Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-877/2023 08.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə (Açar sözlər:işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1, cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 08 fevral 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı xx.xx.2021-ci il tarixdən Cavabdeh MMC-nə servis işçisi vəzifəsinə qəbul edilmişdir. Əmək müqaviləsinin müddətinin qurtarma vaxtı xx.xx.2021-ci il, aylıq əmək haqqı 549,15 manat müəyyən edilmişdir. Cavabdeh MMC-nin direktoru X2 27/04/22K nömrəli xx.xx.2022-ci il tarixli əmri ilə Cavabdeh MMC-nin servis işçisi peşəsində çalışan iddiaçı xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə iş rejimini və daxili nizam-intizam qaydalarını dəfələrlə pozduğuna, verilən tapşırıqları yerinə yetirmədiyinə görə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, eyni hallar təkrarlanmışdır, gələcəkdə belə halların təkrar olunmaması məqsədilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən İddiaçı töhmət elan edilməsi əmr edilmişdir. Cavabdeh MMC-nin direktoru X2 021/04/22K nömrəli xx.xx.2022-ci il tarixli əmri və həmin tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozduğu üçün tutduğu servis işçisi vəzifəsindən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi əmr edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi buraxdığı iş günlərinə görə əmək haqqının ona ödənilməsi və xx.xx.2022-ci il tarixli hüquqi xidmətlərin göstərilməsi haqqında müqavilə üzrə "xxxx" MMC hüquq şirkətinə ödədiyi 1000 (bir min) manat məbləğində pulun ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-də işlədiyi dövr ərzində əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini, o cümlədən əmək vəzifələrini yüksək peşəkarlıqla icra etmişdir. Cavabdeh MMC tərəfindən xx.xx.2022-ci il tarixli 27/04/22k nömrəli şiddətli töhmətin verilməsi barədə əmrdə qeyd olunanlar həqiqəti əks etdirmir. Cavabdeh “iş rejimi” dedikdə yəqin ki, iş vaxtının rejimini nəzərdə tutur ki, o da hər bir işçi kimi müəyyən günlərdə bir neçə dəqiqə işə gecikmişdir. İş yerlərində bu normal haldır. Onun müəyyən günlərdə bir neçə dəqiqə işə gecikməsi nə işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozmuş, nə də Cavabdeh MMC-nin və ya əmək kollektivinin qanunla qorunan mənafelərinə ziyan vurmuşdur. Belə olan halda da işə bir neçə dəqiqə gecikən şəxslə əmək müqaviləsinə xitam verilməsi qanunsuzdur. Hətta o, həftənin demək olar ki, əksər günləri işdən 20-30 dəqiqə, bəzən isə 1 saat gec çıxmışdır. Bundan başqa, işə yarım saat tez gəldiyi günlər də olmuşdur. xx.xx.2022-ci il tarixdə işə saat 10:50-də gəlmişdir ki, bunun da səbəbi həmin gün cavabdehin 018-1/03/22 M saylı əmri ilə məzuniyyətdə olması, ancaq iş yerindən ona zəng edilərək işçi X4 regionuna səfərə getməsi ilə əlaqədar işə çağırılması olmuşdur. Bundan başqa, xx.xx.2022-ci il tarixli, 27/04/22k nömrəli şiddətli töhmətin verilməsi barədə əmrdə qeyd edilmişdir ki, İddiaçı xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərində iş rejimi və daxili nizam-intizam qaydalarını dəfələrlə pozmuşdur. Cavabdeh MMC-də daxili nizam-intizam qaydaları olmamışdır. Olsa belə o, bu qaydalarla tanış edilməmişdir. Yəni bu qaydalar ona göstərilməmişdir. Cavabdeh onunla əmək müqaviləsini ləğv etməsini bir əsasla göstərmişdir: Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinin tələblərini pozmaq, buna görə verilmiş şiddətli töhmətdən nəticə çıxarmamaq. Cavabdeh əmrində bildirmək istəyir ki, o, xx.xx.2022-ci il tarixdə üzürlü səbəb olmadan bütün iş günü işə gəlməmişdir. Çünki şiddətli töhmət xx.xx.2022-ci il tarixdə, əmək müqaviləsinin ləğvi barədə əmr isə xx.xx.2022-ci il tarixdə verilmişdir. Yəni guya o, bir gün ərzində intizam tənbehindən nəticə çıxarmamışdır. Halbuki xx.xx.2022-ci il tarixdə işə səhər saat 08:45 radələrində gəlmiş və iş gününün sonuna qədər işdə olmuşdur. Bundan başqa, Əmək Məcəlləsinin 72- ci maddəsinin “a” bəndində qeyd edilən hal xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi barədə 021/04/22K saylı əmrdə qeyd edildiyi kimi əmək funksiyasının pozulması deyil, əmək vəzifələrinin pozulmasıdır. 27/04/22k nömrəli şiddətli töhmət barədə əmrin xx.xx.2022-ci il tarixdə imzalanması da şübhə doğurur. Çünki o, bu əmri ilk dəfə xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyasında cavabdehin nümayəndəsinin onun nümayəndəsinə təqdim etməsindən sonra görmüşdür.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-2937/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim S.Ədilova) iddia qismən təmin olunaraq Cavabdeh MMC-nin direktoru X2 021/04/22K nömrəli xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi və iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi, iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, cavabdehdən iddiaçının xeyrinə 500 manat məbləğində pul vəsaitinin tutulması qət edilmiş, iddia qalan hissədə rədd olunmuşdur.
5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 45-ci maddələri, 70-ci maddəsinin «ç» bəndi, 71-ci maddəsinin 2-ci hissəsi, 73-cü maddəsinin 1-ci, 76-cı maddəsinin 2-ci, 83-cü maddəsinin 1-ci, 186-cı maddəsinin 2cihissəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işçi qəsdən hər gün işə gecikməsinə, rəhbərliklə dava etməklə əmək və icra intizamının normal ahəngini pozmasına baxmayaraq məhkəmə bunu pozuntu kimi nəzərə almamışdır. İşçinin işə gecikdiyi müddətdə onun əmək funksiyasını başqa işçilər həyata keçirməli, müştərilərin sifarişləri gec icra olunması səbəbindən, işəgötürənin iş yerində intizamsızlığın olmasına dair müştərilərdə təəssürat yaranmış müştərilər qarşısında şirkətin işgüzar nüfuzuna zərər dəymişdir. İşəgötürən nizam-intizam qaydaları pozularkən aktı imzalamaq üçün öz işçilərini deyil, kimi şahid kimi cəlb etməli idi? Yəni, hadisələr baş verərkən daim işçilər bu hadisənin şahidi olublar. Şahid ifadələri işin hansı halları ilə üstüstə düşmür. İddiaçının verdiyi ifadələrlə? Məhkəmə tərəfindən həmin hallar göstərilməmiş, ümumi ifadəilə qeyd etməklə əsaslandırılmamışdır. Axı həmin ifadələr yalnız işçinin işə gec gəlməsini (iddiaçı özü bunu təsdiq edir), davanın baş verməsini, iddiaçının tapşırılan iş yerinə getməkdən imtina etməsi səbəbindən səs-küy salmasını göstərir. İşin hansı halları bununla ziddiyyət təşkil edir? İddiaçı əmək intizamını pozmaqla son iki ayda 14 dəfə işə gecikmişdir. İddiaçı bu hala o qədər vərdiş etmişdir ki, iddia ərizəsində qeyd edir ki, “bu normal haldır”. Məhkəmə öz qətnaməsində iddiaçının dilindən saat 10:50-də işə gəlməyini məzuniyyətdə olması ilə əsaslandırsa da, bu, əslində təqdim etdikləri sübutdan sonra cavabdehin heç nəyə əsaslanmayan bəhanəsi olmuşdur. Təqdim etdikləri aktlardan da görünür ki, iddiaçı özünün birbaşa rəhbərinin tapşırıqlarını icra etməyib, mütəmadi olaraq tabesizlik göstərib, rəhbərliyin tapşırıqlarını icra etməyib, müştərilərin narazılıqlarına səbəb olan hərəkətlərə yol verib.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
10. İddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi
11. Maddə 10. Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə əməl etmək işçinin əsas vəzifələri hesab olunur.
12. Maddə 45.Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
13. Maddə 70, bənd «ç». İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər.
14. Maddə 71, hissə 2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
15. Maddə 71, hissə 3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
16. Maddə 76, hissə 2.Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.
17. Maddə 83, hissə 1.Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
18. Maddə 186, hissə 2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Hazırkı işdə iddia qismən təmin olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı iddianın təmin olunmuş hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Birinci instansiya məhkəməsi, iddiaçının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurmasının işin faktiki halları ilə sübut olunmadığı barədə nəticəyə gəlmişdir.
22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və aşağıdakıları qeyd edir.
23. Əmək Məcəlləsinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər (maddə 70, ç). Bu əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır (maddə 71). Əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir (maddə 72, bənd “ə”).
24. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur (maddə 80). Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda, həmçinin əmək müqaviləsinin ləğv edilməsinin əsası; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir (maddə 84.1). Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər (maddə 84.2).
25. Əmək qanunvericiliyinin yuxarıda istinad olunan müddəalarına əsasən işçi ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
26. Məhkəmə kollegiyası hesab edir ki, iddianın əsaslı olub-olmadığına ilk növbədə mübahisələndirilən əmrin özünün əsaslı olub-olmaması, əmrdə kobud səhv kimi qeyd olunan halların əmək müqaviləsinin xitamına əsas verib-vermədiyi baxımından qiymət verilməlidir.
27. Mübahisələndirilən əmrin məzmunundan göründüyü kimi, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkənCavabdeh MMC-nin direktoru Selman Tosunun xx.xx.2022-ci il tarixli 27/04/22 k nömrəli əmri əsas götürülmüşdür. Həmin əmrdə isə əmrin verilməsi üçün əsas kimi işçinin izahatı və şöbə müdirinin təqdimatı göstərilmişdir.
28. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iş materiallarında əmrin verilməsi üçün əsas kimi göstərilən sənədlər müəyyən edilmədi. Apellyasiya baxışı zamanı həmin sənədlərin təqdim olunması cavabdehin nümayəndəsinə təklif edilsə də, sənədlər yenə də təqdim olunmamışdır.
29. Məhkəmə kollegiyası hesab edir ki, əmrdə istinad olunan sənədlər, yəni işçinin izahatı və şöbə müdirinin təqdimatı əmrdə formal olaraq qeyd edilmiş, əslində isə belə sənədlər mövcud olmamışdır.
30. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən iddiaçının barəsində tətbiq olunmuş intizam tənbehinin onun törətdiyi xətanın xarakterinə və ağırlıq dərəcəsinə uyğun olmadığına istinad etmişdir.
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin müəyyən edilən hallarına uyğun sayır.
32. Belə ki, mübahisələndirilən əmr əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə lazımi qaydada əsaslandırılmamış, sadəcə “əmək müqaviləsi əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən (xx.xx.2022-ci il tarixli 27/04/22k nömrəli əmr) nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması” ilə əsaslandırılmışdır. Lakin qeyd edildiyi kimi, əmək funksiyasını pozmanın konkret nədən ibarət olması əsaslandırılmamış, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi halının nədə ifadə olunması, yazılı əmək müqaviləsində əks olunmuş hansı öhdəliyin yerinə yetirilməməsi əks olunmamışdır. Bundan əlavə, məhkəmə haqlı olaraq hesab etmişdir ki, əmək intizamını pozmuş işçinin intizam tənbehi tətbiq edilməsindən sonra əgər işçi ona həvalə olunmuş əmək vəzifələrini öz təqsiri üzündən icra etməməsini və ya lazımınca icra etməməsini davam etdirirsə, bundan sonra işçini işdən çıxarılmasına yol verilə bilərdi. Lakin şiddətli töhmət barədə əmr xx.xx.2022-ci il tarixdə verildikdən cəmi bir gün sonra işçi ilə işəgötürən arasındakı əmək müqaviləsi ləğv edilmişdir.
33. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl olunmamış, iddiaçının barəsində görülən intizam tənbeh tədbiri onun törətdiyi intizam xətasının xarakterinə və ağırlıq dərəcəsinə uyğun olunmamışdır.
34. Apellyasiya şikayətinin digər dəlillərinə, yəni işin hallarının düzgün müəyyən olunmaması və qiymətləndirilməməsi, maddi və prosessual hüquq normalarının pozulması, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun olmaması və s. kimi dəlillərə gəldikdə isə məhkəmə kollegiyası bu dəlilləri əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən işin halları tam, obyektiv, hərtərəfli araşdırılmış, işin müəyyən edilən hallarına uyğun gələn maddi və prosessual hüquq normaları tətbiq olunmaqla mübahisəli hüquq münasibətinə düzgün hüquqi qiymət verilmiş, iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilmişdir.
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.