Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-877/2025 19.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X15 Xidməti cəlb olunmaqla) qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: işə bərpa) X1 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Abdullayeva Çiçək Pərviz qızının katibliyi ilə, İddiaçı, onun vəkili X2, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7, habelə nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X15 Xidməti cəlb olunmaqla, “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-241/2024 nömrəli, 17 yanvar 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 20 oktyabr 2022-ci il tarixli, 1713 saylı müddətsiz əmək müqaviləsinə əsasən, İddiaçı mexaniki təmir sahəsində “tornaçı” vəzifəsinə qəbul olunmuş, 21 oktyabr 2022-ci il tarixdən işə başlaması, işçiyə hər ay 660 manat əməkhaqqı ödənilməsi, iş saatı 09:00-dan saat 17:00-dək olmaqla gündə 8 saatdan, həftədə 40 saatdan çox olmayaraq işləməsi, 27 gün müddətinə əmək məzuniyyətinin verilməsi müəyyən edilmişdir.
2. "xxxx" ASC-nin 25 may 2023-cü il tarixli, 13-ü saylı əmrinə əsasən, İddiaçı 200 manat fərdi əlavəsinin ləğv edilməsi, xx.xx.2023-cü il tarixdən sonuncunun əmək haqqına hər ay 467 manat fərdi əlavə edilməsi əmr edilmişdir.
3. "xxxx" ASC-nin 19 iyun 2023-cü il tarixli, 22-ü saylı əmrinə əsasən, İddiaçı 467 fərdi əlavəsinin ləğv edilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 185-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən İddiaçı əmək funksiyasını yüksək peşəkarlıq səviyyəsində yerinə yetirdiyinə, müəssisədaxili intizam qaydalarına əməl edilməsində fərqləndiyinə görə, aylıq əmək haqqına hər ay 1.040 manat fərdi əlavə edilməsi əmr edilmişdir.
4. "xxxx" ASC mexaniki sexin rəisi Eyvaz Hüseynovun xx.xx.2023-cü il tarixli təqdimatından görünür ki, mexaniki sahənin tornaçısı İddiaçı iş zamanı işçilər arasında rəhbərliyə qarşı təbliğat apararaq işçilərə işi dayandırmağı, rəhbərlikdən əlavə pul ödənişləri istəməyi bildirmiş və heç kimə tabe olmadığını demişdir. Buna görə də "xxxx" ASC-nin sədrindən İddiaçı haqqında tədbir görülməsi xahiş edilmişdir.
5. "xxxx" ASC-nin 22 iyun 2023-cü il tarixli, 25-Ü saylı əmrinə əsasən xx.xx.2023-cü il tarixdə Mexaniki təmir sahəsinin tornaçısı İddiaçı, müəssisədaxili intizam qaydalarını pozduğuna, həmçinin Əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrinə səhlənkar yanaşdığına görə sonuncu xəbərdarlıqla Şiddətli Töhmət elan edilmişdir.
6. "xxxx" ASC-nin kadrlar şöbəsinin rəisi Fazil Hüseynov, hüquqşünas P.M.Əzimova və mühasib Hacıağa Qədirli tərəfindən tərtib edilərək imzalanmış xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Mexaniki təmir sahəsinin tornaçısı İddiaçı ona verilmiş şiddətli töhmət əmri ilə tanış olmaq üçün dəvət olunmuş, amma sonuncu onu imzalamaqdan imtina etmişdir.
7. "xxxx" ASC-nin 19 nəfər əməkdaşı tərəfindən tərtib edilərək imzalanmış 19 iyul 2023-cü il tarixli aktdan görünür ki, "xxxx" ASC-nin Mexaniki təmir sahəsinin tornaçısı İddiaçı iş zamanı işçilər arasında Müəssisənin rəhbərliyinə qarşı təbliğat apararaq: “Gəlin hamımız bir nəfər kimi qalxaq ayağa, işi dayandıraq, rəhbərlikdən tələb edək ki, bizə əlavə pul ödəsin.” kimi fikirlər səsləndirmiş, habelə özünün heç kimə tabe olmaması, işçilərə də bunu tövsiyə etməsi kimi məsləhət vermiş, təkidlərinə baxmayaraq işçilərin ona tabe olmadığını gördükdən sonra isə işçilərin arasına qayıdaraq, artıq rəhbərliklə görüşdüyünü, ona əlavə pul verilməyəcəyi təqdirdə bütün sexin işçilərini ayağa qaldıracağı ilə hədələdiyini, sosial şəbəkələrdə müəssisəni biabır edəcəyini, bunun qarşılığında rəhbərliyin ondan qorxaraq əlavə pul müavinatı verdiyini qeyd etmişdir. Göstərilənləri təsdiqləmək üçün müəssisənin mexaniki təmir sahəsinin işçiləri bu barədə müvafiq akt tərtib edərək, hər biri öz imzası ilə aktın doğruluğunu təsdiq etmişlər.
8. "xxxx" ASC-nin kadrlar şöbəsinin rəisi Fazil Hüseynov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli xidməti məlumatdan görünür ki, İddiaçı, Fazil Hüseynovun və müəssisənin nüfuzuna xələl gətirərək, müxtəlif sosial şəbəkələrdə onun haqqında düzgün olmayan məlumatlar yerləşdirmişdir.
9. "xxxx" ASC-nin mexaniki sexin rəisi X3 20 iyul 2023-cü il tarixli təqdimatından görünür ki, tornaçı İddiaçı sexin və müəssisənin şəklini telefonla çəkərək sosial şəbəkədə müxtəlif yerlərə və sexin işçilərinə göndərərək təxribat aparmışdır. Buna görə də İddiaçı haqqında tədbir görülməsi xahiş edilmişdir.
10. "xxxx" ASC-nin 24 iyul 2023-cü il tarixli, 369/k saylı əmrinə əsasən, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi, 16 təqvim gününə mütənasib olaraq son haqq-hesabın İddiaçı ödənilməsi əmr edilmişdir. Əmrin verilməsinə əsas kimi Mexaniki təmir sahəsinin işçiləri tərəfindən tərtib edilmiş xx.xx.2023- cü il tarixli akt, Kadrlar şöbəsinin rəisi Fazil Hüseynovun xx.xx.2023-cü il tarixli Xidməti məlumatı və Mexaniki təmir sahəsinin rəisi Eyvaz Hüseynovun xx.xx.2023-cü il tarixli Təqdimatı qeyd olunmuşdur.
11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məlumatından çıxarışlardan görünür ki, İddiaçı əmək qanunvericiliyinin tələblərinin pozulması barədə müraciəti rəsmi qaydada qeydə alınmış və müraciətin cavabı onun yaşadığı ünvana göndərilmişdir.
12. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 239 nömrəli məktubundan görünür ki, ASC tərəfində İddiaçı əmək müqaviləsi və ona əlavə edilmiş digər sənədlər müvafiq araşdırma ilə bağlı X10 təqdim edilmişdir.
13. Bakı şəhəri Nizami Rayon Polis İdarəsi 23-cü Polis Bölməsinin baş təhqiqatçısı N.N.Salmanovun 09 avqust 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, vətəndaş İddiaçı və ASC-nin kadrlar şöbəsinin rəisi X11 qarşılıqlı şikayət ərizələri ilə əlaqədar, toplanmış HK-1/1316 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
14. İddiaçı (bundan sonra iddiaçı) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra cavabdeh, yaxud ASC) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh ASCnin xx.xx.2023-cü il tarixində 369/k nömrəli Əmrinin etibarsız hesab edilməsi, onun işə bərpa edilməsi və məcburi iş buraxmaya görə ödənilməyən əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir.
15. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.2022-ci il tarixdə cavabdeh ASC ilə bağladığı əmək müqaviləsinə və 436/k nömrəli əmrə əsasən cəmiyyətin mexaniki təmir sexinə “tornaçı” vəzifəsinə işə qəbul edilmişdir. İşlədiyi 8 ay müddətində onun hər hansı bir nöqsanı olmamış, irad tutulmamış və ona tapşırılan işi 21 iyul 2023-cü ilə kimi bacarıqla və keyfiyyətlə yerinə yetirmişdir. O zaman onunla bağlanmış əmək müqaviləsinin surətini ona təqdim etməmişlər. Onun tələbləri dəfələrlə heç bir nəticə vermədiyi üçün və sonradan işində problem yaranmasın deyə, o, işi ilə məşğul olmuşdur. Onu işə qəbul edəndə həftədə 41 saat iş rejimində işləyəcəyini bildirməklərinə baxmayaraq, əslində onu hər gün 10 saatlıq iş rejimində işlətmişlər. Buna baxmayaraq, onun əmək haqqını əlavə iş saatlarına görə artırmamışlar. Ona görə o, bir müddətdən sonra əlavə işlədiyi iş saatlarına görə əmək haqqının ödənilməsini tələb etmişdir. Lakin onun tələbi cəmiyyətin rəhbərliyi tərəfindən pis qarşılanmış və rəhbərlik onun işdən çıxarılması üçün tabeliyində olan şəxslərə tapşırıq vermişdir. Sonradan, yəni xx.xx.2023-cü il tarixində 369/k nömrəli əmrlə onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etmişlər. O, işdən çıxarılmasının səbəbini soruşduqda, ona heç bir məlumat verilməmiş və bildirilmişdir ki, rəhbərlik onunla işləmək istəmir. O, işdən azad olunması barədə əmrin surətini aldıqda məlum olmuşdur ki, guya onun barəsində “Mexaniki Təmir” sahəsinin işçiləri tərəfindən xx.xx.2023-cü il tarixində akt tərtib edilmiş, cəmiyyətin kadrlar şöbəsinin rəisi Fazil Hüseynovun xidməti məlumatı və mexaniki təmir sahəsinin rəisi Eyvaz Hüseynovun xx.xx.2023-cü il tarixli təqdimatı yazılmışdır. Onun işdən azad edilməsi və işə bərpa edilməsi barədə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməsinə baxmayaraq, guya ona verilən cavab məktubu onun qeydiyyatda olduğu ünvana göndərilmişdir. Lakin onun ünvanına göndərilən cavabları o, ala bilməmişdir. Onunla cəmiyyət arasında əmək mübahisəsinin mediasiya qaydasında həll edilməsi üçün ilkin olaraq mediasiya təklifi göndərmiş, lakin cavabdeh onun təklifinə cavab verməmişdir. Ona görə də, mübahisənin həll edilməsi məqsədi ilə mediasiya şurasının 16 saylı Mediasiya təşkilatına müraciət etmişdir. Lakin cavabdeh ASC mediasiya təşkilatına gəlməmişdir. 16 saylı Mediasiya təşkilatı MŞB/16-01640 nömrəli xx.xx.2023-cü il tarixində mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim etmişdir. Sonradan ona məlum olmuşdur ki, cavabdeh ASC-nin rəhbərliyi onun barəsində kompramat yaratmaq üçün Bakı şəhəri Nizami Rayon 23-cü Polis Bölməsinə müraciət edərək bildirmişdir ki guya o, “Tiktok” sosial şəbəkəsində müəssisənin rəhbərliyinə qarşı və müəssisənin imicinə xələl gətirən çıxışlar etmiş və onun çıxışları müəssisədə nizam intizamı pozduğuna görə onu işdən azad etmişlər. Onun əmək funksiyasını yerinə yetirməməsi və tutduğu vəzifəyə uyğun olmaması ilə əlaqədar Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edərkən cəmiyyətin rəhbərliyi işdən azad edilməsini və onun nə zaman və hansı hərəkətinin cəmiyyətin fəaliyyətinə ziyan vurduğu əsaslandırılmalıdır. Lakin hazırda təqdim edilmiş əmrlərin surətindən görünür ki, belə əsaslandırma aparılmamışdır. Ona görə də onun işdən azad edilməsi barədə verilmiş əmr Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələbinin kobud şəkildə pozulması hesab olunur. Əmək məcəlləsinə əsasən işçi işdən azad edilməsi barədə məsələ müzakirə edilərkən bu barədə onu dəvət etməli, ondan izahat almalı və işdən azad olunması barədə müəssisə daxili Həmkarlar İttifaqı Komitəsi fəaliyyət göstərirsə, təqdimat müzakirə olunmamışdan əvvəl ona bu barədə məlumat verilməli idi. Lakin onun işdən azad edilməsi sırf rəhbərliyin şəxsi təşəbbüsü ilə edilmiş və məsələyə münasibəti soruşulmamışdır. Onun işdən azad olunması üçün əsas olmuş təqdimatların hüququ əsası yoxdur. Belə ki, onun işdən azad olunması barədə təqdimatda göstərilən halların heç biri ona aid deyildir. O müəssisənin nüfuzunu aşağı sala biləcək hərəkətlər etməmişdir. O, sənətkardır və 40 ildir ki, eyni sənət üzrə işləyir. Əgər o, hər hansı bir qeyri-qanuni hərəkət etmiş olsaydı, o zaman cəmiyyətin rəhbərliyi ondan bu barədə izahat tələb etmiş olardı. Lakin bu vaxta kimi ondan heç bir izahat alınmamışdır. İşdən azad etmə işdə nöqsanı olmuş şəxsə tətbiq edilən ən ağır cəzadır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən işçiyə əmək intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahat almalıdır. Bundan başqa, Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakteri nəzərə almalıdır. Lakin onun işdən azad edilməsi barədə verilmiş əmrdən müəyyən etmək olur ki, cəmiyyətin rəhbərliyi onun işdən azad olunmasını hər hansı bir sübutla əsaslandırmamış və bu barədə onun fikrini aydınlaşdırmamışdır. Cəmiyyət onun işdən azad edilməsi ilə əlaqədar əmr verərkən, onun maddi vəziyyətini, işə ehtiyacının olmasını, heç bir nöqsanının olmamasını nəzərə almamışdır. O işdən azad olunduğu halda, onun işlədiyi sahədə yerinə yetirdiyi işi başqa işçiyə həvalə etməmişlər.
16. Daha sonra iddiaçı iddia ərizəsinə əlavələr təqdim edərək, ona dəymiş maddi və mənəvi ziyanın əvəzi qismində 35.000 (otuz beş min) manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir.
17. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-241/2024 nömrəli, 17 yanvar 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim Rauf Əhmədov)
18. Məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, cavabdeh ASC ilə iddiaçı arasında əmək münasibətlərini tənzimləyən yazılı əmək müqaviləsi bağlanmış və iddiaçı ASC-də “tornaçı” vəzifəsinə işə qəbul edilmişdir. Qeyd olunan əmək müqaviləsinin 5.1-ci bəndinə əsasən tərəflərdən biri digərinin istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurulduğu təqdirdə, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. Məhkəmə iddia tələbinin “əmrin ləğv edilməsi və işə bərpa edilməsi” hissəsini əsassız sayaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin qüvvədə olduğu müddətdə iddiaçı tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı iş zamanı işçilər arasında müəssisənin rəhbərliyinə qarşı təbliğat aparıb, özünün heç kimə tabe olmadığını əsas gətirərək, hamının işi dayandıraraq “ayağa qalxmasını”, rəhbərlikdən onlara əlavə pul ödənilməsini tələb etmələrini müəssisənin digər işçilərinə israrla bildirmiş, lakin təkidlərinə baxmayaraq işçilərin ona tabe olmadığını gördükdən sonra isə işçilərin arasına qayıdaraq, artıq rəhbərliklə görüşdüyünü, ona əlavə pul verilməyəcəyi təqdirdə bütün sexin işçilərini “ayağa qaldıracağı” ilə hədələdiyini, sosial şəbəkələrdə müəssisəni biabr edəcəyini, bunun qarşılığında rəhbərliyin ondan qorxaraq əlavə pul müavinəti verdiyini qeyd etmişdir. Bununla bağlı, 19 iyul 2023-cü il tarixdə müəssisənin digər işçilərinin iştirakları ilə müvafiq olaraq akt tərtib edilmiş, işçilərin hər biri öz imzaları ilə aktın doğruluğunu təsdiq etmişlər. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq, cavabdehin nümayəndəsi iddiaçının həmçinin, “Tiktok” sosial şəbəkəsində müəssisənin nüfuzuna, qanunla qorunan mənafelərinə xələl gətirərək həqiqətə uyğun olmayan fikirlər səsləndirdiyini, bununla da müəssisənin maraqlarına kobud surətdə toxunduğu qeyd etmiş, iddiaçı isə həmin sosial şəbəkədə müəssisənin əleyhinə cavabdehin nümayəndəsinin bəhs etdiyi qaydada fikirlər səsləndirdiyini inkar etməmişdir. Bundan sonra, hər iki tərəfin qarşılıqlı şikayətləri əsasında Nizami RPİ-nin 23-cü PB-nin baş təhqiqatçısı tərəfindən müvafiq qaydada araşdırma aparılmış və toplanmış materialda cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, habelə iddiaçının X15 Xidmətinə müraciəti əsasında cavabdeh bütün zəruri sənədləri DƏMX-nə təqdim etmiş və müvafiq araşdırma aparılmışdır. Məhkəmə tərəfindən sözügedən araşdırma ilə bağlı toplanmış bütün materiallar DƏMX-dən sorğu əsasında tələb edilərək öyrənilmiş və işəgötürənin əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada hər hansı hüquq pozuntusuna yol verməklə əmək müqaviləsinə xitam verməsini təsdiq edə biləcək hər hansı hal aşkar edilmədiyi müəyyən olunmuşdur. Göründüyü kimi, tərəflər arasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsinə müvafiq olaraq xx.xx.2022-ci il tarixdə yazılı formada əmək müqaviləsi bağlanmış, tərəflər sözügedən müqavilə şərtlərini razılaşdırmışlar. O cümlədən, tərəflərin hüquq və vəzifələri, əmək müqaviləsinə xitam verilməsi şərtləri və bunun hüquqi nəticələri müqavilədə əksini tapmışdır. İddiaçı isə müqavilə üzrə öhdəliklərini kobud surətdə pozmuş, sosial platformada müəssisənin nüfuzuna və qanunla qorunan mənafeyinə xələl gətirən ifadələr səsləndirmiş (məhkəmə iclasında da iddiaçı bu faktı inkar etməmişdir), işçilər arasında müxtəlif formalı təbliğatlar aparmaq surətilə müəssisə daxili qaydaları dəfələrlə pozduğuna görə müəssisə rəhbərliyi tərəfindən şifahi qaydada xəbərdarlıq edilmiş, sonuncu dəfə isə barəsində şiddətli töhmət elan edilmiş, lakin iddiaçı həmin əməllərinə davam etmiş və nəticədə cavabdeh ASC-nin sədrinin xx.xx.2023-cü il tarixli əmri ilə Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən onunla əmək müqaviləsinə xitam verilmişdir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, qanunvericiliyin tələbləri nəzərə alınmaqla, iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi və işə bərpa edilməsi barədə tələbinin təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyil, buna görə də iddia həmin hissədə rədd edilməlidir. Məhkəmə iddianın dəymiş mənəvi zərərin tələb edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçıya mənəvi zərərin dəyməsi sübuta yetirilmir, həmin tələb iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi və işə bərpa edilməsi barədə tələbindən törəmə tələbdir, tələb həmin hissədə rədd edildiyi halda, dəymiş mənəvi ziyanın ödənilməsi hissəsində də iddia tələbi rədd edilməlidir.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsinə, 7-ci maddəsinin 2-1-ci hissəsinə, 11-ci maddəsinin 1-ci hissəsinin “a” və “b” bəndlərinə, 70-ci maddəsinin “ç” bəndinə, 71-ci maddəsinin 2-ci hissəsinə, 300-cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 23-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
20. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili X8 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində guya iddiaçı işçilər arasında rəhbərliyə qarşı təbliğat aparmış, əlavə pul ödənişləri istədiyini bildirmiş, heç kimə tabe olmadığını demişdir. Həmin tarixdə əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrə səhlənkar yanaşdığını bildirməklə ona şiddətli töhmət verilmişdir. Göstərilən faktlar yalandır. Belə ki, xx.xx.2023-cü il tarixində ona heç bir xəbərdarlıq edilməmişdir. xx.xx.2023-cü ildə ona mükafat verilir, əmək haqqı qaldırılır, lakin 3 gün sonra ona bildirirlər ki, o əmək intizamını pozub, onun barəsində akt tərtib edilib və əmr verilib və o həmin əmrlə tanış olmaqdan imtina edib. Bu fikirlər saxtakarlıqdır. Onun işlədiyi müddətdə bir dəfə də olsun belə hal olmamışdır. Onun müəssisəsinin hansı istehsalat, kommersiya və digər qanunla qorunan hüquqlarını pozmağı barədə iş materiallarına heç bir sənəd təqdim edilməmişdir. Bu fakt onunla təsdiq edilir ki, onun barəsində 23-cü Polis Bölməsində aparılmış araşdırmada hər hansı qeyri-qanuni əməl etdiyi təsdiq edilməmişdir. İşəgötürən onun 70-ci maddə ilə işdən azad olunmağının zəruriliyini əsaslandıra bilməmiş və mübahisənin məhkəmə araşdırılmasında göstərilən hallar aydınlaşdırılmamışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Cavabdeh ASC tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı 10 saat işlədiyini qeyd etsə də, bununla bağlı sübutları təqdim etməmişdir. Onlar iddiaçını qəbul etmişlər və bununla bağlı akt tərtib edilmişdir. İddiaçı tərəfindən “Tiktok” səhifəsində müəssisəni və onun rəhbərini birabır edən, onun işgüzar nüfuzuna xələl gətirən ifadələr işlədilib və iddiaçı bu ifadələri məhz müəssisədə işləyərkən etmişdir. İddiaçı müəssisədə işçilərin qul kimi işlədildiyini ifadə etsə də, müəssisə xüsusi müəssisədir, metallurgiya sahəsi ilə bağlı və təhlükə mənbəyi olan müəssisədir. Videolar çəkib paylaşmaq, işgüzar nüfuza ziyan ifadələr işlətmək düzgün deyil. Onlar polis orqanlarına müraciət etmiş və tərəf polis orqanlarına dəvət edilmişdir. Polis şifahi xəbərdarlıqla araşdırmalar aparmışdır. İddiaçıya şifahi xəbərdarlıq edilmişdir. Bundan sonra iddiaçının əmək haqqını birdən birə 500 manat məbləğində qaldırmışlar. İddiaçı sahibkarın yanında olmuş, onunla şəkil çəkdirmiş, onu “Tiktok”da paylaşmış və qeyd etmişdir ki, onu aldatmışlar. Sex rəisinin, Kadrlar Şöbəsinin təqdimatları var. Belə ki, iddiaçı işçilər arasında işi dayandırmaq barəsində təbliğat aparmışdır. Rəhbərlik yenə də təklif etmişdir ki, “gəlsin öz xoşu ilə getsin”. Onlar ilk olaraq onun izahatını istəmişlər. İddiaçı tərəfindən işləyə-işləyə bir neçə dəfə bu tipli mənfi paylaşımlar edilmişdir. Onlar qarşı tərəflə bir daha görüş keçirmişlər. Onlar təklif etmişlər ki, onun 1 aylıq əmək haqqını ödəyə bilərlər ki, ona kömək olsun. İddiaçı sosial şəbəkələrdən bir çox paylaşımları silmişdir.
Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2699/2024 nömrəli, 27 may 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - cavabdeh ASC-nin 24 iyul 2023-cü il tarixli, 369/k saylı əmrinin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinin təmin edilməməsi” hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə təmin edilərək, ASC-nin 24 iyul 2023-cü il tarixli, 369/k saylı əmrinin ləğv edilməsi, iddiaçıya iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə onun ASC-də mexaniki təmir sahəsinin “tornaçı”sı vəzifəsinə bərpa edilməsi qət olunmuşdur (hakimlər Günay Axundova (sədrlik edən və məruzəçi) Fuad Babayev və Cəmilə Musayeva).
c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
24.Qətnamədən cavabdeh ASC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 3548/2024 tarixli, xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 2699/2024 nömrəli, 27 may 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
26. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, işin faktiki hallarından göründüyü kimi apellyasiya instansiya məhkəməsi iddiaçının məhkəmə iclasında verdiyi izahatında onun “Tiktok” sosial şəbəkədə iş vaxtının saat 8-də başlayıb 6-da bitməsini, müqavilədə iş vaxtının saat səhər 9-da başlayıb axşam saat 5-də bitməli olmasını, paylaşımlarında əmək haqqının 3 dəfəyə verilməsini, iş vaxtının 8-dən 6ya olduğunu və 2 dəqiqə tez çıxanda onu cərimələdiklərini bildirməsini etiraf etməklə təsdiq etdiyini qeyd etsə də, bununla bağlı iddiaçının məhkəmələrə hər hansı sübut təqdim edə bilməməsini diqqətdən kənarda saxlamış, iddiaçının izahatında qeyd etdiyi həmin halların həqiqəti əks etdirib-etdirməməsini araşdırmamış, bu halda cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş – işçilərin, o cümlədən iddiaçının gündəlik iş xaxtının 7 saat, bəzi hallarda isə 8 saat olması barədə “iş vaxtının uçot tabellərinə” hər hansı hüquqi qiymət verilməmişdir. Bundan başqa apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının müəssisə rəhbərliyinə qarşı sosial şəbəkədə çıxış etməmişdən əvvəl, habelə ona “şiddətli töhmət” inzibati tənbehi verilməsindən sonra cavabdeh tərəfindən ona qarşı edilən qanunsuzluqlar barədə müəssisənin rəhbərliyinə, yaxud işdən azad edilənə kimi X15 Xidmətinə rəsmi olaraq müraciət edib-etməməsi, əgər etməmişdirsə bunun səbəbi araşdırlımamış, bu hərəkətlərə yol verərkən iddiaçının əsl məqsədinin “müəssisənin nüfuzuna xələl gətirərək, müxtəlif sosial şəbəkələrdə onun haqqında düzgün olmayan məlumatlar yerləşdirmək, işçilər arasında müəssisənin rəhbərliyinə qarşı təbliğat aparmaq” olub-olmamasına, bununla da işçinin əmək fəaliyyəti zamanı əmək vəzifələrini kobud şəkildə pozulmaqla, kobud səhvlərə yol verməsi, işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməklə bağlı Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərə yol verib-verməməsinə düzgün hüquqi qiymət verilməmişdir. Bundan başqa apellyasiya instansiya məhkəməsi, intizam tənbehi tətbiq edilməsi barədə müəssisə rəhbərinin əmri ilə tanış olmaq üçün iddiaçının dəvət olunması, amma sonuncunun əmri imzalamaqdan imtina etməsi barədə cavabdehin əməkdaşları tərəfindən tərtib edilərək imzalanmış xx.xx.2023-cü il tarixli akta hər hansı hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdehin iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin verilməsi üçün əsas kimi Mexaniki təmir sahəsinin işçiləri tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akt, Kadrlar şöbəsinin rəisi Fazil Hüseynovun xx.xx.2023-cü il tarixli Xidməti məlumatı və Mexaniki təmir sahəsinin rəisi Eyvaz Hüseynovun xx.xx.2023-cü il tarixli Təqdimatı qeyd olunsa da, apellyasiya instansiya məhkəməsi həmin sübutlara Mülki Prosessual Məcəllənin 88-106-cı maddələrinin tələblərinə uyğun hüquqi qiymət verməmiş, zərurət yarandığı halda qeyd olunan sənədləri imzalamış şəxslərin məhkəmə iclasında iştirak etmələrini, habelə istənilən halda həmin sübutların mötəbərliyini MPM-nin 14.1-ci maddəsinin tələbinə uyğun olaraq işdə iştirak edən şəxslərlə müzakirə etməmişdir.
Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
Proses iştirakçılarının izahatı
27. Məhkəmə iclasında iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etdi.
28. Məhkəmə iclasında cavabdehin nümayəndələri apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
29. Məhkəmə iclasında iştirakı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş şahid X12 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, "xxxx" ASC-də sahə rəisi vəzifəsində işləyir. İddiaçı onun işçisi olub. Onun barəsindəki aktı o tərtib etmişdir. Belə ki, İddiaçı işçilər arasında təxribat törədib. Onları ayağa qaldırıb ki, gəlin işləməyək, rəhbərlik maaşlarınızı qaldırsın. Bundan sonra o, İddiaçı bu əməlləri barəsində rəhbərliyə təqdimat yazmışdır. Rəhbərlik İddiaçı hərəkətlərini təhlil edərək, onu işdan azad etmişdir.
30. Məhkəmə iclasında iştirakı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təmin edilmiş şahid X6 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, Mən "xxxx" ASCdə mühəndis-konstruktor vəzifəsində işləyir. İddiaçı təxribatların birbaşa şahidi olmamışdır. Müəssisənin işçilərin dediklərərinə görə, İddiaçı təxribat törədərək, onlara təklif etmişdir ki, işi dayandırsınlar, rəhbərlikdən maaşlarının artmasını tələb etsinlər. O, sosial şəbəkələrdə də İddiaçı şirkət barəsində dezinformasiyalar yaymasının, hətta müəssisəyə məxsus avadanlıqları çəkib sosial şəbəkələrdə paylaşmasının şahidi olmuşdur. Verilən suallara cavab olaraq şahid H.Əhmədzadə bildirmişdir ki, İddiaçı barəsində tərtib edilmiş aktı o da imzalamışdır. Təxribatın törədilmə tarixini xatırlamır. Təxribatın əyani şahidi olmasa da, digər işçilərin dediklərinə görə İddiaçı rəhbərliklə görüşdükdən sonra, işçiləri başına toplamış və bildirmişdir ki, rəhbərlik onun maaşını artırıb, siz də işləməyin, maaşınız artacaq.
31. Məhkəmə iclasında iştirakı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təmin edilmiş şahid X4 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, İddiaçı hərəkətləri nəticəsində iş rejimini kobud şəkildə pozulmuşdur. Adi iş günlərinin birində Mehman müdiriyyətin yanına gedib-gəldikdən sonra, bildirdi ki, o rəhbərliklə danışıb və onun əmək haqqını artırıblar. Bu ona təsir etdi, çünki o da orada işləyir, əziyyət çəkir. Onlara təklif etdi ki, işi dayandıraq, işləməyək, rəhbərlikdən maaşımızın artmasını tələb edək. Bundan sonra onun barəsində akt tərtib olunmuşdur. Verilən suallara cavab olaraq şahid A.Qurbanov bildirmişdir ki, İddiaçı barəsində tərtib edilmiş aktı imzalamışdır. Onlar maaş artımı barədə söhbət etmək üçün bir yerə toplaşırlar. Bu zaman istifadə etdikləri avadanlıqları dayandırırlar. İşi dayandırma halları təxminən 2-3 dəfə oldu. O, 5 ildir ki, "xxxx" ASC-də tornaçı vəzifəsində işləyir. İddiaçı da təxminən bir ilə yaxın müddətdə, həmin müəssisədə tornaçı vəzifəsində işləyib. Onun əmək haqqısını müəssisə hər ay kart hesabına köçürüb.
32. Məhkəmə iclasında iştirakı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təmin edilmiş şahid X13 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, "xxxx" ASC-də 2002-ci ildən işləyir. Rəhbərliyin işçiləri ilə heç vaxt problemi olmamışdır. O, rəhbərliyi müəssisə yaradılmamışdan əvvəl, 1996-cı ildən tanıyır. İddiaçı barəsində tərtib edilmiş aktı o, da imzalamışdır. Onun işi altatur vallarına naxış atmaqdan ibarətdir. Bu işi o, müəssisənin başında görür. İddiaçı iş yeri isə müəssisənin digər başındadır. Digər işçilərin dediklərinə görə İddiaçı rəhbərliyin ofisinə qalxıb maaşının artmasını istəyibmiş. Deyilənlərə görə, rəhbərlikdə onun maaşını artırıb. Bundan sonra o işçilər arasında təxribat yaradaraq, onlardan işi dayandırmalarını və maaşlarının artırmasını rəhbərlikdən tələb etməli olduqlarını deyib. Onun maaşı ayda bir dəfə kart hesabına köçürülür. Onun maaşı əvvəl 1220 manat olub, artımdan sonra maaşı 1450 manatdır. O, "xxxx" ASC-də uzun illərdir müxtəlif vəzifələrdə işləmişdir.
Tətbiq edilən hüquq
33. Azərbaycan Respublikası Əmək Məcəlləsi 10-cu maddəsinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur. 68 (2-ci hissəsinin “a” bəndi). Tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 70 (“ç” bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71 (2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71 (3-cü hissə). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
72. a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 76 (1-ci hissə). İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 79 (3-cü hissə). Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir. 186 (1-ci hissə). İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 63. Maddə 186 (2-ci hissə). İşçi əmək funksiyasının tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən işçiyə inzibati tənbeh növlərindən biri olan həmin hissənin “ç” bəndində nəzərdə tutulmuş “əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək” intizam tənbehini verə bilər. 187 (2-ci hissə). İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.
34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
37. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin ləğv edilən hissə ilə bağlı mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
39. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqelərlə razılaşan məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə mövqeyində hüququ düzgün tətbiq etmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlmişdir. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi hüquq normalarını ətraflı təfsir etməklə əvvəlki apellyasiya baxışı zamanı buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir.
40. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş üzrə kassasiya inatansiyasının qərarında qeyd edilən göstərişlər üzrə araşdırma aparmaqla hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
41. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, qeyd etməyi zəruri hesab edir ki, əmək hüququnun mühüm təminatlarından biri işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarının məhdud siyahısının qanunvericiliklə müəyyən edilməsidir. Eyni zamanda, qanunvericilik qanuni əsaslar olmadan işçilərlə əmək müqaviləsini ləğv etməyi qadağan edir. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları isə Əmək Məcəlləsinin 70-ci maddəsində təsbit edilmişdir. Həmin maddədə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin altı əsası nəzərdə tutulmuşdur. Bu əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırılması isə xüsusi şərt olaraq qeyd edilmişdir. Başqa sözlə, işəgötürən bu barədə əmrdə işçinin təqsirli davranışının nədə ifadə olunmasını (nədən ibarət olmasını) habelə əmək funksiyasına daxil olan hansı işin (öhdəliklərin, xidmətin) yerinə yetirilmədiyini mütləq şəkildə göstərməli və bu lazımi sənədlərlə təsdiq olunmalıdır. Məcəllənin məhz 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsaslarla əmək müqaviləsinin ləğv edilməsinin mümkünlüyü (qanunauyğunluğu), həmçinin konkret şərtlərin (1. işçi öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirməməlidir. 2. İşçinin bu hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalı. 3. İşçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir.) mövcudluğundan asılı edilmişdir. Belə ki, bu şərtlərin mövcud olmaması bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsini birmənalı şəkildə istisna edir.
42. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi yanaşı Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması da işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarından biri kimi təsbit edilmiş, bu zaman əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilən hallar Məcəllənin 72-ci maddəsində dəqiq şəkildə müəyyən edilmişdir. Əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi də (72-ci maddənin “e” bəndi) bu hallara aid edilmişdir. Lakin bu bəndin məzmunundan da belə qənaətə gəlmək olur ki, işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirən kobud səhvlər və hüquq pozuntuları yalnız əmək fəaliyyəti müddətində və əmək fəaliyyəti ilə bağlı olmalıdır.
43. Hazırki işin faktiki hallarına əsasən cavabdeh ASC ilə iddiaşı arasında 20 oktyabr 2022-ci il tarixli, 1713 saylı əmək müqaviləsi bağlanmış, iddiaçı 21 oktyabr 2022-ci il tarixdən Mexaniki təmir sahəsinin tornaçısı vəzifəsində işə başlamışdır. Cavabdeh ASCnin 25 may 2023-cü il tarixli, 13-Ü saylı əmri ilə iddiaçının 200 manat fərdi əlavəsi ləğv edilmiş, xx.xx.2023-cü il tarixdən sonuncunun əmək haqqına hər ay 467 manat fərdi əlavə edilməsi əmr edilmişdir. 19 iyun 2023-cü il tarixli, 22-Ü saylı əmri ilə tornaçı iddiaçının 467 manat fərdi əlavəsi ləğv edilmiş, Əmək Məcəlləsinin 185-ci maddəsinə əsasən xx.xx.2023cü il tarixdən iddiaçı əmək funksiyasını yüksək peşəkarlıq səviyyəsində yerinə yetirdiyinə, müəssisədaxili intizam qaydalarına əməl edilməsində fərqləndiyinə görə, aylıq əmək haqqına hər ay 1.040 manat fərdi əlavə edilməsi əmr edilmişdir. Cavabdeh ASC-nin mexaniki sexinin rəisi Eyvaz Hüseynovun 22 iyun 2023-cü il tarixli təqdimatı və cavabdeh ASC-nin 22 iyun 2023-cü il tarixli, 25-Ü saylı əmri ilə, mexaniki təmir sahəsinin tornaçısı olan iddiaçıya, müəssisədaxili intizam qaydalarını pozduğuna, həmçinin Əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrinə səhlənkar yanaşdığına görə sonuncu xəbərdarlıqla Şiddətli Töhmət elan edilmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı ona verilmiş şiddətli töhmət əmri ilə tanış olmaq üçün dəvət olunmuş, amma sonuncu onu imzalamaqdan imtina etmişdir. Bu barədə akt tərtib edilərək, cavabdeh ASC-nin kadrlar şöbəsinin rəisi Fazil Hüseynov, hüquqşünas P.M.Əzimova və mühasib Hacıağa Qədirli tərəfindən imzalanmışdır. Bundan sonra iddiaçı iş zamanı işçilərə işi dayandırmaları, rəhbərlikdən əlavə pul ödənişləri istəmələri barədə işçilər arasında rəhbərliyə qarşı təbliğat apardığından, 19 iyul 2023-cü il tarixli akt tərtib olunaraq mexaniki təmir sahəsinin 19 nəfərdən ibarət işçisi tərəfindən imzalanmışdır. İddiaçının, Fazil Hüseynovun və müəssisənin nüfuzuna xələl gətirməsi, müxtəlif sosial şəbəkələrdə düzgün olmayan məlumatlar yerləşdirməsi əsası ilə bu barədə cavabdeh ASC-nin kadrlar şöbəsinin rəisi Fazil Hüseynov tərəfindən xx.xx.2023-cü il tarixli xidməti məlumat tərtib edilmişdir. İddiaçı sexin və müəssisənin şəklini telefonla çəkərək sosial şəbəkədə müxtəlif yerlərə və sexin işçilərinə göndərərək təxribat apardığı əsası ilə bu barədə cavabdeh ASC nin mexaniki sexinin rəisi Eyvaz Hüseynov tərəfindən 20 iyul 2023-cü il tarixli təqdimat verilmiş, iddiaçı haqqında tədbir görülməsi xahiş edilmişdir. Cavabdeh ASC-nin 24 iyul 2023-cü il tarixli, 369/k saylı əmri ilə tornaçı iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi, son haqq hesab 16 təqvim gününün iddiaçıya ödənilməsi əmr edilmişdir. Bakı şəhəri Nizami Rayon Polis İdarəsi 23-cü Polis Bölməsinin baş təhqiqatçısının 09 avqust 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarı ilə, vətəndaş İddiaçı və ASC-nin kadrlar şöbəsinin rəisi Fazil Hüseynovun qarşılıqlı şikayət ərizələri ilə əlaqədar, HK-1/1316 saylı toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
44. İddiaçı isə iddia ərizəsində həmin halları göstərmiş, həmçinin qeyd etmişdir ki, onun işdən azad edilməsi sırf rəhbərliyin şəxsi təşəbbüsü ilə edilmiş, məsələyə münasibəti soruşulmamış, onun işdən azad olunması barədə təqdimatda göstərilən halların heç biri ona aid deyil, müəssisənin nüfuzunu aşağı sala biləcək hərəkətlər etməmiş, ondan heç bir izahat alınmamışdır. Cəmiyyətin rəhbərliyi onun işdən azad olunmasını hər hansı bir sübutla əsaslandırmamış, bu barədə onun fikri aydınlaşdırılmamış, onun maddi vəziyyəti, işə ehtiyacının olması, heç bir nöqsanının olmaması nəzərə almamış, işdən azad olunduğu halda, onun işlədiyi sahədə yerinə yetirdiyi işi başqa işçiyə həvalə edilməmişdir. Bu səbəbdən də iddiasında cavabdeh ASC-nin xx.xx.2023-cü il tarixində 369/k nömrəli əmrinin etibarsız hesab edilməsi, onun işə bərpa edilməsi, məcburi iş buraxmaya görə ödənilməyən əmək haqqının ödənilməsi və ona dəymiş maddi və mənəvi ziyanın əvəzi olaraq 35.000 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
45. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ASC-nin əməkdaşına yaraşmayan, əmək fəaliyyəti ilə bir araya sığmayan hərəkətləri ilə müəssisənin nüfuzuna xələl gətirməsi işdəki sənədlərlə təsdiq olunmuşdur.
46. Bu hərəkətlərə yol verərkən iddiaçının əsl məqsədinin “müəssisənin nüfuzuna xələl gətirərək, müxtəlif sosial şəbəkələrdə onun haqqında düzgün olmayan məlumatlar yerləşdirmək, işçilər arasında müəssisənin rəhbərliyinə qarşı təbliğat aparmaq”, bununla da işçinin əmək fəaliyyəti zamanı əmək vəzifələrini kobud şəkildə pozulmaqla, kobud səhvlərə yol verməsi, işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməklə Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərə yol vermişdir.
47. İşin faktiki hallarından göründüyü kimi iddiaçının məhkəmə kollegiyasının iclasında verdiyi izahatında da onun “Tiktok” sosial şəbəkədə iş vaxtının saat 8-də başlayıb 6-da bitməsini, müqavilədə iş vaxtının saat səhər 9-da başlayıb axşam saat 5-də bitməli olmasını, paylaşımlarında əmək haqqının 3 dəfəyə verilməsini, iş vaxtının 8-dən 6ya olduğunu və 2 dəqiqə tez çıxanda onu cərimələdiklərini bildirməsini etiraf etməklə təsdiq etdiyini qeyd etsə də, bununla bağlı iddiaçının məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir.
48. Həmçinin, qeyd edilməlidir ki, İddiaçı əmək vəzifələrini kobud şəkildə pozmuş, "xxxx" ASC-nin mexaniki təmir sahəsinin tornaçısı İddiaçı iş zamanı işçilər arasında müəssisənin rəhbərliyinə qarşı təbliğat aparıb, özünün heç kimə tabe olmadığını əsas gətirərək, hamının işi dayandıraraq “ayağa qalxmasını”, rəhbərlikdən onlara əlavə pul ödənilməsini tələb etmələrini müəssisənin digər işçilərinə israrla bildirmiş, lakin təkidlərinə baxmayaraq işçilərin ona tabe olmadığını gördükdən sonra isə işçilərin arasına qayıdaraq, artıq rəhbərliklə görüşdüyünü, ona əlavə pul verilməyəcəyi təqdirdə bütün sexin işçilərini ayağa qaldıracağı ilə hədələdiyini, sosial şəbəkələrdə müəssisəni biabır edəcəyini, bunun qarşılığında rəhbərliyin ondan qorxaraq əlavə pul müavinatı verdiyini qeyd etmişdir. Bununla bağlı, 19 iyul 2023-cü il tarixdə müəssisənin digər işçilərinin iştirakları ilə, müvafiq olaraq akt tərtib edilmiş, işçilərin hər biri öz imzaları ilə aktın doğruluğunu təsdiq etmişlər. Yuxarıda qeyd edilən aktı imzalayan imzalayan işçilərdən X12, X6, X4 və X13 məhkəmə kollegiyasının iclasında verdikləri ifadələri ilə də göstərilən halları təsdiq etdiklərini bildirmişlər. O cümlədən iddiaçı əmək haqqının da 3 dəfəyə verilməsini qeyd etsə də, bu halı təsdiq edə bilməmiş, əksinə iş üzrə şahid qismində dindirilən işçilər daimi olaraq əmək haqqını ayda bir dəfə kartlarına köçürülməklə əldə etdiklərini bildirmişlər. Həmçinin iş saatlarından artıq işlmədiklərini, bir şahid isə çox az halda işləri ilə bağlı artıq işlədiyi vaxt olduğunu, lakin onun da pulunun əlavə hesablanmaqla kartına köçürülməsini bildirmişdir.
49. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası hesab edir ki, işçi və işəgötürən faktiki bərabər vəziyyətdə deyillər. Lakin bu o demək deyildir ki, işçinin əmək münasibətlərinin icrası zamanı vəzifələrini kobud şəkildə pozması halı yaranmışdırsa işəgötürən onunla əmək münasibətlərinə son verə bilməz. İşçinin zəif tərəf olması onun hüquqdan sui-istifadə etməsinə şərait yaratmamalıdır. İşçinin əmək fəaliyyəti zamanı kobud səhvlərə yol verməsi, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi nəticəsində onun təqsirliliyi müəyyən edildiyi halda işəgötürənin onunla əmək müqaviləsinin davam etdirilməsinə məcbur edilməsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsinə dair təməl prinsipinin pozulmasına səbəb olur. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, müəyyən edilmiş bu hərəkətlərə yol verərkən iddiaçının məqsədinin əsassız olaraq “müəssisənin nüfuzuna xələl gətirərək, müxtəlif sosial şəbəkələrdə onun haqqında düzgün olmayan məlumatlar yerləşdirmək, işçilər arasında müəssisənin rəhbərliyinə qarşı təbliğat aparmaq” olmuş, bununla da işçinin əmək fəaliyyəti zamanı əmək vəzifələrini kobud şəkildə pozulmaqla, kobud səhvlərə yol verməsi, işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməklə bağlı Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərə yol vermişdir.
50. Belə olan halda məhkəmə kollegiyası əmək qanunvericiliyinin tələbləri baxımından 24 iyul 2023-cü il tarixli, 369/k saylı əmri nəzərdən keçirib, onun məzmununa hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddiaçı ilə bağlanmış Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə (Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə istinad edilməklə) ləğv edilməsi üçün hər hansı pozuntu halı mövcud deyil. Əmrdə göstərilənlər qeyd edilən maddələrin tərkibini yaradır. Bu baxımdan əmr əmək qanunvericiliyinin tələbləri pozulmadan qəbul edilmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının iddia tələbini təmin etməmişdir.
51. Məhkəmə kollegiyası aparılmış araşdırmanın nəticələrinə əsaslanıb və yuxarıda qeyd edilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas vermir. Bu səbəbdən apellyasiya şikayəti təmin ediməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Azərbaycan Respublikası MPM-nin 14.5-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda, vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxs maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququna malikdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilsin.
53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 241/2024 nömrəli, 17 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Vəkil X9 iddiaçıya göstərdiyi hüquqi yardımla bağlı 16 saata görə 96 manat xidmət haqqı dövlət büdcəsindən tutularaq üzvü olduğu Bakı şəhəri 17 saylı Vəkil Bürosuna ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.