Məhkəmə qərarları › İş №2(103)-8773/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8773/2021

27.08.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8773/2021 27.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xumar Mərdanova və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “cavabdehin əməkdaşlarını cinayət məsuliyyətinə cəlb etmə, həmin əməkdaşlarla əmək müqaviləsinə xitam vermə və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin “cinayət məsuliyyətinə cəlb etmə tələbinə aid hissədə iddia ərizəsinin qəbul edilməsindən imtina olunması barədə” 29.07.2021-ci il tarixli qərardadından və “əmək müqaviləsinə xitam verilməsi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə aid hissədə iddia ərizəsinin qaytarılması barədə” 29.07.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin iş üzrə 29.07.2021-ci il tarixdə Xətai Rayon Məhkəməsi tərəfindən 2 qərardad qəbul olunub. 1-ci qərardadla qərara alınıb ki, cinayət məsuliyyətinə cəlb etmə tələbinə aid hissədə iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun. 2-ci qərardadla qərara alınıb ki, əmək müqaviləsinə xitam verilməsi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə aid hissədə iddia ərizəsi geri qaytarılsın. İddiaçı şikayət verərək tələb edib ki, bu qərardadlar ləğv edilsin. Məhkəmə şikayətin həlli ilə bağlı aşağıdakıları qeyd edir. 1-ci qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində tələb edib ki, Cavabdeh 7 əməkdaşı Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilsin. Həmin 7 nəfər Cavabdeh İB-də müxtəlif vəzifələrdə - nəzarətçi, hüquqşünas, struktur bölmənin rəisi və rəis müavini vəzifəsində çalışır. Xətai Rayon Məhkəməsi düzgün olaraq bu hissədə iddia ərizəsini qəbul etməkdən imtina edib. Belə ki, Mülki-Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddia ərizəsini qəbul etməkdən imtina edir. Cinayət məsuliyyətinə cəlb etmə barədə tələbə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyil. 2-ci qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində tələb edib ki, Cavabdeh rəisi X1 Əliyev Fondunun əmrinin şərtlərini kobud şəkildə pozduğuna görə mənəvi zərərin əvəzi kimi 1.000.000 (bir milyon) manat ödəsin, o cümlədən yuxarıda göstərilən, Cavabdeh İB-nin 7 əməkdaşı ilə olan xidməti müqaviləyə (əmək müqaviləsinə) xitam verilsin. Xətai Rayon Məhkəməsi düzgün olaraq bu hissədə iddia ərizəsinin qaytarılmasını qərara alıb. Belə ki, iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilməyib. Mülki-Prosessual Məcəllənin 152.1.5-ci maddəsinə görə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, iddia ərizəsində anlaşılmayan bir neçə tələb irəli sürülüb. Mülki- Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə görə iddia ərizəsində iddia tələbi göstərilməlidir. Bu maddədə “tələb” deyildikdə anlaşılan tələb başa düşülür. Çünki tələb anlaşılmadıqda həmin tələb üzrə araşdırma aparılması və onun həll edilməsi mümkün olmur. Tələb anlaşılmadıqda, yəni qeyri-müəyyən olduqda, bu hal belə qiymətləndirilir ki, iddia ərizəsinin məzmununa dair qanunun göstərişinə əməl edilməyib. Mülki-Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, qərardadlar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət rədd olunsun. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin “cinayət məsuliyyətinə cəlb edilmə tələbinə aid hissədə iddia ərizəsinin qəbul edilməsindən imtina olunması barədə” 29.07.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin “əmək müqaviləsinə xitam verilməsi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə aid hissədə iddia ərizəsinin qaytarılması barədə” 29.07.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar