Məhkəmə qərarları › İş №2(103)-8794/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8794/2021

30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8794/2021 30.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlundan (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6nə qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16.07.2021-ci il tarixli 2(004)-4474/2019 saylı qərardadından cavabdeh N.Y.Mehdiyevanın şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4474/2019 saylı, 12.09.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, maddi zərərin əvəzi kimi 280.500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pulun Cavabdeh1-dan tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh5 apelyasiya şikayəti vermiş, həmçinin apelyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası haqqında ərizə ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4474/2019 saylı, 13.12.2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4474/2019 saylı, 12.09.2019-cu il tarixli qətnaməsindən apelyasiya şikayəti vermək üçün Cavabdeh5 tərəfindən buraxılmış prosessual müddət bərpa edilmiş, apelyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmiş, həmin qərardaddan narazı qalan İddiaçı şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4474/2019 saylı, 13.12.2019-cu il tarixli qərardadının ləğv edilməsi və cavabdehin apelyasiya şikayətinin verilmə müddətinin bərpası barədə ərizəsinin rədd edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4474/2019 saylı, 17.02.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinə əsasən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 12 mart 2020-ci il tarixli 2(103)-3692/2020 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4474/2019 saylı, 17.02.2020-ci il tarixli qərardadı ləğv edilmiş, Cavabdeh5 prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmişdir. Həmin qərarla razılaşmayan Cavabdeh5 və onun vəkili kassasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin 18 may 2020-ci il tarixli 2(103)-3692/2020 saylı qərardadı ilə Bakı Apelyasiya Məhkəməsinin 12 mart 2020-ci il tarixli 2(103)-3692/2020 saylı qərardadından Cavabdeh5 və onun vəkilinin verdiyi kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Bundan sonra, Bakı Apelyasiya Məhkəməsinin 18 may 2020-ci il tarixli 2(103)- 3692/2020 saylı qərardadından da Cavabdeh5 və onun vəkili kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 iyul 2020-ci il tarixli qərardadı ilə Cavabdeh5 və onun vəkilinin Bakı Apelyasiya Məhkəməsinin 18 may 2020-ci il tarixli 2(103)-3692/2020 saylı qərardadından verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilmiş və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 11 avqust 2020-ci il tarixli 2(103)-3692/2020 saylı qərardadı ilə Cavabdeh5 və onun vəkilinin Bakı Apelyasiya Məhkəməsinin 18 may 2020-ci il tarixli 2(103)-3692/2020 saylı qərardadından verdikləri kassasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra, Bakı Apelyasiya Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli 2(103)- 4671/2020 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4474/2019 saylı, 12.09.2019-cu il tarixli qətnaməsi iddianın təmin olunmamış hissəsində, İddiaçı apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Hazırda cavabdeh Mehdiyeva (Ələkbərova) Nigar Yaşar qızının nümayəndəsi və vəkili Nümayəndə2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4474/2019 saylı, 12.09.2019-cu il tarixli qətnaməsindən apelyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli 2(004)- 4474/2019 saylı qərardadı ilə apelyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan X1 şikayət vermiş, qərardadın ləğv edilməsini, apelyasiya şikayətinin icraata götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, məhkəmənin 04.08.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş baxılmaq üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ərizə ilə müraciət etdikdən sonra qətnamə 02.07.2021-ci il tarixdə poçt vasitəsi ilə çatdırılmış, 07.07.2021-ci il tarixdə apelyasiya şikayəti verilmişdir. Qətnaməni həmin vaxt nümayəndə-vəkil olan Vəkil2 qəbzə imza etməklə götürmüş, lakin ona çatdırmamışdır, məhkəmənin poçt vasitəsilə göndərdiyi qətnamə isə poçt tərəfindən geri qaytarılmışdır. Qətnamədən, apelyasiya məhkəməsində gedən proseslərdən məlumatlı olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayətin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəməyə gəlmədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinin tələbinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Məcəllənin 130.3-cü maddəsində göstərilir ki, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. İş materiallarından görünür ki, cavabdeh Mehdiyeva (Ələkbərova) Nigar Yaşar qızının nümayəndəsi və vəkili Vəkil2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4474/2019 saylı, 12.09.2019-cu il tarixli qətnaməsinin surətini 23 sentyabr 2019-cu il tarixdə qəbz imza etməklə qəbul etmişdir. Daha sonra cavabdeh Mehdiyeva (Ələkbərova) Nigar Yaşar qızı ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin surətini almış və 07.07.2021-ci il tarixdə apelyasiya şikayəti vermişdir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, qətnamədən qanunla nəzərdə tutulmuş prosessual müddət keçdikdən sonra apelyasiya şikayəti verildiyindən, verilmiş apelyasiya şikayəti geri qaytarılmalıdır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qənaəti düzgündür, qətnamə cavabdehin nümayəndəsi-vəkilinə rəsmi qaydada təqdim edilmişdir. İş materiallarından həmçinin görünür ki, cavabdeh N.Y.Mehdiyeva buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etsə də, məhkəmənin 29.07.2021-ci il tarixli qərardadı ilə buraxılmış prosessual müddətin bərpasından imtina olunmuşdur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi prosessual hüquq normasını düzgün tətbiq etmişdir, məhkəmənin gəldiyi nəticə doğru, qərardad qanuni və əsaslıdır. Beləliklə, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16.07.2021-ci il tarixli 2(004)-4474/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar