Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-877/2024 18.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: qanuni sahiblik, əmlakın qanunsuz sahiblikdən geri tələb olunması, sübutetmə yükü, subyektiv hüquq, qətnamənin düzgün əsaslandırılmaması, iddiaya cavab verməli olan şəxs) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi ilə İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “torpaq sahəsindəki yeşiklərin götürülməsi, sahənin istifadəyə və sahibliyə verilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçıların nümayəndəsi (vəkilləri) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 16/81 nömrəli sərəncamına əsasən, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi döngə 3də 1000 kv.m torpaq sahəsi fərdi bağ evi tikintisi üçün qəsəbənin Xanlar küçəsi ev 60 ünvanında yaşayan 1966-cı il təvəllüdlü İddiaçı2 ayrılmış, torpaq sahəsində hər hansı tikinti işləri aparmazdan əvvəl Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274 llQ №-li qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarından icazə alınmalı və razılaşdırılmalı olması, şəhadətnamə alınması üçün Bakı şəhər Torpaq və Xəritəçəkmə idarəsinə müraciət etməli olması göstərilmişdir.
2. Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 16/82 nömrəli sərəncamına əsasən, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi döngə 3də 1000 kv.m torpaq sahəsi fərdi bağ evi tikintisi üçün qəsəbənin Xanlar küçəsi, ev 40 ünvanında yaşayan 1949-cu il təvəllüdlü İddiaçı1 ayrılmış, torpaq sahəsində hər hansı tikinti işləri aparmazdan əvvəl Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274 llQ №-li qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarından icazə alınmalı və razılaşdırılmalı olması, şəhadətnamə alınması üçün Bakı şəhər Torpaq və Xəritəçəkmə idarəsinə müraciət etməli olması göstərilmişdir.
3. Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 16/83 nömrəli sərəncamına əsasən, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi döngə 3də 1000 kv.m. torpaq sahəsi fərdi bağ evi tikintisi üçün qəsəbənin İ.Həsənov küçəsi, ev 46 ünvanında yaşayan 1978-ci il təvəllüdlü İddiaçı4 ayrılmış, torpaq sahəsində hər hansı tikinti işləri aparmazdan əvvəl Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274 llQ №-li qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarından icazə alınmalı və razılaşdırılmalı olması, şəhadətnamə alınması üçün Bakı şəhər Torpaq və Xəritəçəkmə idarəsinə müraciət etməli olması göstərilmişdir.
4. Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 50/12 nömrəli sərəncamına əsasən, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi döngə 3də 1200 kv.m torpaq sahəsi fərdi bağ evi tikintisi üçün qəsəbənin Xanlar küçəsi, ev 60 ünvanında yaşayan 1969-cu il təvəllüdlü İddiaçı3 ayrılmış, torpaq sahəsində hər hansı tikinti işləri aparmazdan əvvəl Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274 llQ №-li qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarından icazə alınmalı və razılaşdırılmalı olması, şəhadətnamə alınması üçün Bakı şəhər Torpaq və Xəritəçəkmə idarəsinə müraciət etməli olması göstərilmişdir.
5. Adı çəkilən şəxslərə ayrılmış torpaq sahələrinin yerləşmə sxemləri Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsi tərəfindən təsdiq olunmuşdur.
6. İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinin xx.xx.2015-ci il tarixli 3706, 3707, 3708 və 3709 nömrəli şəhadətnamələri əsasında yerli büdcənin vergi ödəyicisi kimi uçota alınmışlar.
7. İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 Sabunçu rayonu Maştağa Bələdiyyəsinin hesabına müxtəlif vaxtlarda torpaq vergisi ödəmişlər. Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
8. İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 (iddiaçılar) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 42 sot (4200 kv.m) olan torpaq sahəsinə cavabdeh tərəfindən yığılan 135 ədəd boş polietilen yeşiyin cavabdehin hesabına götürülməsi və Sabunçu rayonu Maştağa bələdiyyəsi tərəfindən alqı-satqı yolu ilə 16/82 saylı xx.xx.2005-ci il tarixli sərəncam əsasında Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, döngə 3 ünvanında İddiaçı1 ayrılmış 10 sot (1000 kv.m) torpaq sahəsinin; 16/81 saylı xx.xx.2005-ci il tarixli sərəncam əsasında Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, döngə 3 ünvanında İddiaçı2 ayrılmış 10 sot (1000 kv.m) torpaq sahəsinin; 50/12 saylı xx.xx.2006-cı il tarixli sərəncam əsasında Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, döngə 3 ünvanında İddiaçı3 ayrılmış 12 sot (1200 kv.m) torpaq sahəsinin; 16/83 saylı xx.xx.2005-ci il tarixli sərəncam əsasında Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, döngə 3 ünvanında İddiaçı4 ayrılmış 10 sot (1000 kv.m) torpaq sahəsinin istifadə və sahibliklərinə verilməsi barədə qətnamə çıxarılmasnı xahiş etmişlər.
9. İddiaçılar iddia tələblərini belə əsaslandırmıışlar ki, Bakı şəhəri Maştağa bələdiyyəsi tərəfindən 16/82 saylı xx.xx.2005-ci il tarixli sərəncamı əsasında Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi döngə 3 ünvanında İddiaçı1 10 sot (1000 kv.m) torpaq sahəsi; 16/81 saylı xx.xx.2005-ci il tarixli sərəncamı əsasında Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi döngə 3 ünvanında İddiaçı2 10 sot (1000 kv.m) torpaq sahəsi; 50/12 saylı xx.xx.2006-cı il tarixli sərəncamı əsasında Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi döngə 3 ünvanında İddiaçı3 12 sot (1200 kv.m) torpaq sahəsi, 16/83 saylı xx.xx.2005-ci il tarixli sərəncamı əsasında Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi döngə 3 ünvanında İddiaçı4 10 sot (1000 kv.m) torpaq sahəsi alqı-satqı yolu ilə fərdi bağ evi tikilməsi üçün ayrılmışdır və qeyd olunan ümumi sahəsi 42 sot (4200 kv.m) olan torpaq sahəsində onlar 16 ildir ki, birgə fəaliyyət göstərərək gül becərirlər. Cavabdeh 2022-ci ilin noyabr-dekabr aylarında bir neçə dəfə sözügedən torpaq sahələrinə gələrək bildirmişdir ki, Maştağa bələdiyyəsi tərəfindən onlara ayrılmış torpaq sahəsi əvvəllər onun Kazım adlı ana tərəfdən mərhum babasına məxsus olmuşdur və sözügedən torpaq sahəsindən istifadə etməsinlər. Cavabdehə sözügedən torpaq sahəsinin həqiqətən də mərhum babasının istifadəsində, sahibliyində və yaxud mülkiyyətində olduğu barədə hər hansı bir rəsmi sənəd təqdim etməsini xahiş etsələr də, cavabdeh mərhum babasının sözügedən torpaq sahəsinə dair rəsmi sənədi olmadan, yalnız otlaq sahəsi (örüş yeri) kimi istifadəsində olduğunu bildirmişdir. Cavabdeh qanunsuz olaraq sözügedən torpaq sahələrinə 135 ədəd boş polietilen yeşiklər yığmışdır. Hesab edirlər ki, Maştağa qəsəbə Bələdiyyəsi tərəfindən alqı-satqı yolu ilə onlara ayrılmış torpaq sahəsi onların istifadə və sahibliyinə verilməli, polietilen yeşiklər cavabdehin hesabına oradan çıxarılmalıdır.
10. İddiaçıların məhkəmə iclasında iştirak edən nümayəndələri (vəkilləri) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir.
11. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddia tələbinin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, mərhum babası mübahisə predmeti olan torpaq sahəsini onlara məxsus torpaq sahəsi kimi tanıtmış, həmin torpaq sahəsində atası da əziyyət çəkərək ev tikmişdir. Hesab edir ki, torpaq sahəsi ona məxsusdur və ən pis halda təqribən 6-7 sot torpaq sahəsi ona verilməlidir.
12. Məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuş Sabunçu rayon Maştağa bələdiyyəsinin nümayəndəsi izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçılara ayrılmışdır və onlar tərəfindən istifadə edilməlidir. Cavabdeh isə sözügedən hərəkətləri ilə torpaqdan istifadəyə maneələr yaradır, ona görə də iddia təmin olunmalıdır.
13. Birinci instansiya məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur.
14. Məhkəmə öz mövqeyini aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
14.1. İddiaçılar tərəfindən iddialarının əsası kimi istinad olunan və əsas sübut kimi məhkəməyə təqdim edilən Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinin yuxarıda sadalanan sərəncamlarından görünür ki, xx.xx.2001-ci il tarixdə qəbul edilmiş "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasinin Qanununun 16-cı maddəsinin 3 və 4-cü bəndlərinə istinad edilmişdir. Həmin normalardan isə görünür ki, bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir (16.3). Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir (16.4). 14.2. Normanın məzmunundan görünür ki, sözügedən Qanun qüvvəyə minənədək, yəni xx.xx.2001-ci il tarixədək qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı halda, həmin torpaq sahələrinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada onlardan istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə isə mübahisəsiz haldır ki, iddiaçılar Sabunçu rayonu Maştağa Bələdiyyəsinə müvafiq torpaq sahələrinin ayrılması üçün 2005-ci ildə müraciət etmişlər. Bununla da, onların xx.xx.2001ci il tarixədək torpaq sahəsindən qeyri-qanuni istifadə etmələri faktı təsdiq edilmir. Habelə qanunvericilik imperativ qaydada bələdiyyə torpaqlarından qeyri-qanuni istifadə faktının müəyyən edilməsindən və bu torpaqların qaytarılmasının qeyri-mümkünlüyünün təsbit edilməsindən sonra onların həmin şəxslərin mülkiyyətinə verilməli olmasını göstərsə də, mübahisəli torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüquqları mövcud deyildir. 14.3. Digər tərəfdən, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67.3- 67.4-cü, 68-ci maddələrinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 14.4. İşin mübahisəsiz halıdır ki, iddiaçıların adına Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsi tərəfindən xx.xx.2005-ci il tarixli sərəncamlar verilsə də (baxmayaraq ki həmin sərəncamların mahiyyəti ilə istinad olunan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinin 3 və 4-cü bəndləri arasında uyğunsuzluq vardır), onların mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 4200 kv.m olan torpaq sahəsi üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamış və həmin əmlak üzərində hüquqlarını təsdiq edən hər hansı sənəd mövcud deyildir. Belə olan halda, qanunvericiliyin də tələbindən irəli gəldiyi kimi, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Buna görə də, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılar Cavabdeh qarşı göstərilən sahədə "polietilen yeşiklərin götürülməsi, torpaq sahələrinin istifadə və sahibliyə verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışlar. 14.5. Digər tərəfdən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 239.1-ci maddəsinə əəsasən, fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər. 14.6. Beləliklə, məhkəmə iddiaçıların hazırkı iddia tələbini qaldırmağa subyektiv hüquqlarının olmaması qənaətinə gəldiyindən, prosessual qənaət prinsipinə əsasən, mübahisəli torpaq sahəsində Cavabdeh tərəfindən polietilen torbaların yerləşdirilibyerləşdirilməməsi məsələsini araşdırmamışdır.
15. Gəldiyi nəticəni əsaslandırarkən məhkəmə, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M. Bağırovun şikayəti üzrə” 30 iyul 2008-ci il tarixli qərarına istinad etmişdir.
16. Həmin qətnamədən iddiaçıların nümayəndələri (vəkilləri) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələblərinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi hüquq normalarını düzgün tətbiq etmədiyini, sübutlara düzgün qiymət vermədiyini, cavabdehin özünün etirafını nəzərə almadığını, cavabdehin torpaq sahəsindən istifadəyə maneələr yaratdığının sübuta yetirildiyinə əhəmiyyət vermədiyini, işin müəyyən olunmuş hallarını təhrif etdiyini irəli sürmüşdür. Şikayətdə həmçinin qeyd olunmuşdur ki, cavabdeh 135 ədəd boş polietilen yeşiklərini artıq mübahisəsi gedən torpaq sahəsindən götürüb aparmışdır.
Apellyasiya şikayətinə qarşı etiraz
17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmiş, bununla belə cavabdeh ərizə göndərərək bildirmişdir ki, işə iştirakı olmadan baxılmasına etiraz etmir və şikayətlə bağlı müvafiq qərarın qəbul olunmasını məhkəmənin mülahiəzsinə buraxır. Ərizədə həmçinin göstərilmişdir ki, qətnamədə mexaniki səhvə yol verilmiş, hakim səhvən onun atasının mübahisəsi gedən torpaq sahəsində ev tikdiyini qeyd etmişdir – halbuki, atası tərəfindən həmin sahədə ev tikilməmişdir.
Apellyasiya baxışı
18. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış tərəflər (nümyəndələri) məhkəməyə gəlməmiş, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb olunmuş Sabunçu Rayon Maştağa Bələdiyyəsi də nümayəndəsini göndərməmişdir.
19. İşin halları və şikayətin dəlillərinə işin materialları əsasında qiymət verilməsinin mümkünlüyü nəzərə alınaraq, işə tərəflərin iştirakı olmadan baxılmasına qərar verilmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
21. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
22. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
23. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
24. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
25. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
26. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ servitutlar da əmlak hüquqları sayılır.
27. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
28. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.
29. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər.
30. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.
31. Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər.
32. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.
33. Maddə 239.1. Fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər.
34. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Torpaq Məcəlləsi
35. Maddə 66 (1-ci hissə). Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.
36. Maddə 66 (2-ci hissə). Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
37. Maddə 67 (1-ci hissə). Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
38. Maddə 67 (3-cü hissə). Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.
39. Maddə 67 (4-cü hissə). Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
40. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.
43. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
48. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
50. İddianın hüquqi əsası kimi sahibliyin müdafiəsinə dair normaların (§ 29-30) tətbiq edilməsi üçün iddiaçıların özlərinin mübahisəsi gedən torpaq sahəsi üzərində sahiblik hüquqlarına malik olub-olmaması müəyyən edilməlidir.
51. Belə ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008ci il tarixli qərarı).
52. Bu kontekstdə qeyd olunmalıdır ki, torpaq üzərində sahiblik və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmaması sahibliyi aradan qaldıran hal deyildir.
53. İşin hallarından görünür ki, iddiaçılar bələdiyyə sərəncamları əsasında torpaq sahəsinə faktiki sahibliyi həyata keçirirlər və onların bu sahiblikləri bələdiyyə tərəfindən mübahisələndirilməməkdədir.
54. Əgər şəxs bələdiyyənin ləğv olunmamış qərarı əsasında torpaq sahəsinə sahiblik edirsə, o, həmin torpaq üzərində sahiblik hüququ olmayan şəxslərin sahiblikdən özbaşına məhrumetmə və ya sahibliyinə qəsd etməsi ilə bağlı hərəkətlərinə qarşı iddia verə bilər (§ 31).
55. Başqa sözlə, torpaq sahəsinə faktiki sahiblik edən şəxsin üçüncü şəxslərin müdaxiləsindən müdafiə olunmaq hüququ vardır.
56. Buna görə də məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi hüququ düzgün tətbiq etməmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, gəldiyi nəticəni tətbiq olunmalı normalara istinadən əsaslandırmamışdır.
57. Bununla belə kollegiya, iddiaçıların Cavabdeh qarşı yönəltdikləri “torpaq sahəsinin istifadə və sahibliklərinə verilməsi” tələblərinin təmin edilməsini mümkün hesab etmir; belə ki, adı çəkilən cavabdeh iddiaçıların həmin tələblərinə cavab verməli olan şəxs (subyekt) kimi qiymətləndirilə bilməz.
58. Nəzərə alınmalıdır ki, hazırkı mübahisənin düzgün həlli üçün iddiaçıların mübahisəsi gedən torpaq sahəsi üzərində subyektiv hüququnun mövcud olub-olmadığı əhəmiyyət kəsb edir; subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra isə, bu hüququ pozan şəxsin hərəkətlərinin qanuni olub-olmadığı aydınlaşdırılaraq müvafiq qərar verilməlidir.
59. İddiaçılar sözügedən torpaq sahələrinin faktiki sahibləri olmaları etibarilə onların həmin sahələr üzərində subyektiv hüquqları mövcud olsa da, cavabdeh olaraq göstərdikləri şəxsdən “torpaq sahəsindən istifadələrinə yaradılan maneələrə son qoyulmasını”, yaxud “onun öz sahibliklərinə etdiyi müdaxilənin qanunsuz hesab olunmasını” deyil, “torpaq sahəsinin istifadə və sahibliklərinə verilməsi”ni tələb etmişlər – hansı ki, həmin cavabdehin belə bir tələbi təmin etməsi mümkün deyildir.
60. Çünkü işin hallarından görünür ki, Cavabdeh torpaq sahələrini zəbt etməmiş, onun iddiaçıların sahibliyinə yaratdığı maneə 135 ədəd boş polietilen yeşiklərini həmin sahələrdə yerləşdirməsi şəklində təzahür etmiş, həmin yeşikləri isə o, sonradan oradan götürüb aparmışdır (iddianın müvafiq hissəsinə qərardadla qiymət verilmişdir).
61. Bu baxımdan kollegiyanın qənaətinə görə ki, iddiaçıların “torpaq sahəsinin istifadə və sahibliklərinə verilməsi” tələbi adı çəkilən cavabdehə qarşı deyil, əgər torpaq sahələrinin istifadələrində (sahibliklərində) qalmasına maneələr törədirsə, həmin sahələrin onlara ayrılması barədə sərəncam(lar) vermiş bələdiyyə qarşı irəli sürülə bilər.
62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1719/2023 saylı iş üzrə 25 oktyabr 2023-cü il tarixli qətnaməsi “İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 “torpaq sahəsinin istifadə və sahibliklərinə verilməsi” tələblərinin təmin edilməməsi ilə bağlı hissədə ləğv olunsun və həmin tələb üzrə yeni qətnamə çıxarılsın ( “torpaq sahəsindəki yeşiklərin götürülməsi” tələbinin təmin olunmaması ilə bağlı hissədə qətnamənin müvafiq qərardadla ləğv edildiyi və həmin tələb üzrə işin icraatına xitam verildiyi nəzərə alınmaqla). İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “torpaq sahəsinin istifadə və sahibliklərinə verilməsi” barədə iddia tələbləri təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumlarının məbləğləri onu ödəmiş şəxslərin özlərinə aid olunsun. Qətnamədən iddiaçılar tərəfindən, qətnamə onlara təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə