bankın belə riskləri əvvəlcədən görə bilməməsi iddiaları əsassızdır. Bundan başqa, Bank hansı əsasla müqaviləni birtərəfli qaydada dəyişməyə cəhd etdiyini izah etmədi. Halbuki, Mülki Məcəllənin tələblərinə əsasən belə hallarda (yəni şərait kəskin dəyişdikdə) müqaviləyə dəyişikliklərin yalnız tərəflərin razılığı və ya məhkəmənin qərarı ilə edilməsinə yol verilir. Birtərəfli dəyişiklik nə Müqavilədə, nə də qanunvericilikdə nəzərdə tutulmayıb.Mülki Məcəllə əmanət müqaviləsində müəyyənləşdirilmiş faizləri birtərəfli qaydada azaltmağa yol vermir.Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən aydın olur ki, həm Azərbaycan Respublikası qanunvericiliyi, həm də Müqavilənin şərtləri əmanətə hesablanan faizlərin miqdarının Bank tərəfindən birtərəfli qaydada azaldılmasına yol vermir. Yuxarıda qeyd edilən pozuntuları aradan qaldırmaq və bunun üçün Müqavilə şərtlərinin lazımi qaydada yerinə yetirilməsini təmin edib əmanətə düzgün faiz dərəcəsini tətbiq etməsini təsdiq edən Əmanət hesabından yeni çıxarışın təqdim edilməsi üçün x xxx 2019-cu il tarixdə Banka rəsmi məktubla müraciət təqdim edilib. Rəsmi müraciətin Bank tərəfindən qəbul edilməsi barədə x xxx 2019-cu il tarixli poçt qəbzi mövcuddur. Bank müraciətə rəsmi cavab verməmişdir. Buna görə sonrakı müraciət X1 Palatasına göndərilmişdir, lakin hal-hazırda Palatadan da cavab alınmayıb. Göstərilənlərə əsasən, bankın əmanət üzrə faizlərin birtərəfli qaydada azaldılmasını etibarsız elan edən və Bankdan Müqaviləyə riayət edib əmanət üzrə faizlərin illik 17,5% dərəcə ilə hesablanmasını tələb edən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, xx xxxxxx 2014-cü il tarixli “Klassik əmanət (depozit) hesabı” haqqında müqavilənin faiz dərəcəsi hissəsinə cavabdeh tərəfindən birtərəfli qaydada edilmiş dəyişikliyin etibarsız hesab edilməsi, əmanət üzrə faizlərin illik 17,5 % dərəcə ilə hesablanması öhdəliyinin cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin üzərinə qoyulması qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən narazı qalan cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədəqətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prossesual huquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların araşdırılmaması səbəbindən qismən ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədəqətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Abdel Azizin nümayəndəsi və vəkili Vəkil izahat verərək apellyasiya şikayəti iə razı olmadığını, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyərək, apellyasiya şikayətlərini mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC ilə İddiaçı Abdel – Aziz arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Klassik əmanət (depozit) hesabı” haqqında müqavilənin surətindən görünür ki, Bank əmanətçi İddiaçı Abdel – Azizin 200000 (iki yüz min) ABŞ dolları məbləğində pul vəsaitini (əmanəti) 60 ay müddətinə qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini Əmanətçiyə qaytarmağı və onun üçün illik 17,5% dərəcəsi ilə faiz ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə xx xxxxxx 2015-ci il tarixdən qüvvəyə minir, xx xxxxxx 2020-ci il tarixədək qüvvədədir. İş materiallarında olan«xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC tərəfindən İddiaçı Abdel Azizə ünvanlanmış məktubun surətindən görünür ki, bank onun vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi hadisəsinə istinad edərək xx xxxxxx 2017-ci il tarixindən müqaviləyə əsasən hazırkı faiz dərəcəsinin birtərəfli şəkildə illik 2 (iki) faizə azaldılmasını bildirmiş, bununla yanaşı, depoziti Bankda milli valyutaya (manat) keçirməyi və manatda Bankın hazırkı faiz dərəcəsi ilə (hal-hazırda Bankın manatda olan depozitlər üçün illik faiz dərəcəsi 10-12% təşkil edir) depozit qoymağı təklif etmiş, xx xxxxxx 2017-ci il tarixinədək depozitə faizlərin ilkin dərəcələrlə hesablanacağını bildirmişdir. İş üzrə mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və bildirir ki, işin araşdırılmış hallarından da göründüyü kimi iddiaçı ilə cavabdeh arasında xx.xx.2014-cü il tarixli “Klassik əmanət (depozit) hesabı” haqqında müqavilə bağlanmışdır. Respublikada baş vermiş manatın devalvasiyasından sonra cavabdeh şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini əsas gətirərək əmanət məbləğinin illik faiz dərəcəsini birtərəfli qaydada aşağı endirmişdir. Hazırda iddiaçı birtərəfli qaydada edilmiş dəyişikliyi qanunsuz hesab edərək, həmin dəyişikliyin etibarsız hesab edilməsini və faizlərin müqaviləyə uyğun ödənilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlməkdə haqlı olmuşdur. Belə ki,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 948.1-ci maddəsinə bank əmanətçiyə əmanətin məbləği üçün bank əmanəti müqaviləsi ilə müəyyənləşdirilmiş miqdarda faizlər ödəyir. Müqavilədə ödənilən faizlərin miqdarı haqqında şərtlər olmadıqda bank faizləri bu Məcəllənin 449.1-ci maddəsinə uyğun müəyyənləşdirilən miqdarda ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 948.3-cü maddəsinə əsasən fiziki şəxs əmanəti müəyyən müddət qurtardıqdan sonra və ya müqavilədə nəzərdə tutulan hallar baş verdikdə qaytarılmaq şərtləri ilə qoyduqda əmanət üçün faizlərin bank əmanəti müqaviləsində müəyyənləşdirilmiş miqdarı bank tərəfindən birtərəfli qaydada azaldıla bilməz. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, bankın hüquqi şəxslə bağladıpı bu cür bank əmanəti müqaviləsi üzrə faizlərin miqdarı birtərəfli qaydada dəyişdirilə bilməz. Müqavilənin 3.6-cı bəndində göstərilir ki, əmanətlər üzrə faizlər dəyişdirildikdə, yeni faiz dərəcələri yalnız müqavilənin 1.6-cı bəndinə uyğun olaraq yeni müddətə uzadıldıqda və 4.3-cü bəndinə uyğun olaraq depozitin qalığına yeni müqavilə bağlandıqda tətbiq edilir. Göründüyü kimi bank əmanəti müqaviləsi üzrə əmanətin məbləği üçün faizlərin dəyişdirilməsi üçün Mülki Məcəllədə konkret hallar müəyyən edilmişdir, belə ki, faizlərin dəyişdirilməsi yalnız müqavilə müddətinin qurtarması və müqaviləyə uyğun olaraq depozitin qalığına dair yeni müqavilə bağlanması ilə şərtləndirilmişdir ki, hazırki işin hallarında da qeyd olunan şərtlərin mövcud olması müyyən edilməmişdir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin müqaviləyə birtərəfli qaydada dəyişiklik edərkən, Azərbaycan Respublikası Mülki Məcəllənin 422-ci maddəsinə istinad etməsi də əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni aplabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Qeyd olunan normanın mənasından aydın olur ki, cavabdehin hazirki halda istinad etdiyi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halı baş versə belə, buna görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi - müqavilədə ayrı qaydanın nəzərdə tutulmaması və ya onun mahiyyətindən ayrı qaydanın irəli gəlməməsi ilə şərtləndirilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin isə 8.1-ci bəndinən görünür ki, müqaviləyə dair bütün əlavələr və dəyişikliklər yazılı formada tərtib edilir və hər iki tərəf imzalandıqdan sonra qüvvəyə minərək bu müqavilənin tərkib hissəsini təşkil edirlər. Lakin iş materiallarında olan «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin bank əmanətçisi İddiaçı Abdel – Azizə ünvanladığı məktubdan görünür ki, müqavilənin faizlərlə bağlı şərtləri bank tərəfindən 2017-ci il noyabından etibarən Mülki Məcəllənin 422-ci maddəsinə əsasən birtərəfli qaydada dəyişdirilmiş və müqavilə üzrə ABŞ dolları ilə depozitin illik faiz dərəcəsi 2 faizə endirilmişdir. Göründüyü kimi, müqaviləyə dəyişiklik yazılı formada tərtib edilməmiş, habelə iddiaçının buna rəsmi razılığı alınmadan cavabdeh tərəfindən birtərəfli qaydada edilmişdir ki, bu da həm müqavilənin yuxarıda istinad edilən müddəalarına, həm də qanunvericliyin tələblərinə zidd olmuşdur. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (Mülki Məcəllə, 421.1 və 421.2-ci maddələri). Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası apellyasiya şikayətindəki dəlilləri əsassız hesab edir. Həmin dəlillər məhkəmə kollegiyası tərəfindən yoxlanmış, lakin öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları düzgün müəyyən edərək iş üzrə əsaslı və ədalətli nəticəyə gəlmişdir; qətnamə qanuni və əsaslıdır; apellyasiya şikayətinin dəlilləri qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslı deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim Etibar Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar