Məhkəmə qərarları › İş №2(103)-8781/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8781/2021

23.08.2021 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8781/2021 23.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh 5 saylı Bakı “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı “bağışlama müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 20 may 2021-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdehə qarşı irəli sürdüyü “bağışlama müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə” iddia ərizəsi əsasında başlanmış mülki işə baxmış Sabunçu Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 20.05.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkündür. Belə ki, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə bildirir ki, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq müddətin axımı qətnamənin tərəfə rəsmi təqdim edildiyi vaxtdan başlayır. İş materiallarında olan sənədlərdən görünür ki, hazırki mülki iş üzrə 20.05.2021-ci il tarixdə qəbul edilmiş qətnamə işdə iştirak edən şəxslərə, o cümlədən iddiaçıya göndərilmişdir. İşdə olan “Poçt göndərişinin verilməsi haqqında xəbərnamədən” (iş v. 53) görünür ki, qətnaməni iddiaçı 15.06.2021-ci il tarixdə qəbul etmiş və bunu xəbərnamənin “şəxsən” qrafasında öz imzası ilə təsdiq etmişdir. Belə olan təqdirdə hesab edilməlidir ki, qətnamə iddiaçıya rəsmi qaydada verilmiş və qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin sonuncu günü 15.07.2021-ci il hesab edilir. Lakin cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti 22.07.2021-ci il tarixdə kuryer xidmətinə təhvil verilmişdir (iş v. 60). Beləliklə, Məhkəmə tərəfindən müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamədən apellyasiya şikayətinin verilməsi müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş müddəti ötürmüş iddiaçı “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etməmişdir. MPM-nin 363.1.3-cü maddəsinə görə, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, o, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin, Rayon Məhkəməsi qanunun bu tələbinə əməl etməmiş, prosessual müddətin ötürülübötürülməməsi məsələsini müzakirə etmədən şikayəti mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. MPM-nin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Odur ki, Məhkəmə hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilməli və şikayət mülki işlə birlikdə Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 366-cı maddəsini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh 5 saylı Bakı “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı “bağışlama müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 20 may 2021-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti, mülki işlə birlikdə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar