Məhkəmə qərarları › İş №2(103)-8776/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8776/2021

17.09.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8776/2021 17.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 may 2021-ci il tarixli qətnamədən cavabdeh Birliyin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının nümayəndəsi (atası) X7, iş üzrə üçüncü şəxs olan X9 Xidməti Bakı Şəhər İdarəsinin nümayəndəsi X8 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Birliyə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək onun əvvəlki işinə - Birliyin Metrologiya Departamentinin X1 Nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əməkhaqqının cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2008-ci ildən Birlikdə müxtəlif vəzifələrdə işləmişdir. İş vəzifəsini icra edən zaman, yəni 2018-ci ilin iyun ayının 25-dən 26-na keçən gecə, iddiaçı, ünvan 1 ünvanında yerləşən mənzildə qaz sızmasını aradan qaldırdıqdan sonra həmin mənzildə pilləkənlarla 1-ci mərtəbəyə düşərkən hündürlükdən yıxılıb xəsarət almışdır. Bu barədə “İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında akt” tərtib olunmuşdur. Hadisə nəticəsində iddiaçının sağ qulağı 4-cü dərəcə kar olmuş, kəlləbeyin travması almış, beynində 4 mm aralanma yəni, çat yaranmış, sağ ayağı bud sümüyündən qırılmış, sağ gözü zədə almış, hal-hazırda görmə qabiliyyəti 60 faizdir. 2018ci ilə ayağına qoyulmuş mil hələ də çıxarılmamışdır. Sağ əli tam olaraq işləmir. Hadisə nəticəsində iddiaçıya 5 il müddətinə İİ qrup əlil dərəcə verilmişdir. Əmək qabiliyyətinin 70 faizini itirdiyinə görə iddiaçıya 30 faizə görə işləməyə icazə verilmişdir. İş yerindən iddiaçıya məcburi ərizə yazdıraraq əvvəlki iş yerini dəyişdirərək, 07.05.2019-cu il tarixdən Birliyin “Metrologiya Departamentinin Sayğacların Müayinəsi Laboratoriyasında nəzarətölçü cihazları və avtomatika üzrə çilingər peşəsinə işə qəbul etmişdirlər. İddiaçı səhhəti ilə əlaqədar mütəmadi olaraq müalicədə olmuşdur. Sonradan iddiaçıya iş yerindən bildirmişdirlər ki, o işdən azad edilmişdir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı, istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət aldığı üçün mütəmadi olaraq müalicə aldığına görə cavabdeh Birliyin rəhbərli ona qarşı qərəzli olaraq onu işdən çıxarmışdır. İşdən çıxarılarkən ona bu barədə əmrin surəti və əmək kitabçası təqdim olunmayıb. Birlik tərəfindən bu cür qanunsuz hərəkəti, himayəsində 3 azyaşlı uşağı olan İİ qrup əlil olan iddiaçının onsuz da yaxşı olmayan maddi vəziyyətini daha da dözülməz həddə çatdırıb. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 20.05.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini, iddiaçının işdən azad olunması barədə cavabdeh Birliyin 02.11.2020-ci il tarixli əmrinin ləğv edilməsini, iddiaçının cavabdeh Birliyin Metrologiya Departamentinin X1 nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər vəzifəsinə bərpa edilməsini və məcburi iş buraxma müddəti üçün əmək haqqının Birlikdən tutularaq iddiaçıya ödənilməsini qət etmişdir. Cavabdeh Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş və nəticədə əsassız qətnamə qəbul etmişdir. Belə ki, “əmrin ləğv edilməsi barədə” tələb olmadığı halda Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə iddia tələbindən kənara çıxaraq Birliyin 02.11.2020-ci il tarixli əmrinin ləğv edilməsini qət etmişdir. Bundan başqa Rayon Məhkəməsi nəzərə almamışdır ki, 02.11.2020-ci il tarixdə işdən azad edilmiş iddiaçı iddia ərizəsi ilə 05.04.2021-ci il tarixdə məhkəməyə müraciət etməklə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulmuş 1 aylıq iddia müddətini ötürmüşdür. İddia müddətinin ötürülməsi isə iddia tələbinin rədd edilməsi üçün əsasdır. Cavabdeh Birlik işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçının nümayəndəsi (atası) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına izahat verdi. İş üzrə üçüncü şəxs olan X9 Xidməti Bakı Şəhər İdarəsinin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə bildirdiklərindən görünür və tərəflər arasında mübahisə doğurmur ki, iddiaçı 2008-ci ildən Birlikdə müxtəlif vəzifələrdə işləmişdir. İş vəzifəsini icra edən zaman, yəni 2018-ci ilin iyun ayının 25-dən 26-na keçən gecə, iddiaçı, Birliyin abonenti olan şəxsin mənzildə qaz sızmasını aradan qaldıran zaman hündürlükdən yıxılaraq xəsarət almışdır. Bu barədə “İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında akt” tərtib olunmuşdur. Aldığı xəsarətlər ilə bağlı iddiaçıya 5 il müddətinə İİ qrup əlil dərəcə verilmişdir. İddiaçı əmək qabiliyyətinin 70 faizini itirmişdir. Bundan bir müddət sonra, iddiaçının vəzifəsi dəyişdirilmiş və o, 07.05.2019-cu il tarixdən Birliyin “Metrologiya Departamentinin Sayğacların Müayinəsi Laboratoriyasında nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər peşəsinə işə qəbul edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən iddiaçı əmək zədəsi səbəbi ilə 18.01.2019-cu il tarixdə 18.01.2024-cü il tarixədək ikinci dərəcəli əlillik dərəcəsi təyin edilmişdir, o, əmək qabiliyyətini 70 faiz itirmişdir. Birliyin Metrologiya Departamentinin rəisi tərəfindən Birliyin Baş direktoruna ünvanlanmış 01.08.2019-cu il tarixli əmək və icra intizamı haqqında məktubdan görünür ki, həmin məktubla Departamentin rəisi Birliyin Baş direktoruna bildirmişdir ki, iddiaçı, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “b” və “e” bəndlərinin tələblərinə riayət etməyərək əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmədən iş vaxtı işə gecikmiş, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmuşdur. Həmin məktubla Departamentin rəisi Birliyin Baş direktorundan xahiş etmişdir ki, əmək intizamının gücləndirilməsi, bu kimi halların təkrarlanmasının qarşısının alınması məqsədi ilə Metrologiya Departamentinin Sayğacların Müayinəsi Laboratoriyasının 6-cı dərəcəli Nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingəri olan iddiaçıya işə çıxdığı vaxt Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndində nəzərdə tutulan intizam tənbehi “töhmət” verilməsinə münasibət bildirməyini xahiş etmişdir. Cavabdeh İB-nin Hüquq Departamentinin rəisinin Birliyin Baş direktoruna ünvanladığı “araşdırmanın nəticəsi haqqında” xidməti yazıya əsasən iddiaçının müalicə olunub-olunmaması ilə bağlı Birliyin 27.02.2020-ci il tarixli, SOCAR**********0560046X01202 nömrəli məktubu ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə müraciət edilmişdir. Həmin Nazirliyin 2 nömrəli X3 təqdim etdiyi 10.03.2020-ci il tarixli, 1/293 nömrəli cavab məktubunda iddiaçının “Baş-beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişiklikləri, kobud davranış pozuntuları diaqnozu ilə müalicə olunduğu, əmək qabiliyyətinin 70 faiz itirildiyi, ona 2-ci dərəcəli əlillik təyin edildiyi göstərilmiş və müalicə olunduğu dövr üçün tibb müəssisəsi tərəfindən ona əmək qabiliyyətinin olmaması vərəqəsi verildiyi qeyd edilmişdir. Həmçinin, iddiaçının 2020-ci ilin yanvar, fevral, mart aylarında müalicədə olduğunu, müalicəsinin davam etdiyini təsdiq edən 582216, 677511, 790612 nömrəli xəstəlik vərəqələrini X2 təqdim etdiyi məlum olmuş və onun üzrsüz səbəbdən işə gəlməməsi, müəyyən edilməmişdir. Bakı Regional Qaz İstismarı Departamentinin işçilərinin əmək funksiyasının icrasına maneçilik törətdiyinə və qaz xəttinin əvvəlki vəziyyətinə qaytarılmasına imkan vermədiyinə görə İddiaçı barəsində qanunamüvafiq tədbirlərin görülməsi ilə bağlı Birliyin 14.04.2020-ci il tarixli, SOCAR202900Q**********5X00587 nömrəli məktubu ilə Binəqədi Rayon Polis İdarəsinə müraciət edilmişdir. Birliyin Metrologiya Departamentinin rəisi tərəfindən Birliyin Baş direktoruna ünvanlanmış müraciətə baxılması haqqında məktuba əsasən Birliyin Metrologiya Departamentində verilmiş rəyə uyğun iddiaçının ixtisasına və peşəsinə uyğun olan müvafiq iş yeri yoxdur. İddiaçı işə qəbul olunduğu gündən (07.05.2019-cu il) bu günədək mütəmadi olaraq uzun müddət səhhəti ilə əlaqədar işdə olmamış, toplam olaraq işə çıxdığı bir neçə həftə ərzində isə əmək və icra intizamını daim pozmuş və bunun nəticəsində də intizam məsuliyyətinə cəlb edilmişdir. Sonuncu dəfə isə əmək və icra intizamını kobud pozduğuna görə onunla bağlanılmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi barədə müraciət edilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq X5 Komitəsi tərəfindən X6 Komitəsinin Rəyasət Heyətinin 39 nömrəli, 29.07.2020-ci il tarixli protokoluna əsasən iddiaçı ilə bağlanılmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə etiraz edilməmişdir. Lakin iddiaçı həmin müddətdə növbəti əmək məzuniyyətində olduğundan daha sonra isə hal-hazıradək səhhəti ilə əlaqədar işə çıxmadığından onunla bağlanılmış əmək müqaviləsinin ləğv edilməsi barədə əmr rəsmiləşdirilməmişdir. İddiaçı 04.08.2020-ci İ tarixdən 14.09.2020-ci il tarixədək növbəti əmək məzuniyyətində olmuş, 15.09.2020-ci il tarixdə işə başlamalı olduğu halda bu günədək işə gəlməmiş, işə gəlmədiyi günlər üçün 21.09.2020-ci il tarixdən 21.10.2020-ci il tarixədək əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə xəstəlik vərəqəsi təqdim etmiş, lakin 15.09.-18.09.2020-ci il tarixlərində işdə olmaması üçün hər-hansı bir üzürlü səbəbi təsdiq edən sənəd təqdim etməmişdir. Birliyin Metrologiya Departamentinin rəisi tərəfindən Birliyin Baş direktoruna ünvanlanmış 08.07.2020-ci il tarixli əmək və icra intizamı haqqında məktuba əsasən, iddiaçının əmək və icra intizamını pozaraq işə gecikməsi, iş yerini özbaşına tərk etməsi və işlədiyi strukturun rəhbərliyinin ünvanına təhqiramiz ifadələr işlətməsi bundan əvvəl də baş vermişdir. Bununla bağlı iddiaçı barəsində müvafiq intizam tənbehinin görülməsi barədə 01.08.2019-cu il tarixli SOCAR 1929450**********5X00010 nömrəli xidməti yazı ilə Birliyin Baş direktoruna müraciət olunmuşdur. Lakin, iddiaçı həmin vaxtdan 01.07.2020-ci il tarixədək davamlı olaraq işdə olmadığı üçün (üzürlü səbəbdən, həmin müddət üçün əmək qabiliyyətinin müvəqqəti itirilməsi vərəqələri təqdim edilib) ona Birliyin 07.07.2020-tarixli SOCAR **********00040020A00349 saylı əmri ilə “töhmət” intizam tənbehi verilmişdir. İddiaçı ilə bağlanılmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsininə münasibət bildirməyini xahiş etmişdir. Birliyin 02.11.2020-ci il tarixli əmrindən görünür ki, iddiaçı ilə 07.05.2019-cu il tarixdə bağlanmış 169 nömrəli “Əmək müqaviləsi” Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq, əmək funksiyasını yerinə yetirməməsi ilə əlaqədar 02.11.2020-ci il tarixdən ləğv edilmişdir. 02.11.2020-ci il tarixli xxxxxxx0003X0 saylı “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən” görünür ki, Birlik ilə iddiaçı arasında bağlanılmış “Əmək müqaviləsinə” Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. “Əmək müqaviləsinin ləğvi ilə əlaqədar əmrlə tanış olmaq və əmək kitabçasını götürməkdən, T-2 vərəqəsini imzalamaqdan imtina edilməsi haqqında” 02.11.2020-ci il tarixli aktdan görünür ki, Birliyin İdarəetmə aparatının insan resursları Şöbəsinin kadrlar üzrə mütəxəssisi Aygün Zeynalova, Metrologiya Departamentinin Sayğacların müayinəsi Laboratoriyasının rəisi ilham Həsənov, həmin Şöbənin rəis müavini Mahir Həsənov, Birliyin Metrologiya Departamentinin Hüquq Şöbəsinin böyük hüquq məsləhətçisi Namiq Vəliyev və Metrologiya Departamentinin ƏM və TT üzrə böyük mühəndis Cavanşir Mehdiyev bu aktı tərtib etmişlər ona görə ki, Birliyin Metrologiya Departamentinin Sayğacların müayinəsi Laboratoriyasının 6-cı dərəcəli nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingəri olan iddiaçı onunla bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsi ilə bağlı 02.11.2020-ci il tarixli əmrlə tanış olmaq və “Əmək kitabçasını” götürməkdən, son haqq-hesab vərəqəsini, T-2 vərəqəsini imzalamaqdan, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişini almaqdan imtina etmişdir. X9 Xidməti Bakı Şəhər İdarəsinin 28.04.2021-ci il tarixli **********3 nömrəli məktubundan görünür ki, cavabdeh Birliyin rəhbərliyi və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən müəyyən edilmişdir ki, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” 02.11.2020-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Lakin Birlik tərəfindən “Əmək müqaviləsinə” xitam verilərkən Əmək Məcəlləsinin 79-cu maddəsinin 3-cü hissəsinin tələbləri nəzərə alınmamışdır. Bununla bağlı Birliyində vəzifəli şəxsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə müvafiq olaraq 26.04.2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İddiaçının cavabdeh Birliyə işə bərpa edilməsi ilə bağlı Əmək Məcəlləsinin 300-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə görə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilə bilər. Məcəlləsinin 79-cu maddəsinin 3-cü hissəsinə görə, müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə görə, işəgötürənlər həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi olan işçilərin, onların arzusu ilə və bu Qanunun 11-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş X4 nəzərə alaraq, işə düzəlməsi üçün iş yerləri ayırmağa və ya yenilərini təşkil etməyə borcludurlar. Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə görə, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Məcəllənin 297-ci maddəsinə görə, fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Əmək Məcəllənin 300-cü maddəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Qeyd edilən maddi hüquq normalarının tələblərindən müzakirə edilən mülki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” cavabdeh Birliyi tərəfindən yuxarıda qeyd edilən əsasla xitam verərkən Əmək Məcəlləsinin 79-cu maddəsinin 3-cü hissəsinin tələblərini nəzərə alınmamışdır. Belə olan halda hesab edilməlidir ki, iddia əsaslıdır və işə baxmış Rayon Məhkəməsi eyni əsasla eyni nəticəyə gəlməkdə haqlı olmuşdur. Cavabdeh Birliyin apellyasiya şikayətində ifadə olunmuş dəlillərindən biri ondan ibarətdir ki, işə baxmış Rayon Məhkəməsi nəzərə almamışdır ki, 02.11.2020-ci il tarixdə işdən azad edilmiş iddiaçı iddia ərizəsi ilə 05.04.2021-ci il tarixdə məhkəməyə müraciət etməklə Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulmuş 1 aylıq iddia müddətini ötürmüşdür. İddia müddətinin ötürülməsi isə iddia tələbinin rədd edilməsi üçün əsasdır. Bununla bağlı Məhkəmə bildirir ki, iş materiallarından görünür ki, həqiqətən də iddia ərizəsi 05.04.2021-ci il tarixdə Rayon Məhkəməsinə daxil olmuş və işin baxılması zamanı cavabdeh Birliyin nümayəndəsi tərəfindən “iddia müddətinin tətbiqi barədə ərizəsi” verilmişdir. İş materiallarından həmçinin görünür ki, iddiaçı, onunla bağlanmış “Əmək müqaviləsinin” ləğv edilməsi ilə bağlı 02.11.2020-ci il tarixli əmrinin surətini həmin tarixdə qəbul etməkdən imtina etmiş, bununla belə o, həmin əmrlə bağlı 2020-ci ilin noyabr ayında X9 Xidməti Bakı Şəhər İdarəsinə müraciət etmişdir. Müraciətə X9 Xidmətinin Bakı Şəhər İdarəsinə baxılmış və aparılan araşdırmanın nəticəsi barədə iddiaçıya 28.04.2021-ci il tarixdə məlumat verilmişdir. İddiaçı hazırki iddia ərizəsi ilə Rayon Məhkəməsinə 05.04.2021-ci il tarixdə müraciət etmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndinə görə, bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən- iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçının hazırki mübahisənin həlli məqsədilə ilk öncə X9 Xidmətinə müraciət etməsi iddia müddətinin üzürlü səbəbdən ötürülməsi kimi nəzərə alınmalıdır. Çünki iddiaçı həmin Xidmətə müraciət etdiyi andan Birliyin əmri ilə razı olmadığını nümayiş etmiş və onun həmin Xidmətə müraciət etməsi pozulmuş əmək hüquqlarının bərpası ilə bağlı olmuşdur. Bu baxımdan hesab edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi cavabdeh Birliyin nümayəndəsi tərəfindən verilmiş “iddia müddətinin tətbiqi barədə ərizəni” təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlili əsassızdır. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, “əmrin ləğv edilməsi barədə” tələb olmadığı halda Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə iddia tələbindən kənara çıxaraq Birliyin 02.11.2020-ci il tarixli əmrinin ləğv edilməsini qət etmişdir. Bu dəlil ilə bağlı Məhkəmə qeyd edir ki, MPM-nin 218.3-ci maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İddia ərizəsindən görünür ki, iddiaçının tələbi onun əvvəlki işinə bərpa edilməsi barədədir. Bu və Əmək Məcəllənin yuxarıda qeyd edilmiş 300-cü maddəsinin tələbi nəzərə alındıqda müəyyən edilir ki, işə baxmış Rayon Məhkəməsi iddiaçının işdən azad olunması barədə cavabdeh Birliyin 02.11.2020-ci il tarixli əmrinin ləğv edilməsini qət etməklə iddia tələbindən kənara çıxmamışdır. Apellyasiya şikayətinin müzakirə edilən bu dəlili də əsassızdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Birlik tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh “Azərqaz” İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 may 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Birlik tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar