Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-877/2022 18.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, onun etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh, onun etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5411/2021 saylı, 06 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən ona dəymiş ziyan, əldən çıxmış fayda, qazanc və gəlir hesab olunan 450.000 manat pulun tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh sahibliyində, istifadəsində olan və onunla gəlir, fayda götürən "xxxx" MMC-də hər hansı sənəd çatışmamazlığı olmamış, ondan asılı olan bütün sənədləşmə qanuni aparılmışdır. Rəsmi olaraq 24.02.2014-cü il tarixli alğı-satqı müqaviləsi ilə 180.000 manata müəssisə Cavabdeh satılmışdır. MMC-nin qanuni təmsilçisi olan Cavabdeh müəssisəni adına 17.03.2014-cü ildə qeydiyyata aldırmışdır. Həmin vaxtdan Cavabdeh bu günə qədər MMC-ni idarə edir, işlətməklə gəlir və fayda götürməkdədir. Müəssisə qanunla qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul olur, o cümlədən xüsusi olaraq daş istehsalı, satışı, müxtəlif daş növlərinin hazırlanması və satışı işləri əsas işlərdəndir. Müəssisənin işinə bələd və bu işdə təcrübəli şəxs kimi qeyd etmək istəyir ki, müəssisə həmişə gəlirlə işləmiş, yerləşdiyi ərazi gəlir gətirən məkandır, illik orta hesabla 150.000 manat təmiz gəlir, fayda götürmək mümkündür. İllik bütün vergi ödənişlərini vaxtı-vaxtında verdikdən sonra xalis gəliri 110.000 manat civarında olmuşdur. Hər ildə sifarişlər artmış, ilk işlədiyi illərdə olan gəliri 50.000-60.000 manat olmuş, sonrakı illərdə dinamik olaraq, yəni 15.000-20.000 manat artmışdır. Ödəniş vergi tutumları 25.000-28.000 manat olmuşdur. 20 nəfərə yaxın insan müəssisədə çalışmış, başqa sözlə 20 ailə evlərinə qazanc aparmışlar. Cavabdehin məhkəmədə qaldırdığı iddiasından məlum olmuşdur ki, əmlakın əldə olunmasında hüquqi əsaslar mübahisəlidir və bu barədə məhkəmədə mübahisəyə baxılmışdır. Yasamal Rayon Məhkəməsinin 02.05.2018-ci il tarixli qətnaməsi ilə mübahisə ilə bu nəticəyə gəlmişdir ki, alğı-satqı müqaviləsi etibarsız hesab edilsin və alğı-satqı yolu ilə alınmış pulun geri qaytarılması təmin olunsun. Təkrar mübahisə apelyasiya və kassasiya instansiyalarında müzakirəyə çıxarılmış və qəti olaraq alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi müəyyən olunmuşdur. Yekun məhkəmə qərarı 06.02.2019-cu il tarixdə çıxarılmışdır. Həmin tarixdən də ona tam bəlli olmuşdur ki, müqavilə bağlandığı vaxtdan etibarsız hesab edilməsi yekun nəticədir və bundan sonra da cavabdeh ona qanunsuz olduğu bəlli olan vaxtdan hal-hazırki vaxta qədər istifadəsində olan obyektdən və istifadə etməklə obyektdən gəlir, fayda götürdüyündən, həmin əldən çıxmış fayda və gəliri tələb etmək haqqıdır. Bu barədə cavabdehdən əldə etdiyi gəlir, faydanın qaytarılması tələb olunsa da, cavabdeh bunu qaytarmaqdan könüllü olaraq boyun qaçırmışdır. Əldə etdiyi məlumat əsasında müəyyən olunmuşdur ki, cavabdeh ona hüquqi əsas olmadan istifadəsində olan, deyure ona məxsus olan əmlakdan gəlir əldə etmiş, fayda götürmüşdür. 2014-cü il tarixli müqavilə bağlandığı andan 2021-ci ilədək cavabdehin təxminən 105.000 manat vergi ödənişləri olmuş, bu da cavabdehin dövriyyəsində 1 milyon 50 min manat pul əldə etdiyinin göstəricisidir. Orta hesabla cavabdeh təxminən dövriyyəsində 1 milyon 50 min manat puldan 105.000 manat vergi ödənişləri etmiş, maksimum 30%-ə qədər digər xərclər (268.515 manat) çıxıldıqdan sonra xalis gəlir 626.535 manat təşkil edir. Cavabdehin alğısatqı yolu ilə ödədiyi 180.000 manat pulu nəzərə aldıqda yekun olaraq cavabdeh müəssisəni işlətdiyi dövrdən təxminən 7 il ərzində 450.000 manat təmiz gəlir, fayda götürmüşdür və həmin pullar sahibinə, yəni ona qaytarılmalıdır. Odur ki, belə vəziyyətdə o, real maddi ziyana düşmüş, onun hesabına cavabdeh gəlir, fayda götürməklə onun hesabına əldə etdiyi gəliri, qazancı qaytarmaq borcudur. Könüllü səylər nəticə vermədiyindən, məhkəmə qaydasında tələb etmək zərurəti yaranmışdır və belə vəziyyətdə iddia tələbi əsaslıdır, həm də qanunidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5411/2021 saylı, 06 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı cavabdehdən ona dəymiş ziyan, əldən çıxmış fayda, qazanc və gəlir hesab olunan 450.000 manat pulun tutularaq xeyrinə ödənilməsi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5411/2021 saylı, 06 oktyabr 2021-ci il tarixli qətnaməsi tam əsassızdır. Bundan başqa, cavabdeh bu günə qədər hüquqi cəhətdən onun mülkiyyətində olan payı faktiki olaraq özündə saxlamış, qaytarmamış, ərazidə müxtəlif adlar altında təyinatı üzrə işlər görməklə qazanc götürür və onun pullarını, həmçinin digər əmlaklarını geri qaytarmaq fikrində deyildir. Təyinatı üzrə ərazidə cavabdehin müxtəlif adlar altında işlər görməsi onu göstərir ki, burada hər hansı müddət axımının kəsilməsi, yaxud kəsilmə anından söhbət gedə bilməz. Odur ki, bu tələb üzrə müddətin tətbiqi barədə müzakirə aparılmamış, yaxud müddət axımı kəsilməmiş, mülki münasibətlər davam etməkdədir. Cavabdehin ərazidə müxtəlif adlar altında işlərin aparılmasında əsas məqsədi izi itirmək, əldə etdiyi, sahib çıxdığı pulları gizlətmək və əsil sahibinə qaytarmamaqdır. Ona görə də, işin bütün faktiki hallarını tam, hərtərəfli araşdırma aparılmadan qəbul edilmiş qətnamə əsaslı hesab edilə bilməz və ləğv olunmalıdır. Məhkəmə tərəfindən nümayəndəyə, vəkilə elektron qaydada, yaxud poçt vasitəsilə ilə rəsmi məlumat verilməmiş, məlumatları, xəbərləri və iştirakları olmadan işə baxılaraq qətnamə qəbul edilmişdir. Məhkəmə prosessual qanunvericiliyin tələblərini kobud formada pozmaqla qanunsuz qərar qəbul etmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5411/2021 saylı, 06 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayətini müdafiə etdiklərini bildirdilər, iddia ərizəsində göstərilənlərə və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5411/2021 saylı, 06 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil1 İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5411/2021 saylı, 06 oktyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı hüqununun pozulmasını 06.02.2019-cu ildə bildiyi halda, mövcud iddia ərizəsi ilə məhkəməyə 17.06.2021-ci il tarixdə müraciət etmiş və bununla da, qanunla müəyyən edilmiş iddia tələbi irəli sürmək üçün 2 illik müddəti ötürmüşdür, göstərilən xüsusatlara əsasən, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş kəsici müddəti ötürdüyündən, iddia təmin edilə bilməz və gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası çıxışlərını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq iş materiallarını araşıdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, Reyestrdə 3M-02\373 № qeyd olunmuş 24.02.2014cü il tarixli müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı "xxxx" MMC-də olan özünə məxsus 10 manat, 2 payı tam olaraq Cavabdeh 10 manata satmış, Cavabdeh həmin payı 10 manata almış, İddiaçı MMC-nin təmsilçilik hüquqlarını ikinci tərəfə verir və öhdəsinə götürmüşdür ki, həmin pay girov qoyulmamış və həbs altında deyil, barəsində məhkəmə mübahisəsi yoxdur, Cavabdeh isə həmin payı qəbul edir.(İ.vər. 50) İş materiallarında olan, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)3539/2018 saylı, 02.05.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 24.02.2014-cü il tarixdə bağlanmış "xxxx" MMC-nin nizamnamə kapitalındakı paylara dair alğı-satqı müqaviləsi və həmin müqavilə əsasında qəbul edilmiş "xxxx" MMCnin təsisçilərinin 27.02.2014-cü il tarixli qərarının etibarsız hesab edilməsi, Cavabdeh ilə İddiaçı arasında 24.02.2014-cü il tarixdə bağlanmış "xxxx" MMC-nin nizamnamə kapitalındakı paylara dair alğı-satqı müqaviləsi nəticəsində Cavabdeh tərəfindən İddiaçı ödənilmiş 180.000 manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir.(İ.vər. 33 - 36) İş materiallarında olan, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-7922/2018 saylı, 10.09.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02.05.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır.(İ.vər. 11 - 17) İş materiallarında olan, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)809/2019 saylı, 06.02.2019-cu il tarixli qərarının surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 10.09.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır.(İ.vər. 19 - 21) İş materiallarında olan, Azərbaycan Respublikası Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 27.04.2021-ci il tarixli **********589300 saylı məktubundan görünür ki, "xxxx" MMC tərəfindən 01.08.2008-ci il tarixdən 24.02.2014-cü il tarixədək dövlət büdcəsinə 28.363,39 manat vergi məbləği ödənilmişdir.(İ.vər. 31) İş materiallarında olan, Azərbaycan Respublikası Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 24.08.2021-ci il tarixli **********140800 saylı məktubundan görünür ki, "xxxx" MMC-nin 01.02.2014-cü il tarixindən 27.07.2021-ci il tarixinədək ƏDV bəyannamələrinə əsasən dövriyyəsi 18.164,83 manat təşkil etmişdir.(İ.vər. 127) Məhkəmə kollegiyası İddiaçı apеlyasiya şikayətində sadaladığı dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Birinci instansiya məhkəməsi sadalanan xüsusatlara əsasən hesab etmişdir ki, cavabdehin "xxxx" MMC-nin cavabdeh tərəfindən idarə olunduğu müddət ərzində iddiaçının göstərdiyi kimi 450.000 manat məbləğində gəlir əldə edilməsi və əsassız varlanması məhkəmə araşdırması zamanı öz təsdiqinin tapmamışdır və buna görə də iddia tələbi təmin oluna bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı hazırkı tələb üzrə mülki qanunvericiliyin müddəları ilə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni də qanuni və əsaslı hesab edir. Belə ki, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür və cavabdehin ərizəsi olmadan da məhkəmə tərəfindən tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Mülki Məcəllənin 1095-ci maddəsi yalnız əsassız varlanma obyektini qaytarmaq üçün müddətin özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır və məhkəmənin bu mövqeyini qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 1095-ci maddəsinin əsassız varlanma institutunu müəyyən edən 57-ci fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 1095-ci maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən, maraqlı şəxs əsassız varlanma obyektini qaytarmaq hüququ ona məlum olduğu vaxtdan ən geci iki il ərzində həmin əsassız varlanmaya dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxsin bu hüququ qüvvədən düşür. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən müddət kəsici müddətlərə aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair Qərarına əsasən, “kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur”. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs əsassız varlanma obyektini qaytarmaq hüququnu itirir. İddia müddətindən fərqli olaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Bərpa olunmaq, kəsilmə və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aiddir. Göstərilən qanunvericilik aktı normasına əsasən birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, İddiaçı dəymiş ziyanın ödənilməsi üçün hüququnun ona məlum olduğu vaxtdan iki il ərzində məhkəməyə müraciət etmək hüququ olmuşdur. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi barədə məhkəmə qətnaməsi 06.02.2019-cu ildə qanuni qüvvəsini aldıqdan sonra iddiaçı hüquqlarının pozulduğunu bilmiş və 06.02.2019-cu ildə hüquqlarının pozulduğunu bildiyi halda, mövcud iddia ərizəsi ilə məhkəməyə 17.06.2021-ci il tarixdə müraciət etmiş və bununla da, qanunla müəyyən edilmiş iddia tələbi irəli sürmək üçün 2 illik müddəti ötürmüşdür. Göstərilən xüsusatlara əsasən birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş kəsici müddəti ötürdüyündən, iddia təmin edilə bilməz. Ona görə ki, müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan İddiaçı mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iki illik kəsici müddət daxilində mövcud tələb hüququna malik olmuşdur. Odur ki, məhkəmə kollegiyası işin hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı qanunla müəyyən edilmiş iddia tələbi irəli sürmək üçün 2 illik müddəti ötürməsi qənaətinə gəlib, iddia tələbinin rədd edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Bundan başqa, İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, təyinatı üzrə ərazidə cavabdehin müxtəlif adlar altında işlər görməsi onu göstərir ki, burada hər hansı müddət axımının kəsilməsi, yaxud kəsilmə anından söhbət gedə bilməz. Odur ki, bu tələb üzrə müddətin tətbiqi barədə müzakirə aparılmamış, yaxud müddət axımı kəsilməmiş, mülki münasibətlər davam etməkdədir. Məhkəmə kollegiyası bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, apelyasiya şikayətində göstərilən bu dəlillər iddia tələbinin təmin edilməsi üçün əsas hesab edilə bilməz. Beləki, İddiaçı tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə məhkəmə qətnaməsi 06.02.2019-cu ildə qanuni qüvvəsini aldıqdan sonra iddiaçı hüquqlarının pozulduğunu bilmiş və 06.02.2019cu ildə hüquqlarının pozulduğunu bildiyi halda, mövcud iddia ərizəsi ilə məhkəməyə 17.06.2021-ci il tarixdə müraciət etmiş və bununla da, qanunla müəyyən edilmiş iddia tələbi irəli sürmək üçün 2 illik müddəti ötürmüşdür. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən Cavabdeh qarşı irəli sürülmüş iddia tələbi təmin edilə bilməzdi. Bundan başqa, iddiaçı İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasını, məhkəmənin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsini qeyd etsə də, məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kоllegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara оbyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sоnra həmin sübutlara tətbiq edilməli hüquq nоrmalarına müvafiq оlaraq qiymət verir. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası, İddiaçı apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5411/2021 saylı, 06 oktyabr 2021-ci il tariхli qətnaməsi dəyişdirilmədən, İddiaçı apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5411/2021 saylı, 06 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-877/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-877/2022
18.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver