Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8789/2021 15.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(004)-3996/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Haqverdiyev Əbdülrəhim küçəsində yerləşən 23 nömrəli binanın 42 saylı mənzilinin boşaldılması və həmin mənzilin İddiaçı ASC-yə təhvil verilməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdi. İddia tələbi onunla əsaslandırılır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər "xxxx" MMC və X6 qarşı “kredit borcunun tutulması və ipoteka predmetinə yönəldilməsinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 22.12.2014-cü il tarixli 2(001)- 2616/2014 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən İddiaçı ASC-nin xeyrinə 282200 manat əsas kredit, 86205,10 manat faiz, 10000 manat dəbbə pulu, cəmi 378405 manat tutulması və tutmanın cavabdeh X6 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən 16 nömrəli, 5 mərtəbəli binanın 3cü girişində, 2-ci mərtəbsində yerləşən 3 otaqlı, 36 nömrəli mənzilə, Bakı şəhəri, Yasamal rayonu, Əbdülrəhim bəy Haqverdiyev küçəsində yerləşən 23 nömrəli binanın 41 və 42 nömrəli mənzillərinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılaraq kredit borcu həmin ipoteka predmetinin satışından əldə ediləcək pul vəsaiti hesabına ödənilməsi qət edilmişdir. Qətnamə icraya yönəldikdən sonra cavabdeh X8 vəfat etmiş və vərəsəlik şəhadətnaməsinə əsasən əmlakların qanuni vərəsə kimi tanınmış Cavabdeh adına mülkiyyət hüquqlarının tanınmasına Bank etiraz etməmişdir. Bakı şəhəri, Yasamal rayonu Əbdülrəhim bəy Haqverdiyev küçəsində yerləşən 23 nömrəli binanın 42 nömrəli mənzili Binəqədi rayon İcra Şöbəsinin sifariş məktubuna əsasən "xxxx" MMC tərəfindən hərraca çıxarılmış, hərracda satılmadığına görə Banka təklif olunmuşdur. İddiaçı ASC tərəfindən təklif qəbul edilmiş və buna uyğun olaraq DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 31.08.2020-ci il tarixli Çıxarışa (Reyestr nömrəsi-**********03-05301- 093001, Qeydiyyat nömrəsi **********) əsasən yuxarıda göstərilən mənzil mülkiyyət hüququ əsasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adına rəsmiləşdirilmişdir. Bank tərəfindən mənzilin boşaldılması və Banka təhvil verilməsi üçün mənzilin əvvəlki mülkiyyətçisinə pretenziya məktubu göndərilsə də, bu heç bir nəticə verməmişdir. Beləliklə də, Bankın mülkiyyət hüquqlarına müdaxilə edilmiş olur. Qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə "mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur”. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(004)-3996/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Haqverdiyev Əbdülrəhim küçəsi, 468-469 saylı məhəllədə yerləşən 23 nömrəli evin, 42 nömrəli mənzili Cavabdeh tərəfindən boşaldılaraq, İddiaçı ASC-yə təhvil verilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(004)-3996/2021 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, başqa məhkəmədə sözügedən kredit mübahisəsi olduğundan işə baxılmamalı və ya dayandırılmalı idi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etmədi, iddia tələbinə uyğun məzmunda izahat verərək, Bakı şəhər Yasamal rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(004)-3996/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını məhkəmədən xahiş etdi, izahatında qeyd etdi ki, cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə bağlı sübutlar təqdim etməyib. Belə ki, Bank artıq mülkiyyətçidir və hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malikdir. Xahiş etdi ki, qətnamə dəyişdirilmədən saxlanılsın. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(004)-3996/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)- 2616/2014 saylı, 22 dekabr 2014-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" MMM-dən İddiaçı ASC-nin xeyrinə 282200 manat əsas kredit, 86205,10 manat faiz, 10000 manat dəbbə pulu, cəmi 378405,1 manat borc tutulması, tutma cavabdeh X6 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr istifadədə olan 0,0929 ha torpaq sahəsində yerləşən 16 nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 2-ci mərtəbəsində yerləşən 45,9 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 36 nömrəli mənzilə Bakı şəhəri Yasamal rayonu, Əbdülrəhim Haqverdiyev küçəsində istifadədə olan 0,48454 ha torpaq sahəsində yerləşən 23 nömrəli 17 mərtəbəli binanın 1-ci girişində 11-ci mərtəbəsində yerləşən 48,4 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 42 nömrəli mənzilə və Bakı şəhəri Yasamal rayonu, Əbdülrəhim Haqverdiyev küçəsində istifadə olan 0,48454 ha torpaq sahəsində yerləşən 23 nömrəli 17 mərtəbəli binada yerləşən 152,9 kv.m , ümumi 102,3 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 41 nömrəli mənzillərə yönəldilməsi və həmin mənzillərin açıq hərracdan satılması və əldə edilmiş vəsaitin İddiaçı ASC-yə ödənilməsi, iddianın cərimə məbləğinin qalan 40 000 manat hissəsində rədd edilməsi, iddia qismən təmin edildiyindən İddiaçı ASC tərəfində ödənilmiş 30 manat dövlət rüsumu və ipotekaya tutma yönəldilməsi ilə bağlı ərizənin qeydə alınması üçün ödənilmiş 90 manat məbləğində rüsumun, cəmi 120 manatın 90%-i yəni 108 manatı cavabdehlər "xxxx" MMMdən və X3 müştərək qaydada iddiaçının xeyrinə tutulması, qalan 10 %-i yəni 12 manatı isə iddiaçıya aid edilməsi qət edilmişdir. İş materiallarından "xxxx" Hərracın nəticələri haqqında 21 noyabr 2019-cu il tarixli, Y-243/1 saylı protokoluna əsasən X4 məxsus Bakı şəhəri, Yasamal rayonu, Əbdülrəhim Haqverdiyev küçəsi, ev 23, mənzil 41 üzrə keçirilən iki hərrac baş tutmadığına görə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipotekasaxlayan İddiaçı ASC əmlakı 102000 manata aldı. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş 31.08.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Haqverdiyev Əbdülrəhim küçəsi, 468-469 saylı məhəllədə yerləşən 23 nömrəli evin, 42 nömrəli mənzili İddiaçı ASC–nin adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış 16 fevral 2021-ci il tarixli, 481 nömrəli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə Bakı şəhəri, Yasamal rayonu, Haqverdiyev Əbdülrəhim küçəsi, 468-469 saylı məhəllədə yerləşən 23 nömrəli evin, 42 nömrəli mənzili 10 gün müddətində boşaldaraq könüllü şəkildə Banka təhvil verilməsi xahiş edilmişdir. Əks təqdirdə, mənzilin boşaldılması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Göründüyü kimi, Binəqədi rayon Məhkəməsinin 2(001)-2616/2014 saylı, 22 dekabr 2014-cü il tarixli qətnaməsinə əsasən İddiaçı ASC-nin cavabdehlər "xxxx" MMM və X6 qarşı “kredit borcunun tutulması və ipoteka predmetlərinə tələbin yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmişdir. "xxxx" Hərracın nəticələri haqqında 21 noyabr 2019-cu il tarixli, Y-243/1 saylı protokoluna əsasən X4 məxsus Bakı şəhəri, Yasamal rayonu, Əbdülrəhim Haqverdiyev küçəsi, ev 23, mənzil 41 üzrə keçirilən iki hərrac baş tutmadığına görə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipotekasaxlayan İddiaçı ASC əmlakı 102000 manata almışdır. Mübahisəli əmlak Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş 31.08.2020-ci il tarixli Çıxarışa (Seriya RX, nömrə **********03-05301-093001) əsasən mülkiyyət hüququ əsasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Marks Belçikaya qarşı” işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. “Mançini İtaliyaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. “Loizidu Türkiyəyə qarşı”iş üzrə Avropa İnsan Hüquqları məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundhan sonra-MM) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bundan başqa, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göründüyü kimi, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir, həmin mənzil cavabdehin qanunsuz sahibliyində və istifadəsindədir, iddiaçı həmin mənzili cavabdehin qanunsuz istifadəsindən və sahibliyindən geri tələb etsə də, cavabdehlər mənzili boşaltmaqdan imtina etmişdir. İddiaçı hazırda həmin mənzildən istifadə edə bilmir, iddiaçı bu mülkiyyətindən faktiki olaraq məhrum edilmişdir. Hüquqi nəticə etibarı ilə cavabdehlərin bu hərəkətləri nəticəsində iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququ pozulmuşdur. Məhkəmə qeyd edir ki, cavabdehin hər hansı hüquqi əsas, o cümlədən iddiaçının razılığı olmadan özlərinə məxsus əşyalarla birlikdə mübahisəli mənzildən istifadə etməsi iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehlərin həmin əmlakdan qanunsuz sahibliyinə son qoyulmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3 və 59.3.1 maddələrinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və ya o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipotekaya qoyulmuş olsun. Həmin Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya birinci instansiya məhkəməsinin tədqiq edilmiş sübutlar əsasında gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, məhkəmə düzgün olaraq iddia tələbini qismən təmin etmişdir. Apellyator dəlilində iş üzrə icraatın dayandırılmasını xahiş etsə də, bununla bağlı heç bir sübut təqdim etməmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(004)- 3996/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-8789/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8789/2021
15.09.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver