Məhkəmə qərarları › İş №2(103)-8774/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8774/2021

28.09.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8774/2021 28.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, Cavabdeh etibarnamə əsasında nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5021/2021 saylı, 16 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “əmrin etibarsız hesab edilməsi, əmək müqaviləsinin yenidən bağlanması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış 13.02.2018-ci il tarixli 19 nömrəli müqavilənin etibarsız hesab edilməsi haqqında Cavabdeh 15.02.2021-ci il tarixli N: SOCAR**********00070020B00129 saylı əmrinin etibarsız hesab edilməsi və onunla yenidən müddətsiz müqavilə bağlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılarkən 05.07.2021-ci il tarixdə İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, onunla Cavabdeh arasında bağlanmış 13.02.2018-ci il tarixli 19 nömrəli müqavilənin etibarsız hesab edilməsi və ona dəymiş 150.000 manat mənəvi ziyanın ödənilməsi, onunla yenidən müddətsiz əmək müqaviləsinin bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, SOCAR-ın Cavabdehnə “Bakı Regional qaz istismar Departamenti Mərkəzi rayonlar üzrə Texniki istismar Xidmətinə 3-cü dərəcəli qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər vəzifəsinə işə qəbul olunmuşdur. Belə ki, ilkin olaraq 2018-ci ildə o, SOCAR-a işə düzəlmişdir və kimsəsiz olduğundan mənzil növbəsinə durmuşdur. 2018-ci ildə onunla yeni Əmək Müqaviləsi bağlanmış, həmin müqavilənin müddəti bir il müddətinə 13.02.2018-ci ildən 13.02.2019-cu ilə kimi qeyd edilmişdir. Halbuki, onun icra etdiyi iş daimi xarakter daşıyır və həmin işin icrası ona və ya başqa bir şəxsə həvalə edilməlidir. Əks təqdirdə qaz tənzimləyicilərinə nəzarət mümkün olmayacaqdır. İşlədiyi müddətdə öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmişdir. Cavabdeh İB-nin 15.02.2021-ci il tarixli N: SOCAR 2İ**********070020B00129 saylı əmri ilə onunla bağlamış, 13.02.2018-ci il tarixli 19 nömrəli müqaviləyə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq heç bir səbəb olmadan 15.02.2021-ci il tarixində xitam verilmişdir. Onunla əmək müqaviləsinə xitam verilməsi əsassızdır və etibarsız hesab edilməli və yenidən onunla müdətsiz müqavilə bağlanmalıdır. Azəriqaz” İB müddətsiz müqavilənin şərtini birtərəfli qaydada dəyişmişdir. Cavabdeh İB bu barədə ona öncədən heç bir xəbərdarlıq etmədiyinə görə ona 20.000 manat məbləğində vurulmuş mənəvi ziyanın ödənilməsini və qətnamə çıxarılmasını xahiş edir. O, X6 dəstəyi ilə Azəriqaz” İB-nə 13.02.2018-ci il tarixdə daxil olmuş, lakin Azəriqaz” İB X2 müqaviləyə xitam verilməsi ilə bağlı heç bir sorğu göndərmədiyinə görə 150.000 manat təzminat ödəməsini xahiş edir. Onun iş yeri Azəriqaz İB olduğundan yaşayış yeri də həmin müəssisənin yataqxanasındadır. O, işdən çıxacağı təqdirdə, yataqxanadan da çıxarılacaqdır və növbəti mərhələdə o, mənzillə təmin olunmayacaqdır. İşdən əsassız çıxarılmağı onun konstitusion hüququnun pozulması deməkdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5021/2021 saylı, 16 iyul 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı onunla Cavabdeh arasında bağlanmış 13.02.2018-ci il tarixli 19 nömrəli müqavilənin etibarsız hesab edilməsi və ona dəymiş 150.000 manat mənəvi ziyanın ödənilməsi, onunla yenidən müddətsiz əmək müqaviləsinin bağlanması barədə iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, onunla Əmək müqaviləsinə xitam verilməsi əsassızdır. 19 nömrəli müqavilə bağlanılan zaman ona təzyiqlər görsədilib, 19-nömrəli müqavilə məcburi bağlanılıb tərəflərin qarşılıqlı razılığı hədə qorxu ilə razılaşdırılıb ki, imza atmasan müqavilənə xitam veriləcək, sözünü ona cavabdeh Azəriqaz bildirmişdir. Cavabdeh müddətsiz müqavilənin şərtini bir tərəfli qaydada dəyişmişdir. Cavabdeh İB-yi 19-nömrəli müqavilənin şərtlərini dəyişdikdə bu barədə onu əvvəlcədən xəbərdarlıq etmədiyinə görə və əqdin şərtlərini qarşılıqlı razılaşma əsasında yox Əqdin formasını bir tərəfli tərtib etdiyi andan cavabdeh qanun pozuntusu etmişdir. Cavabdeh tərəfindən qabaqcadan işdən çıxmağı barədə heç bir xəbərdarlıq edilməmişdir. Cavabdeh İB-də 3 il iş starjı olmağına baxmayaraq cavabdeh azı 4-təqvim həftəsini pozub ona heç bir xəbərdarlıqla bildiriş təqdim etməmişdir. Cavabdeh İB-yi Əmək Məcəlləsinin 76.1, 46.5 və 46.6 maddələrinin tələblərini pozmuşdur. Cavabdeh İB-yi onunla 13.02.2018-ci il tarixdə müqavilə bağladığı zaman qanun pozuntusuna yol verib Əqdin şərtini bir tərəfli dəyişmiş və bu barədə ona əvvəlcədən heç bir xəbərdarlıq etməyib, 19 nömrəli müqavilə məcburi bağlanılmışdır. Apelyasiya şikayətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5021/2021 saylı, 16 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında İddiaçı apelyasiya şikayətini müdafiə etdiyini bildirdi, iddia ərizəsində göstərilənlərə və apelyasiya şikyətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5021/2021 saylı, 16 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh etibarnamə əsasında nümayəndəsi X3 İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5021/2021 saylı, 16 iyul 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının işdən çıxarılmasına əsas işçi ilə bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi olmuş və gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68 və 73-cü maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası İddiaçı və Cavabdeh İB-nin nümayəndəsi Tehran Hacıyevin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş materiallarında olan, 19 nömrəli, 13.02.2018-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, SOKAR Cavabdeh baş direktoru X5 ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə əsasən işçi İddiaçı Birliyin Bakı regional qaz istismarı Departamenti Mərkəzi rayonlar üzrə Texniki İstismar Xidmətinə 3-cü dərəcəli qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi 13.02.2018-ci il tarixdən 13.02.2019-cu il tarixinədək 1 il müddətinə bağlanmışdır.(İ.v. 5 - 8) İş materiallarından olan, əmək müqaviləsinə xitam verilməsi haqqında №:Socar**********00070020B00129 saylı, 15 fevral 2021-ci il tarixli əmrin surətindən görünür ki, İddiaçı ilə bağlanmış 19 nömrəli, 13.02.2018-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinin “b” bəndi ilə Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq, xitam verilmişdir.(İ.v. 9; 56) İş materiallarında olan, Cavabdeh İB tərəfindən İddiaçı ünvanlanmış 05.02.2021-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında məlumat verilmişdir.(İ.v. 11) İş materiallarında olan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (011)-2919/2021 saylı, 19.03.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh İB-nə qarşı 13.02.2018-ci il tarixdə bağlanmış 19 №-li müqavilənin xitam olunması barədə 15.02.2021-ci il tarixli, SOCAR**********0Ö070020B00129 saylı əmrin ləğv edilməsi, onun işə bərpa olunması və əmək müqaviləsinin davam etdirilməsi barədə iddiası təmin edilməmişdir.(İ.v. 131 - 236) İş materiallarında olan, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4663/2021 saylı, 24.05.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2919/2021 saylı, 19.03.2021-ci il tarixli qətnaməsindən verdiyi apelyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 2919/2021 nömrəli saylı işi üzrə 19.03.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur.(İ.v. 140 - 146) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Həmin Məcəllənin 42-ci maddəsinin 2-ci hissəsində əmək müqaviləsində mütləq göstəriləməli olan əsas şərtlər və məlumatlar qeyd edilmişdir: a) işçinin soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, onun seriya və nömrəsi, pin kodu, verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı; b) işəgötürən hüquqi şəxs olduqda onun adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), hüquqi ünvanı, fiziki şəxs olduqda onun adı, soyadı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), sosial sığorta nömrəsi (SSN), ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası, nömrəsi, pin kodu və ya fərdi identifikasiya nömrəsi (FİN), verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı; c) işçinin iş yeri, vəzifəsi (peşəsi); ç) əmək müqaviləsinin bağlandığı və işçinin işə başlamalı olduğu gün; d) əmək müqaviləsinin müddəti; e) işçinin əmək funksiyası; ə) işçinin əmək şəraitinin şərtləri - iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması; f) tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri; g) işçiyə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi üçün şəraitin yaradılması; ğ) ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla, işçinin sosial sığorta nömrəsi (SSN); h) işçinin iş yerinin əsas və ya əlavə iş yeri olması barədə qeyd; x) tərəflərin müəyyən etdiyi əlavə şərtlər barədə məlumatlar. Həmin Məcəllənin 45-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 47-ci maddəsinin “f” bəndinə əsasən, müddətli əmək müqaviləsinin bağlandığı hallardan biri də, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı əsasında bağlanmasıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən: 73.1 Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 73.2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən: 58.1. Əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır. 58.2. Əvəzçilik üzrə iş vaxtının müddəti bu Məcəllənin 89-cu maddəsi ilə müəyyən edilmiş normanın yarısından çox olmamaqla tərəflərin razılığı ilə müəyyən edilir. 58.3. İş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində işləməyə əsas iş yeri üzrə işəgötürənin razılığı tələb edilmir. İş vaxtı ərzində isə əvəzçilik üzrə işləməyə işəgötürənin razılığı ilə yol verilir. Əvəzçilik üzrə əmək şəraitinin şərtlərini, əmək funksiyasının həcmini əlavə iş yerinin işəgötürəni ilə əmək müqaviləsi bağlanarkən tərəflərin özləri müəyyən edirlər. 58.4. Əlavə iş yerində əvəzçilik üzrə əmək fəaliyyəti göstərən işçilərə bu maddənin beşinci və altıncı hissələrində göstərilən hallar istisna olunmaqla heç bir məhdudiyyət qoyulmadan əmək qanunvericiliyi ilə müəyyən edilmiş bütün normalar, qaydalar və müddəalar şamil edilir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 83-cü maddəsinə görə: 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki qanunvericiliyin tələbinə görə müqavilə (əqd) mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Müqavilənin (əqdin) etibarlı olması üçün qanunda nəzərdə tutlmuş formaya riayət edilməsi zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Göründüyü kimi əqdin etibarsız hesab edilməsi üçün həmin əqdin qanunvericiliklə müəyyən edilən şərtlərə əməl edilməməklə bağlanması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Hazırkı mübahisə üzrə isə bağlanmış əmək müqaviləsinin etibarlılığını şübhə altına alan belə bir hal müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş tərəflər arasında bağlanmış 19 saylı, 13.02.2018-ci il tarixli əmək müqaviləsinin məzmunundan görünür ki, həmin müqavilə əmək və mülki qanunvericiliyin normalarına, onun bağlanma forma və məzmununa riayət edilməklə, mühüm şərtləri barədə, o cümlədən əmək müqavilənin müddətli bağlanması barədə işçi ilə işəgötürən arasında razılığa gəlinməklə bağlanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbində işdən çıxarılmasının qanunsuz olduğunu bildirsə də, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmaqla xitam verilmiş, əmək qanunvericiliyinin tələbləri pozulmamışdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, hazırkı işdə tərəf olan Cavabdeh İB-nin İddiaçı ilə arasında olan əmək və hüquq münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə tənzimlənmiş, onlar arasındakı əmək münasibətlərinin əsas şərtləri, hüquq və vəzifələri yazılı müqavilədə öz əksini tapmışdır. Məhkəmə kollegiyası hesab edir edir ki, tərəflər arasında bağlanmış müddətli əmək müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq bağlandığından, onun etibarsız hesab edilməsi üçün heç bir əsasın müəyyən edilməməsi və ona görə də iddia tələbinin bağlanmış müddətli əmək müqaviləsinin etibarsız hesab edilməsi və iddiaçı ilə yenidən müddətsiz əmək müqaviləsinin bağlanması hissələrində təmin edilməməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı apelyasiya şikayətində 19 nömrəli, 13.02.2018-ci il tarixli əmək müqaviləsi bağlanarkən ona təzyiqlər görstərildiyini, müqavilənin məcburi bağlanılıb tərəflərin qarşılıqlı razılığının hədə qorxu ilə razılaşdırıldığını, imza atmasa müqaviləyə xitam veriləcəyinin ona cavabdeh tərəfindən bildirildiyini, cavabdeh tərəfindən qabaqcadan işdən çıxmağı barədə heç bir xəbərdarlıq edilmədiyini, Cavabdeh İB-nin onunla 13.02.2018-ci il tarixdə müqavilə bağladığı zaman qanun pozuntusuna yol verib Əqdin şərtini bir tərəfli dəyişdiyini və bu barədə ona əvvəlcədən heç bir xəbərdarlıq etmədiyini bildirsə də, bunu təsdiq edən mötəbər sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Bundan başqa, İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsində maddi və prosessual hüquq normalarının pozulmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar araşdırılmadan və sübut edilmədən qətnamə qəbul edilməsini göstərsə də həmin halları təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bеləliklə, məhkəmə kollеgiyası İddiaçı apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5021/2021 saylı, 16 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, İddiaçı apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5021/2021 saylı, 16 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar