Məhkəmə qərarları › İş №2(103)-8793/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8793/2021

31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8793/2021 31.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(004)-4891/2021 saylı qərardadından iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-ya qarşı “borc tələbi və tələbin ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(004)- 4891/2021 saylı qərardadı ilə iddiaçı Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-ya qarşı “borc tələbi və tələbin ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilərək, iddiaçıya hazırki tələbi ilə bağlı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə müvafiq notariat kontoruna müraciət etmək hüququ izah edilmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həmin qərardaddan şikayət verilərək, qərardadın ləğv edilməsi və iddia ərizəsinin icraata götürülməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76.2-ci maddəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi halda aparılır. Hazırki iş üzrə iddia tələbi “borc tələbi və tələbin ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsi” barədədir və borcun mübahisəsiz olduğu istisna edilir. Odur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(004)-4891/2021 saylı qərardadı ləğv edilməli və iddia ərizəsinin icraata götürülməsi barədə qərardad qəbul edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(004)-4891/2021 saylı qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı (ipoteka saxlayan) ilk növbədə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərməli, ipoteka predmeti üzərində hüququ olan tərəf tərəfindən tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədiyi təqdirdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilməlidir. Kollegiya hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsassızdır. Belə ki, “İpoteka haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə ərizənin daxil olduğu gündən 1 ay müddətində baxır və həmin mübahisələrin həllinə dair qətnamə və ya qərardad çıxarır. Çıxarılan qərardan şikayət verildiyi halda, həmin şikayətə sonrakı instansiya məhkəmələrində ərizənin daxil olduğu gündən 1 ay müddətində baxılır və həmin işin həllinə dair qətnamə və ya qərardad çıxarılır. Həmin Qanunun 39.2-ci maddəsinə əsasən ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiyməti, əruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri göstərilməlidir. Həmin Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Eləcə də kollegiya qeyd edir ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76.2-ci maddəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi halda aparılır. Kollegiya qeyd edir ki, iş materiallarından da göründüyü kimi, hazırki iş üzrə iddia tələbi “borc tələbi və tələbin ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsi” barədədir və borcun mübahisəsiz olduğu istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Qeyd edilən prosessual qanunvericiliyin tələblərinə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(004)-4891/2021 saylı qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(004)- 4891/2021 saylı qərardadı ləğv edilsin və iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar